tural-esas

Estoniyada təhsil alan həmyerlimiz: “Azərbaycanlı gənclərin valideynləri ilə yaşaması estonlara təəccüblü gəlir” – MÜSAHİBƏ

Baxış sayı: 1. 288

“Gencaile.az” saytının “Tələbə bileti”nin budəfəki qonağı Estoniyanın Tartu universiteti, Sosial Elmlər və Təhsil Fakültəsinin Baltik dənizi ətrafı ölkəşünaslığı ixtisası üzrə təhsil alan Tural Abdulladır.

 

– Xaricdə təhsil almaq üçün ilk olaraq Macarıstana üz tutsanız da, sonradan Estoniyaya yollanmağa qərar verdiniz. Buna səbəb nə olmuşdu?

Azərbaycandan kənarda təhsil almaq mənim məktəbdən arzum olub. Yadımdadır, 10-11-ci siniflərdə Flex proqramı haqqında eşitdikdə ora sənəd göndərmək istəmişdim, amma inglis dili müəlliməm dilimin o səviyyədə olmamasını deyərək məni həvəsdən salmışdı. Onu da qeyd edim ki, biz birinci sinif idik ki, məktəb sinifi inglis təmayüllü etmişdi. Buna inad olaraq, mən həm ingilis dilinə daha üstünlük verdim, elə bakalavr pilləsi üçün imtahanda da ən çox cavablandırdığım ingilis dili olmuşdu (25 sualdan 21-22 doğru idi). Xəzər Universitetində təhsil almaq dil biliklərimi daha da artırdı. Diplom işimi yazmaqda supervisorluq edən litvalı professor Agne Limante isə Avropa İttifaqına marağımı görüb Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyində təcrübə keçməyi məsləhət gördü. Elə edərək 6 ay təcrübədə oldum, sonradan isə bu barədə biliklərimi artırmaq üçün magistratura ilə maraqlanmağa başladım. Bunun nəticəsində 3 universitetə müraciət etmişdim. Universitetlər Avstriya, Macarıstan və Estoniyanın idi.. Hər 3 universitetdən cavab müsbət gəlsə də, yaxınlarımın təkidi ilə son qərar Macarıstan olmuşdu. Macarıstandakı təhsil adı Avropa Ittifaqı ilə bağlı olsa da, daha çox Beynəlxalq Münasibətlər üzrə gedirdi. Yəni Aİ-lə bağlı her semester 1-2 dərs verilirdi. Bu isə mənə maraqlı deyildi. Məhz buna görə universiteti dayandırdım. Bundan başqa, Macarıstan mənə görə çox depressiv ölkədir. Turist kimi ölkə gözəldir, amma yaşamaq üçün yox. Azərbaycana qayıdaraq bir müddət işlədim, amma xaricdə yaşadıqdan sonra Azərbaycanda yaşamaq bir az çətin olur. Orada qayda-qanuna uyğunlaşırsan, Azərbaycanda isə bu qaydalara demək olar ki, əməl edilmir. Adicə sıra mədəniyyətini götürək, hava limanında insanlar az qalır sıra üçün bir-birini qırsınlar. Ona görə yenidən Estoniya və Avstriyaya sənəd verdim və sonra Estoniyada oxumağı qərarlaşdırdım. Estoniyaya üz tutmağa 3 əsas səbəbim var idi. Avropa Ittifaqının ən inkişaf etmiş regionu haqqında təhsil alacaqdım (ixtisas Baltik dənizi ətrafı ölkəşünaslığı/Baltic Sea Region Studies). Ikinci səbəbim, Estoniya ilə Azərbaycanı qarşılaşdırmaq idi. Hər iki ölkə Sovet ölkəsi olsa da, biri o birindən daha inkişaf edib. Nəyə görə? Üçüncü əsas səbəbsə bir çox azərbaycanlı gənclər daha çox Qərbi Avropa ölkələrinə üz tuturdu və mən Estoniyada oxuyaraq göstərmək istəyirdim ki, başqa Avropa ölkələrində də təhsil mükəmməldir. Düzü, mənə elə gəlir ki, bunu göstərə bilmişəm. Belə ki, mən universitetə daxil olduqda cəmi 2 azərbaycanlı idik, indi isə bu rəqəm 100-lərlədir.

 

– Azərbaycanda da təhsil alıbsınız. İki ölkənin təhsil sistemi bir-birindən nə ilə fərqlənir?

Xəzər universiteti mənim oxuduğum dövrdə ən güclü universitetlərdən biri idi. Mənim oxuduğum illərdə nəzəri biliklərə daha üstünlük verilirdi. Müəllim danışır və ya təqdimat edir, sonradan sən təqdimatını əzbərləyərək və ya köçürdərək imtahana hazırlaşırsan. Amma burada təhsil nəzəri biliklərdən başqa təcrübəvi biliklərə də əsaslanır. Məsəlçün, dərsdə müəllim dərsi danışmır, mövzunu oxuyub müzakirə şəklində bunu öz qrup yoldaşlarınla müzakirə edirsən. Müəllim isə sizi yönləndirib, istiqamət verir. Bir müəllimim var, dərsi qiymətləndirmək üçün bizim o biri tələbələr haqqında nə düşündüyümüzü (dərsdə aktivdilərmi, dərsə hazırdılarmı) sorğulayaraq qiymət verirdi. Bəzən isə dərslərdə hansısa bir qurumu və ya ölkəni təmsil edirdik. Bundan əlavə, dərslərdən bizi “field trip”lərə də aparırlar. Bu parliament, tarixi yerlər və ya təbiət qoruqları ola bilərdi. Təbii ki, dərsə uyğun olaraq. Məsələn, konfliktologiya dərsi üçün bizi 1 həftəlik Kiprə aparmışdılar və hər 2 tərəf öz bölgələri haqqında məlumat vermişdi. Bu dərs hər il olur və Kiprdən başqa, Kosovo, hətta Dağlıq Qarabağa da getdiklərini eşitmişdim.

tural 2

– Sizcə, ölkə hüdudlarından kənarda təhsil almaq insana nə qazandırır?

Sırf  başqa ölkədə oxumaq üçün gəlirsinizsə, təhsil hər yer eynidir. Yox, oxuyub, həm də özümü təkmilləşdirməkdirsə məqsəd bu başqa məsələ. Ölkə hüdudlarından kənarda təhsil almaq sizi bir növ həyata hazırlayır. Məsələn, burada mən özüm yemək bişirməyi, paltar yumağı, evi təmizləməyi öyrənmişəm. Bizim cəmiyyətimizdə bu işlərin yalnız qadınlara xas olduğunu öyrədirlər. Bu isə düzgün deyil. Belə deyim, bir növ əsgərlikdir, sadəcə daha yaxşı şərtlərdə. Burada siz heç kimin təkidi altında olmursan, qərarlarını özün təkbaşına alırsan. Pis və ya yaxşı bu sizin qərarınızdır. Səhv addım atsanız belə, səhvlərinizdən öyrənirsiniz. İndi yeni trend yaranıb nə olursa olsun, ölkədən qaçım xaricdə həyat daha gözəldir. Artıq neçə nəfərdən eşitmişəm ki, bir çoxu sənədlərini, bura gəlmə motivasiyasını başqalarına yazdırır. Bu düzgün deyil, çünki bu həm özünü aldatmaqdır, həm də başqalarına, Təbii, bu dediklərim özü sənəd göndərənlərə aid deyil.

 

– Maraqlıdır, Estoniyaya yollanmazdan öncə hansı təəssüratlarınız var idi və orda olduğunuz müddətdə bu ölkə sizdə hansı fikirləri formalaşdırdı?

Estonyaya getməmişdən öncə sadəcə məktəbdə və universitetdə öyrəndiklərim idi. Estonyanın Sovetlərdə olduğu, dillərinin Fin-Macar dil qrupuna mənsub olması və Skype yaradan ölkə kimi bilirdim. Əslində Macarıstanda yaxın dostlarımdan biri də eston idi. Sovetlərdən çıxdığı üçün ölkənin inkişaf etməmiş ölkə kimi düşünürdüm. Bura gəldikdən sonra isə Sovetlərlə bağlı fikirlər yox oldu, çünki ölkə hər cəhətdən çox inkişaf edib və deyərdim ki, özünü Sovetlər kimi yox, məhz Nordik ölkəsi kimi qələmə verir. IT texnologiyaları üzrə ən onda gedən ölkələrdəndir. Hər şeyi bir neçə dəqiqə içərisində internetlə edə bilərsiniz. Səs vermə günü məntəqəyə getməyə vaxtınız olmadıqda bunu sadəcə internetlə edə bilərsiniz. Səhv etmirəmsə, hal-hazırda Azərbaycan da Estoniyanın e-government tətbiqi üçün ekspertlərdən təcrübə alır.

 

–  Estoniyada Azərbaycanla bağlı hansı məqamlar təəccüblə qarşılanır?

– Belə deyim, məncə, neçə yaşa qədər olursa olsun, azərbaycanlıların bir çoxu valideynlərlə yaşaması. Estonlar bir çox Avropa ölkələrindəki kimi valideynlərindən ayrılıb öz həyatlarını təkbaşına qurmağa çalışırlar. Bu isə bizdə yalnız xaricdə təhsilə getdiyimiz zaman baş verir.

 

– Təhsil aldığınız ölkə haqda araşdırma apararkən bir neçə maraqlı faktla qarşılaşdıq. Məsələn, estoniyalı seçicilər 2007-ci ildən bəri namizədlərini online olaraq seçir. 2000-ci ildən bəri hökumət və parlament kağız istifadə etmir və bütün işlər elektron formatda istifadə edilir. Həmçinin səhiyyə sahəsində də işlər eynidir, hətta resept belə, internet üzərindən verilir. Uşaqlara 7 yaşından etibarən məktəblərdə kompüter və proqramlar vasitəsilə dərs keçilir. Bütün ölkələr arasında konstitusiyasında “internetdən pulsuz istifadə etmək bir vətəndaşlıq haqqıdır” maddəsi olan yeganə ölkədir. Bəs sizin marağınıza səbəb olan hər hansı bir məqam varmı?

Dedikləriniz hamısı çox maraqlı məqanlardır. Bir-iki maraqlı məqamlar da var. Məsəlçün, oturum izni alaraq, hal-hazırda Tallinndə bütün ictimai nəqliyyatdan tam pulsuz şəkildə istifadə edə bilirəm. Ölkənin əhalisi 1.5 milyon yəni Bakımızın yarısı boydadır və 30%-ni ruslar təşkil edir. Rusları sevməsələr də, qoca nəsillə rusca danışmaq mümkündür. Ölkənin hal-hazırdakı prezidenti qadındır və dövlət qurumlarında daha çox gənclər yer verilir. Azərbaycanımızdan fərqli olaraq gənclərin xaricə çıxışı olsa da, bundan elə də çox istifadə etmirlər.

tural a

– Yerli mətbəxə uyğunlaşa bilmisinizmi? Yoxsa hələ də rasionunuzda Azərbaycan mətbəxinə aid təamlar üstünlük təşkil edir? Sizi təəccübləndirən yeməkləri də var yəqin ki…

Yeməklərinə heç uyğunlaşa bilməmişəm. Milli yeməkləri də demək olar ki yoxdur. Estoniya Azərbaycanın olduğu kimi keçmişdə bir çox ölkədən asılı olub. Buna görə də milli yeməkləri alman yeməklərinə bənzəyir: kartof, kələm, siyənək balığı (herring), qara cörək, donuz və qan sosisi milli yemək kimi götürülə bilər. Səhər yeməyində, Kama – qovrulmuş arpa, çovdar, yulaf və noxud ununun qarışığı səhər yeməyində yoqurta qatışdırılaraq yeyilir. Çox dadlıdır. Restoranlarda isə Nordik üslubda yeməklərə yer verilir. Bu baxımdan Azərbaycan yeməklərinə daha üstünlük verilir. Paytaxt salatı, toyuq salatı, şuba salatı, aş-qara kimi yeməklər etmişəm və xarici dostlarım tərəfindən bəyənilib. Özüm üçünsə makaron, kartof, kotlet kimi yeməklər hazırlayıram.

 

– Maraqlıdır, bu ölkədə gənclər hansı prinsiplərlə ailə qurular? Sizcə, sevib evlənirlər yoxsa məntiq evliliyi daha çox populyardır?

Estonlar sevib evlənirlər. Amma cavan yaşda evlənən az eston tanıyıram. Məncə, daha çox 30 yaş civarında evlənirlər, çünki estonlar ümumiyyətlə çox sakit xarakterlidirlər və onları tanımaq vaxt alır.

 

– Yəqin ki, Estoniyada təhsil aldığınız müddətdə əcnəbi tələbələrlə də az vaxt keçirməmisiniz. Başqa ölkədən gələn tələbələr Azərbaycan haqqında nə dərəcədə məlumatlıdırlar?

Demək olar ki, dostlarımın çoxu əcnəbidir, çünki özünü inkişaf etdirmək üçün inteqrasiya vacibdir. Burada bəzən həmyerlilərimiz inteqrasiya etməyi sevmirlər, bu isə mənfi hal kimi dəyərləndirilir. Avropa ölkələri Azərbaycanı “Eurovision”la yadda saxlayırlar və ölkədə baş verən hadisələrlə maraqlanır. Amma Asiya ölkələrinin bir çoxu Azərbaycanı tanımır, harada olduğunu soruşur. Amerika ölkələri arasında bu isə 50/50-dir.

 

–  Ümumiyyətlə, Azərbaycanın tanıdılması üçün tələbə kimi hansısa fəaliyyətiniz olubmu?

Bəli, bir neçə dəfə Azərbaycanı tanıtmaq üçün tədbirlər görülüb. Tədbirdə Azərbaycan haqqında prezentasiya, rəqsimiz, milli yeməklər göstərilmişdir.

 

 

Söhbətləşdi: Aydan Kərimli

tural abdulla

tural ab

tural 1