leyla serabi

Nə fərqi var, sevgilindir, dostun, ya ərin

Baxış sayı: 272

Zərif yorğun barmaqları dünya müharibəsinin uçurum altında qalan pianosuna toxunmuşdu sanki. Başındakı telləri də o savaşda kökündən biçilmişdi. Bütün qorxusunu əlindəki təsbehin dişlərinə boğurdu. Yaşıl muncuqları barmaqlarının arasından ilan qabığı soyurmuş kimi sıxıb çıxardırdı. İlan qabıq dəyişdikcə öz dərisi göynəyirdi. Ağzına yapışmayan zikri yeni əzbərləmişdi. Cəmi üç əcnəbi sözü dilotu çeynəyən kimi təkrarlayırdı. Beynində tam başqa tufan dolanırdı – ölüm məndən uzaq dursun. Tez-tez yuxuya dalıb diksinirdi, oyanırdı, bir-birini qucaqlayan kirpiklərinin xəzan olduğunu xatırlayıb yenidən ilana sarılırdı.

Yan masadan onu açıq-aşkar süzdükcə, beynimin 4 küncünə bir aksiom möhürləyirdim. Bu zəhərə qalmış kişilərə xəstəlik heç yaraşmır. Mədələri ağrını yemək üçün balacadır, gözləri ətrafı aldatmaqdan ötrü duzlu suda az yuyulub. Nə olsun ki, hipotalamusları bizdən bir az böyükdür. Bu dünyanın ən ağıllı insanı sənədli-sübutlu, ən ağır İQ-lü qadındır.

İş hipotalamusun ölçüsündə də deyil (pis başa düşməyin, beynin fəaliyyətini tənzimləyən badamvari nəsnədir) gərdişi dövranındadır. O da ki, badamdan boylu qalan qadında yeri göyə sovuran tornado gücündədir. Amma… Mən hipotalamusunu oyaq saxlayan kişi şüuruna da heyranam. Çürük məntiq həzm etməyən kişi beyninin tam ortasında qış yuxusuna dalmaq kirpiklərin uclarından oyanmaqdır. Nifrətini təmkin ilə tapdayan kişinin ağıl dəryasında boğulmaq tanrının səma meyvələrindən çəkdiyi şəraba qonaq olmaqdır. Kvazimodo qəddi ilə kar beynində yeni səda oyadırsa, o kişiyə hər qüsuru bağışlamağın məqbuldur. Eşqini vəba kimi nəfəsinə dolduran Florentinanın bədheybət simasının üzərinə saxta maskalar qoxlama.

Məncə, əsl qadın yoluna çıxan hər ağıllı kişidən bir parça hopdurmalıdır canına. Nə fərqi var, sevgilindir, dostun, ya ərin. Birindən fəsləfəsini, başqasından görüb gəzdiyi şəhərlərin ətrini, lap elə yatıb durduğu fahişələrin göz yaşlarının səbəbini oğurla.

Pullu kişinin beyni zəngin deyilsə, sən cənnətə istəyəndə Dubaya gedəcəksiniz, Avropanın paytaxtı Amerikaya bilet alacaqsınız. Hətta həmin Amerikanın paytaxtı Nyu-Yorku dövrə vuracaqsınız. Amma sən heç vaxt onun ürəyinin baş şəhəri Paradisi gəzməyəcəksən. Arzularının xəritəyə sığmayan ölkəsindən özü kimi deport olunacaqsan. Tək sözü ilə zamanı durduran qadın, kişidə səni iştaha gətirən tum kimi çırtladığın cibidindən qeyri səbəbin yoxdursa, qızıl suyuna çəkilmiş ağ trüfelin dadına alışmadan, yaşamadan-yaşamamış öləcəksən.

 

Leyla Sarabi, “Publika.az”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir