Internet

İnternet əsri və əsiri: xəstəlik də qazandıra bilər, pul da…

Baxış sayı: 1. 391

İctimai nəqliyyatla gedirsiniz: Hər kəsin əlində telefon, internetə qoşulublar – yazırlar, izləyirlər, xəbərləşirlər… Toyda da eyni mənzərə. Bir şəkil, dərhal paylaşım, gələn şərhlərə cavablar, laykların say təqibi və sair və ilaxır. Hamıya elə gəlir ki, sosial şəbəkədə olub da paylaşmasa yaşadığının heç bir anlamı qalmaz. Dosta-düşmənə harda olduğunu duyurmasaq, sevincli anlarımızı özümüzdə saxlasaq… bunları yaşamağın nə mənası qalır ki?
Bu, məsələnin nisbətən eqoya yönəlik tərəfidir. Amma internet asılılığı ciddi psixoloji xəstəlik kimi dövrümüzün insanları arasında geniş yayılıb. Bəzən insanları işindən-gücündən edir, onları real dünyadan, məsuliyyət və qayğılarından, bir sözlə, həyatdan qoparır. Kimdir bu internetdən asılı insanlar? Onları necə tanıyaq və necə müalicə edək? Bəlkə elə bu xəstəliyin əlamətləri bizdə də var? Bunu necə müəyyən edək?

Kişilər qadınlarla müqayisədə ikiqat artıq internetdən asılı olurlar

İnternet asılılığı gec yaşlarda başlayan psixoaktiv maddə, spirt və qumar asılılığının əksinə olaraq, daha gənc yaşlarda başlayır. Bu asılılığın hər iki cinsdə də mövcud olduğu, ancaq kişilərdə qadınlara nisbətən 2 və ya 3 dəfə daha çox olduğunun təsbit edildiyi vurğulanıb. İnternetdən asılı olanların 38 %-də maddələrdən asılılıq müəyyən edildiyi, 33 %-də duyğu pozğunluğu, 25%-də isə depressiya görüldüyü ifadə edilib. Aludəçiliyin əsas patologiyasının qumar olduğu qeyd edilib.
İnternet asılılığının yalnız psixoloji deyil, fiziki problemlərə da gətirib çıxardığı bildirilib. Bunların arasında kökəlmə və kürək ağrısı daha geniş yayılıb.
Amsterdamda qurulan “Smith Jones” klinikasında oyun xəstələrini bu bəladan qurtarmaq üçün öncə ciddi müşahidə edirlər. Məlum olur ki, alkoqolik və narkotiklərdən fərqli olaraq, onları müşahidə etmək, nəzarət altında saxlamaq daha asandır. Yəni yeməyini, suyunu ver, özünə toxunma, söz soruşma.. saatlarla oyun oynasın. Klinika həkimləri bu tip adamları qumarbazlarla da müqayisə edir. Hər oyuna “bu dəfə udacam” istəyi, əzmi ilə başlama onları saatlarla kompüterdən ayıra bilmir. 8 yaşındakı uşaqların belə müalicə olunduğu klinikada insanlar oyunu əvəz edəcək əyləncələrə cəlb edilir. Terapistlərin rəhbərliyi ilə bu cür adamlar qrup halında gəzintiyə, kinoteatra aparılır, mütaliəyə cəlb edilir və sair.

Sutkanın 4-6 saatını sosial şəbəkədə keçirirsənsə… asılısan…

Almaniyadakı Bonn Universiteti və Ruhi Sağlamlıq Mərkəzi İnstitutunun araşdırmaçıları internet asılılığı ilə bağlı keçirdikləri təcrübənin nəticələrini ictimaiyyətə açıqlayıblar.
Onların fikrincə, internet asılılığının nikotin və alkoqol asılılığı kimi molekulyar genetik səbəbləri ola bilər. Alimlər buna görə insanın gen bölgəsindəki dəyişiklikləri müşahidə edib. Araşdırmaçılar, sözügedən gendəki mutasiya və internet asılılığı arasındakı münasibəti daha yaxından araşdırmaq üçün başqa araşdırmalara da ehtiyac duyulduğunu bildirib.
Amma alimlər 843 insanın internetdən istifadə vərdişləri haqqında sorğu keçirəndə məlum olub ki, bu insanların gündəlik həyatları internet tərəfindən yönləndirilir. Onlar internetdən uzaq dayanmaq məcburiyyətində qalanda isə rahatlıqlarının pozulacağını düşünürlər. Finlandiyanın yarıdan çox gənc vətəndaşı sosial şəbəkələrdən və internetdən asılıdır.
İnternet asılılığı o zaman təhlükəli sayılır ki, sosial şəbəkələrdə keçirilən vaxt şəxsi həyatı da əhatə edir.
Sosioloqlar iddia edir ki, sosial şəbəkələrin müasir insanın gündəlik həyat tərzinə çevrilməsinə baxmayaraq, internet ünsiyyəti dəstəkləmək üçün sutkada 40-60 dəqiqə kifayət edir. Bu halda əgər insan gününün 4-6 saatdan artıq vaxtını sosial şəbəkələrdə keçirirsə, ona artıq internet asılılığının yaranması diaqnozu qoymaq olar.
İnternetdən asılı olan insanların beynində narkoman və alkoqol düşkünlərinin beynindəki dəyişikliklər müşahidə olunub. BBC-nin verdiyi məlumata görə, bunu çinli mütəxəssislərin apardıqları ilkin araşdırmalar sübut edir.

Related image
Çinin Elm Akademiyasından olan Hao Leinin rəhbərliyi altında aparılan tədqiqat zamanı 14 yaşdan 21 yaşadək olan 35 nəfərin beyninin şəkli çəkilib. Sorğu gənclərin 17-də internetdən asılılıq olduğunu göstərib. Skanetmə isə daxili beyin bağlarında pozuntuların olduğunu aşkara çıxarıb.

Beləliklə, internetdən asılılığı olan adamlarda beyin zonalarında emosiyalar, qərarların qəbulu və özünə nəzarətlə bağlı əsəb liflərinin əlaqəsində pozuntu müşahidə olunub.
London Kral Kolleci yanında Psixiatriya İnstitutunun əməkdaşı Günter Şumanın sözlərinə görə, insanların beyinlərindəki oxşar dəyişikliklərə video oyunlarından asılı olan adamlarda da təsadüf olunur. Ekspertlər qeyd edirlər ki, beynin orbitofrontal qabığında və digər zonalarında qüsurlar narkomanlarda da müşahidə edilir.

Image result for İnternet hastalık
Xəstəlikdən xilas olmaq olar – amma 15 min dollar ödəməklə…

Gedərək artan internet asılılığı üçün Çindən sonra ABŞ-da internet asılılığı müalicə mərkəzi qurulub. ABŞ-ın Vaşinqton əyalətində qurulan “Restart” adlı mərkəz “internet asılılığını müalicə etmə proqramı” adı altında 45 gün boyunca müştərilərinə internet asılılığını buraxdırmağı hədəfləyir. Microsoftun ümumi mərkəzinin dərhal yaxınında qurulan sağlamlıq mərkəzinə, 200 dollar qeyd pulunun ardından 45 gündəlik proqram üçün 14 min 500 dollar vermək və minlərlə dollara çatan əlavə xidmətləri də gözə almaq lazımdır. Proqram boyunca təbiətlə iç-içə yaşayıb ağac evlərdə yaşayanlar ortaq fəaliyyətlərlə ictimai bir həyata çətinlik çəkməyə məcbur edilirlər.
Mərkəzdə müalicə edilən tək şey internet asılılığı deyil. Oyun asılıları və SMS asılıları da fərqli proqramlarla müalicəyə alınır..

Eləsi var əlini kəsir, eləsi də var…

Çində online oyunlar oynamaqdan imtina edə bilməyən 19 yaşındakı bir gənc çarəni əlini kəsməkdə görüb. Adı açıqlanmayan, ancaq internet mühitində Little Wang olaraq bilinən gənc, evdə anasına “həkimə gedirəm. Axşama mütləq evdə olacağam” sözləri yazılmış bir qeyd qoyub evdən çıxıb. Sol əlini biləyindən kəsən Little Wang əlini kəsdikdən sonra taksiyə minib xəstəxanaya gedib.
Çinli gənc əlini kəsdiyi yerdə qoyub gedib. Həkimlər gəncin əlinin qoyduğu yerdə tapdıqlarını və yerinə tikildiyini açıqlayıb. Çində internet asılılığı ciddi ölçülərdədir. 24 milyon adamın asılı olduğu ölkədə sırf internet asılıları üçün reabilitasiya mərkəzləri qurulur.
Suonsi Universitetində işləyən alimlərin gəldiyi nəticəyə əsasən, kompüter arxasında və internetdə daha çox vaxt keçirən insanlar qrip və soyuqdəymə xəstəliklərinə qarşı daha həssasdırlar.

Image result for İnternet
Bu kimi insanlarda qrip və ya soyuqdəymə xəstəliyinə tutulma ehtimalı 30 faiz artıqdır. Belə ki, internetdən asılı insanlar təmiz havada az vaxt keçirirlər ki, bu da immunitetin zəifləməsinə səbəb olur.
Bundan başqa, alimlər hesab edir ki, internetə həddən ziyadə aludəçilik depressiya və yuxusuzluğa səbəb ola bilər.
Ölkədə internet sahəsindəki problemlər insanlar arasında qəribə əhval yaradıb. İş-gücün ləngiməsi, yaranan krizlər bir yana, sanki internetə dustaq olan həyatlar bir qədər “nəfəs alır”. O məşhur zarafatı yəqin ki, eşitmisiz: “Evdə internet kəsildi. Evdəkilərlə bir az söhbət etdik. Pis adam deyilmişlər…”

Bəli, internet bizi doğmalardan, dostlardan oğurlayır, münasibətləri virtuallaşdırır. Sevgilərimizi, nifrətimizi, bütün yaşantımızı “dalğaların ixtiyarına” buraxdığımız üçün çox vaxt narahat olsaq da…
Düşünək ki, görəsən internet olmasaydı, həyatımız necə olardı? İnternetli həyatla internetsiz həyat arasında hansı fərq var?
Media yazır ki, internet ancaq 20 il ərzində bütün həyatımızı dəyişdirməyə nail olub. Aşağıdakı reallıqları oxumaqla anlayacaqsız ki, internet sizə necə yardımçı olub.
İnternet istifadəçilərinin sayı 2002-ci ildən bu günə dörd dəfə artıb.

Image result for İnternet
– Beləcə internetdən istifadə edənlərin sayı dünya miqyasında 2.3 milyard nəfərə çatıb.
– İnternet hər kəsə çatımlı olmaqla sonsuz miqdarda məlumatı önümüzə qoyub.
– Məsələn, təkcə 2011-ci ildə 300 milyon internet saytı açılıb.
– Milyonlarla insan internet sayəsində iş sahibidir.
– Hər internet işi iqtisadiyyatda əlavə 1.5 işi dəstəkləyir.
– Bu isə 300 milyard dollarlıq bir maaş deməkdir.
– İnsanların yüzdə 65-i xəbərləri onlayn olduğu vaxt oxuyur.
– Tvitterdə 1 dəqiqədə 100 min tvit göndərilir.
– Facebookda isə bir ayda 30 milyarda yaxın paylaşım edilir.
İndi keçək o məsələyə ki, internet olmasaydı həyatımızda nələr baş verərdi?
İnternet olmasaydı, bir ensiklopediya dəstinə 1000 dollardan artığını ödəməli olacaqdıq.

e-posta əvəzinə ənənəvi poçt xidmətindən yararlanacaqdıq. Bu da ildə marka üçün 6.3 trilyon dollar pul xərcləməmiz anlamına gələcəkdi.

Google, Twitter, Facebook, e-bay kimi şirkətlərin heç biri olmayacaqdı. Təbii ki, bu şirkətlərdə çalışan önəmli bir kəsim işsiz-gücsüz qalacaqdı.

İnternetə bağlı hər peşə, eyni zamanda orta hesabla 2 fərqli peşəyə də birbaşa təsir edir. Yəni internet işində çalışanların olmaması, təbii olaraq digər peşələrə də təsir göstərəcəkdi.

Image result for İnternet
Misir kimi ölkələrdə yaşanan üsyan və inqilablar internet olmasaydı, illər uzunu davam edəcəkdi.
Qısacası, internet olmasaydı, həm siyasi, həm mədəni, həm də iqtisadi baxımdan tam başqa bir dünyada yaşayacaqdıq. Və buna əminik ki, bu dünya indikindən daha yaxşı olmayacaqdı.
Bu arada dünyada internetə düşmən olan ölkələr var. 2012-ci ildə Sərhədsiz Reportyorlar Təşkilatının illik “İnternet düşməni ölkələr” hesabatına görə 12 ölkə “internet düşməni” seçilmişdi. Türkiyənin də içində olduğu siyahıda 14 ölkənin adı var və bu ölkələrdə internet yazışmaları hüquq-mühafizə orqanları tərəfindən yaxından izlənilir. “Ərəb baharı”ndan sonra bəzi ölkələrdə vəziyyət dəyişib və həmin ölkələrdə online ifadə azadlığı inkişaf edib.
Əvvəlki illərdə internet düşməni seçilən Liviyada Qəzzafinin devrilməsindən sonra internet azadlığının bərqərar olduğu xüsusi vurğulanır.
Etirazlara baxmayaraq internetə məhdudiyyətlər qoyan Bəhreyin və xarici saytlara girişi qadağan edən Belarusa internet düşməni olan ölkələrin sırasındadır. Digər internet düşməni seçilən ölkələr isə Birma, Çin, Kuba, İran, Şimali Koreya, Səudiyyə Ərəbistani, Suriya, Türkmənistan, Özbəkistan və Vyetnamdır.
Bu arada internet insanlara problem yaratmaqla bərabər, ona pul qazandırmağı da bacarır. İnternetdən pul qazanmanın yollarını 4 əsas maddədə birləşdirib:

Image result for İnternet para
1) Video hazırlayaraq internetdən pul qazanmaq.
2) Məqalə yazaraq internetdən pul qazanmaq.
3) Proqramlaşdırma ilə internetdən pul qazanmaq.
4) Forex sistemi ilə internetdən pul qazanmaq.
Bütün bunları araşdırmaq isə çox qısa zaman tələb edir. Üstəlik, hazırda youtube sayəsində dünyadakı istənilən işi necə görməyin üsulları insanlara bir barmaq tuşlaması qədər yaxındır. Yəni, yumurta bişirməyin incəliklərindən tutmuş, xarab olan maşını düzəltməyin, montajın qaydası… barədə hər şey vizual və olduqca asan üsullarla tamaşaçılara göstərilir. Yəni, istəyəndə onun da faydalarından yararlanmaq mümkündür.
Sevinc TELMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir