nikah muqavilesi

Nikah müqaviləsi məcburi ola bilərmi?

Baxış sayı: 178

Son zamanlar boşanmaların sayının sürətlə artması və bununla müşayiət olunan aylarla sürən məhkəmələr, ər və arvad tərəfin dərin psixoloji sarsıntılara məruz qalması nikah müqaviləsinin bağlanılmasını zəruri edir. Boşanmayla əmlak və uşaqların hüquqları ilə bağlı mübahisəli məsələlər ortaya çıxır. Bir çox hallarda qadın evsiz-eşiksiz qalır, uşaqlar da bir qayda olaraq qadınlara verilir.

Qeyd edək ki, nikah müqaviləsi – nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Nikah müqaviləsi ər-arvadın birgə mülkiyyətinin qanunla müəyyən edilmiş rejimini dəyişdirərək müqavilə rejimini müəyyənləşdirir. Başqa sözlə, ər-arvad nikah müqaviləsi bağlamaqla ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq etmək imkanına malikdirlər.

Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov parlamentdə keçirilən dəyirmi masada deyib ki, hazırda ölkədə vətəndaşlar arasında dini nikah-kəbin çox bağlanır, amma bu, onlar arasındakı nikahın daha da möhkəmlənməsinə xidmət etməlidir. Deputat ölkədə münasibətdə olan əks cinslər arasında bir sıra hallarda nikahın bağlanmamasından narahatlığını bildirib: “Dini nikah bir mənəvi dəstəkdir. Amma gələcəkdə mütləq elə bir addım atmalıyıq ki, tərəflər arasında nikah müqavilələri də bağlansın. Mülkiyyət münasibətləri, alimentin verilməməsi, uşaqların valideynlərə göstərilməməsi ilə bağlı rəsmi qurumlara müraciətlər, şikayətlər edilir. Buna görə də nikah müqavilələri bağlanmalıdır. Bəzən gəlini gətirirlər və onu evdə qeydiyyata salmırlar ki, birdən sabah əmlaka iddiaçı olar. Bu baxımdan nikah müqavilələrinin bağlanması çox düzgündür” (APA).

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü, hüquqşünas Əliməmməd Nuriyev bildirir ki, nikaha daxil olarkən tərəflər arasında nikah müqaviləsinin bağlanılması ilə bağlı cəmiyyətdə uzun müddət müzakirə gedir: “Eyni zamanda, “Ailə Məcəlləsində müvafiq dəyişikliklər baş verdi, nikah bağlanılması ilə bağlı müvafiq müddəa daxil edildi. Amma nikah müqaviləsi könüllü xarakter daşıyan bir müqavilədir. Yəni, bu müqavilənin bağlanılması tərəflərin üzərinə bir öhdəlik kimi qoyulmur. Azərbaycanda Ailə Məcəlləsinə görə tərəflərə yalnız nikaha girməmişdən əvvəl mütləq tibbi yoxlamadan keçməsi barədə məcburi öhdəliklər qoyulur. Nikah müqaviləsinin bağlanılması isə tərəflərin özünün mülahizəsinə buraxılır”.

Dünyanın əksər ölkəsində nikah müqavilələri institutunun olduğunu deyən müsahibimiz bildirir ki, nikah müqaviləsi imzalanarkən ona ər və arvadın öhdəlikləri əlavə olunur, eyni zamanda burada əmlak bölgüsü ilə bağlı məsələlər də vardır. Hər kəsin nikaha daxil olarkən malik olduğu əmlakının ona məxsus olması, sonra nikah dövründə birgə əldə edilən əmlakın hansı proporsiyada bölünməsi ilə bağlı məsələlər var. Çünki gələcəkdə nikah pozularkən hər şeydən əvvəl, ilk növbədə əmlak mübahisələri meydana çıxır. Eyni zamanda, uşaqlara münasibətdə öhdəliklər. Ailə Məcəlləsində uşaqlara münasibətdə valideynlərin öhdəlikləri müəyyən edilmişdir. Amma eyni zamanda, qarşılıqlı olaraq uşaqlara münasibətdə öhdəliklər də nikah müqaviləsi imzalanarkən müqaviləyə əlavə oluna bilər. Müqavilədə, övlad olarkən övlada münasibətdə valideynlərin hüquq və vəzifələri təkcə qanunda nəzərdə tutulmuş qaydada yox, məcəllədən kənar da, əlavə öhdəliklər də qoyula bilər. Çünki nikah münasibətlərinə xitam verilərkən və ya nikah pozularkən uşaqların kimin yanında qalması ilə əlaqədar problemlər meydana çıxır. “Bizdə bir qayda olaraq məhkəmələr yalnız təktərəfli qərarlar qəbul edirlər. Bütün hallarda nikah pozularsa, uşağın ananın yanında qalması, anayla bərabər olması ilə bağlı qərar qəbul edirlər. Halbuki, qanunvericilik bu məsələləri heç də bu formada təsbit etmir. Qanunvericilik deyir ki, tərəflərin buna imkanlarının olub-olmaması məsələləri yoxlanılmalı, uşaqların maraqları və mənafeələri ilk növbədə əsas götürülməlidir. Valideynin uşağın tərbiyəsində iştirak etmək imkanları nə qədərdir? Maddi imkanları nə qədər ola bilər və s bu kimi məsələlər araşdırılmalıdır. Amma bizdə bir qayda olaraq, əksər hallarda nikah pozularkən məhkəmələr tərəfindən uşaqlar anaya verilir. Baxmayaraq ki, qanunvericilik uşaqlarla bağlı müəyyən edir ki, müəyyən günlərdə ata uşaqlarla təmas saxlayacaq, bəzi hallarda hakimlər heç də tərəflər (ər və arvad) arasında olan münasibətlərə, uşaqların maraqlarına əsaslanaraq deyil, qarşı tərəflərin bir-birlərinə münasibətindən asılı olaraq, və yaxud da hansı tərəfə simpatiyasından asılı olaraq qərar qəbul edirlər. Bəzi hallarda tutaq ki, valideynlə həftədə bir dəfə görüş təyin edir, bəzi hallarda isə daha çox ola bilər”.

Nuriyev qeyd edir ki, nikah müqaviləsi imzalanarkən, gələcəkdə əldə edilən əmlak, uşaqlara münasibətlə bağlı və digər öhdəliklərlə bağlı məsələlərin də burada əksini tapması yaxşı olardı: “Nəzərə alsaq ki, nikaha daxil olma tərəflərin könüllü iradəsi əsasında baş verir, nikah müqaviləsinin məcburi olması ilə bağlı normanın qoyulması gələcəkdə tərəfləri nikaha daxil olmaq prespektivindən də yayındıra bilər. Sırf psixoloji baxımdan belədir. Yaxşı olar ki, nikah müqavilələri mövcud qanunvericilikdəki kimi könüllü olsun. Amma nikah pozularkən münasibətlərin tamam korlanması, məhv edilməsinin qarşısının alınması, qarşılıqlı hörmətin saxlanılması üçün belə müqavilələrin imzalanmasının zəruriliyini maarfiləndirmə yolu ilə təşfiq etmək daha doğru olardı”.

Son illərdə Azərbaycanda boşanmaların artmasının xüsusi dinamikasının müşahidə olunduğuna diqqət çəkən Ə.Nuriyevə görə, boşanmaların sayının artması şübhəsiz ki, əmlak münasibətlərində və övladlara olan münasibətlərdə də xeyli gərginlik yaradır və bir sıra hallarda işlər məhkəmələrdə aylarla uzanır. “Eyni zamanda, qəbul edilən məhkəmə qərarları heç də bütün hallarda tərəflərin maraqlarının, mənafelərinin təmin edilməsi ölüçüsündə proporsiyonal olmur. Nikah müqavilələrinə əlavə olaraq dediyim müqavilələr imzalanarsa, şübhəsiz ki, onda məhkəmə qətnamələri daha aydın ola bilər. Tərəflərin öhdəliklərini də daha aydın şəkildə ifadə etmək olar. Bu baxımdan, nikah müqavilələrinin bağlanılması yaxşı olardı, amma buna imperativlik verməyin, məcburi olmasının tərəfdarı deyiləm”.

Psixoloq Ramil Nəcəfli bildirir ki, bizim mentalitetimizdə nikah müqaviləsi anlayışı ayıb sayılır: “Tərəflərdən biri nikah müqaviləsi tələb etsə, o birisi deyəcək ki, “deməli, sən mənimlə məqsədli şəkildə nikaha girmək istəyirsən. Sən bilirsən ki, evliliyimiz daim olmaya bilər, sən bu evlilikdən bir ailə gözləmirsən, başqa mənfəət güdürsən. Sənin fikrində boşanmaq var”. Əgər tərəflərdən biri nikah müqaviləsi bağlanılmasını istəyərsə, ona qarşı etibar itəcək. Həmin adam hörmətdən düşəcək. Bizdə nikah müqaviləsini bağlamaq və ya bağlamağa çağırmaq təhqiramiz və alçaldıcı hərəkət hesab olunur”.

Onun dediyinə görə, insanların nikah müqaviləsini bağlamaqda həvəsli olmaları üçün yavaş-yavaş ictimai rəyə təsir etmək lazımdır. Sosial çarxlar hazırlamaq, maarifləndirmə yolu ilə ictimai rəyi yönləndirmək vacibdir.

Həmsöhbətimiz hesab edir ki, nikah müqavilələrinin bağlanılması məcburi hal alarsa, bu, normal qarşılanar. “Yəni necə ki, tibbi arayışın alınması üçün nikahdan öncə tibbi müayinələr icbari xarakter aldı və hər kəs nikah öncəsi tibbi müayinədən keçirsə, eləcə də nikah müqavilələrinin bağlanılması da məcburi olsa, hər kəs bağlayacaq. Bunu insanlar çox adi qəbul edəcək. Çünki kütlə psixologiyasında tabe olmaq istəyi var və qanunlara daha yaxşı tabe oluruq”.

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir