aqressiv

İnsanları aqressiv edən nədir?

Baxış sayı: 507

Hər gün yolda olarkən – avtobusda, metroda insanların aqressivləşdiyini müşahidə edirik. Münasibətlərdəki əvvəlki harmoniya itmiş kimi görünür. İnsanların sözləri sanki bir-birinin boğazından keçmir. Adi bir söz söylədikdə belə, üzlərdə nifrət hiss olunur. Bəs son vaxtlar insanlardakı bu qədər hirsin, aqressiyanın səbəbi nədir?

Psixoloq Günel Qurbanova  dedi ki, insanın rahat və sağlam yaşaması üçün müəyyən şərtlər mövcuddur: “Abraham Maslounun “Ehtiyaclar piramidası” nəzəriyyəsinə baxsaq, bunların arasında birinci yerdə fizioloji tələbat durur. Hansı ki, pandemiya dövründə həm işsizlik, həm də qapanmayla əlaqədar insanlarda “qıtlıq və aclıq” psixologiyası çox aktivləşmişdi. İkinci şərt güvəndə olmaqdır. Pandemiya dövründə sağlamlığımız təhlükədə idi, hətta bir çox insan xəstəlik səbəbiylə doğmalarını itirdi. Üçüncü yerdə sevgi və aid olmaq gəlir. Pandemiya dövründə insanlar dostlarından ayrı düşdü, bəziləri sevgilisindən ayrıldı və s. Dördüncü şərt hörmət və özünü qiymətləndirmədir. Bir çox insan pandemiyada işini itirdi, biznesi bağlandı, özgüvəni zədələndi. Beşinci şərt isə yaradıcılıq, problem həll etmə bacarığı, önyarqı olmadan həqiqətləri qəbul etməkdir. Hansı ki, pandemiya dövründə insanlar çox tez-tez çarəsizliklə üzləşdi, evdən kənarda hobbiləri ilə məşğul ola bilmədilər və s. Gördüyünüz kimi, pandemiya bu piramidanın hər mərhələsini zədələyib”.

 

Pandemiya insanların içindəki yatmış travmaları oyatdı 

Psixoloqun fikrincə, pandemiya əksər insanların içində yatmış olan travmaları oyatdı və çoxaltdı: “İnsanların içində təşviş, itirmə, ölüm qorxusu kimi duyğular artıb. Bizdə bu dövrdə müharibə də oldu, bir çox insanlar doğmalarını itirdilər. Bunların hamısı insanın düşüncələrinə, həyata baxış tərzinə ciddi şəkildə təsir edir. İnsanlar var olan problemi qəbul edib, həyatında və özündə müəyyən şeyləri müsbətə doğru dəyişməyə çalışmalıdır. Dəyişə bilməyənlər isə mütləq psixoloji dəstək alsın”.

İnsanlar sərhədlənəndə aqressiya baş verməli idi

Sosioloq Sahib Altay isə bildirdi ki, insan və cəmiyyət sosiallığın üzərində qurulub: “Təbii ki, insanlar 1-2 il müddətinə evə qapadılanda, əmək fəaliyyətindən uzaqlaşanda, sosial, ictimai münasibətlər sərhədlənəndə aqressiya baş verməli idi. İnsan psixologiyası monotonluğa, sakitliyə ziddir. Əgər biz dörd divarın arasında eyni adamları görür, eyni həyat tərzi sürürüksə, psixologiyamız təbii ki, yerində olmur”.

S.Altayın sözlərinə görə, azərbaycanlılar karantin sözü ilə koronavirus pandemiyası dövründə tanış olub: “Avropa bundan əvvəl vəba və digər pandemiyaları görmüşdü. Biz xalq olaraq pandemiyadan əlavə müharibə ajiotajı da yaşadıq. Müharibə travması elədir ki, uzun müddət davam edir. Biz bundan sonra da xeyli müddət o travmaları,  aqressiyanı, stressi cəmiyyətdə müşahidə edəcəyik”.

Sosioloq qeyd etdi ki, ölkəmizdə insanlar arasında aqressiyanın artmasının bir səbəbi də ictimai məsələlərdir: “Azərbaycanda insanların aqressivləşməsinin artmasına pandemiyadan və müharibədən sonrakı bahalaşma, gəlirlərin aşağı olması da təsir edir. 21-ci əsrin istehsal məhsulundan, son model telefonundan istifadə edirik, son model maşın sürürük, ancaq 21-ci əsrin düşüncəsinə, hüququna uyğun həyat tərzi yaşamırıq”.

İnsanların həyatında əylənmək önə keçib

S.Altay dedi ki, insanların aqressivləşməsinin bir səbəbi də yeni davranışlar sisteminə keçiddir: “Yaratdığını, məna tapdığını ortadan qaldırıb yerinə yeni bir nəsnə gətirəndə, insanda təbii ki, boşluq yaranır. O boşluq da stress doğurur. İnsanların köhnə mədəniyyəti ortadan qaldırıb yerinə yenisini gətirməsi o boşluğu doldurmur. Hazırda dünyada kütləvi savadsızlıq, fəlsəfədən uzaqlaşmaq tendensiyası var. Artıq insanlar məna axtarışının deyil, bəsit yaşam tərzi sürməyin tərəfdarıdırlar. Düşünmək çətin olduğuna görə əylənmək önə keçib. Bu da zaman keçdikcə insanlarda aqressiya yaradır. Çünki məna axtarışı dövründə eqomuzu təmin etmək üçün müxtəlif nəsnələr yaratmışdıq. O nəsnələr, mədəni xüsuslar ortadan qalxdıqca, təkcə əyləncə insan ruhunu və eqosunu doydurmur. Əvvəl məna qoşunu var idisə, indi ortada böyük bir əyləncə qoşunu hökm sürür. Elm, texnologiya inkişaf edir, ancaq ümumi düşüncəyə çevrilmir”.

Sosioloq qeyd etdi ki, insan həyatının texnologiya sayəsində dəyişməsi də aqressiyaya səbəb olur: “Müxtəlif texnoloji vasitələr, maşınlar, sənaye təchizatları, insan sayının artması, yaşayış məntəqələrində olan sıxlıq, hər yerdə növbə gözləmə məcburiyyəti və s. də insanları bezdirir. Yəni müasir yaşam tərzi, inkişaf təkcə müsbət nəticə vermir. Düşüncə inkişaf etdikcə, həyat haqqında məlumatlar artdıqca, insanı xoşbəxt edən şərtlər də artır”.

 

Zərif Salmanlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir