Gunes Ceferova

İİV-ə yoluxmuş hamilə qadın sağlam övlad dünyaya gətirə bilər? – HƏKİMLƏ MÜSAHİBƏ

Baxış sayı: 380

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin şöbə müdiri Günəş Cəfərova İİV/QİÇS xəstəliyi, xəstəliyə yoluxma yolları, yoluxanların müalicəsi ilə əlaqədar müsahibəsini təqdim edirik

 

– Günəş xanım, əvvəlcə İİV/QİÇS xəstəliyi barədə məlumat verərdiniz.

– İİV infeksiyası – insanın immunçatışmazlığı virusu tərəfindən törədilən və immun sisteminin getdikcə artan zədələnməsi ilə xarakterizə olunan infeksion xəstəlikdir. Qazanılmış İmmunçatışmazlığı Sindromu (QİÇS) həmin prosesin terminal, yəni sonuncu mərhələsidir. İİV infeksiyası fonunda inkişaf edən, immun sistem hüceyrələrinin proqressiv azalması, çoxsaylı opportunistik infeksiyalar (vərəm, kandidoz, herpetik infeksiyalar və s.) və qeyri-infeksion xəstəliklərin (bədxassəli şişlər) meydana çıxması ilə xarakterizə olunur.

 

– Xəstəliyə yoluxma yolları hansılardır?

– Xəstəliyin üç əsas yoluxma yolu var: cinsi yolla – İİV-ə yoluxmuş insanla homoseksual və heteroseksual kontaktda olduqda, xüsusən təsadüfi qorunmamış cinsi kontaktlar nəticəsində; parenteral yol – İİV tərkibli qan və onun preparatlarının köçürülməsi nəticəsində; İİV-ə yoluxmuş donorun orqanlarının transplantasiyası zamanı; İİV-lə çirklənmiş tibbi ləvazimatdan istifadə etməklə, o cümlədən inyeksion narkotiklərin istifadəsi nəticəsində; İİV-lə çirklənmiş gigiyenik, kosmetoloji, bərbər və digər məişət ləvazimatlarinin istifadəsi nəticəsində; perinatal yoluxma – İİV-ə yoluxmuş anadan uşağa hamiləlik dövründə, doğuş zamanı və ana südü ilə qidalanma nəticəsində baş verə bilər.

 

– Hazırda dünyada və Azərbaycanda İİV-lə bağlı epidemioloji vəziyyət necədir?

– Dünyada İİV/QİÇS-ə qarşı aparılan mübarizə tədbirlərinə baxmayaraq, infeksiyanın yayılması hələ də davam etməkdədir. Belə ki, dünyada İİV-ə yoluxan insanların kumulyativ sayı 79.3, İİV-lə yaşayanların sayı 37.7 milyon, QİÇS-lə əlaqədar olaraq vəfat edənlərin sayı isə 36.3 milyondur.

Azərbaycanda isə həmin infeksiya yoluxma əsasən yüksək riskli qruplar arasında yayılıb. Risk qrupları arasında aparılan məqsədli fəaliyyət Səhiyyə Nazirliyinin daimi dəstəyi sayəsində İİV infeksiyasının yayılmasını son illər məhdud, təmərküzləşmiş mərhələdə saxlamağa imkan verib.

Hazırda Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2022-ci ilin iyununadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində 8 min 202 İİV-lə yaşayan Azərbaycan vətəndaşı rəsmi qeydiyyatdadır. Onlardan 5 min 704-i (69,6 faiz) kişi, 2 min 498-i (30,4 faiz) qadındır. Dünyada və ölkəmizdə İİV-lə yaşayan insanlar üçün tətbiq olunan İİV-kaskadı İİV epidemiyasına qarşı milli cavab tədbirlərinin effektivliyini qiymətləndirməyə imkan verir, İİV-in profilaktikası, müalicəsi xidmətlərinin əhatə dairəsini, əlçatanlığını və keyfiyyətini aydın şəkildə göstərir. Kaskad İİV-xidmətləri çərçivəsində qarşıya qoyulmuş Qlobal “90-90-90” hədəflərinin həyata keçirilməsi istiqamətində irəliləyişlər əldə edilib və Azərbaycan qarşıya qoyulmuş hədəflərə yaxın olan ölkələr sırasındadır.

Belə ki, ölkədə İİV-lə mübarizə tədbirləri çərçivəsində aparılan fəaliyyətin nəticəsi olaraq ötən ilin sonuna İİV-lə yaşayan insanlardan öz İİV-statusunu bilənlər 74 faiz; onlardan ART-yə (Antiretrovirus terapiyaya) cəlb olunanlar 87,8 faiz; müalicə qəbul edənlərdən virus yükü təyin olunmayanlar 86 faiz təşkil edir.

Göstəricilər bu yaxınlarda Azərbaycanda səfərdə olan Qlobal Fondun Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə rəhbər şəxslər tərəfindən yüksək qiymətləndirilib. Eyni zamanda, Qlobal Fondun Missiyası Mərkəzin fəaliyyətini digər regional ölkələrə müsbət nümunə kimi göstərəcəklərini qeyd ediblər. Qonaqlar mərkəzin ümumi fəaliyyəti və Qlobal Fondun layihələrinin mərkəz tərəfindən icra vəziyyəti ilə tanış olduqdan sonra əldə olunan ümumi nəticələrin gözlənilən tələblərə uyğun olduğunu vurğulayıblar.

hamilelik

– İİV-ə yoluxma şübhəsi olan şəxs nələri bilməlidir?

– Tövsiyə olunur ki, hər bir şəxs yoluxma şübhəsindən asılı olmayaraq, ən azı ildə iki dəfə İİV müayinəsindən keçsin. Müayinələr mərkəzdə və regional laboratoriyalarda anonim qaydada və ödənişsiz olaraq həyata keçirilir. Eyni zamanda, müayinədən keçən şəxslərə mərkəzin mütəxəssisləri tərəfindən ödənişsiz konsultasiya aparılır, xəstəliyə yoluxma yolları izah olunur. Əgər bir şəxsin İİV-ə yoluxma şübhəsi varsa, müayinələrdən keçdikdən sonra yoluxma riski mütəxəssis tərəfindən qiymətləndirilir. 72 saatdan gec olmayaraq ona postkontakt profilaktika təyin olunur.

 

– İİV-ə yoluxmuş şəxslərin müalicəsi necə aparılır?

– İİV-ə yoluxmuş şəxslərin müalicəsi Respublika QİÇS-lə Mübarizə Mərkəzində həyata keçirilir və təyin olunmuş dərman preparatları ilə dövlət tərəfindən təmin olunurlar. Müalicənin əsas məqsədi orqanizmdə İİV-virusunun səviyyəsinin minimuma qədər azaldılması ilə həyatın uzadılması və onun keyfiyyətinin yaxşılaşdırılması, ölüm hallarının və İİV-in ötürülmə tezliyinin azaldılmasıından ibarətdir. Müalicənin əsas şərtlərindən biri xəstələrin müalicəyə sadiqliyidir. Burada ən vacib məqam müalicənin ömürlük olmasıdır. Xəstələr ART rejiminə düzgün əməl etmədikdə əlavə fəsadlar müşahidə oluna bilər. Belə hallar həkimlər tərəfindən nəzarətə götürülür və xəstələrə lazımi xidmət göstərilir.

 

– Həmin virusa yoluxmuş qadın sağlam uşaq dünyaya gətirə bilərmi?

– İİV-in anadan uşağa ötürülməsinin profilaktikası məqsədilə ölkəmizdə kompleks tədbirlər həyata keçirilir. İİV-ə yoluxmuş hər bir hamilə qadın mərkəzdə nəzarətə götürülür, hamiləlik müddətində, həmçinin hamiləlikdən sonra uğurlu şəkildə anadan uşağa ötürülmənin profilaktikası aparılır və İİV-ə yoluxmuş hamilə qadın sağlam övlad dünyaya gətirir. Burada əsas şərt hamiləlik müddətində dərman preparatlarının səliqəli şəkildə qəbulu və doğuşun keysəriyyə əməliyyatı ilə sonlandırılmasından ibarətdir. Qeyd edim ki, bu zaman yenidoğulmuşun ana südü ilə qidalandırılması yolverilməzdir.

 

– Bilmək istərdik ki, xəstəliyə yoluxmanın qarşısını necə almaq olar?

– Xəstəliklə mübarizədə ən əsas şərt profilaktik tədbirlərin həyata keçirilməsidir. Hər zaman qeyd edirik ki, profilaktika müalicədən daha üstündür. Riskli davranışlardan çəkinmək, pis vərdişlərdən uzaq olmaq, gigiyenik qaydalara əməl etmək, maariflənməklə özümüzü və ətrafımızdakıları İİV-ə yoluxmaqdan qoruya bilərik.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir