qizil

Nəzarətsiz qalan qızıl bazarı

Baxış sayı: 493

Son günlər Azərbaycanda zərgərlik bazarında saxta məhsulların satılması ilə bağlı iddialar artıb. Bu sahəyə hazırda nəzarətin istənilən səviyyədə olmaması səbəbindən bazarda aşağı keyfiyyətli malların kifayət qədər çox olduğu, vətəndaşların aldadıldığı iddia edilir. Hətta KOBİA İdarə Heyəti sədrinin I müavini Natiq Həsənov da bu bazarın bir hissəsinin qeyri-leqal fəaliyyət göstərdiyini təsdiqləyib. Dövlət rəsmisi bu sahədə istehlakçı hüquqlarının kifayət qədər pozulduğunu, bazarda müəyyən tənzimləyici alətlərin tələblərinin tam yerinə yetirilməməsi ilə əlaqədar təkmilləşdirmə işlərinin aparılmasının vacib olduğunu bildirib.

Bəs zərgərlik məhsulları bazarında hansı zəruri tədbirlər görülməlidir? Ümumiyyətlə, təkmilləşdirilmə işlərinin aparılması bu bazara necə təsir edəcək?

Qurunun oduna yaş da yanır?

Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev deyir ki, zərgərlik bazarında əhəmiyyətli paya malik olan bazar iştirakçıları, istehsalçılar əvvəlki Əyar Palatasının funksiyalarını icra edən qurumun fəaliyyətə başlamasının tərəfdarıdırlar. Çünki saxta məhsullarla bağlı yayılan xəbərlər bu bazara mənfi təsir edir, işini düzgün görən istehsalçılara da inamı sarsıdır. Mütəxəssisin sözlərindən məlum olur ki, çıxan xəbərlərlə qurunun oduna yaş da yanır: “Saxta məhsullarla bağlı xəbərlərdə konkret halların səsləndirilməsi, saxta məhsul satanın ifşa olunması daha faydalı olar. Çünki ümumi fikir səsləndirildikdə, həm bazarın, həm də illərdir dürüst işləyən, müəyyən alıcı kütləsi olan zərgərlərin adına xələl gəlir. Belə xəbərlərdən sonra satışlar düşür, bu da zərgərlik sahəsinə mənfi təsir göstərir. Sözsüz ki, biz belə halların olmasını inkar edə bilmərik. Çünki nəzarət edən struktur yoxdur. Əvvəllər Qiymətli Daşlara və Metallara Nəzarət Dövlət Xidməti var idi, o qurum da fəaliyyət göstərmir. Əgər elə bir qurum olsa idi, təbii ki, istehsalçıların və istehlakçıların da hüquqları qorunardı”.

 

Bu, artıq saxtakarlıq deyil

Assosiasiya sədri deyir ki, alıcı kütləsində də müəyyən stereotiplər var. Biz nəyə saxta deyirik, əvvəlcə o araşdırılmalıdır: “Zərgərlik sənayesinin müəyyən qanunları var. Məmulatın tərkibində səkkiz karatdan, əyarla desək, 333 əyardan yuxarı qızıl varsa, o artıq qızıl sayılır. Düzdür, bu hələ Azərbaycanda geniş yayılmayıb, əsasən Qərbi Avropa ölkələrində, Amerikada belədir. Amma Azərbaycanda ən məşhur iki əyar var. Biri 585 (14 karat), buna xalq arasında türk qızılı da deyirlər, digəri 750 (18 karat), xalq arasında italyan qızılı da adlanır. Əslində, italyan, türk qızılı adlandırmaq da düzgün deyil. Çünki İtaliyada da 585, Türkiyədə də 750 əyar qızıl var. Qiymətli daşlara gəldikdə, satıcı alıcıya daşın təbii brilyant, yaxud süni şəraitdə yetişidirilməsi ilə bağlı məlumat verməlidir. Əgər satıcı bunu bildirirsə, bu, artıq saxtakarlıq deyil. Metaldırsa da metalın adı və əyarı göstərilməlidir”.

 

Qızılın saxta olmadığını necə bilmək mümkündür?

Mütəxəssis qeyd edir ki, alıcı qızılın saxta olub-olmadığını müəyyənləşdirə bilməz: “Kustar üsulla, ev şəraitində bunu bilmək mümkün deyil. Hər biri laboratoriya şəraitində yoxlanmalıdır. Çünki bu gün elə qalın örtük üsulları var ki, ev şəraitində müəyyənləşdirmək mümkün deyil. Bu işlə də qiymətli daşlar üzrə mütəxəssislər (gemoloqlar) məşğul olurlar”.

Assosiasiya sədrinin sözlərinə görə, günahkar həmişə istehsalçı olmur. İstehlakçı da öz məsuliyyətini bilməlidir: “Məsələn, satıcı qiymət deyir, alıcı deyir ki, daha ucuz olsun. Bu, həm onun özünü risk altına atır, çünki, mənşəyi bəlli olmayan məhsul o qiymətə verilə bilər. Həm də sahibkarı vergidən yayınmağa sövq edir. Əgər istehlakçı kassa çeki, məmulatın bütün xüsusiyyətləri qeyd olunan sertifikat tələb etsə, saxtakarlıqla üzləşməz”.

Zərgərlik bazarında alıcılar nədən narazıdırlar?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, zərgərlik bazarında ən çox şikayətlər alıcıların aldığı malı qaytara bilməməsi ilə bağlıdır: “Nazirlər Kabinetinin 114 saylı qərarına görə qiymətli metallar, o cümlədən qızıl zərgərlik məmulatları, dəyişdirilməyən və qaytarılmayan mallar siyahısındadır. Çox təəssüf ki, bu, istehlakçı hüquqlarını pozur və bundan sui-istifadə edənlər də az deyil. Bəzi satıcılar da bunu bildiyi üçün keyfiyyətsiz malı vətəndaşa satır, sonra da qanunu əsas göstərərək qaytarmır”.

 

Əvvəllər qızılın üzərində romb damğası olurdu

Şikayətlərin məğzinə gəldikdə isə, E.Hüseynov bildirir ki, onlara gələn şikayətə görə, satıcı alıcıya 20 000 manata işlək olmayan saat satıb: “Qızıl saatdır, amma növbəti gündən sonra saat işləməyib. Dəyişmək, yaxud qaytarmaq istədikdə isə deyirlər ki, bu qiymətli metaldan hazırlanıb, ona görə nə dəyişirik, nə də qaytarırıq. İllər boyu ölkədə Əyyar Palatası var idi. Bu palata qızıl məmulatlarını yoxlayır, üzərinə romb damğası vururdu. Bizə müraciət edən şəxslərə deyirdik ki, harada romb damğası varsa, onlara üstünlük verin. Yeddi ildən çoxdur ki, bu palata ləğv olunub, bu sahə demək olar ki, başlı-başına qalıb. Belə qurumun yaradılması həm zərgərlik bazarına müsbət təsir edəcək, həm də alıcıların hüquqları qorunacaq”.

 

Dövriyyəmiz 220-230 milyona çatacaq

Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev təəssüflə bildirir ki, bu gün də MDB zərgərlik bazarında ən keyfiyyətli məhsullar Azərbaycan məhsulları sayılır, lakin ölkəmizdə öz məhsullarımız o qiyməti görmür: “Azərbaycanda zərgərlik sənəti kifayət qədər qədimdir. Hələ sovet vaxtından Bakı Zərgərlik Zavodu Moskva Zavodundan sonra ikinci yerdə idi. Bu gün də MDB bazarında ən hörmətli, ən keyfiyyətli məhsullar Azərbaycan məhsulları sayılır. Əfsuslar olsun ki, Azərbaycanın öz alıcılarının inamı yoxdur. İtaliya, Türkiyə, Avropa, ABŞ məhsulları olar, amma Azərbaycan olmaz. Bu, çox səhv yanaşma və stereotipdir”.

T.Abbasquliyev sonda vurğuladı ki, zərgərlik məhsulları bazarında təkmilləşdirilmə işlərinin aparılması bu sahəyə müsbət təsir edəcək: “2022-ci ilin nəticələrinə görə, bazarımızın dövriyyəsi 153 milyon manat olub. Bu il də proqnozumuza görə, dövriyyəmiz 220-230 milyona çatacaq. Bu sahənin inkişafı qeyri-neft sektorunun şaxələnməsinə töhfə verəcək”.

 

Aygün ƏZİZ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir