kohne yeni il

“Köhnə yeni il bayramı” haqqında bilmədiklərimiz

Baxış sayı: 8. 044

Bu sabah qonşunun rusdilli qızı “köhnə yeni iliniz mübarək” deməsəydi, bu tarixi az qala unutmuşdum. Uşaqlığı sovet dönəmində keçmiş birisi olaraq, bu bayramın necə keçirildiyini çox yaxşı xatırlayıram. İkinci yeni il bayramı kimi… Hər il yanvarın 13-də insanlar 13 gün əvvəlki kimi süfrələr açır, şadyanalıq edir, yeni təqvimi bir daha, yenidən qutlayırdılar.

 

Amma nə onda, nə də indi çox adam sözügedən bayramın yaranma forması barədə elementar bilgilərə malik deyildi. Axı niyə adi bir təqvim dəyişməsi bir ayda iki dəfə qutlansın? Yeni ilin gəlişini niyə bir dəfə qutlamaqla kifayətlənməyək ki?

 

Tarixçilərin yazdıqlarına inansaq, köhnə yeni ili qeyd etmək ənənəsi ta qədimdən, hələ Yulian təqviminin vaxtında yaranıb. Rusiyada əvvəllər tətbiq olunan Yuli təqvimi ilə Yeni il yanvarın 14-də başlayır. Kilsə müasir Qriqorian təqviminə keçməzdən əvvəl bu gun bayram kimi qeyd olunurdu.

 

1700-cü ildə Birinci Pyotor həmin təqvimi ləğv edərək Yeni ilin bütün dünyada olduğu kimi yanvarın 1-də qeyd olunmasına qərar verib. Qərarda qeyd olunub ki, ölkədə Yeni ilin müxtəlif tarixlərdə qeyd olunması xalqın çaşdırılmasına xidmət edir. Buna görə də hamılıqla birlikdə bayram yanvarın 1-də qeyd olunmalıdır. I Pyotor xoş başlanğıc olaraq xalqı təbrik edib, hamıya işlərində uğurlar, ailədə xoşbəxtlik arzulayıb: “Yeni ilin gəlişi münasibətilə şam ağaclarını bəzəyin, uşaqların əylənməsi üçün onları xizək sürməyə aparın. Böyüklər isə sərxoş məclislərində və dava-dalaşlarda iştirak etməsin – bunun üçün digər günlər də yetərlidir”.

 

Yanvarın 13-ü köhnə Yeni il kimi Sovet İttifaqı qurulduqdan sonra ənənələrin saxlanması məqsədilə qeyd olunmağa başlayıb. Bu da provaslav kilsəsinin bütün günləri Yuli təqvimi ilə qeyd etməsi ilə bağlıdır. Provaslavlarda müasir Yeni il isə Milad bayramı kimi qeyd olunur.

 

Amma nəzərə almaq lazımdır ki, bu bayram təkcə Rusiyada, eləcə də postsovet ölkələrində keçirilmir. Katoliklər yeni ili e.ə 45-ci ildə roma imperatoru Yuli Sezarın tərtib etdiyi təqvim əsasında indiyə qədər yanvarın 1-i qeyd edir. Rusiya ilə yanaşı köhnə yeni il Azərbaycan,Gürcüstan, Moldova, Ukrayna, Belarus, Serbiyada, Çernoqoriya və İsveçrədə keçirilir.

 

Yeni ili yanvarın 13-ü qarşılamaq ənənəsi Serbiya və Çernoqoriyada hələ də saxlanılıb. Çünki bu ölkələrdə Rusiyada olduğu kimi kilsə günləri Yuli təqvimi ilə qeyd edilir.

Serbiyada bayram Serbiyanın Yeni ili adlandırılır.

 

Makedoniyada, İsveçrənin bir sıra almandilli bölgələrində də bu təqvim qeyd olunur. Yaponiyada isə “rissyun” adlanan köhnə Yeni il baharın gəlişidir.

 

Azərbaycanda köhnə Yeni ili ölkəmizdə yaşayan ruslar qeyd edirlər.

 

Dünyanın bəzi ölkələrində bu bayramla bağlı özəl münasibətin səbəbləri də var. Bunlardan biri də dekabrın 31-dən fərqli olaraq, 13 yanvarın daha sakit, qarışıqlıqdan uzaq keçirilməsidir. Rusiyada keçirilən sorğu zamanı məlum olub ki, əhalinin 60 faizi bu bayramı keçirməkdə maraqlıdır. Onların arasında tələbələr, ev qadınları, 40 yaşdan kiçik şəxslər üstünlük təşkil edir.

 

Maraqlıdır ki, qədim ənənələrdən biri də 13 yanvarda, gecə saat 2-də südlü sıyıq bişirilməsidir. Həmin vaxt evin yaşca böyük xanımı anbardan düyü, evin yaşlı kişisi isə bulaqdan su gətirir.

 

Soba qızmamış heç kim ona əl vurmazdı. Daha sonra hamı masa arxasında oturur, qadın sıyığı bişirməyə başlayırmış… Sıyıq dadlı və qaydasında alınanda yeni ili uğurlu və bərəkətli hesab etmək olarmış. Qazanından daşmış, normasında alınmamış südlü sıyıq isə ailə üçün bərəkətsiz, uğursuz il hesab olunurdu.

 

 

Sevinc TELMANQIZI




1 şərh ““Köhnə yeni il bayramı” haqqında bilmədiklərimiz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir