evlilik

Evliliyə hazırsınızmı?

Baxış sayı: 1. 666

Heç öz-özünüzə bu sualı vermisinizimi? Görəsən, doğrudan da evliliyə hazırsınızmı?.. Hər şeydən əvvəl deyək ki, psixoloji mənada bu suala cavab axtarmağa ehtiyac yoxdur. Çünki evliliyə hazır olmadığını düşünənlərin sayı “yox” deyiləcək qədər azdır. Ancaq nə olursa-olsun, heç kim evliliyə düşünmədən, götür-qoy etmədən başlamamalıdır. Və bu prosesdə hər şeydən əvvəl öz-özünü sorğu-suala çəkməyi bacarmalıdır.

Təbii ki, bir tərəfdən məntiqi də unutmamalıdır. Elə isə məntiqin evliliyə baxışı necədir? Hər şeydən əvvəl tərəflər evliliyin böyük bir məsuliyyət olduğunu bilməli və evliliyə bu prizmadan yanaşmalıdırlar. Başqa sözlə, tərəflər təkcə həyat yoldaşlarının məsuliyyətini yox, gələcəkdə dünyaya gələcək uşaqlarının da məsuliyyətini nəzərə almalıdırlar. Təbii ki, burada məsələnin təkcə mənfi tərəflərini düşünmək olmaz. Yəni, tərəflər evliliyn onlara qazandıracağı müsbət tərəfləri də nəzərə almalı, mənfiləri və müsbətləri eyni çərçivədə qiymətləndirməlidirlər.

evlilik

Digər tərəfdən, tərəflər gələcək planlarını da unutmamalı və bu planlara evlilik prizmasından yanaşmalıdırlar. Təbii ki, məsələyə bu cür münasibət ilk növbədə gələcəkdə meydana gələ biləcək boşluqların qarşısını almaq üçündür. Məsələn, evlilikdə bir kişidən tələb olunan əsas şey ailəni istər maddi, istərsə də mənəvi cəhətdən təmin etməkdir. Əgər kişi bütün bunları dərk etmirsə və üstəlik, bütün bunları dərk etmədən evliliyə addım atırsa, deməli, bu evliliyin təhlükə altında olduğunu əvvəlcədən demək olar.

Bütün bunlardan sonra deyə bilərik ki, əvvəlcə məntiqinizi nəzərə alaraq sualımıza cavab axtarmalı və ancaq məntiqiniz müsbət cavab verdikdən sonra hisslərinizi də nəzərə almalısınız. Onda həm gələcəkdə baş verə biləcək boşluqların qarşısını almış olar, həm də sözün həqiqi mənasında yuva qurmuş olarsınız.

 

Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir