nikah muqavilesi

Kişilər niyə rəsmi nikah istəmirlər?

Baxış sayı: 997

Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı artıb. Ötən il Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən 21453 uşaq dünyaya gətirilib. Bu rəqəm 2018-ci ildə 20 716, 2017-ci ildə 22 796, 2016-cı ildə 26 288, 2015-ci ildə 24 038, 2014-cü ildə 25 486 olub.

Son 6 ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən ən çox uşaq 2016-cı ildə doğulub. Həmin il qeyri-rəsmi nikahdan dünyaya gələn uşaqların sayı bütün diri doğulanların 16,5 faizini təşkil edib.

2019-cu ildə nikahsız qadınlar tərəfindən doğulan uşaqların sayı ölkədə bütün diri doğulan uşaqların 15,2 faizini təşkil edib.

Qeyri-rəsmi nikahdan uşaqlar daha çox kənd yerlərində doğulub.

2013-cü ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların 10 892 nəfəri şəhər, 14 177 nəfəri kənd, 2014-cü ildə 9772 nəfəri şəhər, 15 714 nəfəri kənd, 2015-ci ildə 9411 nəfəri şəhər, 14 627 nəfəri kənd, 2016-cı ildə 9592 nəfəri şəhər, 16 696 nəfəri kənd, 2017-ci ildə 8167 nəfəri şəhər, 14 629 nəfəri kənd yerlərinin payına düşüb.

2018-ci ildə isə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən şəhər yerlərində 7509, kənd yerlərində 13 207 uşaq, 2019-cu ildə isə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən şəhər yerlərində 7790, kənd yerlərində 13 663 uşaq dünyaya gətirilib.

Mütəxəssislərə görə, kənd yerlərində vətəndaşlar çox vaxt rəsmi nikaha girməyə maraqlı olmurlar. Qızların erkən evləndirilməsi, kişilərin rəsmi nikah məsuliyyətindən qaçması, qeyri-rəsmi nikahların artmasına səbəb olur.

27 yaşlı Sevinc Qulamovanın sözlərinə görə, həyat yoldaşı ilə 7 ildir bir yerdə yaşamasına baxmayaraq, rəsmi nikaha bu il daxil olublar:

Qızımı məktəbə qoymaq istəyirdik. Onun sənədlərini düzəltmək üçün nikaha girdik. Uşağa yoldaşım atalıq verdi. Ailə həyatı quranda məni rəsmi nikah maraqlandırmamışdı. Mən Vüqardan ayrılacağımı düşünmədiyim üçün rəsmi nikah və ya ev-pul haqqında düşünmədim. İndi rəsmi evliyik. Dəyişən heç nə yoxdur”.

Validə Osmanova isə dini nikahla evli olub, ayrıldığını deyir. Əslən Şamaxı rayonundan olan qadının sözlərinə görə, həmkəndlisi ilə ailə həyatı qurubmuş:

“Ailə həyatı quranda 16 yaşım var idi. Toy-nişanla ailə həyatı qurmuşdum. İki övladımız olandan sonra yoldaşım Rusiyaya getdi və gəlmədi. Bu yaxınlarda da xəbər göndərib ki, bir daha qayıtmayacaq, orada ailə həyatı qurub. Mən də uşaqlarımı götürüb Bakıya gəldim. Uşaqlarımın sənədində ata kimi qardaşımın adı yazılıb”.

Müsahibimiz bildirir ki, hazırda keçmiş həyat yoldaşı ona heç bir yardım etmir, qadın kafelərin birində qabyuyan-ofisiant kimi çalışaraq övladlarını saxlayır.

Səbinə Sərdarova isə rəsmi nikahı əsas hesab edir. O, bildirir ki, 14 ildir evli olmasına baxmayaraq, dini nikahı yoxdur.

Rəsmiyyə Quliyevanın sözlərinə görə isə toylarından iki ay öncə dini nikahları, toydan iki ay sonra isə rəsmi nikahları olub:

“Rəsmi nikahın gecikməsi mənim sənədlərimdə olan problemlə bağlı idi. İndiki kişilərə etibar yoxdur. Ailə qurarkən rəsmi nikah vacibdir ki, sabah münasibətlər alınmasa, qadın ortada qalmasın”.

EHMED MANSUROV

Sosioloq Əhməd Mansurovun sözlərinə görə, daha çox kişilər məsuliyyətdən boyun qaçırır, rəsmi nikaha girmək istəmir, müxtəlif bəhanələrlə bundan yayınırlar:

“Bəzən kişilər elə bilir ki, qadınla nikaha girmək bütün mal varlığını bölmək deməkdir. Kişilər əmin olmadan ailə həyatı qurduqları üçün rəsmi nikaha girmirlər. Çünki son zamanlar boşanma halları həddən artıq artıb. Boşanma zamanı yaşanılan problemləri hamı görür. Bu da kişilərdə rəsmi nikaha qarşı qorxu hissi yaradır. Kişilər həyat yoldaşını tanımaq üçün vaxt istəyir. Bilirsiniz, qınaqlı cəmiyyətdə yaşayırıq. Yəni, gənclərin evlənmədən görüşməsi birmənalı qarşılanmadığı üçün kişilər də dini nikahla evlənir və rəsmi nikaha girmək üçün zaman gözləyir. Təbii ki, kişilər ancaq əmin olduqdan sonra rəsmi nikaha daxil olmağa qərar verirlər”.

Müsahibimiz hesab edir ki, kişilərin rəsmi nikaha girməməsi qadını çarəsiz vəziyyətə salır. Çünki rəsmi nikahı olmayan kişi çox zaman özünü məsuliyyətsiz hiss edir, ailəsinə baxmır, bu da çox zaman ayrılıqla nəticələnir:

“Ayrılan qadının heç bir hüququ olmur. Ona yaşadığı evdən heç bir pay düşmür. Əgər uşaq varsa, ancaq məhkəməyə verib, atalıq təyin edildikdən sonra uşaq üçün aliment ala bilir”.

Müsahibimiz düşünür ki, nə qədər acınacaqlı olsa da, qadınlar da rəsmi nikah olmadan dini nikahla bir yerdə yaşamağa üstünlük verirlər. Bu da sonradan yaxşı nəticələnmir: “Qadın ona təkcə dini nikah təklif edən kişi ilə evlənməyə razılaşmamalıdır. Çox zaman kişilər uşaq dünyaya gəldikdən sonra uşağa öz atalığını verməkdən də boyun qaçırır. Bəzən kişi evlənəndən bir neçə ay sonra rəsmi nikah girəcəklərinə söz verir və qadın da buna inanır. Sonra nə qədər rəsmi nikah istəsə də, kişi nikaha girmir. Dini nikahın heç bir hüquqi statusu yoxdur. İstənilən zaman qadın çöldə qala bilər. Buna görə də qadınlar diqqətli olmalıdır”.

Sosioloq bildirir ki, kişilərin rəsmi nikahdan çəkinməsinin digər səbəbi valideyn təzyiqidir:

“Çox zaman valideynlər övladlarının şəxsi həyatına qarışır, onu rəsmi nikahdan uzaqlaşdırmağa çalışırlar. Təbii ki, valideynin sözünü dinləmək lazımdır, amma hər kəs öz həyatını da qurmağı bacarmalıdır. Kişilərin rəsmi nikaha girməməsinin digər səbəbi maddi vəziyyətin aşağı olması, azadlıq istəyidir”.

Rafiq Allahverdiyev » "LOQOS" Psixoloji və Nitq İnkişaf Mərkəzi

Psixoloq Rafiq Allahverdiyevin sözlərinə görə, kişilərin rəsmi nikaha girməməsi özünə və partnyoruna inamsızlığından irəli gəlir. Özünə, hisslərinə, partnyoruna və onun hisslərinə inanmayan kişi evliliyə də ciddi yanaşmır: “Bu əsasən uşaq yaşlarında ailədə problemlər yaşamış şəxslərdə özünü biruzə verir. Valideynləri boşanmış, tək valideynlə yaşayan, sosial sıxıntıları olan ailədə böyüyən oğlan uşaqlarında özünü göstərir. Onlara elə gəlir ki, ailə müvəqqətidir, ayrılacaq, sıxıntıları olacaq, övladını görə bilməyəcək və s. Bu kimi hisslər kişiləri ailə həyatı qurarkən rəsmi nikaha girməkdən çəkindirir”.

Müsahibimiz hesab edir ki, qadınlar çox zaman sevdikləri üçün, yaşları nikaha çatmadığı üçün və s. bu kimi digər səbəblərdən rəsmi nikaha girmirlər. Sonradan isə bunun ağır fəsadlarını yaşayırlar: “Ailə qurarkən düzgün qərar vermək lazımdır ki, sonradan fəsadları yaşanmasın. Rəsmi nikah ailənin möhkəm olması üçün mütləqdir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir