Narkomaniya

Narkomaniya bəlasından necə xilas olmalı?

Baxış sayı: 1. 339

Bu günlərdə gənc narkoman gəncin intihara cəhd etməsi ilə bağlı məlumat yayıldı. Məlumata görə, 31 yaşlı E.Hüseynbəyov Narkoloji Mərkəzin həyətində hər iki qolunu kəsərək intihara cəhd edib. O, Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə məhkum olunub. Onun uzun müddətdir ki, narkotik maddə aludəçisi olduğu bildirilir.

Ümumiyyətlə həbsxanalarda narkotik maddə, həbsxana dili ilə desək “milli maddə” aludəçisinin kifayət qədər çox olduğu hər kəsə məlumdur. Vaxtaşırı mətbuatda, mediada həbsxanalara hansısa yolla narkotik maddələrin ötürülmə cəhdləri ilə bağlı məlumatlara rast gəlirik. Təkcə həbsxanalarda deyil, bütövlükdə cəmiyyətimizdə, hətta qadınlar və yeniyetmələr arasında narkomanlarının sayının artdığı müşahidə olunmaqdadır. Son statistik məlumata görə, Azərbaycanda narkomanların sayı 29 minə çatıb. Belə ki, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 31.12.2016-cı il tarixinə olan məlumatına əsasən, Mərkəzdə 29.448 nəfər qeydiyyatda olub.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun məlumatına görə, narkomanlardan 24.056 nəfəri dispanser, 5.392 nəfəri profilaktik qeydiyyatda olanlardır. Onlardan 18 yaşa qədər 5 nəfər, 612 nəfəri qadın, 183 nəfəri toksikoman, 20.576 nəfəri (459 nəfər qadın) inyeksion narkotik istifadəçiləridir. 2016-cı ildə 2.142 nəfər yeni qeydiyyata götürülüb, 1.249 nəfər isə qeydiyyatdan çıxarılıb. Bəs görəsən ölkəmizdə niyə narkomanların sayı bu qədər artıb? Dövlət bununla bağlı hansı tədbirlər görür və ya görməlidir?
Məsələ ilə bağlı Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin sədr müavini Leyla Yolçuyeva “Yeni Müsavat”a danışıb. Onun sözlərinə görə əslində ötən ilin statistikası ilə müqayisədə bu il narkomanların sayında güclü artım yoxdur:
“Əksinə deyərdim ki, fərqli olaraq geriləməyə başlayıb. Dövlət əslində bu sahədə çox böyük tədbirlər görür. Amma çox təəssüflər olsun ki, bu tədbirlər pərakəndə şəklində aparılır. Biz hər zaman Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi kimi qeyd edirik ki, əgər biz birləşsək, yəni Dövlət Komissiyası, Narkoloji Dispanser, hər hansı psixoloqların mərkəzi, hökumət və qeyri-hökumət təşkilatları birlikdə əl-ələ verib birlikdə bir iş çalışıb ortalığa çıxartsaq, gələcəkdə narkomanların sayı da azalar. Ən azı yeni narkomanlar peyda olmaz.
Narkoman məhkumlarla bağlı qeyd etmək istəyirəm ki, biz əslində narkomanlara cinayətkar kimi deyil, xəstə kimi yanaşmalıyıq. Çünki xarici ölkələrdə narkomanlar cinayətkar deyil, xəstə kimi qəbul edirlər. İlk başda həmin şəxslər müalicə alır və tam sağaldıqdan sonra cəzasını çəkməyə başlayır.

Təəssüflər olsun ki, bizdə narkomanlara cinayətkar kimi yanaşıldığından onlar müalicə almadan həbsxanalara aparılır və orada daha da pis vəziyyətə düşürlər. Biz özümüz də dəfələrlə qadın həbsxanalarında olmuşuq və müşahidə etmişik ki, heç də qadın narkomanların sayı az deyil. Onların vəziyyəti ilə daha yaxından tanış olanda gözlərində ümid işığı görürdük, sanki gözləyirdilər ki, kimsə onlara hansısa yolla köməklik edər. Bizim cəmiyyətimiz xüsusən də həbsxanalarda olan narkomanlara xəstə kimi yanaşılsa, bununla bağlı reabilitasiya mərkəzi yaradılsa, insanlar məhz reabilitasiyadan sonra həbsxanalara yerləşdirilsə daha məqsədə uyğun olar. Lakin təəssüf ki, ölkəmizdə reabilitasiya haqqında qanun işlənib hazırlanmayıb. Hazırlanıb və təqdim olunsa belə hələ ki, qəbul olunub qüvvəyə minməyib. Ümid edirəm ki, gələcəkdə bununla bağlı qanun qüvvəyə minəcək və reabilitasiya mərkəzi fəaliyyət göstərəcək”.
Qurum əməkdaşı qadınlar və yeniyetmələr arasında narkomanların sayının artması ilə bağlı məsələyə bu cür aydınlıq gətirdi:“Ailədə olan stress, problemlər, qadınların anlayışla qarşılanmaması və yaxud da yeni qurduqları ailədə onlara göstərilən təzyiqlər sonda qadınların problemləri çözə bilməməsinə gətirib çıxarır. Və onlar müəyyən dərmanlar, preparatlar qəbul etməklə özlərini bu dünyadan tamamilə ayrılmış hiss edirlər. Yəni çarəni bunda görürlər. Yeniyetmələrə gəldikdə isə onlar narkotik maddələrdən istifadə etməklə sanki özlərini cəmiyyətdə təsdiq etmək istəyirlər. Narkotik maddələrdən istifadə etməklə özlərini çox xoşbəxt hiss edirlər. Amma gərək onlar unutmasın ki, bu dərmanların təsiri getdikdən sonra onlar yenə də əvvəlki vəziyyətlərinə geri dönəcəklər. Əslində onlar çıxış yolu təhsilini yaxşı almaqda, idmanla məşğul olmaqda, aktiv həyat tərzi keçirməkdə görməlidirlər”.
Qurum əməkdaşı onu da qeyd etdi ki, narkomaniyaya qarşı mübarizə üçün məktəblilər üçün dərs vəsaitləri hazırlanıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir