siqaret

İstəmədən qazandığımız zərərli vərdişlərdən xilas ola bilərikmi?

Baxış sayı: 1. 340

Çox vaxt normal zənn etdiyimiz və fərqində olmadığımız vərdişlər həyatımızda əsaslı dəyişikliklər yarada bilir. İlk günlər həzz verən vərdişlər bir müddətdən sonra bizi incitməyə başlayır. Psixoloqlar hesab edir ki, heç bir vərdiş doğulmur. Yaşadığımız müddətdə meydana gəlir və həyatımızı ələ alır.

Bəs istəmədən qazandığımız zərərli vərdişlərdən xilas ola bilərikmi?

 

“Vərdişini tanı, qəbul et və onunla mübarizə apar”

Türk psixoloq Sərhat Yabancıya görə, vərdişdən qurtulmağın ilk yolu onun zərərli olduğunu qəbul etməkdir: “Çox vaxt hansısa vərdişə meyilli olan insanlar onu problem kimi qəbul etmir və inkar edirlər. Məsələn, “İstədiyim vaxt bundan imtina edə bilərəm”, “Mən bu vərdişdən əyləncə üçün istifadə edirəm” kimi düşüncələrlə özlərini aldadırlar. O sizə, elə gəlir ki, istədiyiniz vaxt illərdir etdiyiniz vərdişi ata bilərsiniz. Axı, o illərdir sizinlədir və bunu rahatlıqla tərk edə bilməzsiniz. Bu səbəbdən problem olduğunu qəbul edib, həll yollarını düşünməlisiniz. Vərdişini tanı, qəbul et və onunla mübarizə apar”.

 

“Zərərli vərdişlər bizə həzz verir”

Psixoloq Orxan Oruc bizimlə söhbətində bildirdi ki, zərərli vərdişlər orqanizmə mənfi təsir etsə də, beyinə yanlış həzz siqnalları ötürməklə insanın özünü yaxşı hiss etməsinə səbəb olur: “Əslində bizə həzz verən vərdişlərimiz çoxdur, amma bunların bir qismi zərərlidir. Amerika Tibb dərnəyinin açıqlamasında zərərli vərdişlər beyin xəstəliyi kimi qiymətləndirilir. Çox təəssüf ki, hər bir insanın zərərli vərdişinin olması ehtimalı həmişə var. Çünki insan beyninin həzz nöqtələrini aldatmaq mümkündür. Zərərli vərdişlərin yaranması da insanın əli çatan imkanlar daxilində olur. Məsələn, ailədə siqaret çəkən varsa, uşaq bir iki dəfə cəhd edib gizlicə istifadə edir. Bir müddət sonra bu, zərərli vərdişə çevrilir. Digər vərdişlər də təxminən eyni qaydada, ilk dəfə alınan həzzin axtarışında olmaqla başlayır və davam edir. Bəzi zərərli vərdişlər isə hər hansı kənar vasitəylə deyil, insanın bioloji imkanları daxilində formalaşır. Məsələn, dırnaqyemə, barmaq sümüklərinin səs çıxaracaq şəkildə hərəkət etdirilməsi və s”.

 

“Vərdişinizin sizə vurduğu maddi zərəri hesablayın”

Psixoloq hesab edir ki, bu vərdişlərə başlamaq nə qədər asandırsa, ondan qurtulmaq da bir o qədər çətindir: “Bu, tamamilə psixoloji prosesdir. Zərərli vərdişdən xilas üçün öncə  bu vərdişin necə, nə zaman, hansı vəziyyətdə yarandığını insan şəxsən özü və ya mütəxəssisin köməkliyi ilə analiz etməlidir. Məsələn, insan hansı vəziyyətlərdə daha çox spirtli içki içmək ehtiyacı hiss etdiyini anlayarsa, bu, qismən də olsa zərərli vərdişlə mübarizə aparmağa köməklik edir. Daha sonra zərərli vərdişlə bağlı siyahı tutmaq olar. Məsələn, gündə neçə dəfə siqaret çəkdiyini, hansı saatlarda, istəyin yaranma səbəblərini qeyd etməklə, bu zərərli vərdişin tərgidilməsinə köməklik etmək olar. Həmçinin zərərli vərdişin günlük, aylıq və ya illik nə qədər maddi zərəri olduğunu da qeydlər vasitəsilə hesablamaq olar. Bu kiçik görünən rəqəmlərin yaratdığı böyük rəqəmlər ətrafında insanın zərərli vərdişini tərgitməsi üçün əlavə iradi təsirin yaranmasına köməklik edə bilər. Məsələn, gündə siqaret üçün 5 manat pul xərcləyən adam, bir ayda 150 manat, bir ildə 1800 manat pul xərcləmiş olur. 1800 manatla başqa nələr etmək olar sualına cavab tapıb, bunu zərərli vərdişdən qurtulmaq üçün motivasiya kimi istifadə etmək olar. Məsələn, 1800 manata hər hansı bir ölkəyə 1 həftəlik səyahət mümkündür. Bu kiçik motivasiya uzun müddət formalaşmış zərərli vərdişdən xilas üçün yaxşı vasitədir”.

Psixoloq deyir ki, zərərli vərdişi birdən tərgitmək də doğru deyil. Onun sözlərinə görə, bunu hissə-hissə və ya başqa bir zərərsiz vasitəylə əvəz etmək daha doğrudur: “Məsələn, gündə bir qutu siqaret çəkən adam hər gün bir siqaret azaltmaqla zərərli vərdişdən daha asan qurtula bilər. Beynin həzz mərkəzini birdən bundan mərhum etmək başqa psixoloji problemlər və ya zərərli vərdişlərlə nəticələnər. Həmçinin, bir neçə zərərli vərdişə malik adamın qəfildən bütün vərdişlərindən azad olması da doğru deyil. Çox yaxşı olar ki, zərərli vərdişlərin təngidilməsi üçün ardıcıllıqla az zərər verəndən çox zərər verənə doğru gedilsin. Bundan əlavə, zərərli vərdişlərdən uzaqlaşmaq üçün şərait imkanlarını dəyişdirmək də məsləhətdir. Məsələn, hər axşam dostlarla görüş zamanı içki qəbul edilirsə, bu görüşlərin vaxtını və məkanını dəyişməklə zərərli vərdişin icrası üçün yaranmış şəraitə mane ola bilərsiniz. Ümumiyyətlə, zərərli vərdişdən xilas üçün, insan əvvəlcə bunu istəməlidir və istəməsi üçün bir neçə konkret səbəbi olmalıdır”.

 

“Zərərli vərdişlərdən qurtulmağın ən gözəl yolu idmandır”

Məşqçi Elnur Rzayev isə deyir ki, zərərli vərdişlərdən xilas olmağın ən gözəl yolu idmandır. Müsahibimizin sözlərinə görə, idman xüsusilə gənclərdə məsuliyyət duyğusunu artırır, hissləri idarə edə bilmə qabiliyyətini gücləndirir və çevikliyi təmin edir: “İdman etmək diqqət dağınıqlığını aradan qaldırır. İdmanla məşğul olan uşaqlar enerjilərini idmanda sərf etdikləri və yorulduqları üçün başqa alışqanlıqlara vaxtı qalmır. İdmanla məşğul olmaq sağlamlıqdır. Belə insanlar içkidən də, siqaretdən də uzaq olurlar”.

15 ildir idmanla məşğul olan Nicat İbrahimxəlilov da hesab edir ki, idmanın hər bir insanın həyatında olması vacibdir: “İlk növbədə sənin sağlamlığın idman etməyənlərlə müqayisədə qat-qat yaxşı vəziyyətə olur. İkinci növbədə, gücün yerində olur. Üçüncüsü, görünüş, dördüncüsü isə həyatın rejimə düşür. İdman edən insan düzgün qidalanır. Vaxtında yeyir və vaxtında yatır. İdman insanın həyatını qaydaya salır. Hər kəs idmandan faydalansa, bunun xeyrini görüb əl çəkməyəcək. Sağlam cəmiyyət üçün sağlam gənclik lazımdır. İdman edən zaman, həqiqətən, zərərli vərdişlərə yiyələnməyə vaxt qalmır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir