Qadinlar

İtkin rəfiqələr – HEKAYƏ

Baxış sayı: 1. 508

Hələ də yaşlaşmış, ahıl çağında belə yuxudan ayılan kimi birinci səmaya tamaşa edirdi. Allaha şükr əvəzi – dua etmək üçün.

Uşaqlıqdan beləydi. Pəncərə önündə dayanıb göydə uçan durna qatarını seyr etməyi xoşlayardı. Hələ dəstədən ayrılıb qalmış bir durna görəndə… bu zaman hədsiz kövrələrdi. Tənha durnanın taleyini öz taleyinə bənzədərdi: “Yəqin o da mənim kimi təkdir, kimsəsizdir. Öz ailəsindən uzaq düşüb”. Bəzən yalvarış dolu baxışlarla seyr edərdi durnaları. Ürəyindən isə “mənə bir xəbər verin rəfiqəmdən, ay durnalar” nidasını keçirərdi.

…Qəriblik. Qəribliyin sərhəddi təkcə Vətəndən ayrı düşmək anlamıyla bitib-tükənmir. Qəriblik həm də elə Vətəndəykən kimsəsiz qalmaq, doğmalarından uzaq düşmək deməkdi.

…Dürrə müəllimə səhəri diri gözlü açmışdı. Həyətdə bir qədər var-gəl elədi. Dünəndən aldıqları qoçu yoxladı. Əlini başına çəkib onu tumarladı. O, düz əlli ilə yaxın idi ki, bu görüşü gözləmişdi. Çox əhd eləmişdi, bir də demişdi ki, adaşım Dürrəni tapan kimi bir qoç alıb aparıb həyətlərində kəsərəm. Özü gözlərini bu işıqlı dünyaya çox bəxtsiz açmışdı. Hələ doğulmamış atası onları tərk edib getmişdi. Özü də yersiz bir səbəbdən. Dürrənin anası ərini çox sevirdi. Onu yarıyolda tənha buraxacağını nə biləydi?! Ana bu dərdə dözə bilmədi. Əvvəlcə yaddaşını itirdi, sonra tamamilə yataq xəstəsinə dönüb çarpayıda qaldı. Övladı doğulan andasa dünyasını dəyişdi.

Dürrəni daim anası bildiyi Məşədi Xeyransa arvad saxladı. O da bu zaman çox yaşlı idi. Dürrə sonralar biləcəkdi ki, Xeyransa heç onun doğmaca nənəsi də deyilmiş…

Məşədi Xeyransanın öz övladı olmamışdı. O, qardaşının iki yetim uşağını – Fatma ilə Fərmanı övladlığa götürmüşdü. Fərman da çox cavan yaşlarında bir qəza nəticəsində dünyasını dəyişmişdi. Fatma isə yeganə uşağını Xeyransa arvadın əlində qoyub çox cavan yaşında dünyadan köçmüşdü. Dürrə yeddi yaşına qədər çox xoşbəxt idi. Anası zənn etdiyi Məşədi Xeyransayla gözəl həyat sürürdü. Böyük eyvanlı evləri, geniş bağ-bağatlı həyətləri vardı. Xeyransa arvadın əri Məşədi Ələmdar kişi Lənkəranın adlı-sanlı kişilərindən biri idi. Yaxşı var-dövləti qalmışdı. Amma o da dünyadan tez köçmüşdü. Dürrənin ömründə nə qədər xoş günləri olmuşdusa da, elə bu evdə yaşayanda olmuşdu. Düzdü, onun qarşısına əksərən yaxşı adamlar çıxırdı. Amma, təbii ki, doğmaların yerini heç kim verməz. Ələlxüsus onun uşaqlıq dostu Dürrənin…

…Onlar adaş idilər. Dürrə onun “anası”  Məşədi Xeyransanın xalası qızı idi. Tez-tez anası ilə birgə onlara baş çəkər, günlərlə qonaq qalardılar. Bu minvalla iki Dürrə çox mehribancasına dostluq edirdilər. Onları bir-birindən ayıranda hər ikisini saatlarla sakitləşdirmək mümkün olmurdu. Sonda belə qərara gəldilər ki, uşaqları bir-birindən ayırmasınlar. Söhbəti Məşədi Xeyransa arvad açdı:

–          Ay xalaqızı, onsuz da sənin ailən böyükdü, başqa oğlun-qızın var, Dürrəsə təkdi, qoy bu qız qalsın biznən. Nə qədər ömrüm var, ikisi də mənim göz bəbəyimdi. Amma işdir birdən ömrüm vəfa etməsə, onda siz mənim Dürrəmdən muğayat olarsınız. Belə eləsək həm də onlar heç vaxt bir-birlərindən ayrılmazlar.

Beləcə düz üç il iki adaş qız bir yerdə çox mehriban və şən böyüdülər. Günlərin birində isə Məşədi Xeyransa çox bərk xəstələndi. Qızlar bərk qorxmuşdular. Yaxşı ki, Solmaz müəllimə var imiş. Onu həkimə apardı. Sən demə, bu yaşlı qadının ömrünün sonuna az qalıbmış. Lakin Dürrənin həyatı onu öz səhhətindən də çox narahat edirdi. Qızının gələcəyini kimsəyə etibar etmək barədə düşünmək belə ona çox ağır idi. Amma getdikcə daralan zaman onu düşünməyə vadar edirdi: “Bəlkə xalam qızına tapşırım?! Yox, onun da külfəti böyükdü, kənd yeridi, uşaq təhsildən geri qalar, oxuya bilməz”. Beləcə çox götür-qoy elədi. Solmazla məsləhətləşmək istədi.

Solmaz şəhərdə uşaq evinin müdiri işləyirdi. Onun da övladı yox idi. Mehrini uşaqlara salmışdı. Elə orada da yaşıyırdı. Sanki uşaqlarla yatıb-durmaq ona övladsızlıq dərdini unutdururdu. Xeyli söhbətləşdilər. Xeyransa arvad danışdıqca Solmazı fikir çəkib aparırdı. O dərəcədə ki, elə bil heç yanındakı rəfiqəsini eşitmirdi. Qəfildən elə bil yuxudan ayıldı:

–         Dürrə mənlə qalacaq!

Məşədi Xeyransa diksindi:

–         Necə yəni sənlə qalacaq?! Sən ki, elə burda – uşaq evində yaşayırsan.

Solmaz müəllimə təkidlə fikrindən dönmədi:

–         Elə burda – mənim yanımda uşaq evində böyüyəcək. Sən heç fikir eləmə. Öz balam kimi hər nazını çəkəcəyəm.

Fikir, düşüncə içində yol gələn Məşədi Xeyransanın evə necə yetişdiyindən xəbəri olmamışdı. Yol boyu xeyli götür-qoy etdi, düşünüb-daşındı, axır ki, Solmazın təklifi ilə razılaşdı: “həm hökumətin himayəsində olar, həm də Solmazın qol-qanadının altında böyüyər”.

Qızların bu söhbətdən xəbərləri yox idi. Onlar gündəlik həyatlarını yaşayır, həyətdə qaçdı-tutdu oynayırdılar. Qızları bir-birindən ayırmaq ona çətin gəlirdi. Xalası qızını vəziyyətdən gərək hali eləsin ki, o gəlib öz qızını aparsın.

…Altı ay keçmişdi. Məşədi Xeyransa dünyasını dəyişdi. Ölməzdən əvvəl Solmazı yanına çağırdı. Qiymətli nəyi vardısa, hamısını rəfiqəsinə verib Dürrəni ona bərk-bərk tapşırdı:

–         Əgər mənim balama yaxşı baxmasan, yanıma üzüqara gələsən. İnan ki, onu səndən başqa heç kimə etibar etmirəm.

…Onları bir-birindən güclə ayırdılar. İki Dürrə bir-birinə elə sarılmışdılar ki… ayrılığın qaçılmaz olduğunu hiss etdiklərindən yəqin. Dürrənin birinin getməyə isti ev-eşiyi, ocağı, ailəsi, bacı-qardaşı vardı. O birini isə hələ heç kəsi tanımadığı bir yerə aparırdılar.  Doqquz yaşları vardı. Doqquz yaşlı qız uşağı üçün bunları dərk etmək çətin idi. Dərd adamı böyüdər deyirlər. Elə bil bu fikir-xəyal içində keçən bir neçə günün içində o, sanki bir neçə yaş böyümüşdü. Solmaz müəllimə onu tamamilə öz doğma övladı kimi qəbul edirdi. Özü ilə bir yerdə yatızdırır, özü ilə yedizdirirdi. Amma darıxmasın deyə uşaqlardan da ayırmaq istəmirdi. Həm də düşünürdü ki, qoy kollektivə öyrəşsin, qız  uşağıdır, birdən ailəli evə düşər, çətin olmasın ona.

Dürrə ana bildiyi “nənəsi” üçün çox xiffət çəkirdi. Bir neçə dəfə yuxuda görmüşdü və ağlaya-ağlaya yuxudan hövlnak qalxmışdı. Bunu görən Solmaz müəllimə də ona qoşulub ağlayırdı.

Qızcığaz hər gün pəncərənin önündə oturub yola tamaşa edirdi. Elə ümid edirdi ki, anası indicə bu yolla gəlib onu özü ilə aparacaq.  Səmaya diqqət edib uçan quşlardan, xüsusilə durna qatarlarından imdad diləyirdi. Vaxtilə anası ona dəstədən uzaq düşmüz bir durna balası haqqında nağıl danışmışdı. O, indi özünü həmin durnaya bənzədirdi. Xəyal edirdi ki, səma aydınlaşacaq, külək kəsiləcək, durna gəlib öz balasını tapacaqdı. Eynilə anası kimi. Amma o bunu çox gözlədi. Sonralar dərk etdi ki, ölüm heç nəyə bənzəməz, bu yolu gedən geri qayıtmaz…

Beləcə gün günü, ay ayı əvəz edirdi. Heç nəyin dəyişməyəcəyini dərk edən Dürrə yavaş-yavaş bu həyata alışırdı. Get-gedə yaşadığı uşaq evi də xoşuna gəlməyə başlamışdı. Çoxlu rəfiqələri, gözəl müəllimləri vardı. Bircə ciddi nigarançılıq ona rahatlıq vermirdi. Rəfiqəsi Dürrəni heç vəchlə yaddan çıxara bilmirdi. Özünə gözəl bir gəlincik düzəldib adını Dürrə qoymuşdu. Təkliyə çəkilib onunla danışır, kədərini, sevincini bir yerdə yaşayırdı.

Bir neçə il keçdi. Artıq o böyümüşdü. Bu il imtahan verəcəkdi. Solmaz xala onu söz verdiyi kimi, əsl doğma balası kimi saxlayırdı. Ən böyük arzusu onu oxudub müəllimə görmək idi. Dürrə də çox çalışırdı. Sanki ağır uşaqlıq illəri onu bərkitmişdi. İndi əvvəlki kimi darıxmır, hər şeyə görə küsüb saatlarla öz otağına çəkilib oturmurdu. Hətta daha adaşı Dürrə barədə də az fikirləşirdi.  Sonra bu küskünlük qınağa çevrilirdi. Fikirləşirdi ki, o indi ailəsi ilə birlikdə yaşayır, qardaşları ilə gününü keçirir, onlar heç olmasa bir dəfə də olsun mənimlə maraqlanmırlar, öldümmü-qaldımmı deyə bir dəfə də mənə görə narahat olmurlar. Amma bu küskünlük halı da cəmisi bir neçə dəqiqə çəkirdi, daim onu müşayiət edən kimsəsizlik, həsrət duyğusu onu Dürrədən çox da inciməyə qoymurdu.

Səkkizinci sinfi fərqlənmə ilə bitirdi. Lənkəran Pedaqoji Texnikumuna imtahansız qəbul olundu. Bu, onun özündən çox Solmaz müəlliməni sevindirirdi. Zəhmətinin bəhrəsini yavaş-yavaş hiss etməyə başlamışdı. Deməli, həm də rəfiqəsi Məşədi Xeyransaya verdiyi vədini yerinə yetirə bilmişdi. Ən əsası da təhsil.

Birinci kursun birinci yarımilliyi idi. Həyat öz axarı ilə davam edirdi. Dürrə məktəbdən evə sevinə-sevinə gəlirdi. Birdən qarşısına qarayanız, ucaboylu bir oğlan çıxdı. Oğlan salam verdi. Görkəmindən hiss olunurdu ki, oğlan da tələbədir. Əlində bir neçə kitab-dəftər də tutmuşdu. Dürrə tərəddüd içində geri çəkildi. Yad oğlanın salamını almaq istəmədi. O, belə vəziyyətlərlə bağlı Solmaz müəllimədən hərtərəfli dərs almışdı. Böyüklərə, kiçiklərə necə hörmət etmək, hər bir insana qarşı qayğıkeş olmaq və ən başlıcası özünü necə qorumaq… Hərtərəfli.

Oradan uzaqlaşmaq istədi. Qızlardan eşitmişdi ki, oğlanlar uşaq evlərində böyüyən qızlara köməksiz, kimsəsiz kimi yanaşırdılar. Onlarla vaxt keçirməyi özlərinə “qənimət” bilirdilər. Amma bu heç də belə deyildi. Solmaz müəllimə onun həm atası, həm də anası idi. Elə o özü qızı belə başa salmışdı: “Heç vaxt özünü tənha hiss etmə. Nə qədər ki, mənim canım sağdır, mən sənin arxandayam”.

Sonradan öyrəndi ki, bu oğlanın adı Tapdıqdı. O da Dürrəgilin texnikumunda yuxarı kursda oxuyur. Çox çalışqan və tərbiyəli oğlandır.

Tapdıq Dürrəni çox izləmişdi. Onun atdığı hər addıma, danışdığı hər kəlməyə uzaqdan da olsa nəzarət edirdi. Bir neçə dəfə ona yaxınlaşıb fikrini, hisslərini açmaq istəmişdi, amma bu mümkün olmamışdı. Dürrə qaçıb ondan uzaqlaşırdı. Əslində onun bu hərəkəti Tapdığın xoşuna gəlirdi.

İki il keçdi. Artıq Dürrə üçüncü kursda oxuyurdu. Tapdıq isə sonuncu kursda. Heç nəyə nail ola bilməyən Tapdıq qərara alır ki, Solmaz müəllimə ilə özü danışsın. Fikri qətiləşmişdi. Dürrədən əl çəkən deyildi.

Solmaz müəllimənin Tapdığın cəsarətindən xoşu gəldi. Fikirlərini çox dəqiq ifadə edirdi. Çox qərarlı görünürdü. Ailəsi ilə maraqlandı. Məlum oldu ki, qonşu rayonda çoxuşaqlı ailədə böyüyüb. Təhsilini başa vurub kəndlərindəki məktəbdə müəllim işləmək niyyətindəymiş. Amma Dürrənin təhsilini də düşünürdü. O, Dürrəni burada qoyub rayonlarına qayıda bilməzdi.

Bu, Solmaz müəllimənin Tapdığa olan inamını daha da artırmışdı. Bunu hələlik ondan gizlədirdi. Solmaz müəllimə bu barədə Dürrəyə heç nə deməmişdi. Amma o, qızdakı dəyişikliyi hiss edirdi. Dürrənin çöhrəsində sanki çiçək açmışdı. Gözlərindəki sevgi dolu baxışları görməmək mümkün deyildi. Elə tez-tez soruşurdu: “Görəsən həqiqi sevgi varmı, ya o ancaq kitablarda, kinolarda olur?!”.

Bazar günü idi.

Dürrəyə xəbər verdilər ki,  onu iki cavan oğlan soruşur. Tərəddüdlə pilləkənlərdən aşağı endi. Gələnlər Dürrə ilə çox səmimi salamlaşdılar. Eləcə hər gün görüşüb hal-əhval tutduqları adam sayaq. Amma Dürrə onları soyuq qarşıladı. Onun görüşünə gəlməklərinin səbəbi ilə maraqlandı. Oğlanlar Dürrənin qardaşları imiş. Onları öz evlərindən valideynləri göndərmişdi. İstəyirdilər qızı özləri ilə aparsınlar. Əlbəttə, əgər o özü buna razıdırsa…

Dürrə bu təklifin qarşısında gülümsədi:

–         Mənim indi evim var. Mənə o vaxt adam lazım idi. Körpə uşaq vaxtı tək qalanda. Amma sizdən bir xahişim var. Adaşım, rəfiqəm Dürrəyə məndən qucaq dolusu salam söyləyin. Onu da deyin ki, mən onu heç zaman unutmamışam.

Sonralar Dürrə onlarla heç vaxt rastlaşmadı.

…Solmaz müəllimə qərara qalmışdı ki, Dürrə ilə əməlli-başlı söhbət etsin. Düşünürdü ki, artıq o uşaq deyil. Bilirdi ki, Tapdıq onu həqiqətən sevir. Hiss olunurdu ki, elə Dürrə də ona biganə deyil.

Bir gün Tapdığın valideynləri uşaq evinə – Solmaz müəllimənin yanına elçi gəldilər. Dürrə sanki qanad açıb uçurdu. O, bu hissi birinci dəfə yaşayırdı.  Sevincinin həddi-hüdudu yox idi. Öz ailəsi, öz yuvası olacaqdı. Bu çox böyük xoşbəxtlik duyğusu idi. Etiraf eləməsə də Tapdığı da çox istəyirdi. Elçilik anlarında uşaq evinin həyətində indiyədək buralarda görünməyən qeyri-adi bir şənlik ovqatı yaşanırdı.

…Mağar qurulmuşdu. Dürrənin toyunda bütün uşaq evi iştirak edirdi. Dürrənin gözü qapıda qalmışdı. Bu gözlər onun adaşını axtarırdı. Amma nə adaşı, nə də onun doğmalarından kimsə onunla maraqlanmırdı. Bu isə qıza çox pis təsir edirdi.

Beləcə Dürrənin Cəlilabada gəlin köçürdülər. Tapdıqgilin kəndi dağların ətəyində çox səfalı və mənzərəli bir yerdə idi. Ailənin tərkibi çox böyük idi. On övlad, nənə, baba hamısı bir yerdə – çox da böyük olmayan bir evdə yaşayırdılar. Çox keçmədi ki, onlar ikisi də məktəbdə müəllim işləməyə başladılar.

Sonradan alışsa da, əvvəllər Dürrəyə çox çətin idi bu mühit. O, iki növbə işləyirdi. Üstəlik evdə təsərrüfat işlərinin çoxunu öz boynuna götürmüşdü. Təki evdə əlavə, yersiz söz-söhbət olmasın. İndi onun Tapdıqdan başqa heç kimi yox idi. Solmaz müəllimə də artıq dünyasını dəyişmişdi. O, Tapdığı özünə həm ata, həm ana, həm də sirdaş bilirdi. İlk uşaqları çox çətinliklə dünyaya gəldi. Doğuş zamanı Dürrə olum-ölüm arasında qalmışdı. Amma çox şükür ki, oğlu dünyaya sağ-salamat gəldi. Amma özü az qaldı ki, ömürlük şikəst olsun.

Beləcə illər bir-birini əvəz edirdi. Beş uşaq sahibi olmuşdular. Özlərinə ortabab güzəran qurmuşdular. Bir çox həmyerliləri kimi onların da uşaqları yavaş-yavaş Rusiya dövlətinə ayaq açmağa başladılar. İndi demək olar ki, orada məskunlaşıblar.

Dürrə ilə Tapdıq ikisi yaşayırdılar. Bu onları bir-birinə bir az da çox bağlayırdı. Amma Dürrəni yenə də doğmalarını tapmaq, adaşı Dürrəni görmək istəyi rahat buraxmırdı. Əsas da adaş-rəfiqəsini. Ürəyində gah küsür, gah da barışırdı onunla.  Düşünürdü ki, “yox, bu belə qala bilməz, birdən ömür vəfa etməz, mən nisgilli getməyim bu dünyadan”…

Bir gün qonşu kəndə tələbə yoldaşıgilə qonaq getmişdi. Artıq onlar oğul-uşaq, nəvə sahibi idilər. Ahıllaşmışdılar. Dürrə isə uşaq ikən ayrıldığı rəfiqəsindən yana-yana danışırdı. Bu istəyin, həsrətin nə demək olduğunu dərindən anlamayan tələbə yoldaşı ona gülüb zarafat edirdi:

–         Ay qız, o səni heç xatırlamır. İstəsəydi indiyə səni çoxdan tapardı.

Dürrə isə yenə də fikrində israr edirdi:

–         Yox, ürəyim xəbər verir ki, o da həmişə məni xatırlayır. Yox, mən onu mütləq tapacağam. Vəssalam…

Dürrə bundan sonra daha dərindən axtarışlara başladı. Axtardı, araşdırdı, nəhayət tapdı. Öyrəndi ki, rəfiqəsi qonşu rayonun ucqar bir kəndində yaşayır. Ünvanını, telefonunu tapmaq müşkül oldu. Düşünə-düşünə qaldı. Getsinmi, ya yox!..

Uzun çək-çevirdən sonra əvvəlcə telefonla əlaqələri yarandı. Amma yenə də Dürrənin barəsində ona heç nə demədilər. Qohumlardan dünyasını dəyişən də, həyatda yaşayanlar da vardı. O, Dürrənin taleyindən çox nigaran idi. “Təki ondan mənə bəd xəbər verməyəydilər”.

…Nəhayət, görüş anı… Dünəndən Tapdığın aldığı qoçu bəsləyirdi. O qədər nigaran idi ki, gecəni səhərə qədər gözünə yuxu getməmişdi.

Yola düşdülər. İndi hamı onun adaş-rəfiqəsi Dürrənin evinə toplaşacaqdı. Əlli illik həsrətə son qoyulacaqdı. Görən ürəkləri sakitləşəcəkdimi daha. Bu fikirlərin altında davam edən yol bitmək bilmirdi. Həyəcandan yolda şəkəri qalxmışdı. Tapdıq onu sakitləşdirməyə, başını qatıb zarafat etməyə çalışırdı.

…Sən demə, adaş-rəfiqənin də öz hekayəti varmış. Dürrədən ayrılandan sonra onun da həyatı elə də asan davam etməmişdi. Düzdür, o çoxlu bacı-qardaşlarının əhatəsində yaşamışdı. Amma dostu Dürrə kimi təhsil ala bilməmişdi. Adi kənd qızları kimi erkən həyat qurmuşdu. Oğul-uşağı vardı. Amma o da bir gün də belə rəfiqəsi Dürrəni, onunla keçirdiyi xoş dəqiqələrini unuda bilməmişdi. Hətta onu axtarışa da vermişdi. Lakin axtarışı bir fayda verməmişdi. Rəfiqəsindən heç bir xəbər çıxmamışdı. Sonra isə başına bir neçə faciə gəlmişdi ki, onların təsiri altında uzun müddət sadəcə ruh kimi gəzib-dolanmış, öz varlığını belə unutmuşdu. Əvvəlcə altı yaşında bir oğlu suda boğulub ölmüşdü. Sonra isə on dörd yaşlı daha bir oğlu dünyadan köçmüşdü. Övlad itkisi heç nə ilə əvəz olunmaz. Bu dərd Dürrəni tanınmaz hala salmışdı. Onun çöhrəsində cavanlıqdakı gözəllikdən əsər-əlamət qalmamışdı. Qalan dörd övladının qayğısını çəkməliydi. Bu dərdlər Dürrə ananın təkcə simasında deyil, ürəyində də qırışlar yaratmışdı. O əlini rəfiqəsinin tapılacağından tamamilə üzmüşdü. “Yəqin o məni çoxdan unudub” –deyə düşünürdü.

Birdən-birə bu xəbəri eşidəndə isə sanki yenidən 8-9 yaşlı həmin qız uşağına döndü. Gah kövrəldi, gah sevindi, gah da həyəcandan qonum-qonşuya muştuluğa qaçdı.

… Budur, bu gün onlar görüşəcəklər. Həsrətlər sərhədsiz deyilmiş sən demə.

Gözəl bir süfrə açmışdılar. Bacı-qardaş, qohum-qonşu hamısı onlara toplaşmışdı. Dürrənin adaşı Dürrəni səbirsizliklə gözləyirdilər.

Yolboyu Tapdığın fikri Dürrədə idi. O bilirdi ki, indi xatirələr ömür-gün yoldaşını öz ağuşuna alıb.  Eh Dürrə, Dürrə! Səni xoşbəxt etmək üçün mən bütün ömrümü belə verərdim. Bu kimsəsiz, yetim qıza sonsuz məhəbbətinə görə çox qınaq obyektinə çevrilmişdi Tapdıq… Amma onu Dürrədən Allahdan başqa heç kim ayıra bilməzdi.

Qonaqlar çatdılar. Buradakı görüş səhnəsini görmədən təsəvvür etmək çox çətindir. 9 yaşın xatirəsindən boylanan rəfiqələr özlərini elə o yaşda hiss edib, elə son dəfə ayrıldıqları tərzdə də bir-birinə sarıldılar. Bircə fərq var idi. İndi bir-birinə sarılanlar ahıl nənələr idilər…

Həsrətlə vüsalın sərhədləri çox yaxın imiş. Bu bir Tanrı sınağına bənzəyirdi. Məsafə və qəlb içrə o qədər yaxındaykən bu qədər həsrət nəyə gərəkmiş. Unutqanlıqmı?! Bu axı unutqanlıq da deyil. Bu bir tale yüküdü yəqin. Təkrarsız. Heç kimə arzu olunmayan…

İndi onlar əlli ilin həsrətlisi kimi deyil, dünən ayrılmış kimi şirin-şirin söhbət edirdilər.

30 iyun 2017-ci il.

Səadət Qüdrətqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir