Mənfi emosiyalara qalib gəlməyi, bağışlamağı necə öyrənək?

Baxış sayı: 2. 707

Hər bir insanın tərbiyəsindən, şəxsi keyfiyyətlərindən asılı olaraq dünyaya baxışı formalaşır. İnsanlar arasında münaqişələr, incikliklər yaranır. İnsan kimdənsə inciyir və daxilində qəzəb hissi oyanır. İnciklik – gizlədilmiş qəzəb deməkdir.

Psixoloq Aygün Ağabalayevanın sözlərinə görə, hər birimiz nə vaxtsa kiminsə tərəfindən incidilmişik, pis rəftara məruz qalmışıq: “Hər birimiz də kiminsə xətrinə dəymişik, hansısa xoşagəlməz söz və ya hərəkətlə narahat etmişik, qəzəbləndirmişik. Elə olub ki, istəmədən kiminləsə pis rəftar edirik və sonra vicdan əzabı çəkirik”.

A.Ağabalayeva qeyd edib ki, adətən qəlbimizi yaxın, dəyər verdiyimiz insanlar yaralayır: “Yaxın adam xətrimizə dəyəndə, sanki, bütün dünyamız məhv olur. Özümüzə söz veririk ki, o insanı heç vaxt bağışlamarıq. Lakin bağışlamaq bacarığı çox vacibdir. Bağışlamağı bacaran insan gözəl və təmiz daxili aləmə malikdir. İnciklik, qəzəb və nifrət kimi hisslərə qalib gəlmək, kədəri unutmaq çox çətindir. Hər birimiz bilirik ki, bu, ağır bir yükdür. Həqiqətən, mənfi fikirlər insanın əhval-ruhiyyəsinə təsir göstərir, ürəyimizdə qalan incikliklər bir çox problemlər yaradır. Başqa insanlarla ünsiyyətdən, ailədən, işdən yayındırır. Biz qəzəbin tələsinə düşürük. Həmin anlarda ətrafımızda olan heç bir günahı olmayan yaxınlarla belə aqressiv, kobud davranırıq. Bu hissdən elə də asanlıqla azad ola bilmirik. Lakin təcrübələr göstərir ki, bu hissdən xilas olmaq insanın sağlamlığına, ümumiyyətlə, həyatına müsbət təsir göstərir”.

Bağışlamağı bacarmayan insan mənfi emosiyalarla dolu olur. Psixoloq bildirib ki, mənfi emosiyalarla uzun müddət yaşayan insan hər cür xəstəliklərlə üzləşə bilər: “Xəstəliklərin yaranmasına stress səbəb olur. İnsanın beyni stress harmonları olan kartizol və adrenolin artıq dozada yaratmaq üçün endokrin sisteminə siqnal göndərir. Bunun nəticəsində əzələ gərginliyi yaranır və qan təzyiqi artır. Ürək döyüntülərinə və ümumiyyətlə, immun sisteminin zəifləməsinə səbəb olur”.

Bəs, yaşadığımız mənfi emosiyalara qalib gəlməyi, bağışlamağı necə öyrənək? Bunun üçün ilk növbədə incikliyin, narazılığın səbəbini aydınlaşdırmaq lazımdır. Bəzən elə olur ki, insan özü üçün araşdıranda incikliyin səbəbinin o qədər də mühüm olmadığını anlayır. Müsahibimiz məsləhət görür ki, “onu heç vaxt bağışlamaram” deməkdən öncə özünüzü həmin adamın yerinə qoyun və onu anlamağa cəhd göstərin: “Elə anlar olar bilər ki, özünüz də istəmədən kiminsə xətrinə dəyə bilərsiz. İnsan ilk növbədə ona dəyən zərərə görə narahat olur. Bu məqamda ona möənfi emosiya yaşadan hadisənin təsadüfən və ya qəsdən baş verdiyi onu maraqlandırmır”.

Bəzi insanlar mənfi hisslərinə qalib gələ bilmir, kinli olur və küskünlüyü fərqli yaşayırlar. Bəziləri həqiqətən məyus olur, özlərini günahkar hiss edirlər, bəziləri isə qisas planı hazırlayırlar.

Ağabalayevanın dediyinə görə, bağışlamağı öyrənmək elə də çətin deyil: “İlk növbədə bağışlamağı istəmək, buna nail olmaq üçün addım atmaq lazımdır. Vacib deyil ki, sizin xətrinizə dəyən insanı həmin an bağışlayasınız. Bu, nəinki çətindir, bəzən heç mümkün deyil. Əlbəttə, bağışlamaq üçün zaman lazımdır. Çünki küsdüyü an insan həm qəzəbli olur, həm də acı çəkir. Nə qədər zaman lazım olduğunu demək isə çətindir, çünki bu, bir çox amillərdən asılıdır. Sizin xətrinizə dəyən insanla münasibətdən, incikliyin ciddiliyindən və s”.

Bağışlayanda ürəkdən bağışlamaq lazımdır. Əks halda kin saxladığımız insana süni gülmək və ya istəmədən, özümüzü məcbur edərək onunla danışmaq insanı daxildən narahat edir. Həmsöhbətimiz bildirib ki, bağışlamaq olanları unutmaq demək deyil: “Bəzi insanlar baş verənləri unuda bilmədikləri üçün bağışlamağa çətinlik çəkirlər. Amma bağışladıqda olanları unutmağımız vacib deyil. Bağışlamağınız qəlbinizi yaralayan insanın dəyişəcəyinə zəmanət vermir. İnsanı səhv hərəkətinə görə bağışladıqdan sonra onun davranışının dəyişib-dəyişməyəcəyini dəqiq bilmək olmur. Bağışlamaq o deməkdir ki, siz daxilinizdə olan qəzəb, inciklik və ağrıdan özünüzü azad edirsiz”.

Bağışlamaq bacarığı güclülərin üstünlüyüdür. İnsanların heç də hamısı bağışlaya bilmir. Psixoloqun məsləhətinə görə, insan hər zaman hisslərini cilovlamağa, özünü idarə etməyə çalışmalıdır: “İnsan gördüyü işi, etdiyi hərəkəti təhlil etməlidir. Özünə kənardan baxmağı öyrənməlidir. Nəyi pis, nəyi yaxşı etdiyini araşdırmalıdır. Səhvlərini düzəltməyə çalışmalıdır. İnsan fikirlərinə, hərəkətlərinə, danışığına diqqət yetirsə, əlbəttə, özündə müsbət keyfiyyətləri formalaşdıraraq həm ətrafdakıların hörmətini qazanar, həm də özünəgüvən hissini artırar”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir