erken nikah

Erkən nikah problemi – valideynlər qızlarından niyə “bezir”?

Baxış sayı: 404

Son 10 gündə bir neçə erkən nikahın qarşısı alınıb. Maştağada, Abşeronda və Naxçıvanda azyaşlı qızların ərə verilməsi barədə məlumatlar daxil olub, mərasimlərin qarşısı alınıb. Naxçıvanda qaçırılmış yetkinlik yaşına çatmayan qız uyğun söhbət aparılaraq ailəsinin yanına qaytarılıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Bahar Muradova komitənin 2023-cü il fəaliyyətinin yekunlarına həsr olunmuş brifinqdə deyib ki,  ötən il erkən nikah hadisəsi ilə bağlı 29 fakt üzrə monitorinq aparılıb – ailə səfərləri təşkil edilib, 25 erkən nikah halının qarşısı alınıb.

İctimaiyyət narahatdır. Rəsmi məlumatlara, ziyalıların çağırışına baxmayaraq, hələ da erkən nikahların qarşısını almaq mümkün deyil. Səbəblər və onların aradan qaldırılması ilə bağlı sosioloq Üzeyir Şəfiyev  qeyd edir ki, 2011-ci ilə qədər vəziyyət daha acınacaqlı olub: “Nikah yaşı ilə bağlı dəyişiklik edildikdən sonra erkən nikahların sayı azalmağa başladı. Buna baxmayaraq, 17 yaşda istisna hallarda evliliyə icazə veriməsindən bəzi “valideynlər” və yerli icra strukturları sui-istifadə edirlər. Bunun qarşısını almaq AQUPDK 17 yaşın istisna hal kimi ləğv edilməsi təklifini dəstəkləyirəm. Bəzi “valideynlər” isə qızlarını hətta daha erkən yaşda nişanlayırlar. Məsələnin üstü açılanda isə deyirlər ki, biz evləndirmirik, sadəcə, üzük taxılıb. Mən istərdim ki, adaxlanma, nişanlanma da hüquqi məsuliyyət yaratsın. 12-14 yaşında qız uşağı çox şeyi dərk etmir, o necə evlilik haqqında düşünə bilər? Fizioloji dəyişikliklər uşaqların ailə qurmağa hazır olduğunun göstəricisi ola bilməz. Cahillik bir kənara, qanunvericiliyə də dəyişiklik edilməlidir. Müşahidələr göstərir ki, oğlanlardan daha çox qız uşaqları erkən nikaha cəlb edilir. Valideynlər arasında hüquqi maarifləndirmə aparılmalıdır. Erkən nikaha cəlb edilənlər arasında boşanma halları daha çoxdur. Boşandıqdan sonra təhsili olmayanlar əmək bazarında özünə yer tapa bilmir. Bu da onların insan alveri qurbanına çevrilməsinə gətirib çıxarır. Bundan başqa, ana ölümləri statistikasında da erkən yaşda evləndirilənlərin sayı daha çoxdur”.

Televiziyalarda haradan qidalandığı bəlli olmayan verilişlər var" - Üzeyir Şəfiyev: "Guya ancaq qadınlara qarşı zorakılıq edilir"

Ekspert qeyd edib ki, erkən nikahlar daha çox bölgələrdə qeydə alınır. Bunun əsasə səbəbi də stereotiplərdir: “Qız övladının bəlli yaşı keçdikdən sonra ailə qurmamaq ehtimalı insanları qorxudur. Çünki əmək qabiliyyətli yaşda olan oğlanlar paytaxta, yaxud xarici ölkələrə üz tuturlar. Təhsildən kənarda qalan qızlar isə rayonda, kənddə qalmağa məcburdurlar. Belə olan halda, ailələr “uyğun namizəd” olan kimi qızlarını bəzən erkən nikaha belə cəlb etməkdən çəkinmirlər. Çox zaman 9-cu sinifdən sonra qızlar təhsildən kənarlaşdırılır. Hətta o yaşa qədər onları artıq ailə qurmağa hazırlayırlar. Bunun qarşısını almaq üçün valideynlərlə iş aparmaq lazımdır. Orta məktəblərdə oxuyan qız uşaqları ilə də işləmək lazımdır. İlk növbədə öz həyatını qurmaq, daha sonra ailə həyatı qurmaq barədə düşünməlidirlər. Uşaqların təhsildən yayındırılması və müəyyən işlərə cəlb edilməsi halları isə uşaq əməyinin istismarıdır. Bu baxımdan Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən əmək yaşına çatmayan uşaqların əməyə cəlb olunması ilə bağlı monitorinq aparılması məqsədəuyğun olar”.

Ü.Şəfiyev eyni zamanda orta məktəblərdə icbari təhsilin 11-ci sinfə qədər davam etməsini təklif edir: “Həmçinin məktəblərdə tanınmış xanımlarla görüşlərin təşkil edilməsi də faydalı ola bilər. Bölgələrdə yaşayan qızlar təhsilli, cəmiyyətdə özünə mövqe qazanmış xanımları özlərinə kumir seçə bilərlər. Bəzi iş adamları aztəminatlı ailələrdən olan qız uşaqlarını təhsilə cəlb edir, ali təhsil üçün təqaüd almalarını təmin edirlər. Belə iş adamlarının sayı nə qədər çox olsa, o qədər yaxşı olar. Məktəblərdə ailə dəyərləri fənni tədris olunmalıdır. O cümlədən məcburən erkən nikaha cəlb edilənlərin müraciət edəcəyi müstəqil işlək struktur olmalıdır. Bundan başqa, uşaqları məcburi erkən nikaha cəlb edənlər hüquqi məsuliyyət daşımalıdırlar”.

Fazil Mustafa güllələndi — Yenilənib

Deputatı Fazil Mustafa bildirir ki, erkən nikaha daxil olan qızların toyu üçün restoran sahiblərinin cəzalandırılması erkən nikahla mübarizə üsullarından biri ola bilər: “Bu toyun təşkilində kimin iştirakı varsa, onlar da məsuliyyətə cəlb olunmalıdır”.

“2022-ci ildə 18 yaşadək analar tərəfindən 2011 uşaq dünyaya gətirilb. 2021-ci illə müqayisədə 361 nəfər artım olub”.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-Təminat şöbəsinin müdiri Taliyə İbrahimova bildirib. O deyib ki, ən yüksək göstəricilər Qazax-Tovuz, Mərkəzi Aran və Qarabağ iqtisadi rayonlarında qeydə alınıb.

Taliyə İbrahimova həmçinin qeyd edib ki, Ailə Məcəlləsinə əsasən, nikah yaşının 1 yaş azaldılması ilə bağlı yerli icra hakimiyyəti orqanları tərəfindən 271 qərar (Qazax-Tovuz və Mərkəzi Aran rayonları üstünlük təşkil edir) qəbul edilib: “Dövlət Komitəsinin yerli icra hakimiyyəti orqanlarından əldə etdiyi məlumata əsasən, 2022-ci ildə 269 erkən evliliyin qarşısı alınıb. Erkən nikahlar (uşaq evlilikləri) birbaşa uşaq hüquqlarının pozulmasıdır. Bu halların qarşısının alınması və cəzalandırılması ilə bağlı mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi zəruridir. O cümlədən nikah yaşının azaldılması ilə bağlı istisnanın ləğv edilməsi və erkən evliliklə nəticələnən mərasimlərin keçirilməsinə görə də məsuliyyətin müəyyən edilməsi təklif olunur”.

“Bizə məlumat daxil olanda dərhal ona reaksiya veririk. Məsələn, toy şənliyi və ya nişan mərasimi keçirmək istəyirlər, bu zaman onlarla profilaktik söhbətlər aparırıq, erkən nikahın acı nəticələri barədə məlumat veririk”.

Ötən il DİN-ə erkən nikahla bağlı 50 müraciət daxil olub, 20 cinayət işi başlanıb

Bunu Daxili İşlər Nazirliyinin xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru Emin Nəsirli jurnalistlərə açıqlamasında bildirib. O deyib ki, 2023-cü il ərzində daxili işlər orqanlarına erkən nikahla bağlı 50 müraciət daxil olub, bu müraciətlərdən 20 fakt üzrə cinayət işi başlanıb: “Erkən nikahın acı nəticələri çoxdur – hamiləlik nəticəsində ölümə səbəb olur, evlilikdən sonra psixi və cinsi zorakılıq tətbiq olunur. Əksər hallarda toy sahibi toyu dayandırır, amma bunun üçün hansısa cəza tədbiri nəzərdə tutulmadığına görə məsuliyyət nəzərdə tutulmur. 16 yaşdan 18 yaşa qədər əgər öz razılıqları ilə ailə həyatı qurulursa, bununla bağlı məsuliyyət nəzərdə tutulmayıb. Amma bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin layihəsi ilə tanış olduq. Layihədə göstərilir ki, həmin şənliklərin keçirilməsi ilə də bağlı Cinayət Məcəlləsinin 176.1 maddəsinə 176.2 əlavə təklif olunub. Burada həmin şənliklərin keçirilməsinə görə məsuliyyət nəzərdə tutulur.

Ailə Məcəlləsinin 10-cu maddəsində göstərilir ki, nikaha daxilolma yaşı 18-dir. İstisna hallarda müvafiq icra hakimiyyəti orqanının sərəncamı ilə 17 yaşa endirilə bilir. Lakin 16 yaşdan 18 yaşa qədər nikah bağlandığı halda hazırda bunu tənzimləyən norma yoxdir. Bununla bağlı təkliflər verilib, əlavə dəyişikliklər olmalıdır”.

“Erkən nikah təkcə Azərbaycanda yox, dünyanın bir çox ölkəsində ciddi problemdir. Bununla bağlı BMT və digər təşkilatlar bütün ölkələrlə birgə qarşılıqlı fəaliyyət göstərir”.

Bunu isə Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri Rüstəm Qasımov bildirib: “Bu problem təbii ki, bizi də çox narahat edir. Ölkə rəhbərliyi tərəfindən verilmiş tapşırıqlara əsasən, müvafiq qanun layihələri və digər normativ hüquqi aktlara təkliflər hazırlanıb. Məqsədimiz bu təkliflərin ictimaiyyətlə birgə müzakirəsi və effektiv həll yolunun tapılmasıdır”.

 

Nigar HƏSƏNLİ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir