usaq

Koronavirusun uşaqlar üzərində mənfi təsirini necə azaltmalı?

Baxış sayı: 397

Çində ortaya çıxan və qısa zamanda bütün dünyaya yayılan Koronavirus həm böyüklərə, həm kiçiklərə psixoloji olaraq ciddi təsir etməkdədir.  Koronavirusun uşaqlar üzərində mənfi təsirini azaltmaq üçün valideynlər daha çox nəyə diqqət etməlidirlər? “Gencaile.az” saytının oxucularına təqdim etdiyi yazıda məhz bundan bəhs edəcəyik.

 

1) Uşaqları qorxutmadan, yaşlarına uyğun şəkildə izahat vermək lazımdır – bütün dünya hal-hazırda bu perioddan keçir, hamı evlərinə qapanıb, bu keçici zamandır, müəyyən müddətdən sonra biz yenə əvvəlki həyatımıza geri dönəcəyik – sən yenə həyətdə dostlarınla oynayacaqsan, məktəbə, bağçaya gedəcəksən, sadəcə olaraq indi özümüzü qorumaq üçün evdə qalmalıyıq.

 

2) Virus haqqda sadə şəkildə izahat verin, gigiyena qaydalarına əməl etmənin nə dərəcədə önəmli olduğunu vurğulayın. Bunun üçün sizə bir fəaliyyət məsləhət görə bilərəm: uşaqla birlikdə qız və oğlan mikrob çəkin, daha sonra rəngli karandaşlar, boyalar və stikerlər verərək, mikrobu istədiyi formada bəzəməsini tapşırın. Hekayə şəklində izahatlar verin, mikroblardan necə qoruna bilərik əyani göstərin, məsələn – kağızın üzərinə spirt püskürün, sabunlu su tökün, kağızın üstündə olduğu üçün mikrob şəkli yox olacaq, bizim əlimizdə də bu şəkildə mikrobların yox olduğunu izah edin.

 

3) Evdə virus haqqda çox söhbət açmayın, dünyasını dəyişənlərin, karantində olanların sayı, dünyada statistika və s. haqda danışaraq uşaqlarda həyəcanın artmasına şərait yaratmayın. Valideynlərdəki qorxu və həyəcan uşaqlara ciddi təsir edir, öz hisslərinizi idarə etməyə və daha təmkinli olmağa çalışın. Uşaqları virusdan bəhs edən televiziya proqramlarından, videolardan uzaq tutun.

 

4) Uşaqlarda bəzən belə düşüncələr yarana bilər – Bizə nə olacaq? Mən öləcəyəmmi? Anama, atama nəsə olacaqmı? Bu düşüncələr də uşaqlarda həyəcan və təşvişə səbəb ola bilər. İlk öncə uşaqlarınızın hisslərini və fikirlərini bölüşmələrinə şərait yaradın, onların emosiyalarını, düşüncələrini gözardı etməyin. Çox həyəcan keçirdikləri zaman rahatlamaları üçün birlikdə nəfəs texnikalarından istifadə edərək, uşaqlarınıza kömək edə bilərsiniz – baş barmağınızla sağ burun dəliyinizi bağlayın, sol burun dəliyi ilə 10 dəfə nəfəs alıb verin, proses nəfəs alarkən normal, nəfəs verərkən çox yavaş olmalıdır.

5) Uşaqlarınızı və özünüzü stressdən uzaq tutmağa çalışın. Stress bizim imunitetimizi zəiflədən ən əsas amillərdən biridir. Əksinə, imunitetimizi gücləndirmək üçün düzgün və sağlam qidalanın.

 

6) Evdə qaldığımız müddətdə uşaqlarda ağlama krizisləri özünü göstərə bilər, səbirli olun, onları anlamağa çalışın, düşdükləri vəziyyətə alışmaq onlar üçün elədə asan deyil. Ağlamalarına, hisslərini izah etmələrinə şərait yaradın, dəstək olun.

 

7) Daha çox birlikdə zaman keçirin, maraqlı məşğuliyyətlər, oyunlar təşkil edin, birlikdə film, cizgifilm izləyin.

8) Bir çox valideynlər uşaqlarda yuxu rejiminin pozulmasından şikayət edirlər, bütün gün evdəyik, uşaqların fiziki cəhətdən yorulmur, buna görə də yuxu ilə bağlı problemlərin yaşanması təbiidir. Fiziki aktivliyin ön planda olduğu oyunlar keçirin, səhərlər birlikdə idman edin. Uşaqların gec saatlarda yatıb, gec saatlarda oyanmasına şərait yaratmayın.

 

9) Sinif yoldaşları, dostları, sevdiyi insanlarla sosial şəbəkələrdən əlaqə yaratmalarına şərait yaradın.

 

10) Evdə qaldığınız zamanı uşaqlarınızla birgə fürsətə çevirin, birlikdə bol zaman keçirin, çoxdan etmək istədiyiniz, amma vaxt tapa bilmədiyiniz fəaliyyətlərə zaman ayırın.

 

Psixoloq Leyla Hacıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir