menzil

Kirayədən gələn gəlir vergisi azaldılmalıdır: risklər çox, müqavilə isə…

Baxış sayı: 565

Karantin rejiminin yumşalması mənzil kirayəsinə o qədər də təsir etməyib. Bu, bazar üçün avqustun sonu – sentyabrın əvvəlinə düşən “qaynar” mövsüm bu il praktiki olaraq hiss olunmur. Bu gün belə yüksək tələbat yoxdur. Ümumiyyətlə, tələbələrin bölgələrə getməsi səbəbindən kirayə evlərə tələbat azalıb.

Daşınmaz əmlak bazarı üzrə eksperti Rəşad Əliyev bildirir ki, buna görə kirayəlik mənzillərin paytaxt bazarında yay üçün xarakterik olan tələbin azalması qeydə alınıb, lakin payız ərəfəsində olan ənənəvi canlanma yoxdur: “Fakt budur ki, karantin yumşaldılsa da, təhsil müəssisələrində əyani təhsil olacağı sual altındadır və buna görə də bu il paytaxt mənzillərində kirayəyə ənənəvi olaraq artan tələbatı müşahidə etmirik. Pandemiya zamanı bu sahə əvvəlki fəaliyyətini itirdi. Burada aşağı düşən tələbat istisna olmaqla heç bir şey baş vermir”.

Ekspertin sözlərinə görə, daşınmaz əmlak sahəsi çevik olmadığı üçün karantinin yumşaldılması mənzil kirayəsinə çox da təsir etməyib: “Bu, kirayə bazar seqmentindəki qiymətlər üçün də aktualdır. Məsələn, əlinizdə pomidor varsa, korlamamaq üçün ən qısa zamanda satmağa çalışırsınız. Daşınmaz əmlakda isə məsələ başqadır. Kifayət qədər təsirli bir tələb yoxdursa, sahibi daha yaxşı vaxtları gözləyəcək. Mənzilin kirayəsi təkcə kirayədən gələn gəlir deyil, həm də xərclər və risklərdir. Çünki kirayə müqaviləsi aləti əslində ölkəmizdə işləmir”.

Ekspertlə söhbətdən məlum oldu ki, kirayə müqavilələrinin çoxu şərti olaraq işləyir və bu, risklərlə doludur. Müqavilələrin tərtib edilməsi təcrübəsinin populyar olmaması təkcə vergi ilə deyil, həm də icarə tərəflərini çəkindirən sənədləşmə ilə bağlıdır.

“Bu məsələ, ilk növbədə, müqavilələrin icrasına nəzarət olunmamasından qaynaqlanır. Əlbəttə ki, verginin rolu var, çünki müqaviləyə daşınmaz əmlak sahibinin kirayədən əldə etdiyi gəlir daxildir və o, 14 faizə qədər vergi verməlidir. Əlavə olaraq, müqavilələrin icrası, əlbəttə ki, notariat kontorlarına baş çəkməkdən keçir. Ev sahiblərini ən çox qorxudan da budur. Müqavilələrin bağlanmasını stimullaşdırmaq üçün prosedurları sadələşdirmək, vergiləri iki -üç dəfə azaltmaq lazımdır”, – deyə R.Əliyev vurğulayır.

Kirayədən gələn gəlir vergisi azaldılmalıdır: risklər çox, müqavilə isə yoxdur

Sözügedən problemə toxunan  Milli Məclisin deputatı, ekspert Vüqar Bayramov qeyd etdi ki, praktiki olaraq Bakıda mənzil kirayəsi sahəsində vergitutma ilə bağlı çətinliklər var. Onun sözlərinə görə, burada problem təkcə vergidən yayınmaqda deyil, rəsmi icarə müqaviləsinin olmaması səbəbindən tərəflərin öhdəliklərinin dəqiq müəyyən edilməməsindədir: “Nəticədə mülkiyyətçilər kirayəçinin vurduğu ziyanı ödəyə bilməzlər. Bu baxımdan, kirayə verənlə kirayəçi arasındakı münasibətlərin liberallaşdırılması da daxil olmaqla rəsmiləşdirilmiş müqavilələr böyük əhəmiyyət kəsb edir”.

Bayramov qeyd etdi ki, kirayə üçün vergi dərəcələrinə yenidən baxmaq məsləhətdir: “Müqavilə bağlamaq məqsədi mütləq fiskal olmadığı üçün – əvvəlcə burada qanuniləşdirməyə nail olmalısınız. Buna görə də beynəlxalq təcrübəyə əsasən, kirayə vergisinin dərəcəsini aşağı salmaq, simvolik hala gətirmək lazımdır. Üstəlik prosedurun özü də mümkün qədər asan olmalıdır”.

Onun fikrincə, bu qərar başlanğıc üçün daşınmaz əmlak kirayəsi sahəsini qanuniləşdirməyə kömək edəcək. Digər tərəfdən, vergi azaldılsa, müqavilələrin sayı artacaq və bu da öz növbəsində büdcə gəlirlərinin artmasına səbəb olacaq.

 

Tanya Samsonova 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir