ev

İpoteka götürmək üçün yüksək əməkhaqqı tələb olunmayacaq

Baxış sayı: 1. 911

Gənclərin və aztəminatlı ailələrin evlə təminatında ipoteka kreditləşməsinin böyük rolu olsa da, hər kəs bu imkandan yararlana bilmirdi. Ona görə də, bu sahəyə ayrılan maliyyənin artırılması ilə bağlı təkliflər var idi. İldən-ilə artım olsa da, bu il məbləğ iki dəfədən də artıq çoxaldılaraq 200 milyon manat oldu. İqtisadçı ekspertlər müsahibələrində bu məbləğin ipoteka kreditləşməsində böyük rolu olacağını bildirirdilər. Bu sahədə müəyyən işlərin aparılması ilə bağlı təkliflər də var idi.

İki gün öncə isə Prezident İlham Əliyev “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərman imzaladı. Fərmanda qeyd olunur ki, Azərbaycan Respublikasında əhalinin mənzilə olan tələbatının ödənilməsi və məişət şəraitinin yaxşılaşdırılması dövlətin sosial-iqtisadi siyasətində əsas yer tutur. Son illər bu istiqamətdə bir sıra mühüm tədbirlərin həyata keçirilməsi nəticəsində mənzilə ehtiyacı olan əhali qruplarının ipoteka kreditlərinə çıxışının artması təmin edilib, 17 mindən artıq ailəyə 700 milyon manata yaxın ipoteka krediti, o cümlədən dövlət büdcəsindən ayrılan vəsait hesabına 5 minə yaxın ailəyə 190 milyon manat güzəştli ipoteka krediti verilib.
Dövlət başçısı sosial qayğıya ehtiyacı olan əhali qruplarının mənzil təminatının yaxşılaşdırılması ilə bağlı işləri sürətləndirmək və bu sahədə şəffaflığı təmin etmək məqsədilə qərara alıb ki, Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyət) yaradılsın. Cəmiyyət Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun hüquqi varisidir və onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir.

Qlobal çətinliklər olduğu dövrdə sosial layihələr prioritetdir

İqtisadçı alim Vüqar Bayramov qəzetimizə açıqlamasında bildirdi ki, neftin dünya bazarında qiymətinin aşağı, regional və qlobal çətinliklərin olduğu bir dövrdə Azərbaycanda İpoteka Fondunun yenidən formalaşdırılıb, səhmdar cəmiyyətə çevrilməsi ilə bağlı ölkə prezidentinin fərmanı mənzil təminatında ipoteka kreditlərinin şərtlərinin yaxşılaşdırılması və sosial layihələrin maliyyələşməsinin davam etdirilməsi ilə bağlı siyasi iradəni bir daha nümayiş etdirir. Bu o deməkdir ki, Azərbaycanda hətta qlobal çətinliklər olduğu dövrdə belə sosial layihələr prioritet olaraq qalacaq.

V.Bayramovun sözlərinə görə, sənəddə də qeyd edildiyi kimi bu gün verilən ipoteka kreditlərinin sayı və bu sahəyə ayrılan maliyyənin məbləği çoxalsa da, gənc ailələrin ipoteka kreditlərinə çıxış imkanları məhddudur: “Təəssüf ki, gənc ailələrin ipoteka kreditlərindən faydalanmasında müəyyən çətinliklər var. Fərman birmənalı şəkildə ipoteka kreditlərinin şərtlərinin sadələşdirilməsinə gətirib çıxaracaq. Mərkəzi Bank son illər ipoteka kreditlərinin və ipoteka proqramının təkmilləşdirilməsi ilə bağlı açıqlamalar yayırdı. Amma son 5 ildə baş verən yeganə təkmilləşmə sosial ipoteka kreditinin maksimum məbləğinin 35 min manatdan 50 min manata qaldırılması olub”.

İpoteka üçün tələb olunan əmək haqqı azalacaq

İqtisadçı deyir ki, Prezidentin fərmanı və İpoteka Fondunun səhmdar cəmiyyətə çevrilməsi ipoteka kreditlərinin verilməsindəki şərtlərin sadələşdirilməsi istiqamətində fəaliyyətlərin davam etdirilməsi deməkdir. Artıq real olaraq ipoteka kreditlərinin sadələşdirilməsi müşahidə ediləcək. Bu isə özünü faiz dərəcələrinin aşağı düşməsində göstərəcək: “Bu özünü daha çox, faiz dərəcələrinin aşağı salınması və vətəndaşlar üçün əlçatanlığının təmin edilməsində göstərməlidir. Həm adi, həm sosial ipoteka kreditləri üzrə faiz dərəcələrində azalmalar müşahidə olunacaq. İpoteka krediti almaq üçün sənədlər və proseduraların sayı azalacaq. Bu istiqamətdə də addımların atılacağı gözlənilir. Elektron ipoteka portalı ölkəmizdə tətbiq olunsa da, hələlik ipoteka krediti almaq üçün tələb olunan sənədlərin sayında ciddi azalmalar yoxdur. Buna görə də vətəndaşların ipoteka kreditlərinə müraciətində xeyli çətinliklər müşahidə olunur”.

V.Bayramov deyir ki, yeni fərman eyni zamanda ipoteka krediti almaq üçün tələb olunan əməkhaqqının da azalmasına səbəb olacaq. Çünki faiz dərəcələrinin aşağı düşməsi aylıq ödənişlərin aşağı düşməsinə gətirib çıxaracaq. Bu zaman isə artıq ipoteka krediti almaq üçün heç də yüksək əmək haqqıya malik olmaq tələb edilməyəcək: “Orta aylıq əmək haqqı alanlar da ipoteka kreditindən istifadə edə biləcəklər. Aylıq ödəniş məbləğinin aşağı düşməsi əmək haqqı ilə bağlı tələblərin dəyişilməsi, yumşalmasına imkan verəcək”.
Fərmanda həmçinin, dövlət zəmanəti ilə uzunmüddətli istiqrazların buraxılması nəzərdə tutulub. İqtisadçı deyir ki, bu, İpoteka Fondunun maliyyə təminatının yaxşılaşdırılması və gücləndirilməsinə imkan verəcək: “Çünki söhbət 5 ildən artıq müddətə istiqrazların yerləşdirilməsindən gedir. Bu İpoteka Fonduna daha çox vəsait cəlb etməyə imkan verəcək. Bu da daha çox kredit verməyə imkan yaradacaq. İpoteka fondunun maliyyə dayanıqlığının təmin olunması hesabına daha çox kreditlər təklif etmək olacaq”.

Kupçasız mənzil sahibləri üçün müjdə

Bu fərmanın həm də inşaat sektorunda canlanma yaradacağını deyən V.Bayramov bildirdi ki, tikinti şirkətlərinə icazələrin daha sadə proseduralarla verilməsi mümkün olacaq: “Deməli, inşaat sektorunda fəaliyyət göstərən şirkətlər daha sadə proseduralarla lisenziya və icazə almaq imkanına malik olacaqlar. Bu, inşaat sektorunda canlanma yaradacaq. Eyni zamanda burada xərclərin azalmasına gətirib çıxaracaq. İnşaatla məşğul olan tikinti şirkətlərinin xərci azalacaq və bu da mənzillərin qiymətini aşağı salacaq. Bu da o deməkdir ki, yeni inşa edilən binalarda mənzilləri daha ucuz qiymətə təklif etmək mümkün olacaq”.
V.Bayramov onu da bildirdi ki, bu fərman həm də kupçasız mənzilə sahib olanlar üçün bir müjdədir. Çünki fərmanla xüsusilə inşa edilən, amma istismara verilməyən binaların istismara alınması ilə bağlı qaydalar sadələşdirilir: “Apardığımız monitorinqlər göstərir ki, Bakıda yeni inzibati binaların demək olar ki, 80 faizi istismara götürülməyib. Onlar kommunal xidmətlərlə təmin edilsə də, istismara götürülməyib. Buna görə də həmin binada yaşayanlar mənzil sertifikatı və ya kupça almaq imkanına malik deyillər. Bu da təbii ki onların mənzillərinə sahibkarlıq hüququnun təsdiqi ilə bağlı müəyyən çətinliklər yaradırdı. O baxımdan yeni fərman yalnız ipoteka krediti almaq üçün deyil, eyni zamanda yeni tikililərdə yaşayan, kupça almayan vətəndaşar üçün də müjdə hesab olunmalıdır. Çünki mənzillərin istismarı proseduralarının sadələşdirilməsi eyni zamanda imkan verəcək ki, istismara götürülən binada yaşayan vətəndaş ASAN xidmətə müraciət etməklə mövcud qanunvericilik əsasında mənzil sertifikatı və ya kupça ala bilsin”.

İpoteka üçün maksimum məbləği artırmağa ehtiyac yoxdur

“MBA Konsaltinq” Şirkətinin rəhbəri Nüsrət İbrahimli deyir ki, bu fərmanın müsbət təsirlərini zamanla hiss edəcəyik. Çünki bunun icrası üçün müəyyən zaman lazımdır: “2016-cı ildə bunun tam həllini tapacağını desək, düzgün olmaz. Amma zamanla təsiri böyük olacaq. Çünki İpoteka Fondunun ümumi mənzil bazarında cəmi 5 faizə yaxın payı var. Potensial böyükdür və onun inkişaf etdirilməsi üçün müstəqillik, səlahiyyət lazım idi. Həmin müstəqillik, səlahiyyət isə bu fərman vasitəsilə verildi. Ona görə də həmin səlahiyyətlərin icrası nəticəsində güman edirəm ki, ipoteka bazarda payını daha da böyüdəcək, yaxın 5-10 ilə bazarda böyük bir paya sahib olacaq. Bu da gənc və aztəminatlı ailələrin mənzil problemlərinin həllinə gətirib çıxaracaq”.

N.İbrahimli deyir ki, əvvəllər də bu fondun fəaliyyəti var idi. Amma hər bir işi Mərkəzi Bankla razılaşdırmalı olurdu. Fərmanla onlara müstəqillik verildi və artıq kiminləsə nə isə razılaşdırılmağa ehtiyac yoxdur: “Yeni yaradılan ASC verilən səlahiyyətlər çərçivəsində vəzifə borcunu yerinə yetirməli və bazarda payını artırmalıdır. Söhbət onun maliyyə resurslarının cəlb olunmasından və ipoteka kredit partnyorunun həcminin artırılmasından gedir. Yəqin yaxın perspektivdə cəmiyyət bu işlərin öhdəsindən gələcək”.

N.İbrahimlinin sözlərinə görə, fond ilk vaxtlarda ümumi maliyyə portfelinin artırılması üzərində işləməlidir. O deyir ki, 700 milyona yaxın verilən ipoteka kreditinin məbləğinin bir neçə dəfə artırılmasına ehtiyac var. İpoteka krediti üçün nəzərdə tutulan maksimum hədd 50 min manatın isə artırılmasına isə ehtiyac yoxdur. N.İbrahimli hesab edir ki, maksimum məbləğin artırılmasının acı nəticəsi daha çox olar, nəinki xeyri. İlkin ödəniş faizi aşağı salınsa, bu, daha faydalı olar.

N.İbrahimli qeyd etdi ki, vətəndaşlar ipoteka üçün qoyulan 50 min manatın məbləğinin artırılmasını ona görə tələb edirlər ki, həmin məbləğə istədikləri evi ala bilmirlər. Çünki mənzil bazarında qiymətlər bahadır. Buna görə də, ipoteka məbləğini artırmaq yox, mənzil bazarında qiymətləri normal həddə salmaq lazımdır: “Bu gün Bakı şəhərində 1 kvadratmetr evin qiyməti 1600 manata gəlib çıxıb. Bu isə reallıqdan çox uzaqdır. 50 min məbləği yuxarı qaldırsaq, bu, bazarda evlərin qiymətinin də tədricən artmasına gətirib çıxaracaq. Artırılan məbləğ yenə də gənclərə kifayət etməyəcək”.

Aygün Asimqızı




1 şərh “İpoteka götürmək üçün yüksək əməkhaqqı tələb olunmayacaq

  1. Gulwen

    Artiq 11 ildir aileliyem, Iki uwaqim var. Guzewtli lipoteka krediti duwurmu ve yoldawim ailede tek iwleyen wexsdir. Emek haqqi 450 azn-dir.Biz bu kreditden yararlana biceyik mi?

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir