sirniyyat

İçimizi yeyən səhər yeməyi

Baxış sayı: 1. 737

Natamam səhər yeməyini çox zaman vaxtın çatışmazlığı ilə izah edirlər: ya yeməyi hazırlamağa vaxt yoxdur, ya da onu yeməyə. Bəziləri ümumiyyətlə səhərlər yemək yemirlər: bir fincan qəhvə və ya çay içir, iş yerində peçenye ilə dolanırlar. “Gencaile.az” “eurolab.ua”-ya istinadən bildirir ki, beləcə həzm sisteminin “evi yıxılır”: mədə xorası, qastrit, meteorizm və s. məhz səhər yeməyinin düzgün və tam yeyilməməsi nəticəsində yaranır.

Bunu anlayan adam səhvini düzəltməyə çalışır: səhər mədəsini nə iləsə doldurur. Bəziləri isə səhər süfrəsinə yoqurt, təbii qəhvə, isti kruassan kimi gözoxşayan təamları düzürlər. Bunun da öz “tikanları” var.

Bəs onda səhər yeməyindən nəyi çıxarmaq lazımdır?

Qəhvə. Təbii, gümrahlaşdırıcı, südlü və ya darçınlı – çoxları üçün onsuz səhər yeməyinin dadı yoxdur, ya da elə yeganə səhər yeməyidir. Əlbəttə, onun faydaları çoxdur, amma qəhvə ilə nəsə də yeyilməlidir. Əks halda onun tərkibindəki kofein mədənin selikli qişasını qıcıqlandırır, mədə çoxlu şirə buraxır, amma o şirənin əridəcəyi heç nə yoxdur; qəhvənin acısı isə öd kisəsindən lazımsız yerə öd axmasına səbəb olur.

Sitrus məhsulları. Sitrus şirələri, yaxud təzə portağal – populyar və son vaxtlar dəbə düşmüş səhər yeməyi sayılır. Bunlar çox faydalıdır, çünki C vitamini ilə zəngindir. Amma hər səhər sitrus şirəsi və ya meyvəsi qəbul etmək qastritin yaranma riskini artırır. İş burasındadır ki, sitrus məhsullarının tərkibində turşu çoxdur və o, mədəni aşındırır. Xroniki qastrit və turşuluğun çoxluğundan əziyyət çəkən adamlara belə qidalar məsləhət görülmür.

Yoqurt və qatıq. Heç bir faydası olmasa da, ədalət naminə demək lazımdır ki, orqanizmə heç bir zərəri də yoxdur. Sadəcə, neytral səhər yeməyidir. Günün başqa vaxtı içilən qatıq və yeyilən yoqurt daha faydalı olar, çünki tərkibində bağırsaq mikroflorasını normallaşdıran probiotiklər var. Səhər çağı isə mədənin aqressiv turş mühiti o probiotiklərdən əsər-əlamət qoymayacaq, bağırsaqlar da “döyüşçüsüz” qalacaq.

Mayalı un məmulatları. Səhər-səhər mayalı bişmişlər yemək meteorizmi artırır. Əvəzinə mayasız bişmişlərdən yeyin. Məsələn, çörək əvəzinə lavaş.

Şirniyyat. Hər səhər şirin qidalar yemək metabolizmi pozaraq şəkərli diabetə aparır. Bu cür yüklənmə mədəaltı vəzi aktiv işləməyə məcbur edir. O, cani-dildən işləyir, qana həddən artıq insulin buraxır, qanda şəkərin miqdarı normallaşır və nəticədə zəiflik və apatiya yaranır.

Yuxarıda sadaladıqlarımızı, əlbəttə ki, tamamilə səhər yeməyindən çıxarmaq olmaz. Sadəcə onlardan lazımi miqdarda və növbəli istifadə etmək lazımdır. Bunlardan başqa, sıyıqlar, müsli, kəsmik və digər süd məhsulları, buğda çörəyindən buterbrodlar, meyvə-tərəvəz, bişmiş yumurta da yeyin. Dietoloqlar məsləhət görürlər ki, günə sadə, ilıqdan bir az isti 1 stəkan su ilə başlamaq yaxşıdır. Suyu yavaş-yavaş için. O, mədə-bağırsağı “işə salacaq”. Sonra isə balanslaşdırılmış səhər yeməyi yeyin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir