meyve

Mövsümi məhsulların qiyməti niyə ucuzlaşmır?

Baxış sayı: 137

Hal hazırda bazarlarında qiymət artımı müşahidə olunur. Ən qəribəsi isə hətta mövsümi məhsulların da ucuzlaşmamasıdır. Sahibkarlar, satıcılar, fermerlər minumum əməkhaqqının artacağını əsas tutaraq məhsulların qiymətini süni şəkildə bahalaşdırırlar. Şübhəsiz ki, istehlakçılar buna etirazlarını ifadə edirlər.

Məsələyə münasibət bildirən iqtisadçı ekspert Nazim Bəydəmirli deyir ki,  əməkhaqqı minimumunun artırılması normal haldır:

“Əməkhaqlarının yüksəldilməsi xəbərinin bir neçə ay öncədən mətbuatda işıqlandırılması bazarda qiymətlərin qalxmasına təsir etdi. Nə qədər xoş olmasa da, satıcıların qiymət artımını əməkhaqqı minimumunun qalxması ilə uzlaşdırması əsaslıdır. Satıcılar psixoloji və məcbur olaraq ölkədə təklif edilən məhsulların qiymətini qaldırır. Lakin məsələnin kökündə duran problem heç də bu deyil. Yəni, hökümət büdcədən əhaliyə pul paylamaqla hamını sona kimi xoşbəxt edə bilməz. Büdcədən maaş alanlar təqribən 900 min nəfərdir. Amma 900 min nəfər 10 milyon əhali deyil. Nə də dövlət əməkhaqlarını artırmaqla insanlar firavan yaşaya bilməz. Bu tendensiya heç bir ölkədə baş verməyib. Tövsiyə edərdim ki, dövlət insanların daha çox pul qazanması üçün şərait yaratsın. Bu şəraitdə liberal bazar iqtisadiyytında monopoliyanın olmaması, məmur sahibkarlığının ləğv olunması, məmurların dövlət resurslarını öz şəxsi resursları kimi istifadə etməməsi və hüquqların qorunmasından keçir. Konstitusiyada yazılır ki,  “Azərbaycan hüququ dövlətdir və liberal bazar iqtisadiyyatı qurur”.  Ancaq reallıqda hər bir sahə monopoliyalaşıb, son illərdə müxtəlif dövlət qurumları yaradılıb. Həmin qurumlarda müxtəlif sahibkarlarla təmasda olduğuna görə, onların göstərdiyi xidmətlərin qiymətini özləri qaldırır. Tariflər yüksəlir. Bütün bunlar da sonda vətandaşların, sahibkarların göstərəcəyi xidmətin maya dəyərinə oturur. Qiymətlərin artımı dolayı yollarla istehlakçılardan çıxır”.

Ekspert onu da əlavə edir ki, əvvəlki illərdən fərqli olaraq bu il mövsümi məhsulların qiymətində heç bir azalma olmadı:

“Bütün bunların da arxasında köklü iqtisadi səbəblər var. Həmin səbəbləri indiki vaxtda inzibati yolla aradan qaldırmaq mümkün deyil. Ona görə də hesab edirəm ki, hökumət iqtisadi fəaliyyəti artırmaq üçün real sahibkarlığa dəstək verməlidir. Regionlarda və kəndlərdə yaşayan fermerlərin ucuz və uzunmüddətli resurslara çıxışını təmin etməlidir. Müxtəlif güzəştlərlə insanların pay torpaqlarını becərməsinə şərait yaradılmalıdır. Ancaq o zaman ölkədə məhsul bolluğu yaranar və qiymətlər də ucuzlaşar”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir