itler

Kimindir hürr küçələr: bizim, ya itlərin?

Baxış sayı: 396

Bir neçə gün əvvəl “Qobu Park”da azyaşlı itlərin hücumuna məruz qalaraq çoxsaylı yara və zədə ilə xəstəxanaya çatdırılmışdı. Hadisə uşaqlar həyətdə oynayan zaman baş verib. 4-cü sinif şagirdi Əliyev Amar Azər oğlu 3 it tərəfindən hücuma məruz qalıb. Bədəninin demək olar, hər yerində dişlənmiş, dəlinmiş, əzilmiş yara izləri olan uşaq əməliyyat edilib, lakin vəziyyəti hələ də ağır olaraq qiymətləndirilir.

Ölkəmizdə sahibsiz itlərin hücumuna tək Amar məruz qalmayıb, təəssüf ki, biz bu hadisənin bənzərlərini daha əvvəl də yaşamışıq. Körpə uşağa, məktəbliyə, qadınlara, qocalara hücum edərək yaralayan, hətta ölümünə səbəb olan küçə heyvanları bundan əvvəl də gündəm olub. Sahibsiz itlərin küçələrdən yığılması məsələsi nə vaxt gündəm olsa, heyvansevərlərin etiraz səsi də bir o qədər çox yüksəlir.

 

Heyvan sığınacaqları işə yarayır?

Qeyd edək ki, 2019-cu ildə paytaxtın Balaxanı qəsəbəsində “Toplan” sahibsiz itlərə qayğı mərkəzi yaradılıb. Ərazisi 2500 kvadratmetrə yaxın olan mərkəz üç inzibati-təsərrüfat binasından ibarətdir. Burada itlərin saxlanılması üçün xüsusi yerlər – volyerlər, karantin-reabilitasiya qəfəsləri yaradılıb. Ərazi abadlaşdırılıb, işıqlandırma və havalandırma sistemləri qurulub. Qurumun əməkdaşları Bakı ərazisində sahibsiz itləri toplayaraq mərkəzə təhvil verirlər. Həmin heyvanlar peyvəndlənir, reproduktiv fəaliyyətlərinin dayandırılması məqsədilə müvafiq əməliyyat aparılır, yəni qısırlaşdırılır və hər bir it çiplə təmin olunur. Yardım göstərildikdən sonra itlər yenidən tutulduqları əraziyə buraxılırlar. Qayğı mərkəzinə müraciətlər üçün 1921 “Qaynar xətt” nömrəsi və 012-565-47-41 şəhər nömrəsi fəaliyyət göstərir.

Hazırda ölkəmiz küçələrdə yaşayan heyvanlarla bağlı iki yerə bölünüb. Bir tərəf sahibsiz küçə itlərinin dərhal küçələrdən toplanması və sığınacaqlara salınmasını tələb edir, digər tərəf isə qısırlaşdırılmasını və peyvənd edilməsini, yenidən küçələrə buraxılmasını. Heyvansevərlər küçə itlərinin toplanaraq sığınacaqlara göndərilməsinə qarşıdır. Onlar hesab edir ki, heyvan sığınacaqlarında heyvanlara yaxşı baxılmır. Hətta bir çox heyvansevər, sığınacaqların “ölüm düşərgələri” olduğunu və orada heyvanlara iynə vurularaq öldürüldüyünü iddia edir.

İddia edilir ki, sığınacaqdakı heyvanlar çox çətin şərtlər altında həyatda qalmaq üçün mübarizə aparır. Heyvanların aclıqdan bir-birini diri-diri yemələrini, saylarının artdığı üçün işgəncə ilə öldürülmələrini iddia edən heyvansevərlər bildirir ki, bu, həll yolu deyil, olmamalıdır. Maraqlıdır, hər gün bir uşağı parçalayan, ölümünə səbəb olan küçə itlərindən qurtulmağın təhlükəsiz həll yolu nədir?

 

Sterilizasiya çarədirmi?

Küçə heyvanları sterilizasiya olunmasa, yəni qısırlaşdırılmasa, cütləşmək dövrü gəldikdə aqressivləşirlər. Onlar sterilizasiya edildikdə daha itaətkar olurlar, aqressiyaları itir. Ev heyvanları saxlayan insanlar bunu asanlıqla müşahidə edə bilər. Üstəlik, erkək və dişi heyvanın mütəmadi cütləşməsi il ərzində sahibsiz küçə heyvanlarının çoxalmasına səbəb olur. Ona görə də bu istiqamətdə görüləcək ən birinci addım sahibsiz heyvanların sterilizasiya edilmələridir. Müntəzəm sterilizasiya zamanı statistik rəqəmlərə nəzər saldıqda bir neçə il ərzində küçələrdə yaşayan heyvanların sayının iki dəfə azalacağı, səkkiz il ərzində isə tamamilə yox olacağı görünür.

Lakin heyvanların toplaşaraq insanlara hücum etməsinin, onların sterilizasiya olub-olmaması ilə heç bir əlaqəsi olmadığı da iddia olunur. Ümumiyyətlə, sterilizasiya hazırkı vəziyyətdə çarə deyil. Qısırlaşdırılmayan heyvanların daha aqressiv olması faktı həmçinin, ac heyvanlara da aiddir. Ac küçə itləri qrup halında gəzirlər, özləri bir ərazi müəyyənləşdirir və həmin əraziyə daxil olan yad təhlükələrə (insanlar da daxil olmaqla) hücum edir, onları ərazilərini ələ keçirmək istəyən işğalçı kimi görürlər. Heyvanlar (xüsusilə itlər) instinktlə hərəkət edən canlılardır. Qısırlaşdırma uzun müddətdə onların sayını azaldacağı üçün yalnız nəsilartırmalarına nəzarət baxımından faydalı olacaq. Lakin, vəziyyətin nəzarət altına alınması üçün küçədəki bütün itlərin hamısını sterilizasiya edib, 15-20 il gözləmək lazımdır ki, sayları azalsın. Qobuda baş verən sonuncu hadisəyə nəzərən deyə bilərik ki, bizim o qədər vaxtımız yoxdur.

 

İtlər niyə uşaqları hədəf alıb?

Hazırkı vəziyyətdə küçələrdəki itlər real təhlükə mənbəyidir və insanlara qarşı hədə ehtiva edir. İstənilən inkişaf etmiş ölkədə heyvan həyatı insan həyatından qiymətli deyil. Belə ölkələrdə küçələrdə sahibsiz heyvanları görmək olmur. Çünki bu heyvanların yeri, onların soyuqdan donub öldüyü, maşın altında qaldığı, xəstəliyə yoluxub öldüyü, insanlara hücum etdiyi küçələr deyil.

Əslində, heyvan hücumlarının bir çoxunun uşaqlara qarşı baş verməsinin səbəbləri var. Uşaqlar bəzən heyvanlara qarşı amansız ola, onu daşla, dəyənəklə vura və qısnaya bilirlər. Xüsusilə, böyüklər tərəfindən heyvana mərhəmət hissi öyrədilməyən, küçə heyvanlarına zərər verməyin nələrə səbəb ola biləcəyi barədə məlumatlandırılmayan uşaqlar çoxdur. Heyvan müdafiəçiləri iddia edir ki, əgər uşağa sahibsiz heyvanlara sevgi ilə yanaşmaq öyrədilsə bu cür hallar baş verməz. Çünki fitrən heç bir heyvanda, insanlara qarşı nifrət və ya aqressiya yoxdur.

Heyvanlar, onlara göstərilən münasibətə uyğun reaksiya verir. Məsələn, daim küçədə zorakılıq görən və ya insanlar tərəfindən şiddətə məruz qalan bir itin, insanlara aqressiv reaksiya verməsi normaldır. Eləcə də, daim başı sığallanan, şəfqət görən itin insanlara qarşı yumşaq davrandığı iddia edilir. Lakin tarix və hadisələr, sahibini parçalayaraq yeyən itlərin olduğunu da göstərir. Heyvan müdafiəçiləri deyir ki, küçə itlərinə yaxınlaşmazdan əvvəl ona icazə verin sizi qoxulasın, ona sizi tanıması üçün imkan yaradın. Heyvanlar yemək yeyərkən onu narahat edə biləcək hərəkət olarsa aqressiv reaksiya verə, yaxınlaşan insana hücum edə bilərlər.

 

Onların evlərini əllərindən almışıq

İnsanlar şəhərləri insanlara görə dizayn edib. Biz küçələri, yolları, prospektləri özümüzə görə tikdik, onların təbii yaşayış yerlərini əllərindən aldıq. Təəssüf ki, küçədə yaşamaq uğrunda daim mübarizə gedir. Çünki onların təbii yaşayış yerlərini dağıdaraq tikdiyimiz binalar, ucaltdığımız göydələnlər onların həyatını çox çətinləşdirdi. Küçələrdə yaşayan heyvanlar günlərinin çoxunu qida axtarışında keçirirlər, qidanı da insanların sıx məskunlaşdığı ərazilərdən tapa bildikləri üçün sürü halında yaşayış yerlərimizə gəlirlər. Olanlar da bundan sonra olur.

Bu dünya bütün canlıların, eləcə də küçə heyvanlarının evidir. Uyğun həll yollarını tətbiq etməklə küçələrdəki sahibsiz heyvanlarla dinc yaşamamız mümkündür. Sadəcə, onların sterilizasiya olunması və qida ilə təmin olunması bu həll yollarından ən vacibidir. Küçə itlərinin sterilizasiya olmasına etiraz edən heyvansevərlər də var. Onlar bunu, onların hüquqlarının məhdudlaşdırıması kimi qiymətləndirirlər. Lakin unutmaq lazım deyil ki, küçələrdə sahibsiz itlər çox ağır şəraitdə yaşayırlar, insanlar üçün təhlükə yaradırlar və həddən artıq çoxalırlar ki, bu da insanlardan əlavə digər heyvanlara (məsələn, pişiklərə və digər kiçik itlərə) ziyan vurur. Nə küçələr onlar üçün təhlükəsizdir, nə də onlar küçədə olanda biz əmin-amandayıq.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir