Narinc Rustemova

“Hansı qızlar gənc yaşlarda heç bir kişinin atası qədər ideal olacağına inanmır” – MÜSAHİBƏ

Baxış sayı: 2. 036

Dünyaya yeni insan bəxş edirik, fərd yetişdiririk, onun həyatı, insanlarla münasibəti, əməlləri, davranışları üçün məsuliyyət daşıyırıq. Bəzən də bu məsuliyyəti üzərimizə götürmək istəmirik. Ancaq səbəb nə olursa-olsun, bir çox şeylər üçün ömür boyu cavabdeh oluruq. Uşaqlar hər birimizin həyatında önəmli yer tutur. Bəzən istəmədən və fərqində olmadan, bəzən də istəyərək və nəticələrini dərk etməyərək onlara zərərimiz toxuna bilir. Çox təəssüf ki, əksər valideynlər uşağa olan qayğının təkcə maddi ehtiyacın ödənilməsi ilə tamamlandığını düşünürlər. Lakin illər ötdükcə yaranan mənəvi boşluq nə vaxtsa çocuq olan bir gənci doğmalarına düşmən də edə bilir. Ancaq bir təbəssüm, səmimiyyətlə çəkilən bir sığal, ən əsası anlayış və güvən bizi onların həyatının ayrılmaz bir parçası edə bilir. Bu gün biz yenə də psixoloqumuz – «Narınc» Uşaq Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Narınc Rüstəmova ilə bizi və çoxlarını narahat edən problemlərə cavab axtarmağa çalışacağıq.

 

 – Narınc xanım, uşaqların həyatında ananın rolunu hər zaman xüsusi vurğulamışıq. Ancaq, təbii ki, uşaqlar təkcə ana ilə deyil, yaxın ünsiyyətdə olduqları digər doğmaları ilə də əhatələnirlər. Hətta çox vaxt ətrafdakıları özlərinəməxsus şəkildə təqlid belə edirlər. İstərdim bu dəfə uşaqların həyatında ata obrazının nə dərəcədə vacibliyindən danışaq.

– Əlbəttə ki, uşaqların həyatında ana  qədər ata faktoru da önəm daşıyır. Ətraf, yaxın qohumlar uşağa qarşı nə qədər doğmalıq göstərsələr də, onlar yetişməkdə olan bir fərd kimi hər zaman ailə birliyinə, ata-ana sevgisinə ehtiyac duyurlar. Uzun zaman öncə elm bunu təsdiqləmişdir ki, ailənin bütövlüyü uşağın düzgün inkişafında birinci yerdə dayanır. Lakin ailə üzvlərinə ümumi nəzər saldıqda teatr səhnəsi kimi, hər bir üzv özünəməxsus rol sahibidir. Uşaqlarda EQ-nin (emosional yaş) inkişaf etməsində atanın rolu əvəzedilməzdir. Maraqlıdır ki, uşaqlarda EQ yaşının aşağı olması daha çox natamam və hərbçi, polis ailələrində müşahidə edilir. İstər qız, istər oğlan uşaqlarında emosional yaş birbaşa olaraq ata obrazı ilə əlaqəlidir. Emiosional yaş faktorunun natamamlığı uşaqlarına davranışlarında özünü daha çox göstərir. Tez-tez rast gəlinən bəzi reallıqlar var, hansı ki, çoxumuz buna diqqət yetirmirik. Məsələn, uşaq doqquz yaşındadır, lakin özünü 6-7 yaş səviyyəsində aparır, atılır-düşür, tez-tez mübahisə edir, özündən yaşca kiçik uşaqların oyuncaqlarını almağa çalışır və s. Bu, artıq normal deyil. Çünki 9 yaş səviyyəsində olan uşaq bunu etməməlidir. Bunun aradan qalxması üçün ataya olan tələbat mütləq ödənilməlidir. Bu, ata ilə gəzinti, şəxsi söhbət, onunla oyun oynamaq və s. kimi edilə bilər. Bir məqamı da qeyd edim, ailədə laqeyd atanın olması heç də ailə tamlığı demək deyil. Əgər valideynlərdən biri uşaqla lazımi səviyyədə maraqlanmırsa, onunla lazımi vaxt keçirmirsə, onun həyatında bu, boşluq olaraq qalacaqdır.

 

 – İllərdir ötürülən və düşüncə tərzində kök salan bir yanaşma tərzi var, bu da qız uşaqlarının daha zəif və müdafiəsiz olmasıdır. Hərçənd ki, bunun heç də belə olmadığı müxtəlif zamanlarda öz təsdiqini tapmışdır. Ancaq biz bu məsələyə fərqli yöndən yanaşmaq istəyirik. Xüsusilə qız uşaqlarının gələcək həyatında, seçimində, davranışlarında ata obrazının rolu nədir?

– Qız uşaqlarında elektra kompleksi adlandırdığımız bir gerçəklik var ki, bu da qız uşaqlarının ataya olan hədsiz bağlılığıdır. Hətta Freyd özü vurğulamışdı ki, bütün insanların ilk sevgilisi ana və atasıdır. Yəni qız atanın fonunda özünə güvənir, psixoloji inkişaf dövrünü, öz ana obrazını formalaşdırır. Bəlkə də, məişətdə bir çoxlarımız bunun şahidi olmuşuq: ata işdən evə gəldikdə hamıdan çox qız övladı sevinir, onun yarşısına çıxır, hətta ona süfrə hazırlamağı bacarmasa da, nəsə etməyə çalışır, necə deyərlər, əldən-ayaqdan gedir. Əslində isə qeyd etdiyimiz elektra kompleksi 6 yaşa qədər norma sayılır. 6 yaşdan sonra isə bu bağlılıq tədricən azalmalı, öz yerini artıq anaya meyilliliklə əvəzləməlidir. Bəzi məqamlar öz həllini tapmadıqda bu hal əks təsir göstərir. Məsələn, qız uşaqları yaş artdıqca ətrafındakı əks cinsin nümayəndələri ilə ünsiyyətdə problemlər yaşayır. Məktəb yaşlarında öz oğlan sinif yoldaşlarından xoşu gəlmir, onlarla dil tapa bilmir. Gənc yaşlarda isə heç bir kişinin atası qədər ideal olacağına inanmır və hədsiz seçici olur.

Narinc Rustemova

 – Bəzən ananın, əksərən də atanın uşaqlarla kobud, aqressiv davranışının şahidi oluruq.

– Uşaqlar müdafiəsiz və gücsüz olduqları üçün bu «münasibətə» adekvat olaraq özünəqapalılıq, aqressivlik, yaşıdları ilə kobud rəftar, dava-dalaşa meyillilik göstərirlər. Yəni valideyn daxilində olan mənfi və müsbəti hissə-hissə uşağa ötürür. Biz bu kimi hallarda bəzən ataları günahlandırırıq. Ancaq onları da qınaq obyekti etmək olmaz. Çünki onlar da öz valideynlərindən gördüyü münasibəti övladları üzərində tətbiq edirlər. Bu da bizim öncələr (SSRİ dövründə) avtoritar rejimdə böyüməyimizlə əlaqəlidir. Analar atanı uşağa daim cəza sistemi kimi tətbiq ediblər. Yəni bununla, əslində, kökündə qorxu olan saxta «hörmət» formalaşdırıblar. Elə bunun da nəticəsidir ki, ata ananın biçdiyi qəlibə, uşaq isə təsəvvüründə formalaşan ataya uyğunlaşır. Əlbəttə ki, istəsək, bunu aradan götürməyin yollarını tapa bilərik. Başlanğıc olaraq atalar çalışmalıdır ki, ailədə uşaqlar ondan qorxaraq deyil, sevərək hörmət etsinlər. Bundan əlavə, etnopsixologiya dediyimiz bir anlayış var ki, bu da bizim genlərimizin və kollektiv təhtəlşüurumuzun bizə ötürdüyü informasiyadır. Burada dinlədiyimiz musiqidən tutmuş oxuduğumuz əsatir, şeir, nağıl, hekayəyə qədər hər şeyin rolu vardır. Ailədə ata və ananın rolları öz valideynlərinin təhrif edilmiş formasıdır.

 

 – Söhbətimiz əsnasında özünüz də qeyd etdiniz ki, ata-övlad münasibətində «mentalitet» adlanan bir məfhum var ki, zərərini də kifayət qədər görürük. Ancaq nədənsə, biz uzun illərdir ötürülən eyni yanlışı təkrar etməyə həvəs göstəririk. Yalançı mentalitetimizdə ata övlada (yaşından asılı olmayaraq) bir qorxu obyekti, toxunulmaz varlıq kimi təqdim edilir ki, uşaqlar heç vaxt o tabunu aşıb yaxınlaşa bilmirlər. Yəqin ki, bunun zərərini illər sonra bu və ya digər şəkildə elə valideyn özü ödəyir…

– Əsas olaraq, bunun fəsadları qeyd etdiyimiz kimi, uşaqlarda EQ yaşının aşağı olmasıyla özünü göstərir. Bunu da formalaşdıran analardır. Ana qadın olduğu üçün oğlunu qız kimi böyütmək istəyir və öz xüsusiyyətlərini oğlan uşağına ötürür. Ancaq əksinə, ata müəyyən yaşdan sonra oğlan uşaqlarını öz mühitinə adaptasiya etməyə çalışarsa (təbii ki, zərərli vərdişlərdən qorumaq şərtilə), bu, heç də onun tərbiyəsinə mənfi təsir edəcəyi anlamına gəlməz. Əksinə, oğlan uşaqları ata ilə vaxt keçirməklə, onun iştirak etdiyi münasib yığıncaqlarda iştirak etməklə nəyi harada necə istifadə edəcəyini öyrənəcəkdir. Yəni uşağı hər şeydən uzaq tutmaq əvəzinə, ona ətrafı, cəmiyyəti tanıtmaq, doğru seçim etmək, seçimdən düzgün istifadə etmək ən yaxşısıdır. Norma olaraq uşaq 10 yaşına qədər ata və ya anasını ideal görür. Lakin intellekt və sosial münasibətləri, statusları artdıqca bunların əslində bir xəyal olduğunu da anlayır. Əslində bunu anlamaması daha pis nəticələnə bilər. Çünki ailəsini ideal görən övlad özünə müstəqil ailə qura bilməz. Elə əksər problemlərin kökündə də bu dayanır. Xüsusilə ailə münaqişələrində, eləcə də ailə qurmaq istəməyən şəxslərin problemlərində bunu müşahidə edirik. Ancaq, təbii ki, istisnalar da mövcuddur. Qeyd etdiyimiz məqamlara səbəb kimi tək bunu deyil, ailə qurmaqdan ehtiyat etmək, öz ailəsində olan problemləri yenidən yaşamaq qorxusu, özünü buna hazır hiss etməmək kimi məqamlar da mövcuddur. Ancaq mən bütün hallarda ailələrə möhkəmlik, valideynlərə uşaqlara qarşı daha çox anlayış, uşaqlara isə təbəssüm arzu edirəm.

 

Söhbətləşdi: Günay Camalqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir