nermine abbasova

Nərminə Abbasova: “Bilməli idilər ki, COVİD19-dan da təhlükəli infeksion və virus xəstəlikləri var”

Baxış sayı: 361

Son günlər qızılca xəstəliyinin geniş yayılması müşahidə olunur. Cəmiyyətdə narahatlıq yaradan məsələ 4 uşağın qızılcadan ölməsi faktı ilə bağlıdır.  Verilən məlumatlardan da görünür ki, qızılcaya yoluxma halları orta məktəblərdə xüzusilə yayılıb. Qızılca böyüklərdən də yan keçməyib, ali məktəb tələbələri arasında da yoluxma halları qeydə. El arasında Qızılcanın xəstəkik olmadığı və hər insanın onu mütləq keçirəcəyi deyilir. Hətta belə deyilir ki, sağlığında qızılca keçirməyən adamın öləndən sonra qəbirdə sümükləri qızılca çıxarır. Qızılca türkəçarə üsullarla müalcə olunan, soyuqdan qorunmaqla tam sağalması mümkün olan bədən halı kimi də qeyd olunur. Amma bu gün qızılcaya yoluxan uşaqların ölməsi faktı həyəcan siqnalı çalaraq, müasir dövrdə hansı üsullarla ondan qurtulmağın yollarını aramağı tələb edir.

Qızılca nə dərəcədə təhlükəli olur və nə zaman təhlükə yaradır?

Nermine Abbasova

Bu istiqamətdə danışan Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova bildirdi ki, Qızılca xəstəliyi hər kəsin yoluxa biləcəyi bir infeksion xəstəlikdir. Hava, damcı yolu ilə yayılır.

 

– Nərminə xanım, məlumdur ki, bu gün Azərbaycanda Qızılca sürətlə yayılıb. Bu, xəstəlikdirmi və nə dərəcədə təhlükə hesab oluna bilər?

– Hazırda tüğyan edən Qızılca payız-qış fəslinə təsüdüf etdiyi üçün yayılma sürəti genişdir. Beləki uşaqlarda immun sistemi aşağı olduğundan yoluxma ehtimalı yüksəkdir. Ümumiyyətlə, tək Qızılca deyil, digər infeksion xəstəliklər də bu fəsillərdə çox aktivləşir. Ona görə də sağlam qidalanmaq, düzgün yuxu rejimi əsas götürülərək bunlara əməl etmək lazımdır. Valideynlər uşaqların düzgün qidalanmasına və yuxu rejiminə diqqət etməli, daim nəzarətdə saxlamalıdır. Valideynlər ehtiyatlı olmalıdır ki, uşaqda müəyyən bir dəyişiklik, qızdırma, öskürək, hansısa bir halsızlıq, yorğunluq hiss etdiyi halda həkimə müraciət etməlidir. Valideynlərin məlumatlandırılması vacib şərtdir. Düşünürəm ki, hər bir valideyin bu yöndə müəyyən qədər məlumatlıdır və diqqətli davranırlar.

 

– Necə hesab edirsiniz, qızılcaya görə məktəblər baglanmalıdırmı?

– Məktəblər, bağçalar yoluxma hallarının sürətlə artmasında böyük rol oynasa da, məncə məktəblərin bağlanması hələ şərt deyil. Çünki hətta məktəblər bağlansa da uşaqların valideynləri işə, yaxud harasa qonaq getdikləri vaxt yayılmaya yol aça bilərlər. Dediyim kimi, qızılca hava damcı yolu ilə yayılır. Məktəblər o vaxt bağlana bilər ki, əhalinin çox yığışdığı digər məkanlar da bağlansın. Necə ki COVİD19 dövründə qapanma yaranmışdı, elə. Digər tərəfdən, immuniteti yüksək olan uşaqlar həmin infeksiya xəstəliyinə yoluxa da bilər, yoluxmaya da bilər. Yoluxduğu halda da bu xəstəliyi asan keçirə bilər.

Nermine Abbasova

– Son zamanlar insanlar niyə peyvənddən qaçır?

– İnsanlar əvvəllər infeksion, virus xəstəlikləri ilə bağlı bu qədər məlumatlı deyildilər. COVİD19-un yayılması ərəfəsində ölüm hallarının çoxalması sanki insanlarda infeksion xəstəliklərə qarşı bir qorxu hissi yaratdı. Həmin vaxtlarda əhali arasında peyvəndləmənin ziyanı ilə bağlı fikirlər yarandı və nəticədə insanlarda peyvəndləməyə qarşı qorxu baş qaldırdı. Əslində həmin vaxt bu qorxunu yaşayanlara məlumat verilməliydi ki, peyvəndləmədən uzaqlaşmaq olmaz. Çünki bilməli idilər ki, COVİD19-dan da təhlükəli digər infeksion və virus xəstəlikləri var. Ən azından virus xəstəliklərinin yüngül keçirilməsi üçün peyvənd olunmaq şərtdir. Hətta tanıdığımız insanlar var ki, COVİD19-a görə də peyvənd olunmadılar. Bilmirik zaman nə göstərəcək. Şəxsən mən həkim olaraq COVİD19-un yayıldığı vaxtlar 3-4 dəfə vaksin olundum və hazırda da səhhətimdə heç bir problem yoxdur. Yəni özüm COVİD19 virusuna yoluxdum və vaksin olunduğum üçün yüngül keçirtdim. Düzdür, yaxınlarımızdan itkilərimiz də oldu, amma bir insanın həyatını digər insanla bağlayıb onu müzakirə etmək düz deyil. Çünki insanların orqanizmi fərqli olduğu üçün hər kəs xəstəliyi müxtəlif cür keçirə bilər. Hər bir xəstəliyin də müalicəsi hər kəsdə fərqli nəticə verə bilər. Bu baxımdan xəstəliyin ümumi fəsadlarından danışanda söylənilənləri hər kəsə şamil etməməliyik.

 

– Peyvend etdirmək məcburi ola bilərmi?

– Bütün polikinikalarda sahə həkimləri, pediatrlar öz ərazilərində yaşayanları peyvəndləmə ilə bağlı düzgün şəkildə məlumatlandırmaqla peyvəndlənməyə cəlb edə bilərlər. Hətta həkim olmayanların da bundan xəbəri var ki, Qızılca xəstəliyi tamamilə sağalmayanda müəyyən fəsadlarla iz buraxır. Bu, bütün infeksion xəstəliklərə aiddir. Yəni bütün virus xəstəliklərində tam müalicə olunmadıqda fəsadlar yaranır, fərdin sağlamlığı təhlükə altında olur. Çünki tam sağalmamaq gələcəkdə daha ağır viruslara yoluxmanı asanlaşdırır. Bir həkim olaraq valideynlərə tövsiyyə edirəm ki, insanlar öz yaşadıqları ərazilərinə yaxın sahə poliklinikalarda uşaqlarını vaxtlı-vaxtında peyvənd etdirsinlər.

 

– Həkim, türkəçarə üsullarla müalicə effekt verə bilərmi və bu istiqamətdə hansı insanlara tövsiyələr verilə bilər?

– Türkəçarə üsulları müalicə effekti verə bilər. Bu, xəstəliyin ağırlıq dərəcəsindən, xəstənin ümumi vəziyyətindən asılıdır. Yəni təbii ki, əgər xəstəlik ağırlaşmış formadadırsa, mütləq ilk öncə dərmanlar, medikamantoz yanaşmalar, həkim nəzarəti, yataq rejimi şərtdir. Türkəçarə üsulları da əlbəttə ki, sadaladıqlarımla yanaşı aparılmaqla effektiv ola bilər. Mən immunitetin yüksəlməsi üçün əvvəlcədən meyvə şirələrindən, ot dəmləmələrindən profilaktik olaraq istifadəni tövsiyyə edirəm.

Nermine Abbasova

– Əvvəlki dövrlərdə yayılan qızılca ilə indiki qızılca arasında simptom fərqləri varmı?

– Mənə elə gəlir ki, heç bir symptom fərqi yoxdur. Qeyd etdiyim kimi, insan orqanizmasının fərqli olmasından asılıdır. Çünki orqanizm zəifdirsə, təbii ki, yüksək qızdırma, səpkilərin çox olması müşahidə olunacaq. Xəstəlikdən sonra kimdə hansı fəsadın baş verəcəyini detallarıyla demək olmur. Amma hər bir fəsad qaçılmazdır. Əvvəlki simptomla fərqi deyəndə, düşünürəm ki, əvvəllər ola bilsin qızılcaya indiki qədər fikir verilməyib. Dədə-babadan eşitdiyimiz bir fikir var idi ki, Qızılca xəstəliyi ağır xəstəlikdir, onu diqqətlə, normal müalicə etmək lazımdır. Yəni göründüyü kimi zamanında da indiki kimi qorxulu xəstəlik kimi tanınıb. Sadəcə olaraq, qeyd etdiyim kimi, o dövrlər insanlarımız bugünkü kimi məlumatlı deyildi.

Bu gün həkimlərimizin hər birinin üzərinə böyük məsuliyyət düşür. Yəni hər bir həkim ixtisasından asılı olmayaraq öhdələrinə düşənləri etməlidilər. Tək infeksionostlər deyil, bütün sahələrin həkimlərinə tövsiyyə olunur ki, hər kəs rastlaşdığı qızdırmalı, səpkili xəstəni infeksionistə yönləndirməlidir. Eyni zamanda bacardığımız profilaktik tədbirləri görməliyik. Müalicə simptomlara uyğun getməlidir. Qızılca virus xəstəliyi olduğu üçün həmən antibiotic tətbiq etmək olmaz. Əgər uşağın qızdırması varsa, səpki hələ görünməsə də ağırlaşma varsa, təcili xəstəliyə qarşı yüngül də olsa hətta türkəçarələrlə də olsa tədbir görülməlidir.

Amma bütün bunlarla yanaşı Qızılca qorxusu yaratmamalıyıq. Xəstəlik var və olacaq, müalicə ilə də keçib gedəcək. Amma müalicəyə üstünlük verilmədikdə, hərə öz bildiyi kimi “müalicə” edəcəksə, həkimə ən son anda üz tutacaqsa, təbii ki, ölüm halları da qaçılmaz olacaq.

 

T.Qafarlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir