SAHIB ALTAY

Erkən nikah problemini necə həll etməli? – SOSİOLOQ YAZIR

Baxış sayı: 278

Yetkinlik yaşına çatmayan yeniyetmələrin evliliyə cəlb edilməsi “erkən nikah” adlanır. Yetkinlik nədir? Başqa mövzularda olduğu kimi, bu mövzuda da insan ikili xarakterə sahibdir və iki istiqamətdə analiz edilir. Yetkinlik yaşı 2 cür xarakterizə edilir – bioloji yetkinlik, psixoloji yetkinlik. Bioloji yetkinlik cinsiyyət sisteminin aktivləşməsi, oyanması və ilk fəaliyyət siqnallarını ötürməsi ilə, həmçinin intim hisslərin və istəklərin orqanizmdə özünü hiss etdirməsiylə bağlıdır. Bu yaş əsasən qızlarda daha erkən başlamaqla, oğlanlı-qızlı bütün uşaq və yeniyetmələrdə 9-15 yaş arasında baş verir. Psixoloji yetkinliyin isə cinsiyyət sistemi və intim hisslərlə əlaqəsi yoxdur. Bu, tamamilə sosioloji mahiyyət daşıyır. İnsanın əxsiyyət olaraq hansı psixoloji və sosial-mənəvi potensiala sahib olduğunun göstəricisidir. Psxioloji yetkinlik insanın özü haqqında müstəqil qərar qəbul etməyə qadir olduğu yaş həddidir ki, bu yaş həddi əsasən 18-20 yaş arası götürülür. Yeniyetmələr tam orta təhsili də bu yaşların astanasında bitirir, oğlanlar üçün əsgərlik yaşı da bu yaşlarda təyin olunur, o cümlədən, nikah yaşı da bu yaşlardan etibarən təyin olunur və hüquqla təsdiqlənir. Yetkinlik yaşı olaraq təyin edilmiş və hüquqla təsdiqlənmiş nikah yaşından öncə evlilik elmi baxımdan erkən nikah, hüquqi baxımdan cinayət  hesab olunur.

erken nikah

 

Azərbaycanda erkən nikah faktları müasir dövrün tapıntısı deyil, yüz il öncə mövcud idi. Hətta öncələr daha erkən yaşlarda qızları ərə verirdilər. Bu, təbii ki, zərurətə və sosial sifarişə görə dəyişir. Burada əhalinin məşğuliyyəti də önəmlidir. Məsələn, ölkənin elə bölgəsi var ki, həmin bölgələrdə qız uşaqları erkən ərə verilməzdi, çünki həyat tərzinə görə, işçi qüvvəsi kimi lazım idi. Ancaq elə bölgələr var ki, orada erkən ərə verirdilər. Ümumiyyətlə bizdə erkən nikah aktları daha çox rayon və kəndlərdə mövcuddur. Bunun da həm mənəvi, həm də maddi səbəbləri var. Bütün səbəbləri bir məqalədə qeyd etməyi hədəfləmədiyim üçün, əsas iki səbəbi qeyd edib, mövzunu açmağa çalışacağam:

1)Mentalitet və əxlaq amili – Azərbaycan və bu statusda olan ölkələrdə əhali əksəriyyət etibarilə mental təfəkkürə sahibdir. Bu, həm təfəkkürdə, həm də praktikada-həyat tərzində belədir. Bizim mental ənənlərimizdə qadın əsas əxlaq predimetidir. Qadının özünün əxlaqı da, bu əxlaqın formalaşdırdığı, kişinin qeyrəti də qadının mental qaydalara nə dərəcədə əməl etməsindən asılıdır. Məhz bu səbəbdən dolayı, mentalitetin at oynatdığı əyalətlərdə, qapalı mühitlərdə qızın hansısa bir oğlanla görüşməsi, söz-söhbətə, böyük müzakirələrə, qeybət məclislərinin mövzusuna çevrilir.

Biliksiz və təcrübəsiz insan daha asan idarə olunur. Bu baxımdan da valideynlər dünyaya gətirdikləri qız uşağının gələcəkdə məlumatlanıb, həyat təcrübəsi qazanıb, öz həyatına, şəxsi qərarlarına daha praqmatik davranana qədər erkən yaşlarda onu ya məcburi, ya da psixoloji olaraq evlilik abu-havasında yetişdirib, ərə verirlər. Vaxtilə “Qız yükü, duz yükü” deyən babalarımız, bu “yük”dən xilas olmaq üçün bir çözüm yolu  tapıblar: “Qız kəkil çıxarınca, onu köçür”. Bu, böyük bir mental kütlənin xoşuna gəlməyə, eqosunu oxşamaya bilər, birbaşa əxlaq predimeti kimi qız uşağı əksər azərbaycanlı ailəsində yük hesab olunur; qeyrət yükü.

2) Sosial rifah amili – Bu günə qədər azərbaycanlı ailəsinin bütün maddi tələbatları kişinin çiyinlərinə yüklənib. Ailənin parıcı qüvvəsi ana və ata olduğu üçün, övladın bütün həyat tərzi mənəvidən, maddiyə doğru valideyndən asılı və valideynin öhdəliyindədir. Əyalətlərdə yaşam tərzi aşağı səviyyədə olduğuna görə, artıq övladlar müəyyən yaşlardan sonra valideyn üçün maddi yükə çevrilir. Rayonda, kənddə orta məktəbi bitirən və ya yuxarı siniflərdə oxuyan qız uşağının təhsil və karyera kimi şansı çox olmadığına görə (bu, həm də ölkənin yaşam, təhsil və iş şəraitinə görə belədir) valideynlər ilk fürsətdə qızlarını ərə verməyi hədəfləyirlər. Ümumişlək dillə ifadə etsək, qız uşağının bir növ ata evindən çıxıb, ər evinə getməsi, ata ocağında yemək qazanına girən bir qaşığın sayını azaldır. Bundan sonra həmin qadının maddi xərcləri ər evi tərəfindən qarşılanır. Bundan əlavə mental təfəkkürdən dolayı, Azərbaycanda bir insanın ən yüksək arzusu məişət divarlarından yuxarı qalxmır. Valideynlərin övladlar haqqında ən böyük arzusu, özləri dünyadan köçüncə onun toyunu görmək və nəvə oynatmaqdır. Evdəki oğlan uşağının evlənməsi üçün də əsas şərt kimi qız uşağının ərə verilməsi ön plana keçir. Çünki yaşam tərzi və sosial rifah səviyyəsindən asılı olaraq, əsasən oğlan evləndiriləndə gəlinin cehizləri oğlanın atasının evinə yığılır və yeni qurulan gənc ailə valideynlərlə birlikdə yaşayır. Bu məqamda əsas hədəf kimi qız uşağını ərə verməklə, evdən bir adamın azalması, bundan əlavə valideynlərin qızla bağlı olan cehiz, filan öhdəliklərinin yerinə yetirilib, bundan tez qurtarmaq istəyi, yenə də qız uşağının erkən yaşlarda nikaha cəlb edilməsini əsas məqsədə çevirir.

Azərbaycanda erkən nikah məsələsi mövcuddur və hətta bu, kütləvi halda baş verir. Mən şəxsən hüququn nikah yaşı üçün təyin etdiyi yaşı da normal qəbul etmirəm. Bu günü ailə şərtlərinə,yaşam tərzinə, maddi və mənəvi tələblərinə, övlad yetişdirmək şərtlərinə görə ailə qurmaq 17-18 yaşda oğlan və ya qız fərqi olmadan bir gənc üçün erkən yaşdır.

erken nikah

Bəs bunun qarşısını necə almaq olar?

Dünya təcrübəsi öz sözünü deyir. Bütün fikirlərin əsaslandırılması üçün təcrübə əsasdır. Bu yöndə ilk aparılacaq iş maarifçilikdir. Dövlət orta məktəblərdə xüsusi sosial təhsil layihələri çərçivəsndə maarifləndirmə proqramları həyata keçirməlidir. Yeniyetmələr orta təhsilin müəyyən siniflərindən gələcək üçün hazırlanmalı, öz hüquqlarını bilməli və ailənin məsuliyyətlərinin onların erkən yaşıyla tərs-mütənasib olduğunu dərk etməli, peşəkar təlimçilər tərəfindən bu, onlara tədris olunmalıdır. Bundan əlavə dövlət valideyn-övlad öhdəliyini aradan qaldırmalı və gənclərin inkişaf, karyerasında onlara dəstək olmalı, övladın valideyndən sosial asılılığını minimum həddə çatdırmalıdır. İnsanlar ailə qurub, özləri öz tələbatlarını ödəyə biləcək təhsil, iş imkanlarına sahib olmalıdırlar. Təhsil deyəndə bizdə ancaq əzbərçi ali təhsili nəzərə alırlar. Xxeyr, cəmiyyətin bir fərdi olan hər kəsin bir məşğuliyyəti olmalı və bu məşğuliyyət sayəsində onların iqtisadi azadlıqları formalaşmalıdır. Şəhərdə doğulan uşaqla, kənddə doğulan uşağın mühit fərqi var. Onlar hər ikisi eyni imkanlara sahib deyillər.

Qeyd: Azərbaycanda görülən bütün işlər, layihələr Bakı və timsalında böyük şəhərlərin fonunda reallaşır. Azərbaycan Bakıdan ibarət deyil. Bakıya və Bakı sakininə yanaşılan tərzdə, əyalət insanına da yanaşılmalıdır. Onun da düşüncə, həyat tərzinin yenilənməsi, inkişafı uğrunda cəhdlər olunmalıdır.

 

Sosioloq Sahib Altay




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir