1471260975_94538

Ləzgilər qızı başqa kəndə verəndə: “Sizdən qan çıxmalıdır. Çünki…”

Baxış sayı: 194
“Müzakirəni çox sevirik. Deyilən hər hansı sözə əks arqument söyləməsək, dayana bilmərik. Səbirsizlik, özündən tez çıxmaq ən mənfi xüsusiyyətlərimizdəndir. 7 gün toy edərik və o toyda ki, qan çıxmadı, ona toy demirik”.
“Alam” jurnalının əməkdaşı Abir Tahirova məxsus olan bu fikirlər yüz illərdir Azərbaycanda məskunlaşan ləzgilər barəsindədir.
İllərdir birlikdə yaşadığımız bu xalqın nümayəndələrinə o qədər alışmışıq ki, bu xüsusiyyətləri özləri kimi doğmalaşıb. Bu doğmalığın sübutu kimi də dövlət başçısı tərəfindən bu il “Multikulturalizm ili” elan edilib. Publika.az  bu gündən “Multikulturalizm” layihəsinə başlayır. Layihə çərçivəsində yüz min illərdir qaynayıb-qarışdığımız ləzgilər, talışlar, ruslar, avarlar, haputlular, saxurlar, molokanlar, udinlər və digər azsaylı xalqların adət-ənənələrini, mədəniyyətlərini araşdıracağıq.
İlk yazımızı ləzgilərə həsr edirik. Araşdırmamız üçün müxtəlif mənbələr – Azərbaycan Vikipediyası, “Azərbaycanda yaşayan azsaylı xalqların adət və ənənələrinin təbliğində kitabxanaların rolu” metodik vəsaitindən, Şərq mədəniyyəti və etnoqrafiyasından bəhrələndik, eləcə də “Alam”  jurnalının əməkdaşı Abir Tahirovla söhbət etdik.
Qısa arayış
Ləzgilər – Qafqaz dilli xalqlardan biri və ana dili ləzgi dili olan, əsasən kompakt şəkildə cənub-şərqi Dağıstanda, qismən şimali-şərqi Azərbaycanda, az sayda isə dünyanın bir çox ölkələrində yaşayırlar.
Ləzgilərin çoxu İslam dininin sünni məzhəbinə etiqad edir. Dağıstanın Miskincə kəndində yaşayan ləzgilər şiədirlər.
Azərbaycanda ləzgilər respublikanın 20-dən çox rayonunda, həmçinin Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Göyçay və başqa şəhərlərdə məskunlaşıblar. Quba, Qusar, Xaçmaz, İsmayıllı, Qəbələ, Şəki, Qax və Oğuz ləzgilərin yığcam yaşadıqları rayonlardır. Ləzgilər Azərbaycana eramızdan əvvəl III-IV minillikdən Yunanıstanın Krit adasından gəliblər və yaşamaq üçün Qafqaz dağlarını seçiblər. Onların yaşamaq üçün dağlıq əraziləri seçməsi də təsadüfi deyil. Çünki onlar həmişə ilk vətənlərində sunnamilərdən əziyyət çəkiblər. Bu gün ləzgilər Azərbaycan əhalisinin 2 faizini təşkil edir.
Qadağalar: Çox arvad olmaz
Ləzgilərin tarixi 3 hissəyə – alban, xristian və müsəlman dövrünə bölünür. Ləzgilər alban dövründə çoxallahlığa sitayiş edirdilərsə, daha sonra xristian və müsəlmanlığı qəbul edirlər. Hər dövrdən ləzgilərin mədəniyyəti və adətlərində özünəməxsus izlər qalıb: Alban dövrü ləzgilərə filosofluq veribsə, xristian dini isə onlara əlifba verib. İslam isə dini baxımdan bir çox yeni qaydalar gətirib.
Lakin digər xalqlardan fərqli olaraq ləzgilər İslamı çox çətinliklə qəbul ediblər. Bir əsr sonra dini qəbul etsələr də, bəzi qaydaların hələ də tətbiqini reallaşdırmırlar. Məsələn, ləzgilər İslamın 4 arvad almaq icazəsi ilə qəti razılaşmırlar. Nəinki dörd arvadlı, bugün hətta iki arvadlı ləzgini belə, nadir hallarda tapmaq olar. Bundan başqa, ləzgilərdə ata tərəfdən olan qohumlarla, xüsusən əmi uşaqlarının evlənməsi qadağandır.
Bir mərtəbəli evlər heyvanlar, ikimərtəbəli evlər isə…
Ləzgi evi ikimərtəbəli və eyvanlı olmalıdır. Bunun fəlsəfəsi insanın yaşadığı yerin heyvanınkından daha hündür olması düşüncəsidir. Yəni bir mərtəbəli evlər heyvanlar, ikimərtəbəli evlər isə insanlar üçündür. Bu ev həm də dünyadan köçən ləzginin övladına mirasıdır.
Ləzgi evində diqqət çəkən məqamlardan biri də divarda içində deşik olan çaxmaqdaşının asılmasıdır. Çaxmaq daşının ilkin mənası od, istilikdir. O həm də birinci silah hesab edilir. Ox, odlu silah olmayanda insanlar özünü müdafiə üçün çaxmaqdaşından istifadə edib. Çaxmaq daşının üzərindəki deşiyin xüsusi mənası var. Bu deşik səbrin simvoludur. Belə fikir var ki, 200 il müddətində daşın üzərinə düşən damcılar deşik aça bilər. Əlini çaxmaq daşını alan biri o deşiyə baxaraq səbrli davranmalı olduğunu xatırlayır.
Pis gözdən qorunmaq üçün həyətdə it və at sümüklərinin asılması hələ də qalır. Ləzgi evləri nəinki, bir-birinə yaxın yerdə inşa edilir, hətta çox zaman bir-birinə yapışdırılırdı. Kəndlər qohumlardan ibarət məhəllələrə ayrılırdı.
 
Divardan asılan keçi buynuzu
Ləzgi evlərinin daha bir özəlliyi divarda keçi buynuzunun olmasıdır. Bu çoxallahlıqdan qalma ənənədir. Ya 22 sentyabr, ya da 22 martda ləzgi ailəsi 7 erkək keçi kəsir. Məhz bu ay və günlərin seçilməsinin özəlliyi var. 22 mart yeni ilin gəlişi, sentyabr isə ilin yarı olması və məhsul yığımının başa çatması ilə əlaqədardır. Kəndli bu il də ailəsinin ac qalmayacağına görə şükür edir və il məhsulu olan keçidən 7-ni şükranlıq rəmzi olaraq kəsir. Kəsilmiş yeddi keçidən yeddi orqan çıxarılır və bir daşın üzərində yandırılır. Həmin keçilərdən birinin buynuzu evin divarından asılır. Hər il yenisi kəsiləndə əvvəlki buynuz əvəzlənir. Keçinin seçilməsinin də səbəbləri var. İlk növbədə onun müdriklik əlaməti olan saqqalının olmasıdır. Bundan başqa, onun südü ən təmiz süd sayılır, tükünü gəlinlərin yasdığına qoyurlar, yağı isə masaj üçün əvəzsiz vasitədir.
Varlının da, kasıbın da xəncəri
Ləzgilərdə xəncər nəsildən-nəslə ötürülən bir əşyadır. Bütün qədim kəndlərin divarlarını söksəniz, xəncər tapa bilərsiniz. Hətta bir vaxtlar  qəbirlərə də xəncər qoyulub. Çünki vuruşmaq ləzginin qanındadır. Maddi, fiziki gücündən asılı olmayaraq hər kəsin xəncəri olmalıdır. Yəni hər bir kəs namusunu qorumağı bacarmalıdır. Ona görə də xəncər çıxdı, qan çıxdı deyimi var. Zülmə qarşı boyun əymək kişilik sayılmaz. Nə qədər assimlyasiya olsalar da, bu adət bir çox kəndlərdə qorunur. Əlbəttə, o demək deyil ki, ləzgilər bütün problemlərini xəncərlə həll edirlər.
Bir toyda ki, qan çıxmadı
Ləzgi toylarını digər xalqlardan fərqləndirən bir sıra özəllikləri var. Əvvəlcə başlayaq toy yaşından. Ləzgilərdə qızlar 16 yaşdan tez ailə qura bilməz. Hazırda da ləzgilər üçün bu adət əhəmiyyətlidir.
Əvvəl ləzgi toyları 7 gündən az olmazmış. Sonradan bu say 3 günə enib. Bu gün bəzi kəndlərdə bu adətlər saxlansa da, əksəriyyət bir gün edir. Toydan əvvəl oğlan evi illərdir bəslənmiş qoç və cöngəni kəsir. Bu prosesdə nəslin kişilərinin hamısının iştirakı vacibdir. Məsələn, əmi oğlu gəlməyibsə, heyvan kəsilə bilməz. Bu həm də qohumlara verilən dəyəri göstərir. İndi kim qohumlarına hörmət edirsə, bu adəti saxlayır.
Qız ata evindən çıxanda ocağı öpür. Əgər o başqa kənddən biri ilə ailə qurursa, toy günü oğlan evindən birinin qanı çıxmalıdır. Bunun da öz mənası var. Belə ki, qızı aparmağa gələn oğlan evi daşa basılır. Bu kəndin kişiləri deyir ki, “kəndimizin ən gözəl qızını sizin kəndə veririk. Və sizdən qan çıxmalıdır. Çünki…”.
Bundan başqa, toy evinin həyətindən, evindən nəsə oğurlanmalıdır. Lakin oğurlanan əşyanın mütləq bir mənası olmalıdır.
Bu gün də ləzgi toylarında başlıq pulu var, oğlan evi qızın ailəsinə 2 min manat verməlidir. Ləzgilər bunu ərəblərdən gəlmə adət kimi təqdim edir.
Gəlin evdən çıxarkən geri dönüb, ata evinə baxa bilməz. Bu qayda isə qızın gözünün ata evində qalması kimi yozulur. Gözü ata evində qalan qızın bəxti üzünə gülməz və ata evinə geri dönər deyə düşüncələr var. Amma hər bir gəlin köçən qız da son dəfə ömrünü keçirdiyi ata evinə baxmaq istəyir. Bunun üçün də gəlinin yanında güzgü olar. Evin əksi güzgüyə düşər və gəlin də son dəfə ata evinə həmin güzgüdən baxar. Gəlinin yanında güzgünün olma səbəbi də burdan qaynaqlanır.
Gəlin evə aparılandan sonra bütün nəsil yatmır. Qızın bakirə olduğu xəbəri gələndə tüfənglər atılır.
Cibdəki duzun mənası
İllər keçdikcə, bir çox ləzgi adətləri itib, bəziləri hələ də yaşayır. Ləzgi kişilərin milli geyimləri yalnız rəqslərdə yaşayır. Ancaq rəqs edənlər bu geyimdən istifadə edir. Bu paltarın özəlliyi sinədə 7 kazır-patron yeri olmasıdır. Onların 6-ında barıt, birində duz olur. Duz ədalət rəmzi sayılır, o nə qədər qalsa da xarab olmaz, duzsuz yeməyin ləzzəti olmaz. Bəs bu paltarı geyinib döyüşə gedən ləzginin duz nəyinə lazım? – deyə soruşsanız. Cavabı belədir: ömrü döyüşlərdə keçən ləzgi oğlan gecə növbə çəkəndə, ayıq-sayıq olmaq üçün hər zaman üstündə olan xərcəri ilə barmağını kəsər və yerinə duz tökər. Nəticədə səhərə qədər yata bilməz.
Ləzgi qadınların yaylığının altından şutqu deyilən örtük olmalıdır. Çünki qadın gün ərzində mətbəxdə olur, onun saçı yeməyə tökülməsin deyən şutqu başında olmalıdır. İndi buna az hallarda əməl edilir.
Ləzgilər 2 cür kürk geyirdilər . Kaval – enli və uzun, kürk – yüngül və gödək olub. Həm kişi, həm də qadınlar bəzəkli corab geyirdilər. Yeməkləri xəngəl, plov, düşbərə və s. Azərbaycan türkləri ilə eynidir. Bəyaz köynək, qara şalvar, papaq və kürklərdən ibarət olan ləzgi geyimi ümum Qafqaz tipindədir.
Bu tərəvəzləri əkmirlər
Amma itməyən adətlər də var. Bu gün də ləzgilərdə adlar atadan oğula, oğuldan sonrakı nəslə keçir. Ona görə də, bir nəsildə 7-8 nəfərdə eyni ad var. Atanın adı mütləq oğlun uşaqlarından birində olmalıdır.
Bu gün hələ də Xaçmazın ləzgilər yaşayan Dədəli kəndində istiot, ağ və qırmızı turp əkilmir. Bu kənddə hesab edirlər ki, ağıza acılıq gətirən qidalar əkmək olmaz. Kimsə bazara gedib, 10 kilo turp alsa, demək o Dədəlidəndir. Özləri əkməsə də, yeyirlər.
Ləzgi qadını
Ləzgilərdə qadının yeri yüksəkdədir. Amma qadınlar evdə kişinin hökmranlığını da qəbul edir. Ailənin xanımı həyat yoldaşından danışanda uşaqların atası deməlidir. Bu uşaqların atasına olan hörmətlə əlaqədardır.
Ləzgi qadın mütləq 7 uşaq dünyaya gətirməlidir. İndi bu say 3-ə enib. Uşağa mütləq ana südü verməlidir. Kim bu ənənəni pozsa, lənətlənir. Əvvəllər bu cür qadınlar küçədə döyülürdü, danlanırdı. O qadın ya kənddən getməli, ya da adətlərə əməl etməli idi. Bu ictimai qınağın bir növü idi.
Ana ata ilə uşaq arasında vasitəçi olub. Ananın yanında uşaqlar danışa, dalaşa da bilər. Amma atanın evə gəlməsi xəbəri ilə sanki qurbağa gölünə daş atılır. Ana uşaqları elə tərbiyə edir ki, atadan həmişə çəkinilir. Qadın kişini həmişə yüksəkdə tutur. Qazandan çəkilən yemək birinci kişiyə verilməlidir. Amma qadını alçaltmaq adəti yoxdur. Qadının yeri yüksəkdədir. Çünki uşağı tərbiyə edən odur. Ləzgilər atalarından qorxur, amma analarını sevir.
Subay qızlar saçını bir hörük hörər, ailə qurandan sonra ikisini. Hər hansı qadının saçı iki hörülübsə, bu, o deməkdir ki, o ailəlidir. Boşanan qadın hörüyündə saçın içərisində qara lent bağlamalıdır.
Rəhmətə gedən kişinin qardaşı onun arvadını almalıdır. Kəbin kəsir və uşaqlarına da o baxmalıdır. Axı o qardaşının övladıdır. Heç kim razı olmaz ki, öz nəslinin uşağı uşaq evində böyüsün.
İsmayıllı rayonu Qalacıq kəndində bütün qadınlar və qızlar sumaq toxuyur. Bu bizim bildiyimiz palaza bənzəyir, üstü düz, altı saçaq. Bu özəl isti saxlayır, revmatizmdən qoruyur. Ailə quran hər bir qız sevdiyi şəxs üçün bunu toxumalıdır. Əlbəttə, bunun üçün qonşular da ona kömək edirlər. Bu sumaqların üzərində ananın qıza öyüdü, ulduzlar, çoxallahlıqdan işarələr var.
Əsgər getməyənə qız vermirlər
Ləzgilərdə boşanan qadın evinə gəldiyi kimi qayıtmalıdır. Yəni uşaqlarını yoldaşının evində qoyub getməlidir. Çünki ləzgilərə görə uşağı öz ata evindən gətirmədiyinə görə, o ərinin uşağıdır. Uşaqların ana ilə getməyi istəmək kimi isə hüququ yoxdur. Qadın gətirdiyi bütün cehizini apara bilər.
Amma ləzgilərdə boşanma çox az hallarda baş verir. Çünki qadının ondan ayrılmaq istəməsi həm də kişinin acizliyini göstərir. Lakin qadın yolunu azıbsa, kişi ya onu öldürməlidir, ya da evdən getməlidir. Kişi uşaqlarına baxmırsa, qadın bu səbəbdən gedirsə, onda ana uşaqlarına sahib çıxa bilər. Lakin 18 yaşına qədər uşaqları yenə də ata saxlamalıdır. Bu adət kəndlərdə hələ də qalıb. Ləzgilərdə qadını evdən qovan, iki qadınla yaşayan, ailə saxlaya bilməyən kişilərə nadir hallarda rast gəlinir. Əsgər getməyənə qız vermirlər.
Ləzgilərdə əziz bayram
Baharın gəlişi ləzgilər üçün də əziz gündür. Bizim qeyd etdiyimiz Novruz bayramının adı ləzgilərdə “Yaran suvar”dır. Onlar bayramı martın 21-də qeyd edir. Hər kəs gecə ilə gündüzün bərabərləşəcəyi zamanı gözləyir.
Ləzgilər toyu da məhz martın 21-dən mayın 21-dək edir. Bu da səbəbsiz deyil.  İlkin məna bu ayların müqəddəs ay hesab edilməsidir. Bu aylarda qan qaynayır, oğlan uşaqları güclü olar, canavar doğan vaxtdır.  Buna görə də kəndlərdə uşaqlar da təxminən eyni aylarda doğulur. Kişi və qadın sağlamdırsa, ailə quran kimi qadın hamilə qalır, uşaqlar qış vaxtı doğulur. Ana qış vaxtı çöldə işləmədiyinə görə, uşağı qoynunda saxlayır. Uşaq 3-4 aylıq olanda ana onu belinə bağlayıb çöldə işləyir. Axı ləzgi qadın yalnız uşağa baxmır, həm də təsərrüfatda işləyir.
Bayram günü ləzgiləri ocağı həyətdə deyil, təpələrin başında qalayar. Hər bir ailə üzvünün adına şam yandırılır.
Ləzgilər papaq atmır, gizlənib pay istəmir. Torbasını əlinə alıb qonşuları gəzir. Qonşuda söhbətlər edilir, sonra qonağın torbasına pay qoyulur. Ən yaxşı pay da yumurtadır. Çünki bütün canlılar yumurtadan yaranır. Yumurta verilən şəxsə il boyu yaradan olması arzulanır.
Ləzgilər niyə muğam oxumur?
Dağları məskən seçdiklərinə görə yeməklərindən, mədəniyyətlərinə qədər hər şeyi bu şəraitə uyğunlaşdırıblar. Məsələn, ləzgilər muğamat oxuya bilməz. Çünki muğamat oxuyan zaman bəzi məqamlarda ağız bir neçə dəqiqə açıq qalır. Dağ başında isə belə müsiqi oxumaq, növbəti günləri boğaz ağrısı ilə keçirməklə nəticələnə bilər.
Ləzgi yeməkləri
Ləzgi yeməkləri özünəməxsusdur. Yeməkləri dağ mühitinə uyğundur. Açıq havada işləyən ləzgilər, yeməklər dağ mühitinə uyğun olur.
“Skan” italyanların pizzasına oxşayan ətli yeməkdir. Aşağı qatda xəmir, üstündə kartof, şor, ət də olur. Ümumilikdə 7 qat olmalıdır. Bu sobada bişməlidir.
Ləzgi yeməklərində ən çox istifadə edilən ərzaq ət və buğdadır. Ləzgilər spirtli içki içmir. Meyvələrdən nektar hazırlanır və çat deyilən bir içki içilir. Buğda qaranlıq yerdə saxlanılır, cücərməyə başlayanda doşaba oxşar içki hazırlanır. Bu içkinin az da olsa, insanı kefləndirmək xüsusiyyəti var.
Müsahibimiz A.Tahirov ləzgilərin bu günkü əsas problemlərindən birinin təhsillə bağlı olduğunu deyir. O ləzgi dilinin tədris olunduğu məktəblərdə dil tədrisinin istənilən səviyyədə olmadığını, kitabların nəşr edilmədiyini iddia edir.
Məsələ ilə bağlı Təhsil Nazirliyi ilə də əlaqə saxladıq. Nazirlikdən bildirdilər ki, ölkəmizdəki ləzgi dili tədris olunan məktəblərdə tədrisin təşkili baxımından hər cür şərait yaradılıb: “Bu gün Azərbaycanda ləzgi dili tədris olunan məktəblərdə 12000-dən çox şagird təhsil alır. Ölkəmizdə yaşayan azsaylı xalqların dilləri, o cümlədən ləzgi dili həftədə iki saat olmaqla tədris olunur.  Ləzgi dili dərslikləri isə ölkədə nəşr olunub, pulsuz verilir”.
Ləzgi dilini tədris edən müəllimlərin yetişdirilməsi üçün ali məktəblərdə bölmə yaradılmasına gəldikdə nazirlikdən bildiriblər ki, Azərbaycanın ali təhsil müəssisələrində ləzgi dili bölmələri yoxdur və gələcəkdə bu bölmənin yaradılması nəzərdə tutulmayıb.
Ləzgilərin mənfi xüsusiyyətləri
Nə qədər qoçaq, igid xalq olsalar da, mənfi xüsusiyyətlərinin olduğunu özləri də etiraf edir. Məsələn, qadınları döymək ləzgi kişilərinin mənfi xüsusiyyətlərindəndir.
Ləzgilər əvvəldən pul verib mal almayıblar. Onlar barter üsulundan istifadə ediblər. Kənd təsərrüfatı əsas məşğuliyyətləri olub. Hətta dağın başında da əkib becərirdilər. Ləzgi qalayçıları bütün Qafqazda məşhurdur. İndi bu adət də itib. Əməyə münasibət dəyişib.
Bu gün ləzgilər başqa millətlərlə qarışıb və bu adətlərin bir çoxu artıq unudulub.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir