mekteb

Müəllim-şagird: bəzən haqlı, bəzən haqsız tərəflər…

Baxış sayı: 545

Müəllim-şagird münasibətləri bütün dövrlərdə aktual mövzu olub. Bu münasibətlər fonunda belə bir fikir formalaşıb ki, müəllim ikinci valideyndir. Yəni, günün yarısını məktəblərdə olan uşaqlara təbii ki, müəllim münasibəti, yanaşması, yaxşı mənada, onun təhsili ilə yanaşı, tərbiyəsində də mühüm əhəmiyyət kəsb edir.

Orta yaş qrupunda olan insanların hər biri yaxşı xatırlayar ki, o dövrlərdə məktəblərdə çox gözəl müəllim-şagird münasibətləri var idi. Valideynlərin bizə evdə təbliğatı isə məktəbdə müəllimlərə hörmət etməyimizlə, sayğı ilə yanaşmağımızla bağlı olardı. Bu səbəbdən də biz, sözün həqiqi mənasında, müəllimləri ikinci valideynimiz bilir və onların hər bir təlim-tərbiyəsinə əməl edirdik.

Lakin müasir dövrdə müəllim-şagird münasibətləri, çox halda, o dövrdəkilərə əsla bənzəmir. Tez-tez eşitdiyimiz xoşagəlməz münasibətlər fonunda düşünürük ki, bunun sonu necə olacaq? Bu barədə bir qədər ətraflı danışaq.

Xatırlayıram ki…

Bəli, o dövrdə müəllimlər ikinci valideynimiz idi. Qadın müəllimlər qızların anası, kişi müəllimlər oğlanların atası kimi bizə yanaşır, hər səhvimizi, qüsurumuzu o qədər incəliklə aradan qaldırırdılar ki, ruhumuz belə incimirdi. Yadımdadır, bir dəfə sinfimizdə qızlardan biri tənəffüs zamanı çantaları axtarıb pul götürmüşdü. Qızlardan biri bunu görmüşdü, lakin uşaqlara yox, birbaşa sinif rəhbərimizə demişdi. Təsadüfən də həmin saat sinif rəhbərinin dərsi idi. Dərs normal, sakit şəkildə keçdi. Zəng çalınanda müəllim qızlara qalmalarını, oğlanlara getmələrini dedi. Oğlanlar getdilər. Müəllim bizimlə söhbətə başladı. Bəlkə də o vaxt anlamazdıq. Lakin bu gündən həmin söhbətə qayıdanda müəllimin bizləri necə incəliklə başa salması, söhbəti necə bacarıqla açması, necə həssaslıqla aparması qarşısında baş əyməli oluram. Bir sözlə, söhbət o qədər mənalı, təsiredici oldu ki, növbəti tənəffüsdən sonra pullarımızı çantalarımızda gördük. Sinif yoldaşımız hər kəsin pulunu götürdüyü kimi də yerinə qoymuşdu.

Tək sinif rəhbərimiz yox, bütün fənn müəllimləri dərsdə baş verən hansısa kiçik bir hadisə üçün tənəffüs zamanı bizi saxlayır, söhbət edir, araşdırma aparırdı.

Əmək təlimi fənnini tədris edən müəllimimizin dilində hərf səsləndirmə problemi var idi. Bir dəfə oğlanlardan biri dərs başlayandan bir neçə dəqiqə sonra gəldi. Qapını döyüb içəri keçdi və müəllim ondan nə üçün yubandığını soruşdu və hirsləndi. O da qapını açıb çıxıb gedəndə müəllimin həmin qüsurunu göstərən tərzdə danışdı. Düzü, bu hamımıza çox pis təsir etdi. Müəllim isə heç bir kəlmə də danışmadı. Özünü elə apardı ki, sanki eşitməyib. Biz də sevindik ki, yaxşı ki, müəllim eşitməyib.

Sən demə, müəllim eşidibmiş, həm də çox gözəl eşidibmiş. Növbəti dərsdə bunun şahidi olduq. Həmin oğlanı müəllim elə bir tərzdə başa saldı ki, bütün sinif uşaqları xəcalət çəkdik. Və bu, son hal oldu. Tənəffüs zamanı isə hamımız bir nəfər kimi həmin oğlanın üstünə getdik, hərəkətinə görə onu yaxşıca tənbeh etdik. O da qıpqırmızı oldu. Hiss olunurdu ki, səhvini anlayıb.

Ədəbiyyat müəllimimiz vardı. Bizə həm ədəbiyyatdan, həm də həyatdan dərs verirdi. Davranışımızın ən kiçik detallarınadək geniş şəkildə danışır, hər birimizin əsl insan olması üçün əlindən gələni edirdi. Sinfimizdə bir oğlan vardı, yaxşı oxumurdu. Bir dəfə onu elə gözəl şəkildə tənbeh etdi ki, uşaqlığımızla müəllimimizə, afərin, dedik.

Həmin oğlanın atası fəhlə idi. İşi də çətindi. Müəllim onu dərsi danışmağa qaldırdı. O da susub dayandı, bilmirdi çünki. Müəllim, “niyə dərsini oxumamısan, işinin adı nədir?” deyərək təsirli bir söhbətə başladı. Oxumağının, təhsilinin atasına gələcəkdə böyük kömək olacağını, onun fəxri ola bilməsini elə həssaslıqla izah etdi ki, oğlan utandığından başını aşağı saldı. Ta bundan sonra onun bir dəfə də olsun dərsə hazırlıqsız gəldiyini görmədik.

Artıq yuxarı siniflərdə oxuyurduq. Sinfimizdə bir qız çox kilolu idi. Həmişə də əyninə gen-geniş ətək, köynək geyinirdi. Bir dəfə yenə sinif rəhbərimizlə söhbət edirdik. Müəllim o qıza məsləhət gördü ki, həmişə əyninə görə paltar geyinsin, bu gen paltarlar onu daha da kilolu göstərir.

İndi həmin günlərə qayıdıb bütün olanları, hansı ki, söylədiklərim olanların çox az bir hissəsidir, yada salanda həqiqətən özümüzü müəllimlərimizə borclu hesab etməyə bilmirik. Onlar bizə tək elmin sirlərini deyil, həyatın sirlərini, insanlığı, insanpərvərliyi, vətənpərvərliyi, böyüyə-kiçiyə hörmət hissini, harada özümüzü necə aparmağın lazım olduğunu aşılayıb. Bu səbəbdəndir ki, onları hər zaman böyük hörmət və sayğı ilə anırıq, harada görsək elə bil valideynimizi görürmüş kimi ülvi hisslər keçiririk.

Müəllim-şagird münasibətləri müasir dövrdə

İndi o dövrün müəllimlərindən, onların hər bir uşağa münasibətindən söhbət düşəndə, əşi, o dövr ayrı dövr idi, deyirlər. Maraqlıdır, görəsən dəyişən nədir ki? Yenə də məktəb varsa, müəllim, şagird, valideyn varsa, təlim-tərbiyə varsa, bəs dəyişən nədir? Müəllimlər şagirdləri öz övladları kimi görmür, yoxsa şagirdlər müəllimlərin onların ikinci valideyni olmasını istəmirlər? Yoxsa valideynlər öz missiyalarını məktəb saatlarında müəllimlərə etibar etmirlər? Hansıdır, görəsən?

Həm şagird, həm müəllim, həm valideynlərlə apardığımız söhbət əsnasında məlum olur ki, hər üç subyekt bu münasibətlərin “müasirləşməsində” böyük rol oynayır. Düzdür, indi danışacaqlarımız bütün valideynlərə, şagirdlərə, müəllimlərə aid deyil. Lakin çox təəssüf ki, onlar arasında belələri var. İndi bəzi müəllimlər uşaqlardan, uşaqlar və valideynlər isə müəllimlərdən gileylidir. Nə üçün? Bunun üçün kiçik bir araşdırma apardıq. Məsələn, müəllim deyir ki, indiki dövrdə uşağa, o yana çəkil, demək olmur. Valideyn məktəbə gəlir, səninlə sanki üsyana başlayır.

Valideyn deyir ki, müəllim mənim uşağıma dərs deyə bilər, ona hirslənə, tənbeh edə bilməz. Bax elə problem də buradan başlanır. Deməli, günün yarıdan çoxunu məktəbdə olan şagird hər hansı bir səhv hərəkət edirsə, səhv söz danışırsa, müəllim onun bu hərəkətinə göz yummalı, danışdığı sözü qulaqardına vurmalıdır? Onda, əziz valideyn, sən bu uşağın gələcəyindən heç nə gözləmə. Məsələ aydındır, düşünürəm ki, əlavə izaha ehtiyac yoxdur.

Lakin onu vurğulamaq istəyirəm ki, bu cür düşünmək heç də düzgün deyil. Çünki istər, ev, istər məktəb olsun, səhv hərəkətin qarşısı dərhal alınmayanda bu, növbəti səhvə yol açır. Belə isə nə üçün müəllim uşağı tənbeh edə bilməz? Axı bu tərbiyə prosesində həm də valideynə köməklikdir. Bir də axı valideyn övladını olduğu kimi tanıya bilmir. Lakin müəllim onun uşaqlar arasındakı hərəkətlərini daha yaxşı görür və əgər qarşısı alınmazsa, bu, onun xarakterinə elə bir formada çökür ki, sonra onu tərbiyə etmək çətinləşir.

Hər bir uşaq arxayın olanda ki, müəllim onun hansısa bir səhv hərəkətinə göz yumacaq, görün bunun sonu nə ilə nəticələnə bilər. Belə çıxır ki, uşağın etdiyi səhvlər cavabsız qalır. Valideyn deyir ki, uşağımın səhvlərini deyin, mən özüm tənbeh edim. Bəli, bu da doğru fikirdir. Lakin ikitərəfli tənbeh daha təsirli deyilmi? Biri var, dərhal müdaxilə, biri də var, bir neçə saatdan sonra müdaxilə. Bir də ki, biz uşağımızı müəllimələrə saatlarla etibar ediriksə, nə üçün onun tərbiyəsinə nəzarəti də onun öhdəsinə verməyək?

Tədris və təlim-tərbiyə yanaşı olanda…

Cəmiyyətə o zaman yaxşı yetişdirilmiş gənc vermək olar ki, məktəblərdə tədrislə təlim–tərbiyə birgə həyata keçirilsin. Uzun illər bu, belə də olub. Yəni, məntiqlə də fikirləşəndə istər təhsil aldığımız, istər çalışdığımız müəssisələrdə təlim-tərbiyə qaydalarına riayət etmək hər kəsin borcudur. Məktəbdə isə bu, vacibdir. Baxmayaraq ki, indi uşaq bir səhv hərəkət edəndə və müəllim onu tənbeh edəndə bəzi valideynlər var ki, səsləri sosial şəbəkələrdən gəlir, lakin belə deyil. Hər kəs borcludur ki, məktəbin qayda-qanunlarına tabe olsun. Biz nə qədər ki, övladlarımızın başına tumar çəkirik, nə qədər boş yerə onları müdafiə ediriksə, inanın, bunun yaxşı nəticəsi olmayacaq.

Nə üçün öz məktəb illərimizin təcrübəsindən istifadə etmirik? Axı hər birimiz o dövrdə təhsil almışıq, müəllim-şagird münasibətlərinin nəticələrindən bəhrələnmişik. Belə olan təqdirdə nə üçün bu metodun əleyhinə çıxırıq? Bizi bəli, bu sosial şəbəkələr, internet aləmi bu günlərə gətirib çıxarıb. Orada gördüklərimiz, oxuduqlarımız bizdə bu fikirləri formalaşdırıb. Lakin orada gördüklərimiz bizi milli dəyərlərimizdən qoparmaq üçün şüurlarımıza yeridilənlərdir. Biz nə edirik? Onlari rədd edib, öz yolumuzla getmək əvəzinə, cəmiyyətimizə, həyat tərzimizə uyğun olmayanların ardınca gedir, onları həyatımıza daxil edirik. Lakin bu, heç yaxşı hal deyil və bu barədə əməlli-başlı düşünmək gərəkdir.

Müəllim-şagird münasibətlərinin bir tərəfindən-yəni valideynlərlə bağlı tərəfindən danışdıq. İndi isə bir qədər də müəllimlərə aid tərəfindən danışaq. Bəli, bu gün məktəblərimizdə müəllimlər var ki, valideynlər onlar haqqında güleylənməkdə haqlıdırlar. Bu cür müəllimlərdir müəllim-şagirg-valideyn üçbucağına xələl gətirənlər.

Ümumiyyətlə, düşünürəm ki, müəllim hər zaman özünü bu ada layiq aparmalı, ona hörmətlə yanaşmalı, heç bir təqdirdə bu ada xələl gətirməməlidir. Yəni səhv etmiş bir uşağa elə bir tərzdə yanaşılmalıdır ki, onun şəxsiyyətinə xələl gəlməsin, uşaqların içərisində pis vəziyyətə düşməsin. Belə olanda təbii ki, uşaq da müəllimə cavab qaytarır. Və müəllim düşünür ki, mən nə desəm olar, lakin uşaq mənə cavab verməməlidir. Lakin bax burada səhvik. Çünki xarakterlər, xasiyyətlər bir-birinə bənzəmir. Müəllim hər xarakterdə uşaqla qarşılaşa bilir və onların hamısı ilə eyni rəftar edə bilmir.

Adının çəkilməsini istəməyən bir valideyn deyir ki, bu günlərdə övladının təhsil aldığı orta məktəbin sanitar qovşağında yuxarı sinif şagirdləri siqaret çəkibmişlər. Onun övladı da həmin vaxt oraya getdiyi üçün ondan həmin uşaqların kim olduğunu öyrənməyə çalışıblar. Lakin uşaq onların kim olduğu haqda məlumat vermək istəməyib. Belə olanda müəllim uşağı sinifdən çıxarıb. Bu faktla bağlı düşünürəm ki, burada, bəli, günah müəllimdədir. Birincisi, heç bir məsələ ilə əlaqədar şagirdi dərs prosesindən ayırmaq olmaz. İkincisi, gördüyü nə isə haqda danışmaq istəməyən şagirdi zorla danışmağa vadar etmək olmaz. Yaxşı olar ki, növbətçi müəllimlər məktəbə nəzarəti gücləndirsinlər və nə baş verdiyini özləri aşkar etsinlər. Yuxarı sinif şagirdləri ilə aşağı sinif şagirdini qarşı-qarşıya qoymaq heç də düzgün hal deyil.

Müasir dövrümüzdə müəllimlər var ki, şagirdi adi səhvi üçün bütün uşaqların içərisində təhqir edir. Belə olanda isə təbii ki, valideyn də işə qarışır və müəllimdən uşağına qarşı doğru hərəkət etməsini tələb edir. Beləliklə münasibətlər korlanır, tədrislə təlim-tərbiyənin birgə həyata keçirilməsinə maneçilik yaradır.

Bəs bu münasibətlərin qorunması üçün nə etməli?

Yaxşı olar ki, yuxarıda da qeyd etdiyim kimi, müəllim müəllim adına böyük ehtiramla yanaşsın. Valideyn də boş yerə övladını müdafiə etməsin. Uşaq məktəbdə-dərs prosesində hansısa bir səhvə yol verirsə, onu müəllim-valideyn eyni dərəcədə qınayarsa, bəli, bunun gözəl nəticəsi ola bilər. Yox, əgər, müəllim bunun valideyni gəlib şikayət edər, məni işdən çıxararlar deyirsə, yəni valideynlər buna şərait yaradırlarsa, onda özlərindən küssünlər. Övladlarının da xoşbəxt gələcəyi haqda fikirləşməsinlər.

Məktəb tək tədrisi yerinə yetirərsə, övladlarımız kor olar. O mənada ki, əxlaqı yerində olmayan təhsilli insan kimin nəyinə gərəkdir. Bizim cəmiyyətimizə verə biləcəyimiz ən layiqli övlad təhsili ilə yanaşı, tərbiyəsi və əxlaqı gözəl olan gənclərdir. Buna isə yalnız məktəblərdə nail ola bilərik.

Bəzi müəllimlərin də məktəblərdə necə deyərlər, hegamonluq etməsi, bəzi valideynlərin də məktəblərə hücum çəkməsi, övladının səhvinə görə məktəb kollektivini günahlandırması haqqında onlarla faktımız var. Bütün bu faktlara nəzər salanda, analiz edəndə isə belə qənaətə gəlmək olar ki, çox gözəl ənənələr üzərində qurulan təhsil ocaqlarımızı bir neçə müəllim və valideynin səhv addımları, danışıqları, hərəkətləri ilə günahlandırmaq olmaz. Biz çalışmalıyıq ki, ictimai qınaqla həmin müəllimlərə də, valideynlərə də səhv etdiklərini anladaq. Bunu bacararıqsa, gələcəyimiz olan uşaqlarımızı xilas etmiş olarıq. Bunu bacararıqsa, yuxarıda da haqqında danışdığım gözəl müəllim-şagird münasibətlərini davam etdirə bilərik.

Valideynlər yaxşı-yaxşı fikirləşməlidirlər. Sosial şəbəkələrdə diktə olunanlara ağıllarını verməməlidirlər. Bizim xalqın milli dəyərləri var, bunu sosial şəbəkələrdə gördükləri ilə qarışdırmasınlar. Olar ki, hansısa bir xarici ölkədə uşağı özbaşına buraxarlar. Deyərlər ki, məktəbdə istənilən hərəkətinə görə ona heç kim bir kəlmə söz deyə bilməz. Lakin inanın ki, belə bir ölkə ola bilməz. Bütün bu barədə gördükləriniz yalan, hansısa bir xalqın mentalitetini darmadağın etmək üçün uydurulan, beyinlərə axıdılan vasitələrdir.

Övladımız hansı məktəbdə təhsil alırsa, ora onun ikinci evi, müəllimlər isə ikinci valideynləridir. Biz bunu nə qədər ki, bu cür qəbul edirik, cəmiyyətə də layiqli vətəndaşlar verə biləcəyik. Nə qədər ki, müəllim öz peşəsinə, müəllim adına hörmətlə yanaşırsa, məktəblərdə tədrislə yanaşı, təlim-tərbiyə də yüksək səviyyədə olacaqdır. Biz bunlara nail olmağa, olanlarımızı qorumağa çalışmalıyıq. Əks təqdirdə isə dediklərimizin bir neçə ildən sonra nə qədər doğru olduğunu hər kəs görəcəkdir.

 

Mətanət Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir