makiyaj

Makiyaj: Üz boyası, yoxsa üzqarası?

Baxış sayı: 30

Azərbaycanda fəaliyyət göstərən bir çox kosmetika şirkətləri məhsullarını smart marketinq strategiyası ilə satır. Bəzi insanlar bu məhsullardan istifadə etməsələr belə, kosmetika məhsullarına kifayət qədər çox pul xərcləyirlər. Bunu nəzərə alan şirkətlərin qiymətlərində də daim artım müşahidə olunur. Kosmetik məhsulların zərərlərini və onların tərkibini bilmədən istifadə edərək, həyatınızı ciddi şəkildə təhlükə altına alırsınız. Kosmetika bu gün cəmiyyətdə zərurətə çevrilib. Lakin, kimyəvi tərkibə malik olduğundan kosmetika məhsullarının  zərərləri də az deyil.

 

Ümumiyyətlə, kosmetik məhsullar tərkiblərinə görə fərqlənir.

 

Mass market – bu sinifdən olanlar ucuz kosmetikalardır və çoxlu sayda istehsal olunur. Toksik tərkibə malik olur. Bu tip məhsulları satmaq üçün gəlirin 70%-i reklama, 20%-i qablaşdırmaya, cəmi 10%-i isə istehsala sərf olunur. Oriflime,Avon, Nivea və s. bu kimi şirkətlər mass market sinfinə daxildir.

 

Middle market – bu sinifdən olan kosmetikaların tərkibi toksiki olmur və 60% təbii maddələrdən təşkil olunur. Bu kosmetika məhsullarından 6 aydan uzun müddətdə istifadə olunması kosmetoloqlar tərəfindən məsləhət görülmür. Çünki kosmetikadan imtina olunduğu halda birdən-birə dəridə qocalma halları müşahidə oluna bilər.

Revlon, Pupa, Loreal və s. bu kimi şirkətlər “middle market” sinifinə daxildir.

 

Lyuks market – Bu sinifdən olan kosmetika vasitələrində ümumiyyətlə vərdiş olma xüsusiyyəti yoxdur. 80%-i təbii maddələrdən ibarət olur.

Nina Richy,Chanel, Christian Dior və s. bu kimi şirkətlər “lyuksmarket” sinifinə daxildir.

 

Professional – Professional istifadə üçün kosmetika vərdiş olma xüsusiyətinə malikdir. Onun tərkibində olan hormonal seriyalar tərlilik, yüksək qıcıqlanma və əsəbiliyə səbəb olur. Tez, lakin uzunmüddətli olmayan təsirə malikdir. Academy, Gadeno, Lacrima, Jassen və s.

 

Kosmetoloqlar məhsulun tərkibini öyrənməyi və onu yalnız dəri tipini uyğun olub olmadığını yoxladıqdan sonra istifadə etməyi məsləhət görürlər.

 

23 yaşlı Əsmər Qasımova Modern.az saytına bildirib ki, həkim ona tonal kremi qəti qadağan edib.

 

“Dərimin quruluğuna görə, 12-13 yaşımdan nəmləndirici kremlərdən istifadə edirdim.Təxminən 19 yaşdan isə üzümdə səpkilər olurdu deyə, səpkiləri tonal kremdən istifadə edərək örtməyə çalışırdım.

Amma sonradan üzümdə səpkilər artmağa başladı və izləri qaldı. Dermatoloqa müraciət etdim. O bildirdi ki, 12 yaşdan nəmləndirici krem istifadə etmək,yəni uzunmuddətli istifadə dəridə dəyişiklik yaradır və dərinin yağlı hissələrində sivilcə əmələ gəlir.Tonal kremi isə qəti qadağan edərək, əvəzinə “oil free” tərkibli pudra məsləhət gördü.

İndi tonal kremdən istifadə etmirəm. Gündəlik nəmləndirici krem, dodaq boyası, bəzən də tuş istifadə edirəm”.

 

Kosmetik vasitələrin tərkibini bilmədən istifadəsi və bu makiyajdan istifadəni vərdiş halına gətirilməsi aşağıda sıralanmış bir sıra xəstəlik və narahatlıqlara səbəb ola bilər.

 

Baş ağrıları: Qadınların həddən artıq makiyaj etməsi nəticəsində yaranan problemlərdən biri baş ağrısıdır. Bu da ürəkbulantı və başgicəllənməyə səbəb ola bilər. Makiyaj heç bir iz qalmayacaq şəkildə təmizlənməlidir və aradan qaldırılmalıdır. Kosmetoloqların fikrincə, uzun müddət makiyajın üzdə qalması hətta yaddaş itkisinə gətirib çıxara bilər.

 

Saç problemləri: Şampun, saç boyaları, saç gelləri və serumlar bir çox kimyəvi maddələr ehtiva edir. Buna görə bu tip məhsullar da saçınıza çox ciddi zərər verə bilər. Saçların nazikləşməsi, baş dərisinin təzələnməsi, saç dökülməsinin və kəpəklənmənin meydana gəlməsi qarşılaşdığınız çətinliklərdən bir neçəsidir. Şampun seçərkən baş dərisinə uyğun olaraq seçilməsi vacibdir.

 

Yaşlanma: Kosmetik məhsullar xərçəng də daxil olmaqla bir sıra xroniki xəstəliklərə səbəb ola bilər. Pomadaların tərkibində alüminiumlar çox olduğundan uzun müddətli anemiya, qlükoza intoleransı və tənəffüs yolları problemləri yarada bilər. Bunun nəticəsində də dəri erkən yaşlanmaya məruz qala bilər. Bir çox kosmetik məhsullar, böyrək və qaraciyər problemlərinə səbəb ola biləcək sink turşusu, barium və sulfat kimi zərərli kimyəvi maddələrdən ibarət olur.

 

Gözlərin zədələnməsi: Göz makiyajı məhsulları ciddi göz infeksiyalarına və kirpiklərin seyrəlməsinə səbəb ola bilər. Xüsusilə, kirpik üçün tuşlarda yarana biləcək “Pseudomonas aeruginosa” adlı bir bakteriya gözlərin zəifləməsinə gətirib çıxara bilər. Çünki bu bakteriya soyuq və istiyə davamlıdır, əgər tuş bakteriyaya bulaşıbsa ( tuş quruyur və ya sulanırsa) ondan istifadə etmək olmaz.

 

Allergiya və dəri xəstəlikləri: Kosmetik məhsullar tez-tez istifadə olunarsa, müxtəlif alergik reaksiyalara səbəb ola bilər. Əgər kimyəvi məhsullara qarşı dərinizdə həssaslıq varsa, belə olan halda bu məhsulların istifadəsi dərinizdə ciddi zədələnməyə səbəb ola bilər. Dəri xərçəngi və xərçəng kimi bir sıra sağalmayan xəstəliklərlə nəticələnə bilməsi  kosmetik məhsulların tərkibini bilmədən istifadə etməmək üçün əsaslı səbəbdir.

 

Vətəndaş Nuridə Babayeva isə deyir ki, indi heç bahalı ətrin də şorbası ucuzdan fərqlənmir: “Gündəlik makiyajdan istifadə edirəm, amma dərim həssasdır deyə, daha az allergik olanları alıram. Əks halda qaşındırır, kirpiklərimi tökür. Lakin keyfiyyətli məhsul da baha olduğu üçün pulum çatmır. Məcburən, adətən, ucuz məhsul alıram. “Ucuz ətin şorbası olmaz” deyirlər. İndi heç bahalı ətin də şorbası ucuzdan fərqlənmir”.

 

Rufanə İsmayılova isə deyir ki, o heç vaxt ucuz kosmetikadan istifadə etmir: “Mənim 44 yaşım var. 19 yaşımdan bu günə kimi, demək olar ki, hər gün makiyajdan istifadə edirəm. Heç vaxt ucuz makiyaj məhsulu almamışam. Gündəlik tonal krem mütləq olmalıdır, dodaq boyası və layner isə imtina edilməz makiyaj vasitələrimdir. Hələ ki dərimdə nə yaşlanma, nə sivilcələr, nə də ləkələr var”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir