Nermine Abbasova

“Narahat ayaq sindromu tez-tez rast gəlinən xəstəlik olsa da, diaqnozu nadir hallarda qoyulur”

Baxış sayı: 452

Bəzən insan özünü halsız, yuxusuz, yorğun hiss edir. İş görməyə belə həvəsi olmur. Nə qədər yatıb-dincəlsən də, bu yorğunluq keçmək bilmir.

“Gencaile.az” saytının budəfəki mövzusu yorğunluq sindromu ilə bağlıdır.

Yorğunluq sindromu ilə bağlı həmsöhbətimiz Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt, ailə həkimi Nərminə Abbasovadır.

Nərminə Abbasova bildirdi ki, 6 aydan artıq davam edən bu cür yorğunluq hissi xroniki yorğunluq adlanır. Onun sözlərinə görə, səbəbli yorğunluğu aradan qaldırmaq olsa da, səbəbsiz yorğunluğu aradan qaldırmağın heç bir yolu yoxdur. Xroniki yorğunluq da səbəbsiz yorğunluqdur. Belə ki gecəni səhərə kimi yatmayıb, ayaq ağrısından şikayətlənənlərdə ağrının səbəbi əksər hallarda narahat ayaq sindromu ilə əlaqədar olur:

Həkim-terapevt deyir ki, narahat ayaq sindromu aşağı ətraflarda sakitlik halında, xüsusən də gecə yatarkən baş verən xoşagəlməz hissiyyat və ağrıdır:

“Statistika göstərir ki, dünya əhalisinin hər 10 nəfərindən birində həmin narahatlıqlar müşahidə olunur. Bütün yaş qruplarında olanlar narahat ayaq sindromundan əziyyət çəkə bilər, lakin ona daha çox orta yaş qrupu və yaşlılarda rast gəlinir. Şikayət hallarının yarıdan çoxunda heç bir nevroloji və ya somatik xəstəlik aşkar olunmur. Ona görə də xəstəyə birincili və ya idiopatik narahat ayaq sindromu diaqnozu qoyulur.

Birincili narahat ayaq sindromu çox vaxt irsi xarakter daşıyır və 30 yaşa qədər meydana çıxır. Lakin bir çox tədqiqatçılar ağrının yaranmasında xarici mühit faktorlarının da əhəmiyyət daşıdığını qeyd edirlər.

İkincili, yəni simptomatik narahat ayaq sindromun inkişafına səbəb olan üç əsas faktor var: hamiləlik, uremiyanın son mərhələsi və dəmir defisiti. Ondan əlavə şəkərli diabet və amiloidoz zamanı da xəstəlik inkişaf edə bilər. B12 vitamini, fol turşusu, tiamin, magnezium çatışmazlığı, həmçinin qalxanabənzər vəzin xəstəlikləri, revmatoid artrit, Şeqren sindromu və porfiriyada da narahat ayaq sindromu halları qeydə alınıb. Sindromun simptomatik forması adətən 45 yaşdan sonra meydana çıxır və sürətlə proqressivləşir”.

Nərminə xanım qeyd etdi ki, narahat ayaq sindromu zamanı Subyektiv patoloji hissiyyat, narahat ayaq sindromu zamanı patoloji hissiyyatın xarakterik əlaməti kimi simptomlar müşahidə olunur:

“Subyektiv patoloji hissiyyatda xəstələr aşağı ətrafda baş verən qaşınma, gizilti, kəsici, batıcı və sıxıcı ağrılar, həmçinin “qarışqa yeriməsi” hissindən şikayətlənirlər. Bəzən güclü ağrını xatırladan hissiyyat olsa da, əlamətlər əsasən ağrısız olur. Xoşagəlməz əlamətlər adətən baldırın dərinliyində, bəzən də pəncədə toplanır. Proses irəliləyərək yuxarıya doğru bud nahiyəsinə və əllərə yayılır, asimmetrik xarakter daşıyır.

Narahat ayaq sindromu zamanı patoloji hissiyyatın xarakterik əlamətinə isə ağrının sakitlik zamanı artması, hərəkət zamanı isə azalması və ya tamamilə itməsi kimi hallar aiddir. Vəziyyətini yüngülləşdirmək üçün xəstə ayaqlarını açıb-bükür, silkələyir, ovxalayır, yataqda çevrilir, hətta qalxıb otaqda yerimək məcburiyyətində qalır, hər xəstənin özünəməxsus hərəkət “repertuarı” formalaşır. Hərəkət vaxtı səngiyən ağrı xəstə yatağına uzanan kimi yenidən başlayır.

İlk vaxtlarda ağrı və narahatlıq yatağa uzandıqdan yarım saat sonra başlasa da, sonralar daha erkən saatlarda yaranır. Adətən gecə saat 12-dən səhər 4-ə qədər narahatlıq daha dözülməz xarakter alır, səhərə yaxın əlamətlər yavaş-yavaş səngiyir.

Ağır hallarda narahatlığın xarakterik sutkalıq ritmi itir, ağrılar günün istənilən saatında yalnız uzananda deyil, hətta oturanda da baş verir. Bu, xəstənin həyat keyfiyyətinə təsir göstərir, kino və teatr ziyarətlərini, təyyarə və ya avtomobillə uzun səyahətləri mümkünsüz edir”.

Həkim bildirdi ki, narahat ayaq sindromunun ən əsas ağırlaşması insomniya – yuxunun pozulmasıdır. Belə ki xəstə uzun müddət yuxuya gedə bilmir, gecə dəfələrlə oyanır, bunun nəticəsi olaraq gün ərzində tez yorulur və yuxulu olur:

“Gecə yuxuda xəstələrin ətraflarında periodik dartılmalar baş verir, təqribən 1-5 saniyə çəkən hərəkətlər ayağın pəncədən və ya dizdən bükülməsi ilə özünü göstərir. Yüngül hallarda xəstənin yaxınları belə dartınmaları hiss etməsə də, ağır formalarda narahatlıq bütün gecə davam edir və xəstənin yuxusunu pozur.

Birincili narahat ayaq sindromlu xəstələrin nevroloji müayinəsində heç bir patologiya üzə çıxmasa da, simptomatik narahat ayaq sindromu zamanı somatik və ya nevroloji əlamətlər, xüsusən də polinevropatiyalar aşkar edilir”.

Nərminə xanım vurğuladı ki, narahat ayaq sindromu tez-tez rast gəlinən xəstəlik olsa da, diaqnozu nadir hallarda qoyulur. Həkimin sözlərinə görə, praktik həkimlər adətən xəstənin şikayətlərini konkret xəstəliklə, məsələn nevroz, psixoloji stress, periferik damar və oynaqların xəstəlikləri, hətta osteoxondrozla əlaqələndirməyə çalışırlar:

“Müalicənin ümumi prinsipləri birincili xəstəliyin korreksiyasına yönəlir. Dərman preparatları ilə yanaşı xəstələrə bitki tərkibli preparatlar da təyin olunur. Bütün xəstələrə yüngül idman hərəkətləri tövsiyə olunur. Axşam yatmazdan qabaq yarım saat təmiz havada gəzmək, duş qəbulu, şokolad, qəhvə, tünd çay kimi kofein tərkibli qidaları rasiondan çıxarmaq, alkoqol və siqaretdən imtina etmək müalicənin səmərəsini artırır. İsti vannalar qəbul edilməsi də xəstələrin vəziyyətini yüngülləşdirir. Bəzi hallarda masaj, refleksoterapiya və maqnitoterapiya da yaxşı təsir göstərir”.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir