DERS

Məktəblərdə təlim-tərbiyəyə diqqət niyə azalır?

Baxış sayı: 162

Son zamanlar orta məktəb şagirdləri arasında dava-dalaşlar artıb. Məktəb rəhbərliyi adətən “hadisə dərsdən sonra baş verib, bunun məktəbə heç bir aidiyyəti yoxdur” desələr də, baş verənlər düşünməyə əsas verir: Məktəblər niyə bu vəziyyətdədir?

Təhsil eksperti Nadir İsrafilovun bildirdiyinə görə, zəmanəmizdə tərbiyə işi, bir növ məzmun və mahiyyətinə diqqət azalan mənəvi dəyərlərdən birinə çevrilib: “Məktəblərdə təlim-tərbiyə işinin təşkilinə dair nə qədər təlimat, metodiki tövsiyə, əsasnamə və digər istiqamətləndirici normativ sənəd olsa belə, bu prosesin səmərəli təşkili məhz müəllimin şəxsiyyətindən, peşəkarlığından, klassik pedaqoji irsə və müasir tendensiyalara nə dərəcədə yiyələnməsindən daha çox asılıdır. Yaxın keçmişimizdə məktəb təhsili dedikdə, ağlımıza ilk gələn “təlim-tərbiyə prosesinin təşkili” məfhumu olardı. Yəni, təlimi tərbiyə işi olmadan təsəvvür etmək mümkün deyildi. Ancaq indi təhsil barədə düşünəndə adətən nə yolla olsa belə hansısa bir ali təhsil müəssisəsinə daxil olub, təki diplom olsun düşüncəsi ilə yaşayırıq”.

İsrafilov qeyd edir ki, təhsil mühitində tərbiyə, əxlaq ilə bağlı neqativ halların artmasının əsas səbəbi tərbiyə, təhsil, təlim və şəxsiyyətin vəhdətini özündə ehtiva edən pedaqoji prosesin təlim, tərbiyə və tədrisin forma və metodlarını öyrənən pedaqogika elmindən ayrı düşməsidir: “Kim bilməsə də, pedaqoji prosesin bilavasitə iştirakçıları olan hər bir təhsil işçisi bilməyə borcludur ki, məhz pedaqoji prosesin tamlığı şəxsiyyətin ahəngdar inkişafının mühüm amilidir. Tərbiyə, təhsil və təlim prosesləri spesifik xüsusiyyətlərə malik olsa da, hər üçü bir məqsədə – şəxsiyyətin ahəngdar inkişafına xidmət edir. Həm tərbiyə, həm də təlim təhsilverici, tərbiyəedici və inkişafetdirici üç əsas funksiyanı yerinə yetirir ki, bu zaman pedaqoji prosesin bütün sahələri qarşılıqlı vəhdətdə çıxış edir. Yəni, təlim prosesi tərbiyə funksiyasını həyata keçirdiyi kimi, tərbiyə prosesi də təlim prosesinə təsir göstərir, ümumi məqsəd baxımından pedaqoji prosesin hər bir sahəsi bu və ya digər funksiyanın yerinə yetirilməsində dominant rol oynayır. Baxmayaraq ki, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə, habelə təhsilə dair bir çox müvafiq normativ sənədlərdə ümumtəhsil məktəbində təhsilin milli zəminə, mütərəqqi pedaqoji ənənələrə, eləcə də dünya təcrübəsinə əsaslanmaqla fərdin harmonik inkişafına xidmət etməsinə, ümumtəhsil məktəbində təhsil prosesinin öyrədici, tərbiyəedici və inkişafetdirici xarakter daşımasına müəyyən yer ayrılıb, bununla belə məktəblərdə təlim-tərbiyə işləri planlaşdırılarkən, ayrı-ayrı fənlərin tərbiyəvi aspektlərinə, məktəbdənkənar və sinifdənxaric tədbirlərin, meyl və maraq üzrə dərnək və məşğələlərin, elmi cəmiyyətlərin, klub və studiyaların təşkilinə, onların milli-mənəvi dəyərlər zəminində formalaşmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinə, habelə uşaq və yeniyetmələrlə iş prosesində mütərəqqi pedaqoji yanaşmaları əks etdirən formaların tətbiqinə qaneedici diqqət yetirilmir”.

Təhsil eksperti qeyd edir ki, 90-cı illərdə Təhsil Nazirliyi tərəfindən elmi-pedaqoji və psixoloji əsaslı, müasir məzmunlu “Tərbiyə konsepsiyası” hazırlamaq ideyası ortalığa atılmış və hətta bunun layihəsi belə hazırlanmışdı: “Buna baxmayaraq, nədənsə, naməlum səbəblərdən bu istiqamətdə aparılan işlər dayandırıldı. Halbuki müəyyən biliklərə yiyələnərək, müstəqil həyata qədəm qoymuş gəncdə vətən təəssübkeşliyi, xalqına məhəbbət, vətəndaşlıq ləyaqəti olmayacaqsa, bu gənc nə qədər peşəkar ixtisas sahibi olsa belə onun vətəninə, xalqına lazımı xeyri dəyə biləcəyı bir o qədər də inamlı təsir bağışlamayacaq”.

Müsahibimiz deyir ki, hazırda “uşaq birliyinin rəhbəri” adlandırdığımız təşkilatçının tərbiyə sahəsindəki işi bir zamanlar “pioner baş dəstə rəhbəri”nin fəaliyyəti ilə müqayəsəedilməz dərəcədə fərqlidir: “Məktəblə az-çox əlaqəsi olanlar bilməmiş deyillər ki, indiki birlik rəhbərlərinin bir çoxu uşaqların tərbiyəsi işini deyil, daha çox məktəb direktorunun katibəsi funksiyasını yerinə yetirirlər. Məktəb psixoloqu ştatı əksər məktəblərdə formal xarakter daşıyır. Tərbiyə işlərinə nəzarət etməli olan direktor müavinlərinə tədis işlərinə baxan müavinlə müqayisədə ikinci dərəcəli münasibət bəslənilir və s. Bunlar ciddi həllini gözləyən məsələlərdir”.

Təhsil Xidmətləri Araşdırma Mərkəzinin rəhbəri Kamran Əsədov bildirir ki, ən əsası dərsdə və eləcə də dərsdənkənar vaxtlarda şagirdlərin təlim-tərbiyə işlərinin idarə edilməsi məqsədyönlü olaraq həyata keçirilməlidir: “Tədris olunan fənnin təlim materialından asılı olmayaraq tərbiyə işində öyrənənlərin soy-kökünə, Azərbaycan xalqının azadlıq və demokratiya ənənələrinə hörmət edən, müstəqil və yaradıcı düşünən, dünyanın ən qabaqcıl ölkələrin vətəndaşları səviyyəsində yüksələ bilən sağlam vətəndaşların formalaşmasına çalışılmalıdır. Lakin son aylarda orta məktblərdə baş verən hadisələr onu göstərir ki, məktəblərin idarə olunması, təhsil olcaqlarında tərbiyənin təşkili ilə bağlı ciddi problemlər var. Apardığım müşahidələr göstərir ki, orta məktəblərin  pedaqoji kollektivinin idarəetmə prosesində əməli fəaliyyəti təmin olunduqda gözlənilən nəticələr həmişə yüksək olur. Məktəbdə tədris ili ərzində həyata keçirilən təlim-tərbiyə işinə rəhbərlik tərəfindən xüsusi diqqət ayrılması təqdirəlayiqdir. Lakin orta məktəblərimizdə təcrübə ilə nəzəri biliyi birləşdirən səriştə və peşəkarlığa çox az önəm verilir. Məhz bu səbəbdən pedaqoji kollektiv, valideynlər, şagirdlər və məktəblə daim əlaqəsi olan insanlar direktorun idarəetmə qabiliyyətinə və ehtiramına dərin inamsızlığını ifadə edirlər.

Burada şəxsiyyət və tərbiyələndirici təsir mühüm amillərdir. Əgər məktəb direktoru tabeliyindəki işçilərə qarşı əxlaqsız təkliflər və hərəkətlər edirsə, əgər müəllim şagirdə qarşı fiziki zorakılıq edirsə və ən ciddisi, şagirdlərin biri digərinə qarşı zorakılıq edirsə, bu o deməkdir ki, məktəblərdə təhsil mühiti korlanıb bu da bütün Azərbaycanda fəaliyyət göstərən 4500 orta məktəbə təsir göstərir”.

Əsədov qeyd edir ki, məktəbdə təlim-tərbiyə işinin idarə olunmasında məktəb direktoru, təlim-tərbiyə işləri üzrə müavinlər, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı, pedaqoji kollektivin ictimai təşkilatları, müəllimlər, sinif rəhbərləri, şagirdlər və uşaq birlikləri inteqrasiya şəraitində fəaliyyət göstərməlidir: “Amma qeyd etdiyim strukturların rəhbələrinin bilik və bacarıqları, kompitensiyaları aşağı səviyyədə olduğu üçün demək olar ki, hər gün xoşagəlməz halların şahidi oluruq.

Şagirdlərin təlim-tərbiyəsində mühüm rol oynayan tədbirlər sırasında onların bacarıqlarının və istedadlarının aşkar edilməsi istiqamətində aparılan işlərdir. Yaxşı rəsm çəkən, tikməyi və toxumağı bacaran, musiqini bilən, idman yarışlarında fəal iştirak edən və s. sahələr üzrə seçilən şagirdlərin məktəbdə keçirilən tədbirlərdə iştirak etmələri üçün şərait yaradılmalıdır. Amma real vəziyyət odur ki, bu gün şagirdlər 10-cu sinifdən sonra demək olar, məktəbdən uzaqlaşır və repetitor yanına getməklə ali məktəblərə hazırlığa üstünlük verirlər. Bir çox məktəb direktoru da həmin şagirdlərin valideyinləri ilə müəyyən tələblər qarşısında razılaşır. Bundan sonra isə məktəbdə oxumaq istəməyən, gələcəyə dair planları olmayan şəxslər daha çox tədris prosesinin iştirakçısına çevrilirlər ki, bu zaman sağlam, rəqabətə davamlı təhsil mühiti olmur”.

Həmsöhbətimizin dediyinə görə, cəmiyyətdəki inkişaf tendensiyaları ilk növbədə təhsilə və onun ayrılmaz tərkib hissəsi olan tərbiyəyə təsir göstərir: “Təhsil cəmiyyətin tələblərinə uyğun inkişaf edərək təkmilləşdikcə, tərbiyə də ona müvafiq şəkildə daha kamil və daha demokratik prinsiplərlə inkişaf edir. Təhsillə tərbiyə iki qoşa qanad olub, insanın bir şəxsiyyət kimi formalaşmasına xidmət edir. Təhsilini inkişaf etdirən insan eyni zamanda tərbiyəsini də təkmilləşdirmiş olur. Lakin son dövrlərdə internet resursları, sosial şəbəkələr, texnoloji inkişaf gənclərin mənəvi cəhətdən ciddi şəkildə dəyişməsinə, aşınmaya məruz qalmasına səbəb olub. Eləcə də, 90-cı illərdə Braziliya serialları, son 10 il ərzində türk serialları gəncliyimizin mənəvi dəyərlərinin ciddi şəkildə dəyişməsinə gətirib çıxarıb. Məktəblilər seriallada, kinolarda, sosial şəbəkələrdə gördüklərini təhsil müəssisələrində həyata keçirməyə, özlərini göstərməyə çalışırlar. Bu zaman məktəbin, məktəb idarəçilərinin üzərinə ciddi iş düşür.

Məktəb insanlara təkcə bilik vermir, o həm də gənc nəslin dünyaya baxışlarını formalaşdırır. Ona görə də məktəblərdə təhsili bilən, idarə etmədən anlayışı olan şəxlər rəhbər vəzifədə omalıdır”.

Aynurə Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir