Restoran

Hansı restoranlar yeni illə bağlı nə təklif edir?

Baxış sayı: 1. 263

Artıq yavaş-yavaş 2018-ci ili yola salıb, 2019-u qarşılayırıq. Şəhər tam bayram əhval- ruhiyyəsində bəzədilib. Yeni ili təmtəraqlı şəkildə keçirmək, onu daha da unudulmaz etmək istəyənlər çoxdur. Kimiləri ölkə xaricində bayramı qeyd etməyə hazırlaşarkən, ölkədə qalanlar da öz ciblərinə uyğun şəkildə planlar qurur. Bəziləri bayram gecəsini evdə yox, maraqlı şou proqramların, əyləncənin bol olduğu məkanda keçirmək istəyir.

Hazırda ölkəmizdə fəaliyyət göstərən restoranların bir çoxunda Yeni il proqramı təklif edilir. Kim istəsə, cibinə uyğun olan restorana gedib ailəsi və ya dostları ilə əylənə bilər. Qərara gəldik ki, kiçik bir araşdırma edib, hansı restoranların bayramla bağlı nə kimi təklifinin olduğunu öyrənək.

 

“Grand Neon” restoranında bayram 2 gün, yəni 30-31 dekabrda keçiriləcək. 30-u günü qiymət 70-100, 31-i isə 250 manat civarında olacaq. Qiymətlərin niyə baha olduğunu soruşanda bildirdilər ki, qiymət menyuya və Türkiyədən gələn ifaçılara görə dəyişir. Bayram günü Türkiyədən müğənnilərin gəlməsi qiymətə təsir edən əsas faktordur. Türkiyədən Safiye Soyman, Faiq Öztürk qonaq olacaq. Yerli şou-biznesdən isə Faiq Ağayev, Nadir Qafarzadə, Rəhim Rəhimli, Manana, Xumar Qədimova oxuyacaq. Proqram axşam saat 8-dən səhər saat 6-ya qədər davam edəcək. Saat 8-dən 9-un yarısına kimi canlı musiqi olacaq. Bayram günündən başqa, yəni tutaq ki, dekabrın 25-dən 30-dək restoranda şou-proqram təşkil edilib-edilməyəcəyi ilə maraqlandıqda isə, belə planın olmadığını dedilər.

 

“Xəmsə” restoranında qiymətlər menyu daxil, yerindən asılı olaraq 70-80-100 manat arası dəyişir. Səhnəyə yaxın yerlər 100, orta 80, qıraq masalar isə 70 manatdır. Yəni bu restoranda bayram keçirmək üçün əvvəlcədən ya baxıb oturacağınız yeri seçə, ya da əgər yerin sizin üçün fərqi yoxdursa, əvvəlcədən rezerv olunmayan yerlərdə otura bilərsiniz. Restoranın adminstratoru qeyd etdi ki, əlavə məlumatı məkanın İnstaqram-dakı səhifəsindən əldə etmək olar. Qonaq müğənnilər isə Damla, Rüfət Axundov, Səidə Dadaşova, Günel Məhərrəmovadır. Uşaqlardan 5 yaşına qədər olanlara bilet pulsuzdur, 5-12 yaşdakılara isə yarı bilet qiymətinədir. Uşaqlar üçün həm də müxtəlif əyləncəli oyunlar keçiriləcək.

 

“Manqal Steak House” isə Yeni il gecəsi üçün fiks, yəni öncədən hazırlanmış menyu təklif edir. Bir nəfər üçün qiymət 200 manatdır. Məlumat verən şəxs onu da qeyd etdi ki, 200 manat menyusuna alkoqollu içkilər daxil deyil. Əgər kimsə spirtli içki istəyərsə, bunun üçün əlavə ödəniş olacaq. Hər il olduğu kimi, bu il də müxtəlif müğənnilərin çıxışı ilə əyləncəli şou-proqramtəşkil ediləcək. İfaçılar arasında İlqar Xəyal, Məryəm Şabanova, Ədalət Şükürov, Əkbər Əliyev olacaq.

 

“Cıdır düzü” restoranında isə qiymət bir nəfər üçün 100-150 manatdır. Qiymətə soyuq qəlyanaltı, salatlar, ət assorti, turşu assorti, plov, kabablar, təbii şirələr, qazlı və qazsız sular, spirtli içkilər və desert daxildir. Müğənnilərdən isə Mətanət İsgəndərli, Niyam Salami, Yeganə, Səidə Sultan və digərləri çıxış edəcək. Şounun aparıcısı Rəşad İlyasovla Xəyalə olacaq.

 

“Rich Palace” adlı iaşə obyektinin nümayəndəsinin verdiyi məlumata görə, biletlərinin 3-də 1-i satılıb. Proqramları saat 8-də başlayıb gecə 3-ə, 4-ə qədər davam edəcək. Bir nəfər üçün qiymət isə 70 manatdır. Açıq havada atəşfəşanlıq olacaq. Müxtəlif viktorinalar, oyunlar keçiriləcək. Müğənnilərdən isə İzzət Bağırov, Elariz Məmmədoğlu, Pərviz Bülbülə və Türkan, Mənzurə Musayeva, “Azəri Atəşi” rəqs qrupu qonaqlar arasında olacaq.

“Çanaqqala” restoranında bir nəfər üçün qiymət 80-100 manat arasıdır. Bir çox restoranlarda olduğu kimi, “Çanaqqala”da da həmin günə xüsusi olaraq bilet satışı həyata keçirilir. Bizimlə danışan şəxs menyuların müxtəlif olduğunu qeyd etdi. 31 dekabrdan başqa gün menyunun 35-40 manat arası olduğu bildirildi. O da qeyd olundu ki, qeyri-bayram, yəni 25-dən sonrakı günlər üçün əksər yerlər tutulub.

 

“Oazis” restoranında isə dekabrın 20-dən yanvar ayının 1-nə kimi yeni proqramı olacaq və qiymətlər də tarixdən asılı olaraq dəyişir. Məsələn, dekabrın 27-si 30, 28-i 35, 31-i isə 150 manatdır.

 

Bəzi restoranlarla əlaqə saxlaya bilməsək də, bayram gecəsi bir nəfər üçün nəzərdə tutulan digər restoranlardakı qiymətləri sizə təqdim edirik:

 

“Şuşa” restoranı – 60 AZN,

“Gənclik” sarayı – 70 AZN,

“Piano palace” və “Monte Karlo” restoranı – 80 AZN,

“Lido” restoranı -120 AZN. 

 

Bunlar qiymətini öyrənə bildiklərimizdir. Ümumiyyətlə, araşdırmanı apararkən bir çox restoranla əlaqə saxladıq. Elə restoranlar var ki, Yeni il şənliyi keçirmir. Keçirənlərdə isə qiymətlər müxtəlifdir. Əslində maraqlıdır, bu qiymət fərqliliyinin səbəbi nədir?

Sualımızı cavablandıran “Şadlıq. az” saytının rəhbəri Abbas Abbasov qeyd edir ki, qiymət fərqliliyinin səbəbi restoranların malik olduğu status və imicdir: “Qiymətlərə təsir edən əsas faktor restoranın imicidir. İkinci önəmli səbəb isə dəvət olunan müğənnilərdir. Yəni şou proqramın keyfiyyəti də burada böyük rol oynayır. Menyunun da təsiri olur, amma bu, elə də ciddi faktor hesab edilmir”.

Həmsöhbətimizdən imic və status deyərkən nəyi nəzərdə tutduğunu soruşduq: “Restoran var ki, artıq uzun müddətdir bu sahədə fəaliyyət göstərir. Kifayət qədər tanınıb. Bu iaşə obyektlərinə böyük tələbat olduğundan onlar həmişə qiymətlərini yüksək saxlaya bilirlər. Amma digər obyektlər isə bu işdə hələ yenidirlər. Məsələn, ilboyu da onların menyu qiymətləri aşağı olur və ya heç vaxt Yeni il tədbiri keçirməyiblər. Bu kimi restoranlarda qiymətlər aşağı olur. Yəni onlar aşağı qiymət qoymağa məcburdurlar ki, rəqabətdə önə keçə bilsinlər”.

Yuxarıda adları qeyd edilən iaşə obyektlərinin demək olar ki, hamısında şou-proqramlar və müxtəlif hədiyyəli oyunlar keçirilir. Həmçinin Şaxta baba və Qar qızın iştirakı ilə gecə daha da maraqlı olur. (Kaspi.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir