QIS

Hava həyəcanı, ifrat panika və şayiələr

Baxış sayı: 1. 404

Hava şəraitinin kəskin pisləşməsi və bu barədə ikigünlük fövqəladə vəziyyət elan edilməsi əhalinin hadisələrə yanaşma tərzini bir daha üzə çıxardı. Küləyin sürətinin normadan artıq olması, məktəb və bağçalara ikigünlük fasilə verilməsinin ardınca cəmiyyətdə panikanın dozası da artdı. Belə ki, insanlar bunun arxasında öncə siyasi səbəblər axtardılar. Ardınca hava şəraitinin pisləşməsinin ardınca daha ciddi hadisələrin olacağı ilə bağlı məlumatlar yaydılar.

Yəqin xatırlayırsınız ki, yanvarın 16-da marketlərdə insanlar bazarlıq edərkən əndazəni necə aşmışdılar. Qutu-qutu makaron, un, suxari, düyü, bir neçə çörək alanlar fırtınanın günlər davam edəcəyi, mağaza və təndirxanaların işləməyəcəyi ilə bağlı şayiələr yayırdılar. Bir şayiə də vatsap vasitəsilə yayılan səs yazısı idi. Həmin səsin müəllifi iddia edirdi ki, yanvarın 17-də hava yolu ilə təhlükəli qrip virusları yayılacaq. Ona görə də uşaqları evdən bayıra buraxmamaq tövsiyə olunurdu.

Doğrudur ki, bu məlumat savadlı, anlaqlı insanlar tərəfindən ciddi qəbul olunmadı. Amma öz “işini” də gördü. Gerçəkdən, bir neçə saatın içində minlərlə insan Gürcüstandakı donuz qripinin küləklə yayılacağına inandı, panika sürətlə paytaxta, oradan da ölkəyə yayıldı.

Bəs cəmiyyətimiz şayiə və panikalara niyə bu qədər meyllidir? Yoxsa bu, bütün cəmiyyətlər üçün özünü göstərən hallardır?

Sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, bu sayaq təşvişli durum daha öncə də Azərbaycanda yaşanıb. Müsahibimiz 2012-ci ilin 21 dekabrında da nəinki ölkəmizdə, bütün dünyada “qiyamət günü” panikası yaşandığını yada saldı: “Həmin gün bizi bir radionun redaksiyasına çağırmışdılar. Mən də radio vasitəsilə deyirdim ki, belə bir şey mümkün deyil. Yarım saat boyunca psixoloq Dəyanət Rzayevlə birlikdə insanları sakitləşdirməyə çalışdıq. Məsələ burasındadır ki, bu dəfə hadisələrin bu formada böyüməsində müvafiq qurumların rolu böyük oldu. İlk dəfə idi ki, hökumət səviyyəsində təbii fəlakətin olacağı, xüsusi, qorxulu hadisənin yarana biləcəyi ilə bağlı əhaliyə xəbər edildi. Məktəblər, bağçalar iki gün fəaliyyətini dayandırdı. Bu xəbərdarlığın edilməsinin özündə də bir naşılıq vardı. Bu günə qədər hökumət tərəfindən xəbərdarlıq edilmirdi. Amma daha öncə xəbərdarlıq edilmədiyi üçün də tənqid olunurdu. Bu dəfə bunu şişirdib, adını xəbərdarlıq qoydular. Məsələn, dünən işə çıxmaq istəyirdim, amma ailə üzvlərim narahat idilər ki, yolda şifer uça və mənə xəsarət yetirə bilər”.

Müsahibimiz dedi ki, dövlət qurumlarının naşı xəbərdarlığı bir tərəfdən insanları təlaşlandırmışdısa, digər tərəfdən, cəhalət, panikaya düşmək halları da geniş yayılmışdı. Sosioloqun sözlərinə görə, insanların panikaya meylliyində onların savadlı-savadsız olması ciddi rol oynamır: “İndi soruşsan, çox adamın diplomu var – özü də bir neçə dənə. Amma insanların diplomlarının olması hər şey demək deyil. Bir çox hallarda diplomu olmayan kənd ağsaqqalları bu vəziyyətləri daha yaxşı başa düşə bilərdi. Sonuncu fakt onu göstərdi ki, insanlar tez küyə düşəndi. Bunun özü də əhalinin bu xüsusiyyətini üzə çıxardı. Bu, bizim ölkəmizdə siyasi maraqları olan siyasi qüvvələr üçün də mühüm faktdır. Yəni insanlarımızı tez küyə salmaq olur. Halbuki əhalimiz bir qədər daha savadlı olsa, dünyagörüşü daha əhatəli olsa, bu cür şayiələrə meyl etməz, inanmazlar”.

Əhməd Qəşəmoğlu ile ilgili görsel sonucu

Ə.Qəşəmoğlu bu mənada hesab edir ki, əhalimizin səviyyəsi arzuedilən səviyyədə deyil. Onun fikrincə, bu durumdan siyasi yöndə də, iğtişaş üçün də istifadə edilə bilər: “Sosial psixologiya elminin  tövsiyələri var. Halbuki cəmiyyətimizi heç vaxt ciddi elmi tövsiyələr maraqlandırmır. Biz daha çox arada gedən söhbətlərə inanmağa meylliyik. Bir var milli kodlar. Milli kodlar dəyişməyəndir. Hansısa etnik qrupa aid olan insanların yerişi də, hərəkəti də fərqlidir. Mentalitet isə dayanıqlı davranış formasıdır. Sağa-sola inkişaf etdirmək olar. Teleseriallar mentaliteti dəyişməyə hesablanıb. Bizdə elə düşünürlər ki, bir az Türkiyə, bir az da Brazliya seriallarından nəsə götürüb, ümumi bir serial hazırlamaq olar. Halbuki düşmən də serialla bizə pis vərdişlər aşılaya bilər. Mental səviyyəyə qalxan sosial psixologiyanın metodları da var. Psixoloq körpə uşaqla işləyəndə kəkələməni, psixi sarsıntıları aradan götürür. Fərd üçün olan şey əhali üçün keçərlidir. Təəssüf ki, bizdə bu metodlara fikir verilmir”.

Ə.Qəşəmoğlu xatırlatdı ki, bir zamanlar Milli Məclisdə humanitar tədqiqatlar və proqnozlaşdırma mərkəzinin rəhbəri olub. Əsas işlərinin əhali ilə işləmək olduğunu deyən sosioloq 1997-ci ildə bu mərkəzin ləğv olunduğunu vurğuladı: “Burda sadəcə olaraq, əhali bu vəziyyətdədir, onu bu vəziyyətdən çıxarmaq lazımdır. Elmi əsaslarla hazırlanmış ciddi proqram həyata keçirilməlidir”.

“Yeni Müsavat” isə xatırladır ki, tarixdə zaman-zaman bu cür panikalar və onun ardınca yayılan şayiələr olub. Bir çox hallarda isə bunu “komplo teoriyaları” adı altında tirajlayıblar. Onların bəzilərini yada salaq.

Panik hali ile ilgili görsel sonucu

SPİD şayiə çıxdı – SPİD (QİCS) virusu 1974-cü ildə genetik mühəndislər tərəfindən yaradılıb. Bunun üçün Afrikada çox uğurlu bir təcrübə keçirilib və qatil virusa “həyat verilib”. İlkin versiyalara görə, bu bəlanın dünyaya ayaq açmasında ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və sovet KQB-si kimi qurumlar maraqlı olub. Məqsəd isə sürətlə artan dünya əhalisinin sayını azaltmaqdır.

Elvis Presli ölməyib – 1977-ci ildə dünyasını dəyişən əfsanəvi pop ulduzu Elvis Preslinin bir çox pərəstişkarı onun ölümünün uydurma xəbər olduğuna inanır. Onların fikrincə, ulduz deyilən tarixdə yox, 90-cı illərin ortasında dünyasını dəyişib.

11 sentyabr terrorunu Amerika törədib – 2001-ci ilin 11 sentyabr tarixində Amerikada baş verən terror aktının elə həmin ölkənin məsuliyyəti olduğunu düşünənlərin sayı get-gedə artır. Komplo teoristlərinin fikrincə, Amerika hökuməti daha öncədən bu terror aktı barədə məlumatlı olub. Hətta bəzi şahidlər iddia edir ki, “American Airlines” şirkətinə məxsus sərnişin təyyarəsinin Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin əkiz qüllələrinə çarpmasından bir neçə saniyə öncə partlama səsləri eşidilib. Deməli, sözügedən hücumdan daha öncə hansısa həmlələr də olub və hökumət də kursda imiş.

11 sentyabr terroru ile ilgili görsel sonucu

Aya insan ayağı dəyməyib – söhbət yadplanetlilərdən düşəndə şayiənin, komplonun sayı-hesabı olmur. Çünki bu sahədəki araşdırmalara məhdud sayda ölkənin və alimin çıxışı var. Tarixdə yadplanetlilərlə bağlı ən geniş yayılmış komplo teoriyası isə guya ki, Aya ümumiyyətlə, insan ayağının dəyməməsidir. Şayiələrə görə, Amerikanın “Apollon-11″ kosmik gəmisi ilə Aya göndərdiyi və 1969-cu ilin 20 iyul tarixində Aya endiyi deyilən komanda ümumiyyətlə, Aya heç ayaq basmayıb. Belə ki, nəzəriyyəçilər Aya ayaq basdığı deyilən Nil Armstronq və Edvin Aldvinin Ay əvəzinə Nevada ştatının (ABŞ) çöllüklərindəki bir açıq fotostudiyaya ”endirildiyinə” inanır. Yəni dünyaya yayılan o fotolar, sadəcə, xəyal məhsuludur.

Yadplanetlilər nələr edib – 1947-ci ildə Amerikanın Nevada ştatında baş verən bir qəza dünyadakı ən məşhur komplo fərziyyələrinin yaranmasına səbəb olub. Baş verən qəzada bir yadplanetlinin dünyaya düşməsi və daha sonra digər “həmcins”lərinin də bura ayaq açması sözügedən komplonun ana xəttini təşkil edir. Olaydan dərhal sonra alimlər bu yöndə araşdırma apararaq yerə düşən və insanların diqqətini cəlb edən əşyanın yadplanetli yox, hava müşahidə şarı olduğunu sübut etdilər. Amma kosmos fanatikləri hələ də Nevadanı yadplanetlilərin paytaxtı hesab edir.

 

Sevinc TELMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir