tehsil

Gənclər niyə Azərbaycan universitetlərini seçmək istəmir?

Baxış sayı: 575

Son zamanlar azərbaycanlı gənclər xaricdə universitet seçimi mərhələsində daha çox Türkiyə universitetlərinə üstünlük verir, Türkiyə təhsil sistemini seçirlər. Bunun səbəbi nədir? Azərbaycanda ali təhsil müəssisələrinin (ATM) verdiyi təhsil dünya standartlarına uyğundurmu?

Etiraf edək ki, təkcə pandemiya dövründə təhsilin onlayn və ya distant formaya keçirilməsi ATM-lərdə təhsil alan tələbələrə bir sıra sıxıntılar, problemlər yaratdı. Bu bir kənara, Azərbaycanda ATM-lərdə distant təhsil yoxdur. ATM-lərimiz bu sistemə keçidə sözün əsl mənasında hazır deyil. Belə olan təqdirdə, bir qədər yaxşı oxuyan tələbə məcbur qalaraq, xarici universitetləri, o cümlədən Türkiyə universitetlərini seçir.

Təhsil eksperti İlham Əhmədov bildirir ki, Türkiyə təhsil sistemi Baloniya prosesinə qoşulub. Türkiyə diplomları bütün dünyada tanınır. Eyni zamanda Türkiyə universitetlərində təhsilin səviyyəsi Azərbaycan universitetlərindən xeyli yüksəkdir. Bununla yanaşı onların ixtisasları və onların tədris prosesləri əmək bazarı ilə standartları da peşə standartlarına daha uyğundur. Maddi-texniki təchizatları güclüdür.

Təhsil eksperti İlham Əhmədov

“Məsələn, 15 il bundan əvvəl yaranmış Nişantaşı Universitetinin sayıtına baxın. Onların YouTube platformasında tanıtım videoları var, onlara baxın. Sonra da bizim ölkəmizdəki 100 yaşında olan universitetlərə baxın. Görəcəksiniz ki, meqapolislə kənd arasında olduğu qədər fərq var. Eyni şəkildə, reytinqlərə baxın. Bu il dünya universitetlərinin reytinqində ən çox yüksək reytinq toplayan universitetlər sırasında Türkiyə, Avropada ikinci yerdə oldu. Birinci yer İngiltərə universitetlərinin, ikinci yer Türkiyə üniversitetlərinindir. 70-dən artıq Türkiyə universiteti reytinqlərə düşüb. Yəni 200 universitetin 75-nin reytinqə düşməsi o deməkdir ki, bunlar düz yoldadır. Sayıları da artmağa davam edəcək. Yəni Türkiyədə bu model qurulub. Bizdə belə model yoxdur”-deyə ekspert əlavə edib.

 

Universitetlərimiz niyə beynəlxalq reytinqlərdə önəmli yer tutmur?

İlham Əhmədovun fikrincə, milli universitetlərimiz rəqabətə davamlı olmadığı üçün reytinqlərdə yer tuta bilmir. Onun sözlərinə görə, təhsil sistemi, təhsil siyasəti və bu siyasəti reallaşdıran təhsil menecerləri rəqabətədavamlı deyillər. Ekspertin sözlərinə görə, bunun gələcəkdə böyük zərərləri ola bilər. Belə ki, belə davam etdiyi təqdirdə, gənclərimiz, insan kapitalımız, mütəxəssislərimiz və ən əsası ölkəmiz rəqabətə davamlı olmayacaq.

İlham Əhmədov qeyd edib ki, beynəlxalq təcrübədə universitetlərin rəqabətədavamlılıq meyarları təyin edilib. Bu meyarlara diqqət yetirən zaman Azərbaycanda ali təhsil müəssisələrinin rəqabətə davamlı olmadığını aşkar şəkildə görmək olur. Azərbaycan ali təhsil müəssisələrinin qlobal reytinqlərdə yer almamasının digər səbəbləri də var.

Ekspert hesab edir ki, Azərbaycanda fəaliyyət göstərən 50 univeritetdən heç birində keyfiyyətli distant təhsil sistemi yoxdur. Eyni zamanda keyfiyyətə təminat verilmir. İlham Əhmədov bildirib ki, bununla bağlı Nazirlər Kabineti 2017-ci ildə meyarları təsdiq etsə də, Nazirlər Kabinetinin tələb etdiyi meyarlar beynəlxalq tələblərə görə sadə olsa da, hələ bir neçə universitet “Tədqiqat Universiteti” statusu ala bilməyib. Onun sözlərinə görə, 2026-cı ilə qədər iki ali təhsil müəssisəsi bu statusu qazanmalıdır.

P.S. Ekspertin fikrincə, Elm və Təhsil Nazirliyi ali təhsil müəssisələrinə bu istiqamətdə kömək edə bilmir. Sanki Elm və Təhsil Nazirliyi məktəblərə məsuldur, ali təhsil müəssisələri də “başsız” qalıb. Bəlkə də, elə bu səbəbdəndir ki, qlobal reytinq cədvəllərində adımız yoxdur. Bəlkə də elə bu səbəbdəndir ki, ölkədə ali təhsilli “işsizlər ordusu” var.

Xüsusilə qeyd edim ki, Türkiyə ali təhsil müəssisələrində rüşvət yoxdur. Bəlkə də bir jurnalistin bunu etiraf etməsi düzgün olmazdı, amma mən şəxsən bir dərsə görə, bir il sinifdə qalmışam və o dərsin imtahanından keçəndən sonra diplomumu ala bilmişəm.

Türkiyə ali təhsil müəssisələrində “tapşırıq”, “mən Həsən ağanın qohumuyam” iddiası da rol oynamır. Əgər imtahandan yetərsiz nəticən varsa, müəllim deyir ki, “oxu, gəl”… Bəs bizdə nə deyirlər?…

 

İradə Cəlil




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir