İşdə kim kimdir?

Baxış sayı: 1. 239

Çalışdığımız kollektivdə iş yoldaşlarımızla ünsiyyətdə oluruq. Bəzən onlara ailə sirlərimizi deyir, problemlərimizi onlarla bölüşürük. Bu isə xoşagəlməz hadisələrlə bitə bilər. Bu səbəbdən də psixoloqlar iş yoldaşını tanımağı və bunun üçün onların davranışındakı icəlikləri və sirləri açmağı məsləhət görür.

Psixoloq Elnurə Bağırovanın sözlərinə görə, iş kollektivində çox danışan və ya söz gəzdirən, səmimi, özünə qapanan, bacarıqsız və s. insan tiplərinə rast gəlmək olur: “Hər işdə söz gəzdirən olur. Bu tip işçilər işə yalnız söhbət və qeybət etmək üçün gəlirlər. Sürətlə danışır, daim həmsöhbətə ehtiyac duyur. İşgüzar və söhbətlərə vaxt ayırmayanlarla işi olmur. İşdə bekar qaldıqları müddətdə və hər ələ düşən fürsətdən istifadə edərək danışırlar. Ünsiyyətcil və gülərüz olan belə işçilər başqalarında yaxşı insan təəssüratını yaradır. Ancaq bir şeyi nəzərə almaq lazımdır ki, onların yaxşı görünmək istəyi məhz çoxlu informasiya toplamaq və onu yaymaqdan ibarətdir. Əks halda söhbət üçün mövzu qalmaz”.

Çox danışan işçilər tez-tez nəyinisə itirir, qırır və ya çirklədir. Çox gülür, digərlərini işlərindən yayındırır. Şən və maraqlı həmsöhbət olur. Lakin bəzən onun sözgəzdirən olduğunu hesab edənlər onunla səmimiyyətdən qaçır. İşgüzar, iş vaxtı yalnız işə və qısa nahar fasiləsinə yol verənlərsə belə adamla danışmağa vaxtları olmadığı üçün ünsiyyətdə olmaq istəmirlər.

Səmimi iş yoldaşı deyilən tip də var ki, onlar digər iş yoldaşları ilə dostluq münasibəti qurur, həqiqətən də, iş yoldaşlarına bağlanır və onlara isti münasibət bəsləyir. Belələri kollektivdə baş verən hər şeyə reaksiya verir. Enerjili və müstəqildirlər, işində orta fəallıq göstərirlər. Hər zaman iş yoldaşının köməyinə çatır. Belə işçilər konfliktə meylli olmur və emosiyalarını cilovlaya bilirlər. Başqalarının onlara qarşı kobudluğunu asanlıqla bağışlayırlar. Bu tipə aid olan qadın işçilər diqqət çəkmirlər. Geyimləri və davranışları sadə olur.

İş yerlərində heç bir işə yaramayan işçilər də olur ki, belələri adətən tanışlıqla işə düzəlir. Heç bir işə yaramayan və ya bacarıqsız işçilər vəzifəsinin öhdəsindən gələ bilmir və özgüvən əksikliyindən əziyyət çəkirlər. “Bacarıqsız işçilər qorxaqlığı və əsəbiliyi ilə seçilirlər. Onlar həyatda baş verən yeniliklərdən qorxur və çəkinirlər. Özlərini əziyyətə salmaq istəmir, rahat və sakit həyat tərzi sürməyə üstünlük verirlər. Bacarıqsız işçilər çox vaxt başqalarını işlə bağlı tez-tez verdiyi sualları ilə bezdirirlər. Özləri işlərini yaxşı bilmədikləri və öyrənməyə də səy göstərmədikləri üçün başqa iş yoldaşlarından işə görə nəsə etməyi xahiş edirlər. Onlar çox vaxt birini dost kimi seçir və onun köməyinə arxalanaraq kollektivdə rahat fəaliyyətlərini davam etdirirlər”.

Müsahibimiz bildirir ki, digər işçi tipi “Autist”dir. Hanıs ki, “autist” tip işçilər internet asılılığından əziyyət çəkir, müxtəlif kompüter proqramları ilə maraqlanır, bir sözlə, kompüterlə yaşayırlar. “Adətən savadlı olur, elektron kitab oxumağı sevir. Özlərinə hər zaman kompüterlə bağlı maraqlı məşğuliyyətlər tapır, kompüter arxasında oturur və sanki ətrafdakıları, baş verənləri görmür və fikir vermirlər. Başları işlərinə o qədər qarışır ki, iş yoldaşlarının yanından düz keçir və salam verməyi də unudurlar. Bəzən iş yoldaşları bu hərəkətinə görə ondan incidiyini sanırlar. Amma o, kimdənsə küsdüyü üçün özünü belə aparmır. Sadəcə xasiyyəti belədir və növbəti hansısa iş üstündə çalışır. Belə işçi kollektivlə çox qaynayıb-qarışmasa da, ondan internet, proqram təminatı, kibernetika, kompüterin texniki parametrlərinə aid suallarla müraciət etmək olar. Bu tip iş yoldaşının rəğbətini kompüter dünyasındakı yenilikləri hədiyyə etmək və ya bu mövzuda danışmaqla qazanmaq olar” deyən psixoloqa görə, belə işçilər diqqət çəkən olmur. Qadınlar özlərinə baxmır, işə çox vaxt eyni geyimdə gəlir, bəzən saçlarını da qaydasına salmağa vaxtları qalmır. İşdə fasilələr zamanı belə hardasa küncdə oturur, ünsiyyətdən qaçırlar.

E.Bağırovanın dediyinə görə, işdə sözgəzdirən tipdən sonra ən təhlükəlisi “torbatikən”dir. “Belələrini tanımaq asandır. “Torbatikən” tip işçilər öz işləri keçsin deyə hər şeyə əl atırlar. Xəyanətkar olur və ən yaxın dostlarını belə sata bilərlər. Bu tip işçilər soyuq davranışları ilə seçilir. Başqalarının dərdini başa düşmür, kiməsə kömək etmək istəmir və soyuqqanlı olurlar”.

Təşkilatçılıq məsələlərinə və əyləncəyə böyük əhəmiyyət verən işçilər də olur. Onları iş deyil, əylənmək daha çox maraqlandırır. Şən və söhbətcil olur, çoxunun xoşuna gəlir. Bayram ərəfələrində təşkilatçılıq məsələlərinə məhz o baxır. Harada, hansı bayramı necə təşkil edəcəyi barədə düşünür. İş yoldaşlarını bir yerə toplayır, bayramları, müxtəlif şənlikləri qeyd etməyə, harasa səfərə getməyə həvəsləndirir.

Belə işçilərin mənfi cəhəti az işləmələri olsa da, iş yoldaşları onu sevir. O, işdə birlik yaradır və ofis həyatının daha maraqlı keçməsinə yardımçı olur.

 

Aynurə Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir