aytac sahed

Hamı xəyanət edə bilər – Aytac Sahəd yazır…

Baxış sayı: 183

Anton Çexovun “Bektaşi üzümü” hekayəsinin qəhrəmanı İvanoviç bütün həyatı boyu bir malikanə almaq və həmin malikanənin həyətində bektaşi üzümü yetişdirmək arzusu ilə yaşayır və bütün həyatını bu xəyalını gerçəkləşdirmək üçün həba edir. Yemir-içmir, gəzmir, gecə-gündüz işləyir, yenə də arzusunda olduğu mülkü almağa pulu çatmır. Öz gücünə o pulu toplaya bilməyəcəyini başa düşən İvan pul üçün zəngin, eybəcər, dul bir qadınla evlənir. Varlı qadının pullarını da öz pulları kimi xəsisliklə xərcləyir. Zəngin həyatdan gələn bu qadın İvanoviçlə yaşadığı həyatın çətinliklərinə dözə bilməyib, qısa zamanda vəfat edir və nəhayət, İvanoviç bütün həyatını uğruna sərf etdiyi arzusuna çatır. Xəyalındakı mülkü alır və həmin mülkdə 20 ədəd bektaşi üzümü kolu əkdirir.

İvanoviç üçün xoşbəxtlik arzuladığı mülkdə oturub öz mülkündə yetişən bektaşi üzümünün barını yemək idi. Çexov İvanoviçi bu arzusuna çatdırır, amma…

Amma bu arzunun həsrəti ilə keçən çətinlik dolu bir ömür bu arzunun vüsal sevincindən daha ağır gəlir. Xoşbəxtliyi mülkündə oturub bektaşi üzümü yeməkdə görən İvan bir ömürü bədbəxt yaşamağa razı olur. Çexov İvanoviçin taleyinin timsalında oxucuya taleyüklü bir sual verir.

 

Dəyərmi?

Bütün arzuların, savaşların, ağrıların cavabı bu sualdan keçir. Həyatı amalı hesab etdiyiniz xəyal üçün mütləq ki, nələrisə qurban verməli oluruq. Əlahəzrət həyat heç nəyi bədəl ödəmədən vermir. Bəzən insan xəyalına o qədər düşkün olur ki, ödədiyi bədəlləri görə bilmir, ya da görmək istəmir.
Bu “korluq” bir tərəfdən yaxşıdır. Ona görə yaxşıdır ki, insan bir şeyi bütün varlığı ilə istəyib savaşanda məqsədə çatmaq daha real olur. Çünki sən həyatındakı digər şeyləri ali məqsədindən aşağıda gördüyün üçün rahat qurban verə bilirsən. Məsələn, çatmaq istədiyin məqam üçün gənclik illərini səhərdən-axşama qədər işləyərək keçirmək səni qorxutmur. İşləyirsən, savaşırsan, ya qazanırsan, ya məğlub olursan. Yox, pis olan tərəf təkcə uduzmaq yox, həm də uğrunda savaşdığın qalibiyyətin verdiyin savaşa dəyməyəcək qədər önəmsiz olduğunu başa düşməkdir.

Nə qədər ağıllı olursan ol, nə qədər ağılla addım atırsan at, “yolun başında verdiyin dəyərmi” sualının cavabını bəzən ancaq yolun sonunda tapa bilirsən. O son ki, orda sual “dəyərmi” olmur, “dəyərdimi” olur.

Bu sualın cavabını ancaq bütün ömrün boyu oturmaq üçün savaşdığın kresloya oturanda verə bilərsən. Bu sualın cavabını ona qovuşmaq üçün canını belə verməyə hazır olduğun adamla bir ömrü bölüşəndə başa düşə bilərsən. Bir sözlə, cavab illərin mübarizəsində gizlənir.

İllərini verdiyin adam, heç vaxt getməz dediyin adam bir gün eləcə çıxıb gedir. İllərini sərf etdiyin, min-bir əziyyətlə qurduğun işin bir səhvlə məhv ola bilir. Hamı gedə bilər, hamı xəyanət edə bilər, bircə özünüzdən bərk yapışın, özünüzdən. Özünüzə qulaq asın, insan öz ürəyinin səsi ilə girdiyi savaşlarda məğlub olanda onu məğlubiyyət daha az incidir. Onda İvanoviçin taleyini yaşamaq da o qədər ağrıtmır.

Əlbəttə, o iş üçün də, o adam üçün də xoşbəxliyini onda zənn etdiyin üçün mübarizə apardığını düşünürsən. İvanoviçin bektaşi üzümünü xoşbəxtlik zənn etdiyi kimi.

İvanoviçin taleyini kimsə, nəsə mütləq ki, bizə yaşadacaq. Heç birimiz bir bektaşi üzümü peşmanlığından sığortalanmamışıq. İvanoviçin taleyini yaşamaq istəmirsinizsə, məşhur bir deyimdə deyildiyi kimi, “bütün yumurtaları bir səbətə yığmayın”. Bir adam üçün, bir iş üçün, bir insan üçün bütün həyatını qurban vermək İvanoviçin taleyini gözə almaqdır. Əgər bir ömür tək bir səbəti daşımalı olsanız, o səbət əlinizdən düşəndə bütün yumurtalarınız o səbətdə qırılacaq. İkinci bir səbət götürməkdən qorxmayın. Həyat bir qab bektaşi üzümündən daha artıq olmalı…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir