ders

Məktəblər bağlansın – SEVİNC ELSEVƏR YAZIR

Baxış sayı: 272

Koronavirusla bağlı ilk həyəcanlı xəbərlər gələndən feysbukda yazdım ki, məktəblər aprelə qədər bağlanılsın. Onsuz da ayın yarısı bayramdır. Əvəzində uşaqlar iyunun axırına qədər dərsə getsinlər. Belə olan təqdirdə heç kim heç nə itirmir. Ancaq bilə-bilə ki, virusun yayılma təhlükəsi var, uşaqlarımızı riskə atırıq. Üstəlik, valideynlər panika, təşviş içindədirlər, insanlarımız stress keçirir. Onsuz da valideynlərin çoxu uşağını məktəbə göndərmir. Oğlumun müəllimi vatsapda yazmışdı ki, bir gündə on dörd uşaq dərsə getməyibmiş. Arayış tələb edirdi. Sağlam uşaqları da valideynlər qorxusundan məktəbdən saxlayacaq. Sonra poliklinikalara 3-5 manat verib, arayış alacaqlar. Bununla da, irəli düşməyəcək təhsilimiz. Ən yaxşı çıxış yolu məktəblərə tətil verməkdi.

Hələ Azərbaycanda yayılan elə bir yoluxucu xəstəlik olmayıb ki, ailəcə ona tutulmayaq. Çünki evimizdə üç məktəbli var. Həmişə də evimizə yol açan bütün bu xəstəliklər məktəbdən gəlib.

Ölkənin baş epidemoloqu İbadulla Ağayevin video müsahibəsini izlədim. Deyir ki, hava-damcı yolu ilə keçən xəstəliklərin qarşısını almaq mümkünsüzdür. Nə qədər adamın bu xəstəliyə yoluxub-yoluxmayacağını proqnozlaşdırmaq da çətindir.

Bir sözlə, kişi deyir ki, ümidinizi Allaha bağlayın, Allah alnınıza nə yazıbsa, o da olacaq.

Məktəbləri dezinfeksiyalamışıq deyir bir də. Axı məktəbləri bircə dəfə dezinfeksiyalamaqla, nə qazanmaq olar? Səhər növbəsinin uşaqlarında xəstəlik var idisə, səhər növbəsinin sinfi otağı tərk eləyəndən sonra günorta növbəsinin uşağı gəlib virusla xəstələnməyəcəkmi? Bütün məktəblərdə sıxlıqdı, normadan artıq şagird var. Bakı məktəblərinin hamısında. Bəzi məktəblər iki nədi, üç növbəlidir. Hətta bu fərqli növbələrdə oxuyan uşaqları bir-birindən qorumaq mümkünsüzdür. Bir dəfə dezinfeksiya işləri aparmaqla, valideynlərin başının altına yastıq qoymaq olmaz!

Məktəblərdə sanitariya pis vəziyyətdədir. Mən təkcə ən yaxşı təmir olunmuş məktəblərin tualet otaqlarını təsvir etsəm, gözünüz kəllənizə çıxar.

Heç kimə sirr deyil ki, məktəb ayaqyolularında su, sabun, şərait yoxdur. Hətta ən təmirli məktəblərdə belə, çox vaxt su gəlmir, isti sudan söhbət belə gedə bilməz. Bəzi məktəblərdə uşaqlar ayaqyolunda vedrələrdə qoyulmuş suyu qulpluca ilə götürüb istifadə edirlər. Hamı eyni qulpluca ilə yuyunur, tualetə su tökür, təsəvvür edirsinizmi? Üstəlik, heç bir məktəb tualetində sabun yoxdur!

Bütün məktəblərdə müəllimlərlə uşaqlar ayrı-ayrı tualet otaqlarından istifadə edirlər. Müəllimlərin istifadə etdiyi tualet otaqlarının üstünə “Şagirdlərin girməsi qadağandır!” yazmaqla kifayətlənmirlər, o otaqların qapıları adətən bağlı olur, açar da müəllimlər otağında saxlanılır. Müəllimlər hər dəfə ayaqyoluna girəndə o açarı özləri ilə gətirib, özləri ilə qaytarıb aparırlar. Uşaqların istifadə etdiyi ayaqyolularda isə çirkab dizə çıxır. Xadimələr hara baxır, bilinmir.

Koronavirus söhbəti çıxan kimi, müəllimlər vatsapdakı qruplara yazıb valideynlərdən xahiş elədilər ki, pul yığıb xlorlu məhlullar alsınlar, gətirib sinif otağını özləri təmizləsinlər. Bu nə deməkdi? Bu o deməkdi ki, məktəblərə o məhlullar verilmir. Verilirsə, niyə yoxdur? Niyə məktəb ayaqyoluları belə pis vəziyyətdə saxlanılır?

Ümumiyyətlə, son illər təmir olunan məktəblərin çoxunda oturacaqlı unitazlar quraşdırılıb. Onların da heç biri təmiz saxlanılmır. Hamı bilir ki, o unitazlarda kənara sıçrama ola bilir, unitazın kənarları tez-tez bulaşır və təmizlənmir. Analarının “maarifləndirdiyi” uşaqlar o unitazlardan necə istifadə eləsə yaxşıdı, sizcə? Uşaqlar bilirlər ki, belə natəmiz unitazlarda oturmaq olmaz. Unitazın kənarına dırmaşırlar. Bəli, bəli, məhz dırmaşırlar. Çox vaxt unitazların kənarı nəinki idrarla, çirkli su ilə bulaşmış olur, həm də ayaqqabılardan yapışan palçıqla batmış-bulanmış olur. Bu dəhşətli vəziyyəti dəfələrlə öz gözlərimlə görmüşəm.

Yaxşı olardı ki, məktəb kimi ictimai yerlərdə heç olmasa, yerdən unitazlardan istifadə olunaydı. Oturacaqlı unitazları təmiz saxlaya bilmirsiniz. Qoy onlardan daha inkişaf etmiş ölkələrdə istifadə eləsinlər.

Ölkəmizin baş epidemioloqu məsləhət edir ki, uşaqlar bir-biri ilə görüşüb öpüşməsinlər. Xalqımızın min illərdən gələn mehribanlıq ənənələrinə xilaf çıxsınlar. Bununla virusdan qorunurmu uşaqlar? Məsələ təkcə görüşüb öpüşməkdədirmi? Bunlar bir sinifdə, bir auditoriyada saatlarla vaxt keçirirlər.

İnsanların kütləvi olduğu yerlərdən qaçın deyir hörmətli epidemioloqumuz. Oğlumun oxuduğu sinifdə otuz dörd uşaq oxuyur. O otuz dörd uşaq bir yerdə kütlə sayılmırmı? Hərəsi bir evdən, bir məhəllədən gəlmirmi? Biz hər gün o uşaqları yoxlaya bilirikmi ki, xəstəliyə yoluxublar, yoxsa yox?

Martın 1-də 9-cu siniflərin buraxılış imtahanı olacaq. O boyda imtahan kütləvi tədbir sayılmırmı? O imtahana gələn uşaqlara maskadan istifadə eləməyə icazə verəcəklərmi?

Onsuz da bu kurikulum sistemi uşaqların axırına çıxıb. Uşaqlar psixi, mənəvi cəhətdən də, bədəncə də yorulublar. Ən uzun tənəffüsləri cəmi on dəqiqə çəkir. On dəqiqəyə yeyilən yemək cana çıxarmı? On dəqiqəyə beyin, bədən, baş dincələrmi? Məktəb bufetlərindən keyfiyyətsiz ərzaqlar alıb qidalanırlar üstəlik. O qidaları yeyib hansı immuniteti yüksəltmək olar? Məsləhət görürsünüz ki, uşaqların immunitetini yüksəldək. Uşaqlar məktəbə ac gedib, ac qayıdırlar. Əlavə hazırlıqlara, başqa məşğələlərə – idmana, rəsmə, musiqiyə, şahmata gedən uşaqların işi lap çətindir. Onların yükü daha artıqdır, günləri yollarda keçir. İşə gedib gələn adamlar kimi səhər tezdən evdən çıxıb hava qaralanda evə qayıdırlar. Bütün bu müddətdə də çox pis qidalanırlar.

Bəlkə yuxarı sinif uşaqları daha tez maariflənərlər, -hərçənd ki, böyüklər kimi, onlar da bütün bəlalarımızı ələ salıb gülmək xəstəliyinə yoluxublar. Maska taxmayan uşaqlar maska taxanları ələ salır, taxanlar da bu üzdən taxmaq istəmir. Ancaq ibtidai sinifdə oxuyan, məktəbəqədər hazırlığa gedən körpələr gigiyena qaydalarına əməl eləyə bilməzlər.

Hələ dekabrın sonlarından ölkədə bir virus dolaşır. Hansı ki boğaz ağrısı, qızdırma ilə müşaiyət olunur. O xəstəliyi demək olar ki, bütün uşaqlar növbə ilə keçirtdi. Yanvardan uşaqların çantalarına spirt spreyi alıb qoymuşam. Bərk-bərk tapşırmışam ki, tez-tez əllərini, burunlarını spirtləsinlər. Üstəlik, immuniteti artıran sirop verirdim uşaqlara. Buna baxmayaraq, balaca oğlum həmin boğaz ağrısını tutub üstümə gəldi. İki gün qızdırmadan əziyyət çəkdi, məni də qorxutdu. Yəni demək istəyirəm ki, nə tədbir görürsən gör, hələ ən adi boğaz ağrısına yoluxursa bu uşaq, deməli, qorumağın adı yoxdur. Ölkənin baş epidemioloqunun dediyi kimi, işimiz qalıb Allaha.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir