Nermine Abbasova

Nərminə Abbasova: “Həkim tərəfindən təlimat verilmədikcə, bu dərmanların istifadəsi məsləhət görülmür”

Baxış sayı: 790

Son zamanlar öskürəklə müşahidə olunan xəstəliklər artmaqdadır. Öskürək niyə yaranır və səbəbi nədir?

Mövzumuzla bağlı oxucularımıza danışan Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova bildirdi ki, bu, sinuzitlə, boğaz iltihabı, qırtlaq, traxiya, bronx və yaxud ağciyər xəstəlikləri, viruslar, göy öskürək, xüsusi atipik mikroblar, bakterial infeksiyaları ilə əlaqədər ola bilər. Onun sözlərinə görə, səbəb araşdırılmalı və səbəbə görə də dərman təyin olunmalıdır:

“Müalicə səbəbə yönəlik aparılmalıdır. Bəzi xəstəliklər müalicə olunmur. Məsələn, göy öskürək xəstəliyi uşaqlarda uzun müddət davam edən fasiləsiz öskürəyə səbəb olur. Bu xəstəliyin köklü müalicəsi yoxdur. Ona qarşı yazılan dərmanlar ancaq sikayətləri bir az azalda bilər. Virus infeksiyalarda da belə ola bilər. Bəzən 1 ay davam edən öskürək halı olur. Bu zaman həkimin edəcəyi heç bir iş olmur. Sadəcə olaraq gözləmək lazım gəlir. Amma mikrob və bakteriyalar zamanı antibiotiklərin təyini ilə bunun öhdəsindən gəlmək olur. Valideynlərin bunu bilməsi çox əhəmiyyətlidir, çünki bəzən uşaq göy öskürək xəstəliyinə yoluxur, valideyn isə onun müalicə olunmadığından xəbərsiz olduğundan çoxlu həkimlər gəzir və dərmanlar istifadə edir.

Terapevtin fikrincə nəticə olaraq demək olar ki, bir az öskürək normaldır. Onun sözlərinə görə, bir həddə kimi öskürək bizim üçün faydalıdır, bizi qoruyur:

 

 

“Öskürək siroplarının hər zaman və həmin an verilməsi dogru deyil, xüsusilə azyaşlı körpələrə tövsiyə olunmur. Öskürək siropları hər zaman öskürəyin qarşısını ala bilmir, cünki bəzi xəstəliklərdə nə etsək də, öskürək müəyyən vaxta qədər davam edəcək. Öskürəyi deyil, səbəbi tapmaq və mümkünsə onu müalicə etmək lazımdır.

Qeyd edim ki, öskürmək bizim müdafiə mexanizmamızdır və öskürməklə tənəffüs yollarımızda olan maddələri, virusları, selik, bəlğəm və sair şeyləri kənarlaşdırırıq. Bu vasitə ilə tənəffüs yollarımız təmizlənir. Ona görə öskürəyi mütləq olaraq pis deyə dəyərləndirə bilmərik. Hətta bizim xeyrimizədir deyə bilərik. Ona görə də öskürək başlayan kimi onun əleyhinə dərhal dərmanlar vermək doğru deyil. Xüsusilə də az yaşlı körpələrə öskürək əleyhinə dərmanların verilməsi tövsiyə olunmur.

Nərminə xanım vurğuladı ki, xəstəliyin yoluxuculuq xüsusiyyəti çox yüksəkdir. Xəstəlikdən sonra yaranan immunitet çox dayanıqlıdır və adətən ömürlük saxlanılır. Həkimin sözlərinə görə, yaşlı insanlarda təkrar xəstələnmə müşahidə edilə bilər. Lakin bir qayda olaraq, tezliklə sağaldığı üçün adi soyuqdəymə kimi qəbul edilir:

 

“Əsas uşaqlarda bu boğucu öskürəyin yaranma riskinin yüksək olmasına baxmayaraq, xəstəlik hər yaşda meydana gələ bilər. Ümumiyyətlə, göy öskürək əsasən soyuqdəymə əlamətləri kimi başlayır. Simptomlara burunun axması, subfebril hərarət, yorğunluq, yüngül və ya aşağı tezlikli öskürəklər aid edilə bilər. Zamanla öskürək daha da ağırlaşır. Öksürək bir neçə həftə, bəzən 10 həftə və ya daha uzun davam edə bilər. Simptomların kəskinlik dərəcəsi insanlardan asılı olaraq dəyişə bilər. Simptomlar daha əvvəl infeksiyaya qarşı profilaktika tədbirləri almış şəxslərdə əsasən daha az şiddətli olur. Yetkin xəstələrdə göy öskürək simptomları uzun çəkən kəskin öskürək, daha sonra nəfəsi bərpa etmək üçün nəfəs alma, öskürəkdən sonra qusma, öskürəkdən sonra taqətsizlik kimi müşahidə olunur. Klassik bir  simptom da var ki, bu zaman kəskin öskürək tutmasından sonra xəstə nəfəs almağa başlayanda yüksək amplitudlu səs çıxarır. Amma bu simptom göy öskürək olan yetkin şəxslərdə olmaya da bilər”.

Nərminə xanım deyir ki, göy öskürək zamanı uşaqlarda böyüklərə nisbətən daha çox ağırlaşma hallarının olmasına baxmayaraq, böyüklərdə də bəzi ağırlaşma halları baş verə bilər. Onun sözlərinə görə, öskürək dərmanları qəbul etmək əlamətləri yüngülləşdirə bilmir deyə, həkim tərəfindən təlimat verilmədikcə, bu dərmanların istifadəsi məsləhət görülmür.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




2 şərh “Nərminə Abbasova: “Həkim tərəfindən təlimat verilmədikcə, bu dərmanların istifadəsi məsləhət görülmür”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir