canta

Məktəbli çantaları seçərkən nəyə diqqət yetirməli?

Baxış sayı: 160

Övladı ibtidai siniflərdə oxuyan valideynlər çox zaman uşaqlarının məktəb çantasının ağır olmasından şikayətlənirlər. Kitablar, iş dəftərləri, qiymətləndirmə kitabçaları, dəftərlər yığıldığı zaman ibtidai sinif şagirdinin çantasının ağırlığı 6 kq-ı keçir. Bu da  uşaqlarln sağlamlığı üçün çox zərərlidir.

Mütəxəssislərin fikrincə, uşağın çantasının ağırlığı onun  çəkisinin 15 faizi qədər olmalıdır. Yəni 30 kq çəkisi olan uşaq ən çox 4,5 kq yük qaldıra bilər.

Çantaların ağır olmasının ilk səbəbi dərs proqramının ağır olmasıdır. Bunun üçün dövlət müəyyən işlər görməlidir.  İkinci səbəb isə dərs yükünün ağır olmasına baxmayaraq, kitabların hələ də elektronlaşdırılmamasıdır.

2 uşaq anası Mətanət Əhmədovanın sözlərinə görə, ibtidai sinifdə oxuyan uşaqlarının çantalarının ağırlığı onların kürəyinə artıq öz zərərini verib: “Uşaqlarımdan biri 2-ci, digəri isə 4-cü sinifdə oxuyur. Hər gün məktəbdə ən azı 5 dərs keçirilir. Əvvəllər hər dərs üçün bir kitab, bir dəftər olurdusa, indi istənilən dərsin kitabı, yarpaq testi, qiymətləndirmə kitabı, iş dəftəri və ən az iki dəftəri var.  Bütün dərslikləri çantaya yığanda çanta həqiqətən çox ağır olur. Dördüncü sinifdə oxuyan oğlumun belində artıq “qrija” yaranıb. Həkimlər deyir ki, ağır yük qaldırmaqdan olub. Ona hələ əməliyyat olmaz, buna görə də uşaq inkişafdan da qalıb. Çantasını isə özüm aparıb-gətirirəm. Mənim üçün çox maraqlıdır, bir dərsin bu qədər kitab-dəftəri olması mütləqdirmi?”

Həkim Vaqif Qarayevin sözlərinə görə, məktəbli çantalarının ağır olması uşaqların sağlamlığı üçün zərərdir: “Çantalar çox ağır olur, götürə bilmirlər. Ağır çantalar onların qamətini, onurğa sütununu əyir. Çünki təzəcə formalaşan uşaq orqanizminə əlavə məcburi yük düşür. Ağır çanta uşaq orqanizmi üçün zərərlidir və qamətin formalaşmasında ciddi problemlər yaradır. Xüsusən də, qız uşaqları üçün ağır çantalar sonradan böyük fəsadlar yaradır”.

Onun dediyinə görə, uşaqların partada oturma qaydaları da düzgün deyil ki, bu da onların onurğa sütununa zərərdir. “Dünən bir sinifə baxıram, bütün uşaqlar ikiqat əyilərək, oturub yazır. Bunu müəllim başa salmalıdır, evdə öyrətməlidirlər. Kitab-dəftərin qoyulduğu stolun üstü ilə uşağın gözü arasında müəyyən normativ məsafə olmalıdır. Bunu nə sinifdə qoruyurlar, nə ailədə. Məktəbdə müəllimlər uşaqları düzgün oturmağa da öyrətməlidir”.

Həkim təkərli çantalar haqqında da öz fikrini bildirib. “Mən fikir verirəm, məktəbin həyətində, küçədə uşaqlar təkərli çantaları zorla gəzdirir. Uşaq təkərli çantanı daşımağa da əlavə güc sərf edir. Tibbi baxımdan da təkərli çantalar uşaqlara xeyir etmir”.

Həmsöhbətimizin sözlərinə görə, uşaqların çantasını yüngüləşdirmək üçün ya dərs yükünü azaltmaq lazımdır, ya da kitabların elektronlaşması həyata keçirilməlidir. Artıq bəzi ölkələrdə kitabların elektronlaşması həyata keçirilib. “Aşağı sinif şagirdləri çantaları daşıya bilmir. Bədənin gücü çatmır həmin çantaları daşımağa. Mən hamıya deyirəm, xüsusən uşaqları ibtidai sinifdə oxuyan valideynlər, uşaqlarını əzməsinlər. Uşaqların çantalarının ağır olması  onurğa sütunun əyriliyinə səbəb ola bilər”.

Ortoped Nigar Qəhrəmanlının sözlərinə görə, ağır və səhv daşınan məktəb çantaları uşaqlarda qalıcı problemlərə yol aça bilər. Ağır çantalar uşaqlarda əzələ və sinir zədələnmələrinə gətirib çıxarır. Ağır kürək çantaları onurğa əyriliklərinə, skolyoz, kifoz kimi problemlərə yol açır: “Ağır çantanın yaratdığı əsas problemlərdən biri skolyozdur.  Skolyoz zamanı onurğa sütunu deformasiyaya uğrayır. Skolyoz yaranan uşaqlarda kürəkdə donqarlıq, bir kürək sümüyünün digəri ilə müqayisədə yuxarıda olması, çiyin və ombaların assimetrik olması, beldə və kürəkdə əyrilik müşahidə edilir.  Skolyoz kürəkdə problemlərlə yanaşı yorğunluq, bel və kürək ağrısı, nəfəs darlığına da səbəb olur”.

Uşaqlar skolyoza tutulmamaq üçün məktəb çantalarını tək əllə daşımamalı, kürək çantalarından istifadə etməlidirlər. Mütəxəssislərin fikrincə, çanta seçmək uşaq sağlamlığı üçün çox önəmlidir. Buna görə də uşaqlar üçün məktəb çantası seçərkən çox diqqətli olmaq lazımdır. Çünki səhv çanta seçimi uşağın qamətini pozmaqla yanaşı kürəyində, belində, ayaqlarında ağrılara səbəb ola bilər. “Ağır çanta əldə və yaxud təktərəfli daşınırsa, qalıcı problemlərə səbəb ola bilər. Böyük ağır çiyin çantaları “çiyin sıxılması” deyilən  çiyin əzələlərində çatlamalara, cırılmalara səbəb ola bilər.  Ağır çanta təktərəfli daşınan zaman ağırlıq bir tərəfə düşür. Ağır təktərəfli çiyin çantası əzələlərdə gərginlik, peysərdə ağrı və gərginlik meydana gətirir. Uşaq çox zaman baş ağrısından şikayətlənir. Ağır və nazik asqılı çiyin çantaları çiyin bölgəsindən olan damar və sinirləri zədələyir”.

Müsahibimiz bildirir ki, məktəbli çantalarının asqıları bərk, dar və nazik olmamalıdır. Çanta ağırlaşdıqca və daşıma müddəti artdıqca bədənin daşıma tarazlığı itir, bel və  boyun qabağa əyilir.

Bəs ideal məktəb çantası necə olmalıdır? Çanta yükünün bədənə bərabər paylanması üçün çantanın asqıları yumşaq və bərabər uzunluqda olmalıdır. Möhkəm çiyin asqıları əzələləri incidərək, ağrı yarada bilər. Hər zaman uşaqlar üçün çiyin asqıları enli və ortopedik olan çantalar seçilməlidir. Çanta alarkən çantanın boş vəziyyət ağırlığına diqqət yetirmək  lazımdır. Ağır çanta uzun müddət daşındığı zaman, gələcək illərdə bel daxilə doğru qövsvari əyilə bilər. Ağır çanta uşağın əzələlərini də zədələyə bilər. Ağır çantanı sağa-sola bərabər yük paylaşacaq şəkildə daşımaq lazımdır. Kürək çantalarını mümkün olduğu qədər aşağıdan qaldırmayın.

İradə CƏLİL




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir