usaq

Enurez problemi olan uşağa necə kömək etmək olar?

Baxış sayı: 945

Enurez  yuxuda sidik saxlaya bilməməklə xarakterizə olunan fenomendir. Həkimlərin əksəriyyətinin fikrincə, qızlarda 4 yaşdan yuxarı, oğlanlarda isə 5 yaşdan yuxarı olduqda sidik saxlamamağı enurez adlandırmaq olar. Əksər hallarda uşaq böyüdükcə enurez keçib gedir. Gecələr qeyri-ixtiyari sidik salma altı yaşlı uşaqların 10%-də, 14 yaşda olan yeniyetmələrin isə 3%-də müşahidə edilir. Nadir hallarda böyüklərdə enurez keçmir.

İlkin enurez

Əgər uşaq heç vaxt və ya demək olar ki, heç vaxt yuxudan quru oyanmırsa, bunu ilkin enurez adlandırırlar. Bu materialda məhz bu barədə danışılacaq. Əgər problem məktəb yaşlarında da qalırsa, düzgün seçilmiş üsullarla bunu aradan qaldırmaq mümkün olur.  Aşağıda ilkin enurezin səbəbləri və müalicə üsulları haqqında danışacağıq.

Təkrar enurez

Bir müddət davam edən «quru»  gecələrdən sonra yenidən sidik saxlamamaq halları təkrarlanırsa, bunu təkrar enurez adlandırırlar. Uzun müddət yuxudan quru oyanan uşaqlar yalnız təsadüfən yataqlarını islada bilərlər. Bu problem, adətən,  uşağın həyatındakı streslərlə bağlı olur və vaxt  ötdükcə öz-özünə keçib gedir. Təkrar enurezin üç daha geniş yayılmış səbəbləri bunlardır: hospitallaşdırma, uşaq bağçasına, məktəbə getməyə başladıqda, bacı və ya qardaşının doğulması. Uşaq həmçinin ailədəki problemlərlə də (boşanma, valideynlərin alkoqolizmi, maddi sıxıntılar), o cümlədən onunla kobud rəftar və ya ona qarşı qayğının olmaması ilə bağlı stress keçirə bilər. Uzun müddət davam edən enurez zamanı həkimə müraciət etmək lazımdır, çünki bu hal diaqnostika və müalicə tələb edən fiziki qüsurla bağlı ola bilər.

İlkin funksional (xroniki) enurez

Səbəbləri: hesab edirlər ki, xroniki enurezin iki mümkün səbəbi var:

  1. sidik kisəsinin fizioloji və ya nevroloji yetişməməsi;
  2. uşağın çox dərin yuxuya getməsi. Görünür, belə uşaq elə bərk yatır ki, beyni dolmuş sidik kisəsindən gələn siqnallara reaksiya vermir.

Ehtimal edilir ki, gecə enurezinə meyillilik irsi xüsusiyyətdir. Çox zaman məlum olur ki, valideynlərdən biri, əmi, dayı, xala və ya bibi, hətta nənə və ya baba da uşaqlıqda həmin problemlə üzləşmişdir. Bundan əlavə, bəzi məlumatlara görə, diqqət çatışmazlığı sindromuna meyilli olan, təhsildə çətinlik çəkən və ya allergiyası olan uşaqlarda enurezə daha çox təsadüf edilir.

Enurez uşağa və ailədəki münasibətlərə necə təsir göstərir

Məktəbə getmək ərəfəsində uşaqların əksəriyyəti  öz problemindən utanır. Belə uşaqlar evdən kənarda gecələmək lazım olan tədbirlərdən yayınmağa çalışırlar.  Onlarda çox zaman özünü dəyərləndirmə aşağı olur.  Əgər valideynləri vəziyyəti dəyişməyin mümkün olmadığı qənaətindədirərsə, bu, uşağın psixoloji vəziyyətinə ziyan vura bilər. Digər tərəfdən, valideynlər uşaqlarının yatağına sidik salmasına görə kədərlənə, əsəbiləşə və ya utana bilərlər. Buna baxmayaraq, valideynlər uşağın enurezlə bağlı həyəcanlarını azaltmaq  və bununla da  problemin aradan qaldırılmasını sürətləndirmək iqtidarındadırlar. Bunun üçün pozitiv münasibət, anlama və mənəvi dəstək önəmlidir.

Müalicə

Hər şeydən əvvəl yadda saxlamaq lazımdır ki, uşaqların əksəriyyətində enurez tədricən öz-özünə keçib gedir. Uşaq böyüyür, əzələləri daha möhkəm olur, sidik kisəsinin həcmi isə artır.  Yuxu nisbətən daha yüngül olur və uşaq dolmuş sidik kisəsindən beyninə ötürülən siqnalı daha asanlıqla qəbul edə bilir. Enurezin müalicəsinə iki yanaşma mövcuddur: dərman və davranışla müalicə. Dərmanla müalicəyə, adətən,  aşağıdakı iki preparatdan biri daxil edilir:

  • İmipramin (tofranil) – tritsiklik antidepressant. Hesab edilir ki, bunun effekti ya yuxunun möhkəmliyinin dəyişməsi, ya da sidik kisəsinin hamar muskulaturasının fəaliyyətinin yaxşılaşması ilə bağlıdır. Bu preparatı qəbul edən uşaqların təqribən 30%-də bir qədər yaxşılaşma müşahidə edilir. Çox zaman bu preparatın qəbulunun dayandırılması simptomların qayıtmasına səbəb olur. İmipramin ciddi əlavə təsirlər oyada bilər, buna görə də onu həkimin ciddi nəzarəti altında qəbul etmək lazımdır.
  • Desmopressin asetatı  antidiuretik hormonun sintetik analoqudur, burun spreyi formasında tətbiq edilir.  bu preparat sidik hazırlanmasını azaldır, beləliklə də  yuxu zamanı sidik kisəsinin dolmasının qarşısını alır və çox zaman tezliklə təsirini göstərir. Ancaq  onun tətbiqini dayandırandan sonra enurez təkrarlana bilər.  İmipraminə nisbətən desmopressin daha təhlükəsiz olsa da,  onun da bir sıra əks təsirləri mövcuddur.

Davranış terapiyası

Davranış terapiyası çox zaman daha təsirli olur və təbii ki, dərmanla müalicəyə nisbətən daha təhlükəsizdir. Halbuki bəzən onun nəticələri xeyli vaxt keçdikdən sonra özünü göstərir, yaxşılaşma isə adətən, sabit olur. Enurezin müalicəsində  tətbiq olunan bir neçə belə üsul var:

  1. Sidiyi saxlama vərdişinin məşq edilməsi. Uşağa gün ərzində məqsədyönlü şəkildə sidik ifrazı aktına nəzarət etməyi təklif edin: bunun üçün əvvəl bir neçə dəqiqə, sonra isə tədricən daha uzun müddətə sidiyini saxlamağı məsləhət görün.  Bu məşqlər sidik kisəsinin funksional həcmini artırır və sidik ifrazını saxlamaqda iştirak edən əzələləri məşq etdirir. Məşqlərə başlamamışdan əvvəl valideynlər bunu həkimlə məsləhət etməlidirlər.
  2. Gecə yuxudan oyatma. Gecə müntəzəm olaraq uşağı oyadır və tualetə aparır, sonra yenə də yatmağa qoyurlar.  Bunu onun üçün edirlər ki, gecə bir neçə dəfə oyanaraq sidik kisəsini boşaltmağa vərdiş edən uşaq, nəhayət, quru oyanmağa alışacaq.
  3. «Sidik zəngli saatı». Yataq nəmlənərkən siqnal verən qurğu enurezin müalicəsində faydalı və  təsirli vasitə hesab edilir. Tibbi tədqiqatlar göstərmişdir ki, bu qurğu uşaqların çoxuna problemlərindən azad olmaqda kömək etmişdir.  Belə müalicə ailə üzvlərinin də dəstəyini tələb edir, uğur əldə etmək üçün isə bir neçə həftə, bəzən isə aylar lazım gəlir.  Bu üsul daha sabit müsbət effekt verir və dərmanla müalicəyə nisbətən yenidən təkrarlanması da az olur.

Qurğunun  tərkibinə əlaqə ötürücüsü daxildir; bu, yataq dəstinə bərkidilir.  Uşaq sidik salmağa başlayan kimi qurğu səsli siqnal verir.  Uşaq oyanır və uşaq sidiyinin qalanını tualetdə boşaldır, sonra isə yatağına qayıdır. Bu yolla beyin tədricən dolmuş sidik kisəsindən gələn siqnallara reaksiya verməyə alışır.

Bu metod çox etibarlıdır və tətbiq olunması da asandır,  nəticələrindən isə həm valideynlər, həm də uşaqlar razı qalır.  Onun təsiri xeyli tez ola bilər və ya müəyyən vaxt da tələb edə bilər.  «Sidik zəngli saatı» ilə  birlikdə həmçinin özünə təlqin texnikasının tətbiqi də  yaxşı kömək edir.

Hipnoz. Enurezin effektli müalicə üsullarından biri də hipnozdur.  Terapevtik audioyazıların dəfələrlə dinlənilməsi beyini «yenidən elə  proqramlaşdırır» ki,  uşaq yuxuda olarkən sidik ifrazı tələbatına gündüz olduğu kimi dərhal reaksiya vermiş olur.

Aşağıdakı hallarda həkimə müraciət etmək lazımdır:

  • Uşağın 6-7 yaşı var və o, demək olar ki, heç vaxt quru oyanmır;
  • Uşağın yaşı 6-dan azdır, ancaq o yuxudan quru oyanmamasına əsəbiləşir;
  • Uşaq əvvəllər quru oyana bilirdi, ancaq indi yenidən yerini islatmağa başlamışdır;
  • Uşağınızda enurez probleminin olması sizi kədərləndirir.



1 şərh “Enurez problemi olan uşağa necə kömək etmək olar?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir