gender

Gender bərabərliyi ilə bağlı problem nədən qaynaqlanır?

Baxış sayı: 467

Ailə bir institut kimi müxtəlif cəmiyyətlərdə mühüm yer tutsa da, tədqiqat obyekti kimi çox mürəkkəbdir. Bu səbəbdən yeni yanaşmaların olması vacibdir. Ölkəmizdə sosial sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən biri məhz ailə siyasətinin əsasını təşkil edir. Ailə institutunun təməlində duran gender bərabərliyi hər zaman cəmiyyətimizdə ciddi müzakirə mövzusu olaraq qalıb. Ölkəmizdə qadınların hüquqlarının ən yüksək səviyyədə qorunması, onların cəmiyyətin həyatında fəal rol oynaması üçün yetərincə siyasi iradənin, mükəmməl hüquqi bazanın  mövcud olmasına baxmayaraq, xüsusilə bölgələrdə gender bərabərliyi istiqamətində maarifləndirməyə, təbliğat-təşviqat işlərinin daha da genişləndirilməsinə hələ də ciddi ehtiyac var. Kişilərlə bərabər Azərbaycan qadını ictimai həyatın hər bir sahəsində fəallıq göstərir, lakin yanlış təbliğat səbəbindən “gender bərabərliyi” adı altında çox sayda ailənin dağıldığı göz qabağındadır. Ailə dəyərləri Azərbaycan xalqının nəsildən-nəsilə ötürdüyü, qoruyub-saxladığı adət-ənənəsidir. Təəssüf ki, bir sıra hallarda milli mentalitetlə ailə dəyərlərinin yeri səhv salınır.

 

Mövzu ilə bağlı fikirlərini bölüşən tanınmış jurnalist, ekspert Anar Vəziroğlu deyir ki, ta qədimdən bu günə qədər ailə problemləri olub.

“Ailə problemləri qonşulara, qonşulardan elə-obaya yayılıb, sonra da ictimailəşib düz mərkəzə qədər gəlib. Kişilərin hökm sürdüyü ailələrdə mütləq qadın ikinci plana keçir. Amma dünya görüşü artdıqca, yaş ötdükcə bərabərlik axtarmağa başlayırlar və ailələrdə çatışmazlıqlar yaranır. Qadın və kişi “ikimiz də insanıq” deyib bar-bar bağırırlar, ortaq məxrəcə gələ bilmirlər. Nəticədə, özlərinə şans tapmaq, maariflənmək üçün mərkəzə üz tuturlar. Mərkəz nə deyir? “Sən qeyri-hökumət təşkilatısan, özün nə bilirsən, onu et, amma qanunları pozma”. Qanunvericilikdə qadın və kişi eyni hüquqa malikdir. Yaxşı, onda niyə kişilər gedib 1 il – 1 il 6 ay xidmət edirlər, qadınlar isə 1 gün belə xidmət etmirlər? Nə üçün? Ta qədimdən bu günə qədər həmişə qadına zəif prinsipi ilə baxırlar. Yəni kişi birinci qrupdadırsa, qadın ikinci qrupdadır. Bunu kişi olduğum üçün demirəm. Bizim təqsirimiz qadınlardan qat-qat çoxdur, amma sual verirəm: niyə bütün peyğəmbərlər kişidir, qadın yox? Bəs bütün peyğəmbərləri dünyaya gətirən kimdir? Qadın. Söhbət bundan gedir. Mavi ekranın qarşısında oturun, verilişlərə dəvət edilən münsiflərə baxın. Bütün qadınlar kişiləri üstələyir. Çünki bütün problemləri önə çıxaran, ortaya gətirən, mərkəzləşdirən qadındır. Kişilər isə hərdən gedib dərdini danışır. Harada yazılıb ki, corabları qadın yumalıdır? Niyə? Kişi corab yuya bilməz? Deməli, burada adət-ənənə irəli keçir. Hər insanın bir tərbiyəsi var. Kim ailəsində nə görürsə, onu tətbiq edir. Kişinin keçmişdə anası corab yuyub, atası çöldən ot gətiribsə, o da ailəsində bunu tətbiq edəcək. Elə ailələr var ki, qadın və kişi hüquqları bərabər bölünür. Heç yerdə yazılmayıb ki, qadın hansı işi görməlidir. Bu deyilməmiş qanundur. Bu barədə mübahisəm də oldu. Özünü “hüquqşünas” adlandıran bir nəfər dedi ki, ailə quranda müqavilə bağlanmalıdır. Hansı müqavilədən söhbət gedir? Məgər müqavilədə yazılmalıdır ki, evə 22:00-da gəlirəm, qadın isə 22:50-də gəlirsə, deməli, onu qapıdan qovmalıyam? Bu, harada yazılıb? Belə şey mümkün deyil. Bütün qanunları yazan da, ərsəyə gətirən də insanlardır. İndi dövr müasirləşib. Əvvəllər bir televizor var idi, ancaq AzTV göstərirdi. Ən seçilmişlər yayımlanırdı. İndi isə seçilənlər dəyişib, kim hansı proqrama istəyirsə, çevirib baxır. Əvvəllər isə mərkəzi aparatdan idarə edilirdi. Çünki ideologiya sübut edirdi ki, ailələri dağıtmaq mümkün deyil. Təsəvvür edin, Azərbaycanda 100 nəfər evlənir, 58-60 nəfəri ailəsini dağıdır. Çox qəribə təzad var. Dəhşətdir. Biləcəridən o tərəfə getməyən adamlar həmişə deyirlər ki, axı bu azadlıq nədir? Çünki bilmir azadlıq, torpaq nədir. Savadsızlıq baş alıb gedir. Bir-iki yazıçı kitab çıxarır, təqdimat edir. Gedin diqqətlə baxın, o təqdimatlara neçə nəfər gəlir? Gələnlərin çoxu zənglə, tanışlıqla, dəvətnamə ilə gəlir. Bunun dəfələrlə şahidi olmuşam. Kitab oxuyan yoxdur. Bərabərlik fondu bu deməkdir ki, hər kəs öz ağlı, düşüncəsi ilə nəyi edib-etməyəcəyini bilməlidir. Həmişə isə nəfsimiz uzaq 40-cı otağa gedir. Bilirik ki, orada nəsə var. Bu, görməmişlikdir, vəssalam…”

Tanınmış psixoloq Samirə Bağırova isə deyir ki, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanunun 1-ci maddəsində qanunun məqsədi göstərilib:

“Qanunun məqsədi cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsindən ibarətdir. Məsələ burasındadır ki, cəmiyyətimizdə gender bərabərliyini yanlış anlayanlar var. Bu  yanlış anlayışın yaratdığı problem gender bərabərliyinin yanlış təbliğatına yol açır. Yanlışlığın səbəbi həm kişilərin və həm də qadınların ayrı-ayrılıqda öz hüquqlarını, eləcə də bir fərd olaraq insani dəyərlərini bilməməsindən qaynaqlanır. Problemin kökü qız və oğlan uşaqlarına ailə içində, təhsildə yanlış tərbiyədən qaynaqlanır. Cəmiyyətin inkişaf etməsinə maneə olan, müasir günümüzün bəlası sayılan “mentalitet” kişi və qadın bərabərsizliyini yaradır. Mentalitetin nə olduğunu, ümumiyyətlə, anlamayanlar hər addımda “mentalitetimizə uyğun deyil” cümlələrindən nə qədər ki istifadə edəcəklər cəmiyyət də bir o qədər inkişafdan qalacaq. Düşünürəm ki, mentalitet dünyanın yeni və ədalətli qaydalarına uymadığından təhsildə də, ailələrdə də mentalitet ab-havasında böyüyən uşaqlar gender bərabərliyini nə anlamır, nə də qəbullana bilmirlər. Çünki mentalitetimizdə qadın və kişi bərabərliyi qəbul edilmir. Hətta ötən seansda bir bəyin dediyi cümləni xatırladım: “Mentalitetimizə görə qadın kişinin köləsi imiş… Mənim yoldaşım gedib işləsə, yaxud məndən icazəsiz qapıdan çölə çıxsa, camaatda mənim haqqımda aciz, ən zəif kişi kimi fikir yaranacaq”. Sual verdikdə ki, bəy niyə bu düşüncədədir, cavabı “ailəmizdə və mentalitemizdə belədir” oldu. Məhz bu səbəbdən yeddi ildir, ümumiyyətlə, bayır üzü görməyən xanımında psixoloji problemlər yaranıb. Orta məktəblərdə gender bərabərliyi mövzularında maarifləndirici seminarlar təşkil olunmalıdır. “Uşaqlar ölkənin gələcəyidir” deyiriksə, cəmiyyətin, eləcə də ölkənin gələcəyinin taleyini yazan isə əsasən müəllimlərdir”.

 

Aytəkin Qardaşova 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir