Dovga

Dovğa necə hazırlanır?

Baxış sayı: 602

Bütün fəsillərdə sevilərək içilən mətbəximizin incilərindən sayılan Dovğanın reseptini sizin üçün hazırladıq. Hər reseptimizdə olduğu kimi bu reseptimizdə də yeməyin sirli nöqtələrini sizlər üçün açmağa çalışdıq.

 

Tərkibi

3 litr qatıq üçün

3 l qatıq

600-700 qr su

1/2 stəkan yumru düyü

3 ədəd yumurta (hər litr üçün 1 ədəd hesablanır)

1 dəstə nanə (orta ölçüdə)

1 dəstə keşniş (orta ölçüdə)

2 dəstə dağ keşnişi (orta ölçüdə)

1 dəstə ispanaq (orta ölçüdə)

1 dəstə şüyüd (orta ölçüdə)

 

Hazırlanma qaydası

Əvvəlcə göyərtilərimizi təmizləyib, yuyuruq. Suyu çəkildikdən sonra onları xırda-xırda doğrayırıq.

Qatığı qazana tökürük. Qatıq qatı olduğuna görə ona su əlavə etmək lazımdır. Əgər sizin qatığınız çox duru olarsa, az miqdarda su əlavə edə bilərsiniz. Biz 3 litr qatıq üçün 600-700 qram su əlavə etdik. Su əlavə etdikdən sonra qatığı yaxşıca qarışdırın.

Düyünü təmizləyib, yuyun. Suyunu süzdükdən sonra ora 3 ədəd yumurtanı əlavə edib qarışdırın. Bu qarışımı qatığa əlavə edib qaz sobasının üzərinə qoyun. Düyü bişənə qədər qarışdırın. Qarışdırmağı dayandırmayın. Əks halda qatığınız çürüyə bilər.

Düyünün bişib bişmədiyini yoxlayın. Düyü bişdiysə artıq göylərimizi əlavə edə bilərik. Qarışdıra-qarışdıra göyləri əlavə edin. Göylərimiz bişənə kimi qarışdırmağa davam edirik.

Dovğanı duzlamağa tələsməyin. İsti-isti duzlasanız dovğa çürüyə bilər. Dovğanı soyuduqdan sonra duzlamaq lazımdır.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir