metbex

Hansı qidaları buzxanada saxlamaq olar, hansıları yox?

Baxış sayı: 139

Biz xanımlar, adətən, qidalara qarşı çox qənaətli oluruq. Çalışırıq axşamdan qalan yeməyibuzxanaya qoyaq, yaydan bəzi tərəvəzləri donduraraq qışa tədarük görək. Amma bu qənaəti edərkən bəzən səhvlərə də yol verə bilirik. Çünki hansı qidaları dondurmalı, hansıları isə sadəcə soyuducuda saxlamalı olduğumuzdan əmin olmuruq. Əti buzxanada saxlamağı hamımız bilirik, bəs tərəvəzləri? Əgər siz də, belə fikir ayrılığı yaşayırsınızsa bu araşdırmamız sizə mətbəxdə çox kömək olacaq.

Buzxanada saxlaya bilməcəyiniz qidalar

Göyərti

İspanaq və bu kimi digər göyərtiləri heç vaxt dondurmaq olmaz. Çünki onlar dondurulduğu zaman büzüşür, yumşalır və öz təravətini itirir. Əgər mütləq istəyirsiniz ki, göyərtini soyuducuya qoyasınız, o zaman sizə kiçik ipucu verək. Göyərtiləri yaxşıca yuyun, qurulayın və kağız dəsmala bükün və yaxud da bir qabın içinə qoyub, ağzını kip bağlayıb bir kənara qoyun. Və diqqət edin ki, göyərti soyuducuda uzun müddət qalmasın. Yoxsa qənaət etdiyiniz yerdə ziyana düşərsiniz.

Təzə tərəvəz və meyvələr

Tərəvəz və meyvələrin tərkibində çox miqdarda su olur və bu cür qidalar dondurulduğu zaman su kristallaşaraq meyvə-tərəvəzin tərkibinə zərər verir. Misal üçün, dondurulmuş xiyar və ya armud yumşalır və dadını itirir. Kələm buzxanada saxlanıldığı zaman ilkin baxışda xarab olmamış görünsə də, ordan çıxarıldıqdan bir az keçdikdən sonra qaralmağa başlayır. Meyvə – tərəvəzləri təzə olaraq qəbul etməyinizdə daha çox fayda var.

Qızardılmış qidalar

Qızardılmış qidaları buzxanada saxladıqda yağ həmin qidaların canına tam hopur və yumşalır. Dadını da itirir. Qızardılmış yeməkləri isti-isti, yeni bişdiyi zaman yemək daha yaxşıdı. İkinci dəfə isidib yemək heç də məsləhətli deyil. İlkin dadı almaya bilərsiniz.

Yumurta

Sulu qidalar donduğu zaman qatılaşır və bu qatılaşmış qidaların forması genişlənir. Yumurtada olduğu kimi. Yumurta donduğu zaman içindəki maye genişlənir və qabığının sınmasına səbəb olur. Bu zaman çöldəki bakteriyalar yumurtanın içinə girir. Amma yumurtanın qabıqlarını sındırıb ağzı kip qablarda buzxanada saxlaya və hər hansı reseptlərdə istifadə edə bilərsiniz. Onu belə halda dondurmaq istəsəniz mütləq içərisinə duz və ya şəkər əlavə etməyi unutmayın.

Kartof

Kartofun da tərkibində həddən artıq su olduğu üçün o da, donduğu zaman tərkibindəki su kristallaşır və kartof yumşalır, forması itir. Ən yaxşısı kartofu sərin və quru yerdə saxlamaqdır.

Pudinq və mayonez

Mayonez və pudinqi də dondurmaq olmaz. Çünki forması itir və dadları dəyişir.

Pendir

Pendiri uzun müddət saxlamaq mümkün olduğundan onu da dondurmağa ehtiyac yoxdur. Sərt pendirlər buzxanaya qoyulanda yumşalır. Krem halında olanlar isə formalarını itirərək dadında da dəyişiklik yaranır. Belə olduğu halda pendiri ancaq nəsə bişirdikdə, hazırladıqda istifadə edə bilərsiniz. Səhər yeməyi üçün məsləhətli deyil.

Süd və qatıq

Süd və qatıq, əslində, həm dondurula, həm də dondurulmaya bilər. Misal üçün, südü dondurduqdan sonra içmək məsləhətli deyil, amma donu açıldıqdan sonra istənilən reseptlərdə rahatlıqla istifadə edə bilərsiniz. Evdə çalınmış qatıq da həmçinin. Amma marketlərdən aldığınız süd və qatığı dondurmaqda heç bir problem yoxdu.

Dondura biləcəyiniz qidalar

Təzə qarğıdalı

Təzə qarğıdalı yarpaqları ilə birlikdə dondurula bilər. Yarpaqlar qarğıdalının təravətini saxlamağa kömək edir.

Sarımsaq

Sarımsağı həm qabıqlı, həm də qabıqsız halda dondura bilərsiniz. Çünki o uzun müddət buzxanada qala bilir.

Ət

İstənilən növ əti dondurmaq olduğunu artıq bilirsiniz. Bəzi ətləri hətta bişirdikdən sonra da dondura bilərsiniz. Amma sosis və bəzi balıqları uzun müddət buzxanada saxlamaq olmaz.

Kərə yağı və marqarin

Kərə yağı və marqarin də uzun müddət buzxanada saxlaya biləcəyiniz qidalardandır.

Paxlakimilər

Paxlakimilər sağlam qidalanmada olduqca vacibdir. Bu qidaları həm bişmiş, həm də ki, çiy halda dondura bilərsiniz.

Bişmiş makaron və düyü

Bişmiş makaron və düyünü də kiçik qablarda buzxanaya qoya bilərsiniz. Amma yeyəcəyiniz zaman sadəcə bir az suda qaynadıb yeməyiniz məsləhətlidir.

Toyuq suyu

Soyuducuda saxladığınız zaman toyuq suyunu qısa müddət istifadə edə bilərsiniz. Amma onu buzxanaya qoysanız 4-6 ay saxlamağınız mümkündür.

Ev üsulu qurabiyə xəmiri

Belə xəmirləri yağılı kağıza bükərək dondurmaq olar. İstədiyiniz zaman da rahatlıqla istifadə edə bilərsiniz.

Un

Unu buzxanaya rahatlıqla qoya bilərsiniz. Beləcə o çox yaxşı forma alacaq və tortlarınız daha dadlı olacaq. Elə, bir çox şirniyyatçılar da bu üsuldan istifadə edirlər. Həm də, dondurulmuş un daha çox qala bilir.

Çörək və şirniyyatlar

Çörək və şirniyyatları da rahatlıqla dondura bilərsiniz, heç bir problemi yoxdur. Sadəcə yadda saxlayın ki, çörəyi sadəcə buzxanada saxlamaq olar, soyuducunun digər gözlərində yox.

Şokolad

Şokolad da dondura biləcəyiniz qidalardandır. Amma unutmamlı olduğunuz bir qayda var: otaq istiliyindən birbaşa buzxanaya qoyulan şokolad sərtləşir və üzərində ağ ləkələr yaranır. Amma onu bir az soyuducuda saxlayıb sonra buzxanaya qoysanız heç bir problem yaşamazsınız. (Foxy.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir