Qumru E

Daşınmaz əmlak barədə nəyi bilmirik? – “VƏKİL BÜROSU”

Baxış sayı: 601

Son zamanlar daşınmaz əmlakların özəlləşdirilməsi ilə əlaqədar olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə edilən müraciətlərə müxtəlif səbəblərdən imtina edildiyindən, vətəndaşlar problemlərinin həlli yollarını məhkəmələr vasitəsilə tapacaqları ümidi ilə ora üz tuturlar.

 

Bəs real səbəb nədir və nə üçün vətəndaşlar bu cür problemlərlə üzləşirlər?

Bu sualın cavabı müxtəlif cür verilə bilər. Hər bir daşınmaz əmlaka, xüsusən də torpaq və bağ sahələrinə görə məsələlər fərqləndiyindən, imtinanın səbəbləri də müxtəlif ola bilər. Bu səbəbdən bəzi hüquqi və praktiki məsələləri aydınlaşdırmaq yerinə düşərdi. Məsələn, sual yaranır ki, bağ sahələri üzərində hüquqların dövlət qeydiyyatının aparılması üçün hansı hüquqmüəyyənedici sənəd təqdim edilməlidir? Bu suala cavab olaraq qeyd etmək olar ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunun 8-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar göstərilmişdir. Onlardan bəziləri, məsələn:

  • qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
  • qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol;
  • qanuni qüvvəyə minmiş məhkəmə qərarları;
  • 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;
  • 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

və Qanunda sadalanan sairə sənədlər təqdim etməklə, mülkiyyət hüququ haqqında dövlət reyestrindən çıxarış almaq mümkündür.

Bəzi vətəndaşlar mülkiyyət hüququnu təsdiq edən sənədə “Kupça” adlandırırlar. KUPÇA (rus dilində “Купчая крепость” adlandırıldı) – XII – XX əsrin əvvəllərində Rusiya dövlətində əmlaka sahib olmağı təsdiq edən akta deyilirdi. Azərbaycanda da ölkəmiz öz müstəqilliyini əldə edənə qədər rəsmi olaraq istifadə edilən bir ifadə idi. Lakin indi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir və rəsmi dildə desək buna “Çıxarış” deyilir.

Həmçinin, mülkiyyət hüquqlarını qeydiyyata alarkən, çox rast gəldiyimiz kadastr sözü vətəndaşlar tərəfindən anlaşılmadığından, onun mənasının nə olduğu soruşulur. Mənası isə – “Kadastr” ifadəsi latın sözü olan “capitastrum” sözündən əmələ gəlib və  “əşyaların siyahıya alınması” mənasını verir. Kadastr işlərinin tarixi dünyada çox qədim dövrə təsadüf edir. Torpağın becərilməsi, insanlar arasında əşya mübadiləsi, əmlak alqı-satqısı, müxtəlif cür vergilərin meydana gəlməsi tarixi elə kadastr işlərinin başlanğıcına dəlalət edən hadisələrdəndir. Azərbaycanda müxtəlif  icra hakimiyyəti orqanları tərəfindən bir sıra sahəvi kadastrlar həyata keçirilir: daşınmaz əmlakın kadastrı, torpaq kadastrı, su kadastrı, meşə kadastrı, şəhərsalma kadastrı, faydalı qazıntı yataq və təzahürlərinin  kadastrı və s. Kadastr məlumatları vətəndaşın elektron və ya ərizə ilə müraciəti əsasında  ona elektron  və (və ya) kağız formalarında  ödənişli və ya ödənişsiz əsaslarla verilir.

 

Vətəndaş ona məxsus olan bağ sahəsinə aid sənədlərə istinad edərək hansı halda dövlət qeydiyyatından çıxarış ala bilər?

Təbiidir ki, qanunda göstərilən sənədlərdən başqa, vətəndaşlarda mövcud olan hər hansısa bir digər sənədlər hüquqmüəyyənedici sənədlər sayılmır və vətəndaş da məhkəmələrə müraciət etdikdə, onun iddiası təmin edilmir.  Belə ki, qanunda göstərilən maddələr məhkəmələr üçün üstünlük təşkil edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Sadalanan normaların birgə təhlilindən görünür ki, ümumiyyətlə, bağ sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir. Həmin maddədə həm üzvlük kitabçasının, həm də üzvlərin iclasının protokolundan çıxarışın kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilməsini sözügedən sənədlərin mötəbərliyinin əsas şərti kimi göstərmişdir. Belə halda, fiziki şəxsin həmin bağ sahəsi üzərində hüququ mövcüd olur və qanunvericiliyin tələbləri əsasında, onun həmin bağ sahəsinin özəlləşdirilməsini tələb etmək hüququ yaranır.

 

Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış itirildikdə onu yenisi ilə əvəz etmək mümkündürmü?

Azərbaycan Respublikası Prezidentinin 18 avqust 2020-ci il tarixli 1142 nömrəli Fərmanının 4.2-ci bəndinə uyğun olaraq itirilmiş, məhv olmuş və ya yararsız hala düşmüş kağız çıxarışlarla bağlı yalnız hüquq sahibinin ərizəsi əsasında, hər hansı digər sənəd (polis orqanının arayışı, qəzetdə elan) və ödəniş tələb olunmadan elektron formada çıxarış tərtib edilərək hüquq sahibinə elektron üsulla təqdim olunur.

 

Daşınmaz əmlakın mövcudluğu barədə arayışı necə əldə etmək olar?

Respublika üzrə daşınmaz əmlakın mövcudluğu barədə arayışı əldə etmək üçün Əmlak Xidmətləri Məkanına və ya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin müvafiq rayon üzrə ərazi idarəsinə yaxınlaşmaq lazımdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) 16-cı sıradakı “Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması” elektron xidmətinə daxil olmaqla onlayn formada da adına daşınmaz əmlakın olub olmaması ilə bağlı arayış əldə etmək mümkündür.

 

Vəkillər Kollegiyasının üzvü, vəkil Qumru Eyvazova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir