GEYIM

Klassik qara şalvarı düzgün uyğunlaşdırmağın qaydaları – QADINLARIN MENYUSUNA

Baxış sayı: 3. 078

Qara şalvar qarderobun universal predmetidir, onu nə ilə istəsəniz, uyğunlaşdırmaq olar. Trendlər də onlara çox az təsir göstərir. İdeal qara şalvarı istənilən mövsümdə geyinmək olar. Lakin klassik qara şalvarın da öz qaydaları var.

Bu yazısında klassik qara şalvarı düzgün uyğunlaşdırmağın qaydalarını öyrənəcəksiniz.

Qara şalvar istər gündəlik həyatda, istərsə də, gecə tədbirlərində ideal görünür. Ənənəvi klassik modellər bu mövsüm xeyli dəyişikliklərə məruz qalıb. Məsələn, son illərdə dizaynerlər qara şalvarları bir neçə müasir variantda təqdim edir: dar, enli, bananvari və ənənəvi klassik formada. Bu dəyişiklik materialların seçimində də özünü göstərir. Belə ki, dizaynerlər nazik, plastik materiallara üstünlük verirlər. Bu da qara klassik şalvara nəciblik və zəriflik qatır.

Əgər siz dikdaban ayaqqabı geyinmək istəyirsinizsə, onda klassik, düz şalvar seçin. Bu halda şalvarın balağı dabanın ortalarına qədər olmalıdır. Kişi şalvarları təkcə ofis stili üçün deyil, həmçinin, gündəlik həyatda istənilən xanıma rahat hərəkət etməyə imkan verəcək və onu valehedici göstərəcək. Bu cür şalvarların səliqəli görünməsi üçün ütülü olması vacib şərtdir. Ümumiyyətlə, qara şalvarda ütü xəttinin olması məcburi atributlardan biridir. Bu zaman qadın ayağı qamətli görünür, həm də bu kostyumun ciddiliyinə də xələl gəlmir. Ütü xətləri kifayət qədər rəsmi görünür və obrazı daha səliqəli edir.

Banan-şalvar modeli isə obraza bohem havası verir. Lakin ilk təəssürata aldanıb ondan qaçmayın. Çünki azad fason beli yoğun göstərmir, əksinə, onu vurğulayır. Baxmayaraq ki, bananvari şalvar modeli kifayət qədər boşdur, o ideal bədən quruluşunu korlamır.

Siqaret şalvar modelləri qızları vizual olaraq bir qədər hündür göstərir, bədən quruluşunun gözəlliyini vurğulayır.

Bədən quruluşunun çatışmazlıqlarını gizlətməyə imkan verən hündürbelli modellər də trenddir. Hündürbel qara klassik şalvarlar həm dikdaban ayaqqabı, həm baletkalar, həm də çəkmələrlə yaxşı dost olacaq. Bu modeldə yanlardan kiçik yarıqların olması təqdirəlayiq hesab olunur.

Beli aşağıda olan şalvarlar dəbdən düşsə də, qarderobdan tamamilə yox olmayıb. Bu şalvarlar da öz növbəsində bədən quruluşunu zərif göstərir. Lakin üst geyimin uzun olması vacibdir.

Bu mövsüm müəyyən qüsurları gizlətmək istəyən kök xanımlar da nəzərdən qaçmayıb. Dizaynerlər bu xanımlara enlibalaq və boş modellər təklif ediblər. Bu cür fason qadın gözəlliyini və onun siluetini maksimum dərəcədə nümayiş etdirmək məqsədi daşıyır. Nazik dəri kəmər isə bu effekti daha da gücləndirir.

Əlbəttə, ideal-dəbli siluetin yaradılması üçün şalvarın uzunluğu da mühüm rol oynayır. Ənənəvi uzunluq dabanın ortalarına qədər olmalıdır. Bu dəb tendensiyası deyil, dəqiq desək, klassik qaydalar silsiləsindəndir. Bir qədər avanqard modellər radikal uzunluğa malikdir. Bu cür şalvarlar əlverişli və rahat olmaya bilər, amma çox effektli qərar ola bilər.

 

Nə ilə geyinməli?

Romantik tərzdə bluzalar və incə sviterlərlə qara şalvarlar ayrılmaz tandem təşkil edir. Ciddilik və incəliyi tarazlamaq üçün onlar ideal cütlükdür. Köynəklər istənilən rəngdə ola bilər. Şübhəsiz, ağ və mavidən yaxşı seçim ola bilməz. Onu da yadda saxlayın ki, qara hər rənglə ahəng təşkil etsə də, hamısı ilə eyni dərəcədə təsirli görünmür. Məsələn, qara ilə qəhvəyini birləşdirsəniz, həddindən atıq boğuq görünəcəksiniz. Onu açıq qəhvəyi və ya karamel rənglə əvəz etməyiniz yaxşı olardı. Bozun bütün 50 çaları qara ilə mükəmməl yaraşacaq. Həmçinin, həddindən artıq əlvan yaşılı qara rənglə birləşdirmək məsləhət deyil.

Əgər siz başdan ayağa qara geyinmək niyyətindəsinizsə, o halda, köynəklə şalvarın materialının və fakturasının fərqli olmasına diqqət yetirin. Belə obraz darıxdırıcı olmayacaq.

Qara şalvarla sadə qısa köynəklər də əla variantdır. Bu obrazı zərif stiletto və qırmızı dodaq boyası ilə tamamlayaraq axşam görüşlərinə də gedə bilərsiniz. Əgər qara şalvar sizə çox darıxdırıcı görünürsə, onu zamşa və ya süni dəri modeli ilə əvəz etməyə çalışın.

Qara şalvar geyindikdə ayaqqabı seçimində diqqətli davranmalısınız. Belə ki, müasir modapərəstlər onu idman ayaqqabıları ilə geyinsələr də, dəb təndiqçiləri qara klassik şalvarların dikdabanlardan başqa heç nə ilə yaxşı görünmədiyini iddia edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir