erken nikah

Erkən nikah kabusu: Qız yükü, duz yüküdürmü?

Baxış sayı: 471

Ailələrin qız övladına duz yükü kimi baxması,“tez evlənənlə tez yuxudan duran qazanar”  şüarını əldə bayraq edən insanlar yeniyetmə yaşda övladlarını ailə sahibi edir və bununla da öz valideynlik borclarını yerinə yetirmiş hesab edirlər. Ailə qurmaq insan həyatının ən əlamətdar hadisəsidir. Bu addımı elə atmaq lazımdır ki, sonradan problemlər ortaya çıxmasın. Belə problemlərin bir çoxunun mənbəyi isə erkən nikahla bağlıdır Erkən nikah əksər hallarda, erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir, gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atır. Erkən nikahla “qurulan ailələrdə” məişət zorakılığı, fiziki-psixoloji çətinliklər kimi hallar daha çox müşahidə olunur.

Mütəxəssislər erkən nikaha marağın kökündə duran amillərdən, yaratdığı fəsadlardan, bu problemin həlli yollarından bəhs etdilər.

 

Bu, birmənalı olaraq gender əsaslı zorakılığın ən bariz “nümünəsidir”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva vurğuladı ki, Azərbaycan demokratik ölkə olduğuna görə ölkəmizdə azyaşlı uşaqları erkən nikaha və uşaq evliliyinə məcbur etmək heç bir halda normal qəbul edilə bilməz. Bu, birmənalı olaraq gender əsaslı zorakılığın ən bariz “nümünəsi” kimi dəyərləndirilməlidir. Belə halların baş verməsinin məsuliyyəti birbaşa valideynlərin üzərinə düşür. Eyni zamanda, qızların təhsil aldığı məktəblərin müəllim heyəti də qızların təhsildən yayındığı halda dərhal aidiyyəti qurumlara (rayon icra hakimiyyətləri yanında “Gendər əsaslı zorakılıq və Uşaqlara qarşı zorakılıq üzrə monitorinq komissiyası”na  və yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasına)  bu barədə məlumat verməlidirlər. Aidiyyəti qurumlar təhlükəli vəziyyətdə olan ailələri nəzarətə götürməli, belə ailələrlə profilaktik işlər aparmalıdırlar.

K.Əliyeva bildirdi ki, əvvəllər Ailə Məcəlləsində qızlar üçün nikah yaşı 17, oğlanlar üçün isə 18 yaş göstərilirdi, sonradan “Uşaq hüquqları haqqında” Qanuna əsasən qızların nikah yaşı oğlanlarla bərabələşdirilərək 18 yaşa dəyişdirilmişdir. Cinayət Məcəlləsinin “Qadını nikaha məcbur etmə” maddəsinə əlavə olaraq nikah yaşına çatmayan qızları nikaha məcbur etməyə görə  üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir.

Həmsöhbətimiz qeyd etdi ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eləcə də qurumun nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək mərkəzləri tərəfindən yeniyetmə və gənclərin erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsinin artırılmasına xüsusi önəm verilir, mütəmadi olaraq bu sahədə məktəblərdə, ilk peşə və orta təhsil müəssisələrində şagird, tələbə, müəllim və  valideyinlərin iştirakı ilə maarifləndirici görüşlər təşkil olunur. Eyni zamanda, çap materialları hazırlanaraq əhali arasında yayılır, sosial çarxlar, elektron posterlər hazırlanır və Komitənin rəsmi saytında və sosial şəbəkə səhifəsində, eyni zamanda, əhalinin geniş kütləsinin istifadə etdiyi məkanlarda – metro stansiyaların reklam lövhələrində, “BakuBus” ASC-nin nəqliyyat vasitələrinin lövhələrində  yerləşdirilir. Eyni zamanda, təhsildən yayınan və sosial təhlükəli vəziyyətdə olan uşaqların ailələrinə Komitənin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək mərkəzlərinin və aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə səfərlər təşkil edilir, uşaqlarla fərdi profilaktik işlər aparılır, erkən nikah və uşaq nikah faktlarının aşkarlanması, həmin ailələrə səfərlərin təşkili, erkən nikahın qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər görülür. Komitə tərəfindən erkən nikahın mənfi nəticələrinə dair araşdırmalar aparılır, təhlillər hazırlanır. Hazırda “Tibb müəssisələrindən kənarda baş verən doğuş faktlarına nəzarətin gücləndirilməsi, habelə faktlar əsasında uşaq nikahlarının aşkarlanması” mövzusunda təhlillər hazırlanır. Bu məqsədlə dövlət strukturları və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində 2022-ci ilin noyabr, dekabr aylarında  görüşlər təşkil edilib və sorğular keçirilib.”

 

Valideynlər məsuliyyətdən kənarda qalacaqlarını zənn edərək  övladlarını uşaq yaşda gəlin edərək bədbəxt edirlər

Sosioloq, Sağlam Cəmiyyət Hərəkatının eksperti Lalə Mehralı mövzu ilə bağlı bildirdi ki, ictimaiyyət olaraq hamımız problemin nə dərəcədə ciddiliyinin fərqinə varmalıyıq: “Qonşuda, qohumda, tanıdığımız ailələrdə erkən nikah ehtimalı varsa, buna hazırlıq aparılırsa, ictimaiyyət olaraq buna qarşı çıxmalı, əlaqədar qurumlar xəbərdar edilməlidir. Hər bir vəzifə sahibi, məmur, öhdəsinə düşən işi icra etməlidir. Məktəb də buna görə cavabdehdir, yerli icraedici orqanlar da. Erkən nikahlara görə təkcə qarşı tərəflər deyil, xəbəri bilib gizlədənlər, əlaqədar qurumları xəbərdar etməyənlər də cəzalanmalıdır. Övladlarını erkən nikaha təhrik edən valideynlər bunun necə bir cinayət əməli olduğunu anlamır, bu əmələ görə hansı cinayət məsuliyyəti daşıyacaqları barədə məlumata sahib deyillər. Amma bəzən valideynlər müxtəlif qanunsuz yollarla, vasitələrlə məsuliyyətdən yaxa qurtarır, azadlıqdan məhrumetmə cəzası da yüngülləşdirilir. Belə hallar digər valideynlərə çox pis nümunə olur. Valideynlər məsuliyyətdən kənarda qalacaqlarını zənn edərək  övladlarını uşaq yaşda gəlin edərək bədbəxt edirlər. Ona görə bu cür neqativ hallara qarşı da mübarizə aparılmalıdır.”

 

Erkən nikaha cəlb edilən qız zamanla hər şeyin xəyallarında düşündüyü kimi olmadığını dərk edir

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva hesab edir ki, erkən nikaha insanların meyillənməsində bir sıra amillərin təsiri var. Burada sosial-iqtisadi məsələlər, ailənin təhsil səviyyəsi, dünyagörüşü, dəyərləri, yaşadığı mühit kimi amillərlə yanaşı, qız uşaqlarına olan baxış da rol oynayır: “Qız uşağı böyütməyin çətin olması, gələcəkdə ailə qurub evi tərk edəcəyinə görə ona kapital qoymağın faydasız olması düşüncəsi nəticədə onların erkən nikahına səbəb olur. Bununla da bəzi valideynlər  məsuliyyətdən xilas olduqlarını düşünürlər. Övladlarını erkən nikaha məcbur edən bir çox valideynlərin digər əsaslandırması guya qıza qarşı baş verə biləcək hər hansı neqativ  hallardan onu qorumaqdır. Digər tərəfdən, qız ailədə valideynlərindən diqqət və qayğı görmürsə o zaman erkən nikaha daha çox həvəslənə bilər. Çünki o, bir müddət diqqətdə olur, ona hər hansı hədiyyələr alınır və qayğısına qalınır. Yeniyetmə qız isə bunun həmişə olacağını düşünüb bu aldadıcı situasiyanın təsirinə düşür. Digər bir məsələ isə uşağa nümunə gətirilən hallardır. Ona erkən nikaha cəlb edilən başqa qızları nümunə gətirərək bu hadisənin yaxşı bir hal olması fikrini təlqin edirlər. Və təəssüf ki, erkən nikaha cəlb edilən qız zamanla hər şeyin xəyallarında düşündüyü kimi real olmadığını dərk edir.”

 

Qızların təhsildən yayınmasında erkən nikah faktoru böyük rol oynayır

Təhsil eksperti  Kamran Əsədov  isə vurğuladı ki, Azərbaycanda qızların təhsildən yayınmasında erkən nikah faktoru böyük rol oynayır: “Erkən nikaha daxil olan yeniyetmə qızlar əksər hallarda öz təhsillərini davam etdirmirlər. Bu da onların sosial uyğunlaşma imkanlarını azaldır, inkişafına və cəmiyyətdə iştirakına mənfi təsir göstərir. Bu, isə nəticədə işsiz gənc qadınların sayının artmasına, onların  maddi cəhətdən həyat yoldaşından və ya valideynlərindən asılı olmasına gətirib çıxarır. Kənd yerlərində qızlar adətən səkkizinci sinifdə oxuyarkən nişanlanır ki, bununla da onların təhsil alması arxa plana keçir. Belə hallar respublikanın şimal və cənub rayonlarında daha geniş yayılıb. Elə hallar olur ki, hətta qızın nişanlısı onun yazı işi yazmaqdan ötrü məktəbə getməsinə irad tutur. Beləliklə, qızlar formal olaraq orta məktəbdə təhsil alırlar. Qanunvericilikdə erkən nikaha təhrik etmə ilə bağlı azadlıqdan məhrumetmə və yüksək məbləğdə cərimənin təyini belə halların qarşısını qismən də olsa alır. Amma təəssüf ki, hələ belə hallar qalmaqdadır. Elə təhsildən yayınma ilə bağlı statistikanı böyüdən səbəb də nikahdan kənar doğulan uşaqlardır. Nikahdan kənar uşaqların çoxu isə erkən nikahlardan yaranır. 2013-2021- ci  illərdə nikahdan kənar doğulan uşaqların sayı 32 min olub. Onların 30-35 faizi məhz erkən nikahın payına düşür. Bu isə təhsildən yayınma hallarına gətirib çıxardır.”

Bəli, göründüyü kimi, mənzərə heç də ürəkaçan deyil. Unutmayaq ki, erkən nikah yalnız bir ailəyə aid problem  deyil. Ümumilikdə bütün cəmiyyət üzvləri problemlə mübarizədə fəal olmalı, bu halların qarşısının alınmasında yaxından iştirak edərək öz dəstəklərini göstərməlidirlər. Odur ki, belə hallarla üzləşən vaxt dərhal Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən “qaynar xətt”ə  (860) müraciət edilməlidir.

 

Yaqut Ağaşahqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir