film

Kişi dəbinə möhür vuran filmlər

Baxış sayı: 798

Filmlərin də kitablar kimi baxış bucağımızı dəyişdirən, bizi əyləndirən özəllikləri var. Bəzi filmlər istər mövzusu, istər aktyorları, istərsə də müxtəlif səhnələri ilə izləndikdən uzun müddət sonra belə yadımızdan çıxmır. Unuda bilmədiyimiz detalların başında isə filmdə istifadə edilən geyimlər gəlir. Markaları yenidən populyarlaşdıran, dəb tendensiyalarını geri gətirən, hətta bəzən sıfırdan yaradan və əsas aktyorları nəsillər üçün əfsanə edən filmdəki geyim seçimləridir. “Son nəfəsdə” filmindəki zamansız fransız stili ilə Jan Pol Belmondo, “Tənha kişi”dəki Tom Ford qarderobu ilə Kolin Fört, “Çapıqlı üz”dəki kostyumlarını unuda bilmədiyimiz Al Paçino…

Bu məqalədə sizə geyim seçimləri ilə kişi dəbini zənginləşdirən filmləri təqdim edirik:

 

Son nəfəsdə” (À bout de soufflé”) – 1960

Rejissor Jan-Lyuk Qodarın ilk filmi olan “Son nəfəsdə” bir qəzet məqaləsinə əsaslanaraq yazılmış ssenarisi, sərbəst stili və sevimli aktyorları ilə adını unudulmaz filmlər siyahısına yazdırıb. Dövrünün ən güclü əsəri kimi xatırlanan bu filmin diqqətəlayiq xüsusiyyətlərindən biri, şübhəsiz ki, azca yana əyilmiş şlyapa, üzərinə tam oturmayan pencəyi ilə Belmondonun tərzi idi. Paltar seçimini tamamilə Belmondoya buraxan Godarın bu qərarının nə qədər düzgün olduğunu yarım əsr sonra belə özünə heyran qoyan stil detalları sübut edir.

 

“Tənha kişi” (“A Single Man”) – 2009

90-cı illərin haqqında ən çox danışılan modelyerlərindən biri rejissor kreslosuna otursa, nə olar?  2009-cu ildə işıq üzü görən ilk filmi “Tənha kişi” ilə sualımızı cavablandıran Tom Ford həm kinotənqidçiləri qane edə bildi, həm də “Tom Ford” kostyumları ilə tamaşaçıları valeh etdi. Beləcə, moda sahəsini Hollivudla məharətlə birləşdirən bu film kişi dəbinə sözün əsl mənasında möhür vurmağı bacardı.

 

“Döyüş klubu” (“Fight Club”) – 1999

Çak Palanikin romanının motivləri əsasında Devid Finçerin çəkdiyi bu triller həm bir an belə gözünüzü çəkmək istəməyəcəyiniz ssenarisi, həm də Tayler Durden rolu ilə bir daha özünə heyran qoyan Brad Pitin geyim tərzi ilə dünyanın ən yaxşı filmləri sırasında 10-cu yeri tutur.

Özünəməxsus üslubu, üsyankar və rahat hərəkətləri ilə xatırladığımız Durdenin naxışlı köynəyinin üzərinə geyindiyi qırmızı dəri pencək və ya kürkü kim unuda bilər?

 

“La La Land” – 2016

Bu filmdəki geyim tərzi komfort zonasından çıxmaq istəyən bəylərimiz üçündür. “La La Land” 2017-ci ildə “Oskar” mükafatlandırma mərasimini musiqisi, ssenari, baş rolları və rejissoru ilə ələ keçirməyi bacardığı kimi, geyimləri ilə də uzun müddət moda dünyasında gündəmdəki yerini qoruya bildi.

Qoslinqin final səhnəsində geyindiyi qəhvəyi rəngli kostyumu və sarı qalstuku kişiləri fərqli düşünməyə məcbur edir. Əgər siz də ciddi geyimdə belə diqqət mərkəzində olmaq istəyirsinizsə, bu filmdən ilhamlana bilərsiniz.

 

“Çapıqlı üz (“Scarface) – 1983

İlk baxışdan hər kəsi cəzb edən monoxrom afişa, Al Paçinonun unudulmaz Toni Montana rolu, dekorasiyalar, musiqi və iddialı səhnələri ilə “Çapıqlı üz” filmi bu siyahının olmazsa olmazlarındandır. İpək köynək modasını ən yaxşı əks etdirən bu film üçün Brayan De Palmaya təşəkkür edirik, tərzlərini fərqli köynəklər ilə tamamlayan kişilərə isə filmi izləməyi məsləhət görürük. Xoş seyrlər!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir