Hicran Huseynova

Komitə sədri: “Ata qızını ailə qurmağa məcbur edirsə, o, cinayət məsuliyyəti daşıyır”

Baxış sayı: 1. 305

Dünən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) “Uşaq hüquqları: bərabər hüquq və imkanlarımız” mövzusunda tədbir keçirib. Tədbir BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyanın qəbul edilməsinin ildönümü münasibətilə təşkil edilib.

Komitə sədri Hicran Hüseynova bildirib ki, uşaqların sağlam və xoşbəxt böyüməsi bir dövlətin deyil, bütövlükdə bəşəriyyətin qarşısında dayanan mühüm məsələdir. Beynəlxalq təşkilatlar tərəfindən ötən əsrin 50-ci illərindən başlayaraq onların hüquqlarının müdafiəsinə və problemlərinə xüsusi diqqət ayrılıb. Çünki uşaq ailənin davamçısı olduğu kimi, dövlətin də gələcəyidir. Hüseynova bildirib ki, Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra qoşulduğu ilk mühüm sənədlərdən biri BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası və bu sənədin 2 əlavə fakültativ protokolları olub. “Azərbaycan BMT-nin müvafiq komitəsinə 3 dövri hesabat təqdim edib. Çox sevindirici haldır ki, Azərbaycan hökuməti tərəfindən görülən işlər ildən-ilə müsbət qiymətləndirilir. Hazırda növbəti hesabata hazırlıq işləri aparılır”.

Hüseynovanın dediyinə görə, uşaq problemləri sahəsində məsələlərin həllinə ictimaiyyətin, o cümlədən qeyri-hökumət təşkilatlarının, özəl sektorun nümayəndələrinin, habelə beynəlxalq təşkilatların cəlb edilməsi əsas vəzifələrdəndir.

H.Hüseynova bildirib ki, rəhbərlik etdiyi komitənin, BMT-nin Uşaq Fondunun dəstəyi ilə keçirilən Uşaq Forumları, məişət zorakılığının, erkən nikahların və təhsildən yayınma hallarının qarşısının alınması və digər layihələr milli qanunvericiliyin güclənməsində və maarifləndirici işlərin reallaşmasında əhəmiyyətə malikdir: “Erkən yaşda ailələrin qurulması, uşaqların təhsildən yayınması, əməyə cəlb olunması, onlara qarşı zorakılıq edilməsi uşaq hüquqlarının pozulması hallarıdır. Azərbaycanda uşaq məsələlərinə dövlət tərəfindən həmişə diqqət yetirilir”.

Hazırda ölkədə iki milyon altı yüz minə yaxın uşağın olduğunu deyən H.Hüseynovanın sözlərinə görə, bu uşaqların sağlamlığının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təhsil alması, sağlam ailə mühitində yaşaması üçün mühüm sosial layihələr həyata keçirilir. “Eyni zamanda, məktəbəqədər yaşlı uşaqların intellektual, fiziki və psixoloji inkişafı, onların yaradıcılıq mühitində böyüməsi və idmanla məşğul olması üçün zəruri şəraitin yaradılması vacib məsələlərdəndir. Xüsusi qayğıya ehtiyacı olan uşaqlara, habelə aztəminatlı, çoxuşaqlı, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlara dövlət qayğısının göstərilməsi də önəm daşıyır”.

Onun sözlərinə görə, ötən dövr ərzində uşaq hüquqları sahəsində qanunvericilik bazası daha da təkmilləşdirilib. Bununla belə, o bu sahədə güclü qanunvericilik bazasının yaradılmasını vacib sayır.

Komitə sədri əlavə edib ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərini əsas götürərək, uşaq hüquqlarının müdafiəsi sahəsində gələcək hədəf istiqamətlər üzrə mühüm sənədlər hazırlanır: “Artıq Uşaq Strategiyası yekunlaşdırılib, adiyyatı qurumlara göndərilib. Uşaq Məcəlləsi ilə bağlı müəyyən iş aparılır”.

H.Hüseynova hazırda ölkədə valideyn-uşaq münasibətlərində bəzi problemlərin olduğunu da vurğulayıb. Dediyinə görə, bəzən bu münasibətlər düzgün qurulmur və onlar bir-birlərini başa düşmürlər: “Valideyn məsuliyyətinin artırılması ilə bağlı qanunvericilikdə də dəyişikliklər olub. Bu gün ata qızını ailə qurmağa məcbur edirsə, o, cinayət məsuliyyəti daşıyır. Bəzən valideynlər övladını istədiyi ailəyə verə biləcəyini düşünürlər. Bu, tamamilə yanlışdır. Hər bir övlad gələcəyimizdir və onlar cəmiyyətin bir üzvüdür. Bu gün bəzi övladların valideynləri tərəfindən məcburi, erkən yaşda ailə qurmağa sövq edilməsi gələcəkdə xəstə uşaqların doğulması, sonradan ailələrin dağılması və digər mənfi hallarla nəticələnir”.

Azərbaycanda 330 min 80 nəfər qaçqın və məcburi köçkün uşaqların olduğunu deyən komitə sədri bildirib ki, bu uşaqlar normal şəraitdən, uşaq mühitindən kənarda böyüyür. “Belə uşaqların lazımi təhsil alması, cəmiyyətdə uğurlu mövqe tutması üçün mühüm işlər görülsə də, onlar uşaq vaxtlarında güclü stress keçiriblər”.

Onun sözlərinə görə, Azərbaycanda müharibə dövründə əsir və itkin düşmüş və girov götürülmüş 3024 nəfərdən 60-ı uşaqdır: “Onlardan 20-si qız, 40-ı oğlandır. Uzun illərdir, həmin uşaqlar haqqında heç bir məlumat ala bilmirik”.

H.Hüseynova Azərbaycanda qeydə alınan boşanmaların səbəblərindən də danışıb. Bunun bir çox səbəbinin olduğunu deyən Hüseynovaya görə, ən vacib problem qızların ailə qurmağa fiziki, psixoloji cəhətdən hazır olmamasıdır ki, bunun da nəticəsində müəyyən problemlər yaranır. Dediyinə görə, son dövrlər bölgələrdə qadınların sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində tədbirlər görülür: “Müşahidələr göstərir ki, qadının iqtisadi baxımdan müstəqil və güclü olduğu ailələrdə normal mühit yaranır. Həmin qadın maddi cəhətdən ailəsinə kömək edə bilir. Belə ailələrdə sağlam düşüncəli uşaqlar böyüyürlər. Təhsilli qadın hər zaman çalışacaq ki, uşaqları təhsil alsın, irəli getsin. Təəssüf ki, bu gün cəmiyyətimizdə problemli ailələr də var, məqsədimiz onlarla işləməkdir”.
BMT Uşaq Fondunun rəhbəri Edvard Karvardin isə bildirib ki, son illər Azərbaycanda uşaq hüquqlarının qorunması istiqamətində əhəmiyyətli irəliləyişlər əldə olunub. Onun sözlərinə görə, bu sahədə əldə olunan müsbət nəticələr ölkədə uşaq hüquqlarına yüksək diqqət yetirildiyini göstərir: “Uşaqların təhsilli, sağlam gələcəyi üçün hər bir kəs öz səyini göstərməlidir. Əgər bu gün qız uşaqlarının təhsil almasına daha çox diqqət yetirsək, gələcəkdə həm onların özləri, həm də övladları daha sağlam olacaq. Əgər bu gün uşaqları təhsillə təmin edə biləriksə, gələcəkdə onların işlə təmin olunması, cəmiyyətdə uğurlu mövqe tutması mümkün olacaq”.

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəisi, polis polkovniki Adıgözəl Adıgözəlov deyib ki, uşaqları pis vərdişlərə yönəltmək çox asan olduğundan maarifləndirmə işinin aparılması vacibdir. Uşaqların müdafiəsi ilə yalnız ayrı-ayrı dövlət qurumları məşğul olmalı deyil. Bu sahə ilə məşğul olan QHT-lər də dövlət qurumları ilə həmin istiqamət üzrə əməkdaşlıq etməlidirlər.

Ölkədə qadınlara qarşı zorakılıqla bağlı aparılan təhlillərə istinad edən Adıgözəlov bildirib ki, bu hallar 90 faiz savadsızlıq nəticəsində baş verir. DİN rəsmisi bildirib ki, məişət zorakılığının qurbanına çevrilmiş qadınların əksəriyyəti savadsız olur. “Bu hal erkən nikahlarda da müşahidə olunur. Ali təhsilli qızlar işlə təmin olunur və yüksək maaş alırlar. Ancaq savadsız qadınlar heç bir işə cəlb olunmadığı, öz övladını saxlaya bilmədiyinə görə zorakılığa məruz qalırlar”.

Tədbirdə uşaqlar arasında elan edilmiş müsabiqəyə uyğun olaraq uşaq hüquqları ilə bağlı məsələləri, onların fikirlərini özündə birləşdirən ən uğurlu təqdimat nümayiş olunub.

İradə CƏLİL




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir