22008178_1679723055433915_3632681288102053434_n

“İsmayıl Şıxlını inandırdıq, əsəri tamamladı” – görkəmli yazıçının yazıçı gəlini ilə MÜSAHİBƏ

Baxış sayı: 909

“Gencaile.az” saytının budəfəki qonağı yazıçı Reyhan Yusifqızıdır.
R. Şıxlinskaya (Yusifqızı) 1995-ci ildən bədii yaradıcılıqla məşğuldur. 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Onlarla povest və hekayənin, nağıl və poemanın müəllifidir. Daha çox uşaq yazıçısı kimi tanınan R.Yusifqızının orta məktəb dərsliklərində bir sıra əsərləri tədris edilir.

Reyhan Yusifqızının “Yaşıl gözlü qız” adlı elmi-fantastik povesti 2009-cu ildə Türkiyədə keçirilən “Kentimi Okuyorum” uşaq kitabları yarışmasında III ödül qazanmışdır.
Reyhan Yusifqızı həm də görkəmli yazıçı İsmayıl Şıxlının oğlu Fərrux Şıxlınskinin həyat yoldaşıdır.

 

–        Reyhan xanım, riyaziyyatçısınız. Həm də yalnız pedaqoji fəaliyyətlə yox, bu sahənin elmi aspektləri ilə də məşğulsunuz. Və eyni zamanda bədii yaradıcılıqla. Bir qədər uzaq sahələr deyil ki? Yoxsa əksinə, dəqiq elmlər sizə yaradıcılıqda da kömək edir?

–        Doğrudur, dəqiq elmlər yaradıcılığımı yönəldir. Əgər mən riyaziyyatı, fizikanı bilməsəydim, elmi-kütləvi və elmi fantastik əsərlər yaza bilməzdim. Öyrədici əsərlər yazmağım isə pedaqoji fəaliyyətimlə bağlıdır. Uşağı yormadan, ona hiss etdirmədən öyrədir, informasiya verirəm.

 

–        Təxminən belə bir deyim var: Əgər siz fizika barədə heç bir şey bilməyən adama fizikanın hansısa qanununu izah edə bilmirsinizsə, deməli, siz fizikanı bilmirsiniz. Siz həm də Soft Kompüting nəzəriyyələrini tədris edirsiniz. Bu nəzəriyyə haqda heç nə bilməyən birinə ən qısa şəkildə bunu necə izah edirsiniz?

–        “Soft Kompütinq” – “Yumşaq Hesablamalar” deməkdir, intellektual sistemlərin əsasında durur. Soft Kompütinq nəzəriyyələri təqribi, hətta naməlum göstəricilərlə və sözlərlə işləmək üçün riyazi aparata malikdir. Məsələn, “istedadlı” və ya “gözəl” anlayışlarını riyazi ifadə edib modellərə daxil etmək, “gözəl” və “daha gözəl” anlayışlarını fərqləndirib müqayisə etmək olar.

53072437d8b9c27ad82a10ec7a765c3e

–        Daha çox azyaşlılar üçün yazırsınız? Onların nə istədiyini və ya onlar üçün nələrin faydalı, maraqlı olacağını necə hiss edir, necə müəyyən edirsiniz?

–        Daha çox uşaq və yeniyetmələr üçün yazıram. Dünyada uşaq ədəbiyyatının trendini izləyirəm: başqa ölkələrdə, başqa yerlərdə uşaqlar nə oxuyur, hansı kitablarla böyüyür? Axı biz dünyaya inteqrasiya olunuruq. Bizim uşaqlar planetimizi daha yaxşı tanımalı, baş verən proseslərdən kənarda qalmamalıdır. Uşaqlarla müntəzəm ünsiyyətdə oluram. Tez-tez məktəblərdə, kitab evlərində görüş, imza günü və təqdimatlar keçirirəm. Əmin olmuşam ki, yeni nəsil müasir tələblərə cavab verən maraqlı kitablar istəyir. Normal uşaq dilində yazılmış istənilən mövzuda kitab uşaq üçün maraqlı və faydalı ola bilər. Çünki hər bir süjet həyatın sadə modelidir. Uşaq kitablar vasitəsilə həyatı öyrənir.

 

–        Sizin dövrün uşaqları ilə bugünün uşaqları, razılaşarsınız ki, tamamilə fərqlidirlər. Bədii yaradıcılıq yəqin ki, həm də dövrün tələblərini izləməlidir, deyilmi? 

–        Mən bu fikirdəyəm ki, bütün dövrlərdə uşaqlar eynidir, fərqli olan isə mühitdir. Bizim dövrümüzün uşaqları telefonsuz və kompütersiz dünyada yaşayırdılar. Kitab yeganə bilik mənbəyi idi. Bugünkü uşaqlar yüksək texnologiyalar dövründə, kompüter erasında yaşayırlar. Həyat dəyişib, kitaba güclü alternativlər meydana çıxıb. Geriyə yol yoxdur, kompüteri və kitabı qarşı-qarşıya qoymamalıyıq, “kompüter və telefon pis, kitabsa yaxşıdır” deməməliyik. Onsuz da uşaq bizə inanmayacaq. Hərəsinin öz yeri var, hərəsindən faydalı şəkildə istifadə etməyi uşaqlara öyrətməliyik. Bədii yaradıcılıq isə nəinki dövrün tələblərinə uyğun olmalıdır, hətta onu qabaqlamalıdır.

41779147_332544670653805_2844834681575178240_n

–        Yaradıcılıqla məşğul olmaq üçün özünüzü necə kökləyirsiniz? Yoxsa, bu, kökləməklə alınan iş deyil, ruh özü gəlməlidir?

– Kökləməyə ehtiyac yoxdur. Yazıçı həm də müşahidəçidir. Hər gün, hər saat gördüyümüz hadisələr, insanlar saysız-hesabsız mövzu verir. Çatışmayan yalnız vaxtdır.

 

–        “Ayna”da “Nə üçün” adlı bir yazınızı oxudum. Bəlkə kiçik povest də demək olar. Şagird Röyal öz kasıblığındna utanır, məktəbli yoldaşlarının istehzası onu sıxır. Sizcə, bu nə qədər tipik haldır? Kapitalizm, təbəqələşmə uşaqlarımıza nə qədər təsir edir? Və sualın əsas hissəsi: nə etməliyik ki, kapitalizmin ağır şərtlərindən minimum itki ilə, uşaqlarımızın tərbiyyəsinə, əhvalına az təsir göstərməklə qaça, çıxa bilək?

–        Təbəqələşmə, təəssüf ki, az və ya çox dərəcədə hər yerdə var. Uşaqlar bunu anlamaqda çətinlik çəkir, çox zaman mənəvi travma alırlar. Bacardığımız qədər onların körpə qəlbini qorumalıyıq. Bu hekayəni mən böyüklər üçün yazmışam, onların diqqətini belə məsələlərə çəkmək üçün… Məncə, cəmiyyətin intellektual səviyyəsi nə qədər yüksək olsa, o qədər az itki ilə belə vəziyyətlərdən çıxa bilərik.

 

–        Siz görkəmli yazıçı İsmayıl Şıxlının ailəsinin üzvüsünüz. Necə xatırlayırsınız o illəri və İsmayıl Şıxlını? Əsərləri ilə bağlı fikir mübadilələriniz olurdumu?

–        Mən İsmayıl Şıxlı ocağına onun ömrünün qürub çağında düşmüşəm. Xəstəlik yavaş-yavaş bu böyük insanı üstələyirdi. Heç vaxt xəstəlikdən, ölümdən qorxmayıb, deyirdi ki, siz də qorxmayın. Mən ki müharibənin od-alovundan keçib sağ qalmışam, indi yaşadıqlarım mənim üçün qazancdır, Tanrının hədiyyəsidir. Çox şanslıyam ki, bu insanı yaxından tanımışam. Əlbəttə, cürbəcür mövzularda uzun-uzadı söhbətlərimiz olub, əsərləri ilə bağlı, həmçinin. Son əsəri olan “Ölən dünyam” haqda çox danışmışıq. Şəkər xəstəliyindən görmə qabiliyyətini itirdiyi üçün bu əsəri yarımçıq qoymuşdu.  Ostrovskini misal çəkərək romanı bitirməsini təkid edirdim. Günlərin birində onu inandırdım, həyat yoldaşı Ümidə xanıma diqtə edərək, əsəri yazıb bitirdi…

 

–        Reyhan xanım, o illərdə yaradıcılıqla məşğul olmurdunuz?

–        Məşğul olurdum. Amma təəssüf ki, kiçik hekayələrimi xalq yazıçısının qarşısına qoymaq cəsarətini o zamanlar özümdə tapmadım…

 

–        Bu il İsmayıl Şıxlının 100 illiyinin qeyd olunması məqsədilə cənab prezident tərəfindən sərəncam imzalanıb. İl ailəniz üçün əlmatdardır. Görkəmli yazıçı ilə bağlı hansı tədbirlərin keçirilməsini arzulayardınız?

–   “Ölən dünyam” romanının ekranlaşdırılmasını arzulayıram. “Dəli Kür”ün, epoxanın davamı kimi yazılmış, yaşadığı dünyanın, quruluşun artıq keçmişdə qaldığını simvolizə edən bu əsəri bədii cəhətdən “Dəli Kür” qədər yüksək qiymətləndirirəm. “Ölən dünyam” əsasında bədii film ssenarisi də yazılıb, müvafiq qurumlara təqdim edilib. Bu, İsmayıl Şıxlının 100 illiyinə ən böyük töhfə ola bilərdi.

 

Söhbətləşdi: Vüsal Məmmədov

459642_329774077095651_1021717701_o

10928848_687145428069405_6476824445205267033_n

SONY DSC

SONY DSC

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir