nagil

Nağıllarımızda yanlış obrazlar: “Bu nağılda xəyanət var”

Baxış sayı: 455

Uşaqlıqdan bəri izlədiyimiz, nənələrimizin dilindən dinlədiyimiz xalq nağılları ilə bağlı bəzi müzakirələr meydana gəlib. Yeni və köhnə nəslin nümayəndələrinin bir qismi həmin nağıllardakı obrazların uşaqları düzgün yönə çəkməməsindən, doğru olmayan fikirlərlə yükləməsindən narazılıq bildirirlər.

Həkim-farmokoloq Müşfiq Hüseynov yazır ki, “Xalqın uşaqları, cəsur “Robin Hood”la, ədalətli “Kral Artur” la, xəyalpərəst “Don Kixot”la, güclü “İlya Muromets”lə, uzağı “Pələng dərisi geymiş qəhrəman”la böyüyür, amam bizimkilər yolunu azmış, fırıldaqçı, yalançı, fikri ancaq qarnında olan, ağlı ancaq bicliyə çatan liliput obraz “Cırtdan”la”.

Sosial şəbəkə istifadəçisi Süleyman Əliyev isə qeyd edir ki,”Kosa ilə Keçəl” obrazı da düzgün seçilməyib. Çünki Kosa saf, təmiz qəlbli Keçəli aldadır, axmaq yerinə qoyur, aşağılayır və bunu görən uşaq isə düşünür ki, ya kosa kimi əclaf olacaqsan, ya da keçəl kimi basıb əzəcəklər səni.

Psixoloq Fərqanə Mehmanqızı məsələ ilə bağlı Bizimyol.info-ya açıqlama verən zaman bildirib ki, bəli, yayılmış bəzi xalq nağıllarımızda düzgün toxunulmayan məsələlər var.

Fərqanə Mehmanqızı

“Məsələn, “Məlikməmməd nağılı”na nəzər salsaq, görərik ki, orada qardaşlar dövlət üstündə savaşırlar, atalarına yalanlar söyləyirlər. Guya burada məqsəd Xeyirin Şər üzərində qələbəsini göstərməkdir. Amma iki qardaş dalaşırsa, burada hansınınsa qalib olduğunu göstərmək olmaz axı. Bu ailədaxili münaqişəyə gətirib çıxardır. Doğurdan da bu nağılların uşaq psixologiyasına təsiri çox böyükdür. Nağıllarda obrazı təsvir edəndə onun mahiyyəti olmalıdır. Saul olunmalıdır ki, burada uşağın təhtəlşüuruna nəyi qazandırıram? Şüuraltına nəyi yeritmək istəyirəm və məqsədim nədir?

Şəxsiyyətin formalaşmasında hər bir obrazlı oyunların, sözün məqsədi, hədəfi olmalıdır. Yəni bu gün təhtəlşüura yeritdiyimiz fikirlər, ideyalar sabah şəxsiyyətin formalaşması dövrü bitdikdən sonra sağlam şəxsiyyət kimi cəmiyyətə atılan şəxsdə özünü qabarıq şəkildə göstərəcək.

İndi isə götürək “Tıq-Tıq xanım” nağılını. Orada hansı keyfiyyətlər göstərilir? Bu obrazın məğzi, mahiyyəti nədir? Bizə nə verir? Axı biz dostluğun möhkəmliyini uşaqlara göstərməliyik. Amma bu nağılda əksi göstərilir. Bu nağılda xəyanət, çətinə düşəndə dostunu atmaq və s. var.

Biz bu gün “Helloween”i pisləyirik. Deyirik ki, burada aqressiya, şiddət var. Amma heç İngiltərənin özündə bu bayram o formada keçirilmir. Biz isə hər şeyin ifratına vardığımız üçün ortaya xoş olmayan mənzərə çıxır, bayram vampirliyə doğru gedir. Biz bu bayramları sevmirik, çünki övladlarımızda xoş olmayan hissləri yaşatmaq istəmirik, amma öz nağıllarımızdakı obrazları görmürük.

Düzdür, bu gün reallıqdır ki, yeni nəsil uşaqlar bu nağıllarla böyümürlər. Amma adət-ənələrimizdən gələn bu kimi obrazlar da var ki, onlar bu gün də çox aktualdırlar. Məsələn, “Kosa və Keçəl” obrazı. Əvvəllər bu milli adətlər mahiyyət daşıyırdılar, ağırlıqları var idi. İndi isə ələnib-ələnib lazımsız məqamları qalıb.

Əslində “Kosa və Keçəl”in çox yaxşı anlamı var. Bu obrazlar varlıdan alıb kasıba vermək kimi bir şey idi. Amma bu gün bu obrazları çox ucuzlaşdırıblar, dilənçi halına gətiriblər. Kosanı evləndirmək üçün pul dilənirlər, başına yumurta vururlar, müxtəlif təlxəkliklər edirlər. Bunun isə əslində “Kosa və Keçəl”in obrazına aidiyyatı yoxdur”,- deyə psoxoloq qeyd edir.

 

Leyla Mirzə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir