DERS

“Məktəb-valideyn-şagird” uçbucağındakı müəmma – Niyə əks cinsdən olan valideyn və müəllim ünsiyyətdən qaçır? – ARAŞDIRMA

Baxış sayı: 1. 253

Yəqin əksəriyyət razılaşar ki, Sovetlər dönəmində valideynlər məktəb və bağça yaşlı övladlarının təlim və tərbiyəsində daim bərabər iştirak edirdilər. Amma son illərdə ataların uşağın xüsusən təhsilində rolunun aşağı düşməsi aydın sezilir. Bu, özünü məktəbdə və məktəbdən kənar bir sıra məqamlarda göstərir. Bəs görəsən günümüzdə övladının gününün çox hissəsini keçirdiyi məktəb, yaxud bağçadakı şərait, davamiyyət, qiymətlərlə maraqlanmaq istəyən atalar çox zaman niyə kənarda qalır? Atanın bir valideyn olaraq bu işlərlə yaxından maraqlanmağa vaxtı və imkanı niyə yoxdur?

 

Psixoloq Zeynəb Əyyubova 10 il əvvəllə müqayisədə bu gün ataların da valideyn olaraq övladlarının tədbirlərində, özəl günlərində iştirak etməyə başladıqlarını bildirdi.  O həmçinin söylədi ki, Azərbaycan mentalitetində ata sanki ana qədər valideyinlik rolunu oynamırmış kimi bir fikir formalaşıb və hətda deyərdim şüuraltı da bu belə qəbul edilib: “Son dövrlər aparılan marifləndirmə işləri sayəsində müasir ailələrdə artıq ata da ananın yanındadır. Bilik günü, Son Zəng fotolarında, yaxud da məktəb gəzintilərində artıq atalar da yer alır. Lakin bu gün atanın məktəb iclaslarından, yaxud məktəbə, bağçaya aid tədbirlərdən kənarda saxlanılması da normal qəbul ediləndir. Çünki müəllimlər də hər zaman valideyin kimi ana ilə ünsiyyətdə olub və problemlər analarla həll edilib. Məsələnin digər tərəfi isə bizim mentalitetdə ata yalnız pul qazanmalıdır, qalan bütün işlərlə ana məşğul olmalıdır,  deyə bir fikrin olmasıdır. Lakin bu, belə deyil, uşağın tərbiyəsində ana qədər atanın da rolu var və övlad hər zaman onun yanında olan mehriban bir ailəsinin olduğunu hiss etməlidir.”

“Məktəb-valideyn-şagird” uçbucağındakı müəmma – Niyə əks cinsdən olan valideyn və müəllim ünsiyyətdən qaçır? (ARAŞDIRMA)

Təhsil üzrə ekspert Kamran Əsədov isə mövzu haqqında danışarkən bildirdi ki, ümumilikdə məktəb valideyn münasibətləri normal olmadıqda heç bir təhsil keyfiyyətindən danışmaq olmaz: “Etiraf edək ki, Azərbaycan müstəqillik əldə edənə qədər tərbiyədə və təhsildə kişilərin rolu hədsiz dərəcədə yüksək idi. Lakin müstəqillik əldə etdikdən sonra birinci Dağlıq Qarabağ müharibəsi, daha sonra isə ölkədəki iqtisadi vəziyyətdən sonra istər evdə, istərsə də təhsildə ataların rolu hədsiz şəkildə aşağı düşməyə başladı. Atalar daha çox qazanc arxasıyla , iqtisadi tələbləri ödəməklə məşqul olmağa başladı və qalan problemlər qaldı anaların boynunda. Amma etiraf edək ki, ana tərbiyəsi bu gün oğlanların zəif xarakterli olmasında müəyyən qədər özünü göstərir. Son dövrlərdə boşanmaların sayının artmasında, ailələrin dağılmasının başında həm də fiziki və mənəvi baxımdan zəif olan, ana tərbiyəsi ilə böyüyən oğlanlarımızın kişi xarakterini itirirməsi durur. Uşaqlar evdə ananı, bağçada, məktəbdə qadın müəlliməni görürlər. Evdə, məktəbdə bütün proseslərdə qadınlar iştirak edir deyə hər yerdə qadın görən uşaq problemli situatsiyalardan çıxa bilmir.

Təhsil eksperti ataların məktəb çərçivəsindəki iştirakçılığına da toxunub: “Bu gün kişi valideynlər məktəbdə  gedən  heç bir prosesdə iştirak edə bilmir. Bunun əsas səbəblərindən biri respublikada fəaliyyət göstərən 4472 təhsil müəsisəsindəki 151 min müəllimin 81 faizinin qadın olmasıdır. Belə ki, kişilər də qadın müəllimlərlə gedib danışmaq fikrinə etik baxmırlar. Əslində bu, kişi müəllimlər olsa, daha effektiv olacaq. Genefondun qorunması üçün kişi müəllimlərə müəyyən güzəştlər olunmalıdır. Yaxud da müəllimlərin işə qəbulu zamanı qadın müəllimlərin qəbulunu məhdudlaşdırmaq lazımdır. Başqa bir tərəfdən də düşünürəm ki, məktəblərdə keçirilən valideyn iclaslarını formallıqdan çıxarmaq lazımdır, təhsil imkanlarını nəzərə alsaq, bugünkü iclaslar qeybət xarakteri daşıyır. Bunu pedaqoji şura səviyyəsinə keçirmək lazımdır, valideyn iclaslarının qərarları hüquqi qüvvəyə malik olarsa, iclaslarda kişi valideynlərin də iştirakı qəbul olunacaq. Ən azından ata valideynlərin övladının bütün problemləri ilə yaxından maraqlanması zəruridir”.

Mövcud problemin hüquqi tərəflərini daha dəqiq araşdırmaq üçün hüquqşünas Ramil Süleymanovla əlaqə saxladıq. R.Süleymanov xatırladıb ki, Azərbaycan Respublikasının Konustitusiyası ata ilə ana arasında hər hansı bir bölücülüyü müəyyənləşdirmir, əksinə konustitusiya da, ailə məcəlləsi də deyir ki, ata ilə ana bərabər hüquqludurlar və uşağın tərbiyəsi və təhsilində, böyüdülməsində birgə məsuliyyət daşıyırlar: “Bir halda ki, ata səhərdən axşama qədəq ailənin maddi təminatı ilə məşğul olursa, təbii ki, evdə uşaqların tərbiyəsi ilə məşğul olan tərəf ana olur. Bəzən hər iki valideyn iş adamı olur, burda yenə də uşağın valideyn iclaslarına, tədbirlərinə gedən tərəf ana olur. Bu o anlama gəlməsin ki, uşağın tərbiyəsi ilə daha çox analar məşğul olur. Daha çox anaların uşaqlara vaxt ayırması danılmaz faktdır. Çünki işləyən ana olsa belə, rəhbərlikdən övladının hər hansı bir işi üçün icazə almaq anaya rahatdır, nəinki, ataya.  İstənilən halda bu qəbuledilməzdir və öhdəliklər hər iki valideyn arasında bərabər paylanılmalıdır. Atanın işi nə qədər çox olsa da, il ərzində keçirilən 2-3 valideyn iclasından heç olmasa birində iştirak etməsi vacibdir. Bu da mümkün olmazsa, mütəmadi olmasa belə müəllimlərlə birbaşa ünsiyyətdə olmaları daha yaxşı olardı. Çünki elə mövzular var ki, onlar barədə məhz atalar ilə danışıqlar aparılmalıdır və ata da övladın təlim tərbiyəsi işlərində yaxından iştirak etməlidir”.

Düşünürük ki, bu mövzuda mütəxəssislər kifayət qədər ətraflı şərhlər verdilər. Gerisi isə müvafiq qurumların diqqətinə və “məktəb-valideyn-şagird” uçbucağının iştirakçılarının nəzərinə. Hər halda mövzu kifayət qədər aktualdır və gecikmədən müvafiq tədbirlərə başlamağın zamanıdır. («Xeberle.com»)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir