menzil

Kirayə mənzil bazarında durğunluq nə ilə bağlıdır?

Baxış sayı: 587
Bakıda mart ayında kirayə mənzil bazarında qiymətlərdə ucuzlaşma qeydə alınıb.
Bu barədə “MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov Trend-ə açıqlamasında bildirib. Ekspert qeyd edib ki, mart ayında Bakıda kirayə mənzil qiymətləri 6.6 faiz ucuzlaşıb.
Ucuzlaşmanın səbəbi pandemiya ilə əlaqədar olaraq kirayə mənzillərə tələbatın azalmasıdır. Məlumdur ki, pandemiya ilə əlaqədar olaraq ali təhsil müəssisələrinin işləməməsi, xarici ölkələrdən turistlərin gəlməməsi nəticəsində kirayə mənzillərə tələbat xeyli azalıb. Torpaq bazarında isə əksinə, mart ayında Bakıda torpaq bazarında orta qiymət 20719 manat/sot olub. Qiymətlərdə 4,42 faiz bahalaşma qeydə alınıb.
Ekspert qeyd edib ki, qiymət bahalaşmasının səbəblərindən biri mövsümlə əlaqədar torpaq sahələrinə tələbatın artmasıdır.
Kirayə mənzil və torpaq bazarında qiymət dəyişmələri ilə bağlı iqtisadçının rəyini verməzdən öncə, maraq doğuran hadisəyə diqqət çəkəcəyik.
Bir müddət əvvəl İstanbulun təbii gözəllikləri ilə məşhur Şile bölgəsinin bələdiyyə başqanı yerli mediaya açıqlamasında “böyük köç” dalğası ilə üz-üzə qaldıqlarını demişdi. Bələdiyyə başqanı bildirmişdi ki, şəhər sakinləri evlərini yük maşınlarına, konteynerlərə yükləyərək Şilenin boş ərazilərinə köçür, qanunsuz məskunlaşma aparırlar.
Səbəb də koronavirus qorxusu, pandemiyadan qaçışdır. Yəni şəhərdəki sıxlıqda virusa yoluxma riskinin daha yüksək olduğunu anlayanlar təhlükədən yaxa qurtarmağa çalışır və çarəni boş ərazilərdə məskunlaşmaqda, təbiət qoynuna qaçmaqda görür. Bələdiyyə başqanı qanunsuz yerləşmələrin qarşısını alacaqlarını da demişdi, amma görünən budur ki, pandemiya vahiməsi insanları təbiət qoynuna, daha az təhlükəsiz hesab edilən fərdi evlərə istiqamətləndirir. Bakıda kirayə mənzil və torpaq bazarındakı qiymət fərqi də insanların həyət evlərinə, fərdi tikililərə daha çox üstünlük verməsi ilə bağlıdır.
Ev
İqtisadçı Fuad İbrahimov mənzil və torpaq bazarında qiymətlər arasındakı fərqin başlıca səbəbinin pandemiya olduğunu bildirdi:
– Bakıda kirayə mənzil bazarında heç vaxt indiki vəziyyət yaşanmayıb. Mövsümlə əlaqədar torpaq bazarında qiymət dəyişikliyi həmişə olurdu, lakin kirayə mənzil bazarında yox. Çünki bu məsələ mövcud amillərlə tənzimlənirdi. Deyək ki, payız-qış aylarında paytaxta təhsil almağa gələnlər, eyni zamanda xarici ölkələrdən gələn işçilər, tələbələr hesabına, yay aylarında isə turizm sektorunun hesabına. Belə deyim ki, paytaxtda kirayə mənzillərə hər zaman ehtiyac vardı və bu da kirayə mənzil bazarında qiymətləri dayanıqlı edirdi.
Fərq, bəlkə yay aylarında yaranardı, amma o da çox cüzi. Amma hazırda biz qiymətlərdə böyük fərqi görürük. Əlbəttə ki, başlıca səbəb pandemiyadır. Dərslər onlayn sistemə keçib. Pandemiya, yoluxma təhlükəsi nəzərə alınaraq kənd-şəhər yerdəyişmələri demək olar, aparılmır. Ölkələrə giriş-çıxış ötən ildən məhdudlaşıb, aviareyslər təxirə salınıb. Bu, bütün dünyada belədir. Ona görə də kirayə mənzil bazarında vəziyyət acınacaqlıdır. Təklif tələbi üstələyir. Qiymətlərdəki enmələr də bununla bağlıdır.
İqtisadçı, torpaq bazarındakı canlanmanın da əsas səbəbinin pandemiya olduğunu dedi:
– Mənim tanıdığım, ətrafımda olanlar, dostlarım arasında bağ evinə sahib olmaq niyyəti ilə torpaq almaq istəyənlər çoxdur. Alanlar da var. Bu saat elə adam var ki, şəhərdəki 2, ya 3 mənzilindən birini satır, əvəzində torpaq sahəsi, bağ evi alır. Hazırda insanlar üçün əsas məsələ rahat şəraitdə yaşamaq, pandemiyanı az itki ilə başa vurmaqdır.
Təbii olaraq insanlar düşünür ki, şəhərdə sıxlıqdır, yoluxma təhlükəsi böyükdür, hərəkət məhdudiyyəti də var, əvvəlki illərdə olduğu kimi, hara istəsələr gedə bilməyəcəklər, lap regionlarda da istirahət risklidir, ona görə də ən rahatı bağ evinə sahib olmaqdır. Yaxud da fərdi ev tikdirmək fikrinə düşürlər, istəyirlər öz həyətləri, bağçaları olsun. Torpaq bazarındakı qiymət artımı da bununla əlaqədardır. Çünki torpaq sahələrinə tələbat artıb. Amma sizə deyim ki, bu axının geri dönüşü də olacaq.
Post-pandemiya dövründə biz prosesin əksini müşahidə edəcəyik. Post-pandemiya dövründə bazara daha çox torpaq sahələri çıxarılacaq.  Pandemiya dövründə torpaq sahəsi əldə edənlər post-pandemiya dövründə onları satışa çıxaracaq.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir